Page 2 of 10 · 10%

– Bir tək Allah eləsə, Maral xanım tələyə düşsə, onda nə edərsən?

– Yüz canım olsa, hamısını bir göz qırpımında Maral xanıma fəda edərəm! Qoy mən, canı çürük Çaqqal, Maral xanımın yolunda ölüm... Bu ölüm mənə əbədi dirilik bəxş edər!.. Mən ölərəmsə ruhum əbədiləşər, əsla ölməz. İndi mən bir qıraqda durub Güzgü gölün müqabilində dayanan, bu Güzgü gölün içində surəti bərq vuran, külli-aləmə gözəllik meydanı oxuyan Maral xanıma hey tamaşa edirəm!..

Çaqqalın bu sözlərindən sonra Qəcələ gözlərini qıyıb Maralı süzdü və qanad çala-çala uçdu, Çaqqal Marala, Maral da Çaqqala yanaşıb yaxınlaşdı!..

Günlər gəlib keçdikcə Çaqqal düşmənləşdiyi Qəcələnin qeybətini qırdı, Maralın müqabilində ixlas ilə dayanıb dedi, axı, Qəcələ nədir, o haranın azan-təzənidir ki, sən Maral xanımın qədrini-qiymətini qansın. Qanıb bilsin ki, sən bu aşağı Göy gölə, yuxarı Kəpəzə yaraşıq verirsən?.. Neçə ağ-ağ duman Kəpəzin gərdəninə dolana-dolana bizim Maral xanımı axtarır? Qəcələ nə qansın ki, necə Kəpəz ağ-ağ dumandan-buluddan sivrilib çıxır, günəş qızıl saçaqlarını səpələyib Maral xanıma zərrin yaraşıq verir. Qəcələ haradan anlasın ki, göydən ağ yağış yağır ki, Maral xanımı dönə-dönə çimizdirsin, yusun, saç-saçağını darasın?.. Qar tökülür ki, Maral xanımın ayaqlarının altını yumşaltsın. Qəcələ nə dərk edir ki, üryan meşələr yaşıl don geyir ki, bəs Maral xanımın gözlərini oxşasın!.. İlin payız fəslində əlvan rəng alır, birdən də donunu dəyişib lütlənir ki, Maralın xoşuna gəlsin.

Tülkü dayısından təlim alan, kim bilir bəlkə də tülkü qarışığı olan, özü də ağ-açıq tülküləşən Çaqqal olmazın, görünməzin dilini işə saldı, Güzgü gölün Maral xanımına bəzək üstündən bəzək vurdu, belə-belə Güzgü gölün Maral xanımını ulduzlardan da yuxarılara qaldırdı:

– Nə bu yerdə, nə də göydə, nə də küll-kainatda bizim Maral xanımın misli-bərabəri yoxdur!

Çaqqalın təriflərini məmnuniyyətlə dinləyən Maral xanım ayağının birini götürüb o birisini qoya-qoya soruşdu:

– Yəni sən bütün bunların hamısını sidq ürəkdən deyirsən, Çaqqal?

– Ürəyimə ox dəysin ki, hamısını lap ürəkdən danışıram, Maral! Özü də hələ bəlkə bizim Maral xanımın misilsiz gözəlliyinin yüzdə birini də deyil, mində birini, bəlkə də milyonda birini deyirəm!

– Bəs sən Güzgü göldə öz misilsizliyini görə bilmirsən? Sən can qurban eləməli cansan, Maral xanım.

– Necə can qurban eləməli canam, Çaqqal?

– Yüz can, min can, milyon can qurban eləməli cansan, Maral xanım!

– Kimin canını belə bir canana qurban etməkdən dəm vurursan, Çaqqal?

– Mənim ərkim ancaq özümə, bir də uzaqbaşı özümünkülərə çatar, Maral xanım!

– Yəni demək istəyirsən ki, yer üzünün bütün çaqqallarını mən Marala qurban etmək, eləmi?

– Bəli, bəli, yer üzünün bütün çaqqallarını! Əgər bütün çaqqallar öz canlarını bir tək sən Maral xanıma qurban edə bilsəydilər, bu dünyanın ən xoşbəxt xilqəti olardılar! Bir gün gələr necə fədakar olduğumu sübut edərəm, Maral xanım!

– Nəyin xatirinə bunca fədakarlıq, qadalı-bəlalı qurbanlıq?

– Güzgü göl Maralının dünya gözəlliyinin xatirinə!

– Sənin əqlin başından oynamır ki, Çaqqal?

– Düzü, mən həqiqətən təpədən-dırnağa Maral xanımın müqabilsiz gözəlliyinə məcnun oluram!

– Necə, nə dərəcədə məcnun?

– Bəli, dəli, dəlidən də dəli, Maral xanım! – deyə Çaqqal Tülkü dayısının məşq-təlimini yadına salır. Maral xanımın qılığına girib, onun zəifdən zəif damarından tutub xoşhallandırırdı. Maral xanım tərif üstündən tərif aldıqda pilə kimi yumşalırdı. Az qalırdı bu halında özünü tamam-kamal tülküdil Çaqqala təslim etsin, utanıb-qızarmadan onun xanımı olsun!.. Vaxta ki, bu Çaqqal Maral xanımın belə bir dünya gözəlliyinin qədrini-qiymətini bilir, daha ona nə lazımdır? Bu dünya gözəlinə səcdə edən bir aşiq gərək deyilmi?.. Elə bir aşiq ki, bu gözəllik ilahəsinin qədrini, qiymətini bax beləcə bilsin! Yoxsa özünü dartanın, tələş-təkəş yeriyənin, get-gedə Maral xanımı gözdən salanın birisi oldu. Maral xanımı bir qədərdən sonra qulluqçu yerinə qoydu, onda daha ondan Maral xanıma necə yar-yoldaş və sirdaş çıxar?! Özünü Tülkü dayısı kimi, bəlkə Tülkü dayısından da usta aparan Çaqqal Güzgü gölün qırağında dayanan, bu mədhlərin müqabilində daha da artıq heyranlıqla özü-özünə baxan Maralın ürəyinə girib, Güzgü göl gözəlini ovsunlayırdı. Maral Güzgü gölə anbaan daha artıq məftunluqla baxa-baxa öz-özünə düşünürdü ki, taleyini bu Çaqqala təslim edərsə, daha da yaxşılaşacaq, yar-yaraşıqlı olacaqdır... Tülküsifət Çaqqal da Güzgü göl Maralının bu təriflərinin müqabilində gündən-günə necə əridiyini, lap əməlli-başlı əldən getdiyini, həyəcandan, iztirabdan yana az qala solub-sovulduğunu görürdü... Görürdü ki, onun işə saldığı yağlıca tülkü dili bu Güzgü göl gözəlini necə yumşalda-yumşalda mum edir... Gizlicə-gizlicə, qanaddan-qanada uçan Qəcələ də xəlvətcə-xəlvətcə göz qoyur. Maral xanımın bu tülküdil Çaqqalın müqabilində necə əriyə-əriyə getdiyinə diqqət edirdi. Deyirdi görək bu olmazın eşq macərasının axırı haraya gedir? Lovğalanan Çaqqal sol əlini qaldırıb seyrək bığlarına gətirib eşdikcə eşdi. Maral xanım nə qədər kütlük göstərsə də, nə isə duydu.

– Deyəsən, axı, hərdənbir çox dərincə fikrə gedirsən, Çaqqal?

– Bəli, Maral xanım, çox dərincə fikrə gedirəm!

– Belə nəyə görə, Çaqqal?

– Düzü, hey ölüb-dirilirəm, Maral xanım!

– Ölüb-dirilmək nə üçündür, Çaqqal?

– Eşqin alovunda yanmaq, hey yanmaq nə böyük zövq-səadətmiş, Maral xanım!

– Yəni sən mənə belə eşqi yetirmisən, Çaqqal?

– Bəli, mən başlı-bütünlü Güzgü göl Maralına aşiq olmuşam!

– Onun nəyinə aşiq olmusam, Çaqqal?

– Axı, utanıram deyim, Maral xanım!

– Utanma, Çaqqal, düzünü de! De görüm, Maral xanımın harasına daha artıq aşiq olmusan?

– Düzümü?

– Ancaq düzü, Çaqqal!

– Ətir-ənbər saçan dəyirmi göbəyinə!

– Onda yala müşk-ənbərimi, Çaqqal!

Çaqqal ağzını, yağlı dil nəticəsində tovlanıb aldanan Maralın düyməcə-düyməcə məmələrində gəzdirə-gəzdirə onun yağlı göbəyini yalam-yalam yaladı, yaladıqca da şirnikdi, hərisləşdi, Maral isə Güzgü göldə öz yağlı göbəyinin necə yalam-yalam yalandığına məmnuniyyətlə tamaşa etdi. Tülküləşən Çaqqalın belə canfəşanlığının müqabilində Maral xanım mat qalıb mütəhəyir durdu. Axırdan-axıra qıdıqlandıqca soruşdu:

– Doymadınmı, Çaqqal?

– Bu dərya gözəllikdən doymaq mümkündürmü, Maral?

– Bəs arada bir o diş ilişdirmək nədir, Çaqqal?

– Həvəsdən, ehtirasdan, Maral xanım!

– Necə həvəs, necə ehtiras, Çaqqal?

– Məcnuni eşqin bitib-tükənməz həvəsi-ehtirası, Maral xanım! Mən aşiqəm, özü də haqqaşiqi! Əgər Maral xanımın qaşqabağı bircə anlığa mən tərəfə turşusa, tablamaram, tir-tap düşüb ölərəm!

– Birdən tir-tap düşdün ölmədin, onda bəs necə?

– Yox, ölərəm, Maral xanım, bir tək Tanrıya and olsun, dərhal ölərəm!

– Onda belə sönməz eşqinə görə yala müşk-ənbərimi, Çaqqal! Ancaq heç vaxt dişləmə.

– Baş üstə, Maral xanım, göz üstə, Maral xanım!

– Demək, qəti söz verirsən?

– Bir Allahın şəhadəti ilə söz verirəm!

– Bir də bax, dişlərin müşk-ənbər ətirli göbəyimi didsə, onda eşqimiz biryolluq qurtardı getdi, Çaqqal!

– Bəlkə bu alovlu eşqdən yana əqlim başımdan oynaya, bir balaca dişləyəm?

– Balaca dişləmək böyük dişləməyə keçsə, necə?

– Onda gərək mən haqq aşiqi olmayam!

– Hərdən yamanca tülküləşirsən, Çaqqal!

– Ancaq aşiqini öldür, Maral xanım, ta belə təhqir etmə!

– Necə təhqir, nə təhər təhqir, Çaqqal?

– Mən ki, hiyləgərlikdə ad alan tülkü deyiləm, Maral xanım!

– Bəs siz ikiniz də bir cinsdən deyilsinizmi?

– Hər necə oxşarımız olsa da, başqa-başqa cinsdənik!

– Düzü, adın bir qədər xoşuma gəlmir, Çaqqal!

– Adımı da dəyişdirib öz adına tabe edə bilərsən, Maral xanım!

– Necə tabe edə bilərəm, Çaqqal?

– Belə tabe ki, hər nə adla istəsən məni çağıra bilərsən. Ancaq məni bu gözəllikdən – müşk-ənbərdən iraq salıb, bu zövq-səfadən məhrum etməyəsən! Mən haqq aşiqi, gözəllik pərəstişkarıyam! Mən ülvi aləmə varıb gözəllikdən qida alıram!

– Sənin bu dilin lap tamam-kamal tülkü dilinə bənzəyir, Çaqqal!

– Haradan bilirsən tülkü dilinin hiyləgərliyini?

– Anam mənə tapşırıbdır ki, nə tülküyə, nə tülkü dilliyə inanıb əqlini uduzma!

– Maral xanım bir görün məni nə yerinə qoyur? – deyə Çaqqal özünü küskün baxışla haqq aşiq kimi göstərir, çox həssas bir xilqət olduğunu Maralın müqabilində nümayiş etdirir, Maral xanımsa Güzgü gölə baxıb öz xoşallanan gözəlliyinə məftun olub durur. Çaqqal isə tezcənə qaşqabağını açır, tülkü dilini işə salıb Maral xanıma eyni şirmayı tərifdən vurduqca vurur... Aradabir Maral xanım Qəcələnin dediklərini hər necə yadına salıb şübhə etsə də, üstəlik onun yağlı göbəyi göynəsə də, yenə də öz yaxasını bu hiyləgər Çaqqaldan qurtara bilmir, təriflərdən özünü məhrum edə bilmir... Nə olsun Qəcələ, necə olsun Qəcələ? Axı, o tək bircə dəfə də, ürəkdən olmasa da, boğazdan yuxarı dildən də olsa belə bu gözəl sözlərin birisini Maral xanıma demir! Yox, əsla demir!.. Maral xanıma tərif lazım idi!.. Getdikcə tərifə müştaq olub əqlini, şüurunu tərifsiz ötüşdürə bilmirdi... Güzgü gölün müqabilində Göy göl dünyasının günlü günlərində durub özünə tamaşa etməkdən, sığal-tumar verməkdən, Çaqqalın mədhlərini eşitməkdən doya bilmirdi. Getdikcə Maral xanım tərif mərəzinə tutulur, bunsuz ötüşə bilmirdi. Ona elə gəlirdi ki, tərif olmasa birdən-birə qocalacaqdır. Birdən-birə onun köşək gözləri sərçə gözləri kimi balacalaşacaq, üz-gözü qırışacaq, qız duruşundan çıxıb qarılaşacaqdır!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Məhtaban 13

Yetmiş yaşlı Məmalikin oğlu olmaq xəbəri hər yana yayılıb dədə-baba düşməni həlakulara çatdı. Bu xəbərdən bütün həlakuların böyüyündən kiçiyinə sir-sifəti turşudu. Həlaku ilə Məmalikin böyük nəvələri burunlarını bir qarış salladılar. Xırda nəvələr mırıldandılar. Ərmağan xanım qapandığı otaqdan çıxmadı, qana susayan sifətini göstərmədi.Bu hal qoca Həlakunun xeyli xoşuna gəldi. Yaxşı ki, Məmalik qızı Ərmağan dədə-baba düşməni qayınatasının titrəyən qırışıq sifətini, əsən çal bığlarını, açılıb-yumulan, damarları titrəyən əllərini görmədi. Bəlkə qayınatasının belə övzainə görə Ərmağan xanım inada düşər, adlayıb atasının tayında durar, qoca Məmalikin yetmiş yox, lap yüz yaşı olsun, ona bəraət verər, atasının səngərinə keçərdi. Özü də tərəddud göstərmədən qılınc siyirib, atasının oğul varisinin keşiyində durar, bu gecikən varisin başından bircə tük əskik olmağa qoymazdı. Onda daha məmaliklər mülkü həlakular torpağına qarışmaz, yenə dədə-baba düşməni sicillisinin tüstüsü Savalana ucalar, gələcəyinə həlakular göz açmağa macal tapmazlar. Birdən Pəhləvan Məhəmmədin nəvəsi ana babasına oxşasa, onun qolunu qatlayan kəs nəinki həlakular torpağında bütün məmləkətdə tapılmaz. Birdən bu əcaib uşaq qalxıb, boy atıb qollu-qanadlı Rüstəm-Zal olar, hər hansı düşmən ondan tük salar. Bəlkə bu çağa pəhləvan, sərkərdə olub öz Məmalik əcdadının intiqamını ögey bacısının həlaku uşaqlarından alar, öz qılıncını onlardan əsirgəməz, hamısını ölüm körpüsündən keçirər, həlakuların başlarını nizələrə taxdırıb kəndbəkənd gəzdirər... Quru küləşə düşən qığılcımdan, ya payız xəzanından meşəyə düşən ildırımdan hansı alov desən çıxmaz? Bəli, alov aləmi bürüyər, kənd deməz, oba deməz, hamısını yaxıb-yandırar.

13 min
Məhtaban 14

Təvəllüd günündən iki həftə sonra Məhtaban əndərun hamamında yuyundu, ötən günlərini xatırlayıb, qıfıltılı çayın köpüklü gölündə üzən kimi hovuzda üzdü... Soyunub-geyinmək otağında divara vurulmuş güzgü qabağında qumral hörüklərini darayıb hördü, öz gözəlliyinə tamaşa edincə utandı, cəld paltarını geyindi. Bir azdan, Məhtaban, yarlı-yaraşıqlı, zərli-zibalı libasında əzəlkindən də gözəl göründü... Üstü qübbəli qızıl kəmər Məhtabanın belini əzəlkindən də artıq boğdu. Qabarıq sinəsi, doğumundan sonra sifətində peyda olan iztirablı gözəllik Məhtabanı xarici xanımın seyrçi gözlərində xeyli füsunkar göstərdi. O, Parisi, o izdihamlı şəhərdə tanıyıb-bildiyi məşhur gözəlləri gözlərinin qabağına gətirib, Məhtabanla müqayisə etdi, onların hərəsində az-çox qüsur tapsa da, Məhtabanda heç bir qüsur tapa bilmədi.Məhtabanın zoğal dəyənəyi tutan, palaz-paltar yuyan əlləri doğumdan sonra zərifləşmişdi. Onun dür-düyün bağlayan barmaqları da xeyli nazilib uzanmış, dırnaqları şadlıq-şənlik əlaməti kimi xınalanmışdı. Xof-vahimə içində çırpınan Məhtaban sanki bütün ağrı-acısını əndərun hamamında tökmüşdü...

7 min
Məhtaban 15

Həlaku xan marıqda duran yalquzaq kimi kənardan göz qoyur, öz əlaltılarını xəlvəti Məmalik mülkünə göndərir, yeni doğulan varisdən sonra baş verən islahat və təbəddülatdan xəbərdar olmaq istəyirdi. Onun göndərdiyi əlaltılar da müəyyən yerləri gəzib-dolaşandan sonra dönüb Həlaku xana Ərdaha kəndlərində, obalarında başlanan əcaib işlərdən danışırdılar. Çalbığ Həlaku gözünü yumub digərini açır, öz casuslarını diqqətlə dinləyir, Məmalikin gözlənilməz əliaçıqlığına, səxavətinə heyran edirdi! Həlaku Məmalik mülkündə görünən əcaib işlərə heç də biganə qala bilmirdi:“Necə yəni itaətdən çıxan rəiyyətə-rəncbərə bu əndazədə güzəştə gedəsən, onları neçə ilin vergilərindən azad edəsən, özünü yaxşı xan kimi qələmə verib, qonşuluğunda olan Həlakunu gözdən salasan? Necə yəni qonşuna, qohumuna badalaq gələsən?.. Obaarası yol çəkdirmək, aca-yalavaca ehsan etmək, çay üstündən körpü saldırmaq, çeşmə düzəltdirmək, özünü adil, qonşusunu zalım deyə dilə-dişə salmaq ki, baxın, görün rəiyyətə-rəncbərə güzəştə getməyinin adına nə deyirlər?..”.

8 min
Məhtaban 16

Çapar Məmalik xana xəbər gətirdi ki, Həlaku xan öz əyan-əşrəfi ilə, qızınız Ərmağanla, Ərşad, Gurşaddan başqa xırda nəvələrinizlə bahəm xanzadənin mübarəkbadlığına gəlir. Bu xəbər Məmalik xanın ovqatını qarışdırdı. İndi Məmalik çapara nə desin? Desin ki, birbaş geri dön, öz xanına bildir ki, hansı yolla gəlibsə, o yolla da üztüstə geri dönsün!..Məmalik Həlaku xanı qəbul etməyib, onu öz yüklü dəvələri ilə geri qaytara bilərdi. Bu, aydındı, heç kəsə də dəxli yox idi. Ancaq icma qarşısında özünün yeganə qızını qapıdan qaytarmaq, atasının belindən gələn körpə qardaşının mübarəkbadlığına gələn böyük övladını evinə buraxmamaq müşküldən də müşkül idi!.. Onda Məmalik xan diləağıza düşərdi, deyərdilər ki, qocanın başı doğrudan da xarab olub. Başqa xanlar arasında müxtəlif şayiələr yayılardı! Üstəlik özünün bir cüt xırda nəvələrini də məyus etmək Məmalik üçün qeyri-mümkün idi! Bu xırdalar Həlaku sicillisini daşısalar da, Məmalikin özü üçün də az-azacıq əziz deyildilər! Onlar hələ məsum uşaqlar idi, nə ədəbaz Ərşada, nə də qaradinməz Gurşada bənzəmirdilər. Xırda nəvələr Məmalik babanı Həlakudan da artıq sevirdilər. Onlar Məmaliki az gördüklərindən qəribsəyirdilər. Düzünə qalsa, Məmalik dədə-baba düşməni Həlaku sicillisini sevməsə də, bu xırda nəvələrinin məhəbbətini ürəyində gəzdirməmiş deyildi!.. Bütün həlakuları geri qaytarmaq, Məmalik üçün xırda nəvələrini də qapıdan qovmaq demək idi. “Bəs indi bu müşkülatı necə həll etmək?!”.

6 min

Poems by other poets