Page 8 of 12 · 58%

– Balam, bu dağın başı bəyəm sizdən ötəri divanxana dəftərxanasıdır? – deyə öz arıq taxta sinəsini gərdi. Söz-söhbət dəyişə-dəyişə dolandı, əyri ya düz məsuliyyətə alınanlar barədə getdi, sözarası Salamatovdan da söz açıldı. Mehman danışığa fikir verdi, Salamatovun bədinə gedən olmadığını kəsdirdi. Uzaqdan-uzağa olsa da, onun əliəyriliyini, xəyanətini söyləyən olmadı. Hətta qarı nənə də açılışdı, körpə külfət sahibi Salamatovun nahaqdan qazamata düşdüyünü bildirdi. Ədalətsiz işlər barədə Kamilovla nəvəsi Muğan arasında baş verən ixtilafdan danışıb nəvəsinin tayında durdu.

– Olmaz ki, sən yağlı-qaymaqlı yerə düşüb, haqqı nahaqqa verəsən! – deyə qarı nənə hökmdarsayağı hiddətləndi, nəvəsinin başından bir tük əskik olsa, onu şərə-şürə salmaq istəyən olsa, bütün dünyanı bir-birinə vuracağını Kamilovun kölgəsi saydığı sovet sədrinə barmaq hədəsi elan etdi.

– Ay Tükəzban nənə, bura heç yeri deyil! – deyə sovet sədri rəisinin namini əldən verməsə də, Tükəzbanın qaraqışqırığı müqabilində mumladı.

Mehman fikir verir, buranın özündə gedən gərgin mübarizəni görürdü. Mehman görürdü ki, yaxşı da, yaman da dalğalanıb yayılır, qurulamaqda olan yeni həyatla artıq kökündən sökülən köhnə həyat arasında ölüm-dirim mübarizəsi gedir. Kamilovun qanunsuz hərəkətləri heç zaman orada onun öz kabinetində bitib qalmır, bu dağlıq obalar da yayılıb öz əks-sədasını verir, Mehman öz təbiətinə görə hər bir söz-söhbəti qiymətləndirir və mənalandırırdı. Beləliklə o, axşamına burada adamlarla söhbət edib, bir çox şey öyrəndi, tanış olmadığı aləmə baş vurdu, gecəni yatdı; sabah sübh tezdən yerindən qalxdı, qarı nənənin açdığı süfrədə çörək kəsib, bişirib-gətirdiyi qayğanaqdan yeyib, iki stəkan içdi, sonra onu əhatə edən adamlarla görüşüb, qarı nənəyə razılıq edib, səkilin belinə qalxdı. Mehman öz səfərində uca, başıqarlı dağların ətəklərinə yapışan obaları gəzib dolandı, yenə də bir çox şey gördü, bir çox söz eşitdi, bir çox ərizə aldı... Dördüncü günü o səkilin başını Mirzəoğlu yaşayan obaya tərəf döndərdi... Mehman bu obaya getməklə Mirzəoğlundan atası Murad barəsində söz eşitmək, mərhumun xatirəsinə hörmət olaraq Mirzəoğlunu dinləmək, onunla ağıllı-başlı danışmaq istəyirdi. Mehman bir neçə gün əvvəl göydən əlinə düşən Mirzəoğlunu tezcənə əlindən buraxdığına peşman idi... Bəlkə də, Mehmanın öz qonağıyla rəsmi rəftarı və bir növ quruluğu-qaraqabaqlığı atasının dostunu qaçırmışdı?.. Ancaq Mirzəoğlu rayon mərkəzini qoyub qayıdandan sonra Mehman sarsılmış və sarsıntısını bir kəsə, o cümlədən anası Xatuna da bildirməmişdi. İndi o, atası Muradın inqilabi cəbhədə, Şura hakimiyyəti uğrunda necə vuruşub, necə həlak olması barəsində bütün təfərrüatıyla hər şeyi bilmək istəyirdi. Eyni zamanda o, prokurorluq vəzifəsi mövcibincə Salamatovun nə dərəcədə günahkar olub-olmadığını da, bir daha dürüstləşməklə əlavə məlumat almaq istəyirdi... dağa-daşa baxan, səkilin cilovunu əlindən buraxmayan, xeyaldan üzülməyən, vəzifəsinin məsuliyyətindən qopmayan Mehman istəyirdi ki, qarşısındakı mühüm vəzifənin öhdəsindən gəlsin; dəyərli iş görsün. Axı o, Mehman təhsil illərində tapşırılanı oxumaqla kifayətlənməmişdir, dərinlərə, xəyal aləminə də getmiş, arzular da etmişdi. İndi Mehman görürdü ki, arzular heç də öz-özünə çiçək açmır. Əksinə, gözəl arzular qəti müqavimətlərə, mürəkkəb mübarizələrə, Kamilov kimi dürlü-dürlü, kələ-kötür kötüklərin dözülməz dərəcədə ağır təzyiqlərinə rast gəlir...

Qulaqlarını kürələyib dağa-daşa baxan səkilin cilovunu əlindən buraxmayan, Mehman toran qovuşa-qovuşa isnad verilən dağ kəndinə girdi, başını qaldıran itlər ünləşib hürə-hürə atlıya cumdular. Naxırı döndərən naxırçılar, qoyun sürülərini qaytaran çomaqlı çoban-çoluqlar köpəklərə acıqlanıb atlının ətrafından qovdular.

– Mirzəoğlunun evi haradır? – deyə Mehman soruşunca saqqalına dən düşən gövdəli bir çoban əlaltısını səsləyib qərib qonağı yuxarıda ağ kirəcli qayanın dibində yerləşən Mirzə kişinin həyətinə çatdırmağı tapşırdı. Şişpapaqlı, qırmızı sifətli cavan oğlan qabağa düşüb atlını doqqaz çəpərli həyətə yetirdi. Səkil ev sahibini xəbərdar edirmiş kimi uca səsilə bir kişnədi, çiyinləri büzmə çuxalı, ucaboylu, ağ uzunsaqqallı qoca kirəcliyə yapışan komasından çıxıb:

– Qonaq bizim evimizə xoş gəlibdir! – deyə atlını süzüb ona əl verdi, dönüb içərini hayqırdı.

– Ay uşaq, harada ölmüsünüz?

– Biz hamımız buradayıq, baba! – deyə dəstə çoluq-çocuq həyəti bürüdü. Mirzə kişi:

– Ay uşaq, qonağın atını tutun! – deyə qışqırdı, “mən-mən!” səsi bir-birinə qarışdı, oğul-uşaq dəstəsilə səkilin zaqqasından¹ yapışdı.

– Əyə, əlimi cırmaqladınız!

– Əyə, qolumu qırdınız!

– Bay atonnan, bunların dəcəlliyinə bax ha! – deyə Mirzə kişi top-top uşağa acıqlandı, yorğun düşən Mehman atdan aşırıldı, qoca, qonağın qolundan tutub onu eyvana dəvət etdi. Ortaboylu, tökməvücudlu arvad yanar lampa ilə eyvana çıxdı, ətrafı seyrək işıq bürüdü... Bir azdan qonşu obadan olan, üç para kəndin birləşmiş kolxoz sədrliyini aparan Mirzəoğlu da gəlib çıxdı. O, aşırılıb atından düşdü, eyvanda ağac çarpayı üstündə əyləşən Mehmanı görüncə:

– Qardaşoğlu bizim komaya xoş gəlibdir! – deyə qollarını açıb yeridi, Mehmanı qucaqlayıb onun üz-gözündən öpdü, rayondakı rəsmiyyəti, ürəyində yatıb qalan umu-küsünü kənara buraxdı. – Bizim Muradın oğludur, Atamoğlan Muradın oğlu! – deyə o, tək gözünü gəzdirib qonağı atasına təqdim etdi.

– Həmin Bakıdakı nöyüt buruqçusununmu? Sənin siğə qardaşının?

– Həmin, həmin! – Mirzəoğlu doğma bir əmi nəvazişilə Mehmanın kürəyinə vurub, qıvrım saçlarını tumarladı, – Mehman! Bizim rayonun qanunpərəst qupquru prokuroru!

Mehman ev sahibinin nəyə işarə etdiyini dərk edib, istər-istəməz yerə baxdı, qoca kişi dil-ağızla:

– Olsun-olsun, qulluğu daha böyük olsun! – deyə cavan oğlana zənn etdi, sonra da uzun arxalığının cibindən qırmızı qarağat saplı demisini çıxarıb tənbəki çör-çöpü ilə doldurdu:

– Öz evin, öz əməyin, daha dürüstü babayın ocağıdır! – Mirzəoğlu Muradın balasına olmazın xoşsifət göstərib, dilmanclığını atmağa, tündməcazlığını boğmağa çalışdı. Mirzə kişi qarısına, qarı da ortaboylu, tökməvücudlu gəlinə nə isə tapşırdı. Bir qədərdən sarı samovarda çay dəmləndi, üstündən plov hazırlandı, böyük süfrə açıldı. Bütün külfət yaxın, uzaq qohum-qardaşdan belə otuz-qırxa yaxın adam toplandı, onlar ağ

¹ Zaqqa – cilovun atın çənəsinə bitişən yeri lavaşdan parçalayıb məcməyidə qalaqlanan əmlik-plova girişdilər. Qərib qonaq da utana-utana bir az yedi, üstündən üç stəkan pürrəng çay içdi. Söhbət hərləndi. Mirzəoğlu köhnə dostu Muraddan söz saldı. O, Muradın inqilabi fəaliyyətindən, düşmənlərə qarşı döyüşündən, Şura hökumətinin yolunda canını əsirgəmədiyindən qızğınlıqla, özü də xeyli danışdı. O, cavan oğlanın necə bir kişi oğlu olduğunu həmkəndlilərinə bildirdi. Mirzəoğlunun sözlərinə Mehman diqqətlə qulaq asır, təsəvvüründə canlanan atasının xatirəsini yad edir, sanki Murad kişi Xatunu oğlu Mehmana tapşırırdı:

– Oğlum, anadan muğayat ol, onun əzab-əziyyəti çox-çoxdur!

Murad sanki söhbətə müdaxilə edir, Mehmanın evində yaranan vəziyyətdən, mamayevlərlə olan qohumluğundan narahat olduğunu bildirirdi, – “Oğlum, adımızı təmiz saxla, bizi qara ləkədən gözlə!” Burada, bu ucqar dağın döşündə, bu söhbət zamanı, belə, atasının xəyalı da belə ona həmin məşum “ləkə”ni xatırladır, oğlunu xəbərdar edir. Bu nə olan, necə olan şeydir?.. Niyə Mehman bu eybəcər “ləkə” xəbərdarlığını dönə-dönə eşitsin? Olmazmı bu xəbərdarlıq bir dəfə, bir adam tərəfindən olsun, birdəfəlik qurtarsın?.. Ləkə, ləkə, zəhrimar, qara ləkə!.. Qoy bu “ləkə” sözü bir daha təkrar edilməsin, Mehmanın ürəyinə heç bir qara xal düşməsin!..

Mehmanın həm narahat, həm də udquna-udquna uşaq aludəliyilə dinlədiyini görən Mirzəoğlu təfərrüatına varmadan dayanmır, dostu Muradın və Murad kimilərinin unudulmaz qəhrəmanlıqlarından dastan açır, bu mübarizlərin fəaliyyətlərini qiymətləndirir, Şura hökumətinin necə ağır-ağır, çətin-çətin yolla milyon-milyon adamların pak qanları bahasına başa gəldiyini cavan oğlana aşılamaq istəyirdi. Nəinki bir tək Mehman, elə də qoca Mirzədən başlamış qoca qarılar, hətta ətrafda dövrə vuran uşaqlar, qızlar belə cıqqır çıxarmadan öz sağ gözünü döyüşlərdə itirən adamı dinləyir, nəfəslərini dərmirdilər...

Mirzəoğlu canlı bir kitab kimi açılıb vərəqləndikcə vərəqlənir, sanki Mehman bir çox döyüş səhnələrini öz gözlərilə görüb, iştirak edir, belə ağır qan bahasına başa gələn hökumətin yolunda öz varlığını əsirgəməyəcəyini təkrarən qət edirdi. “Bu qanlara qiymət qoymamaq nə qədər də vicdansızlıq, ədalətsizlik olardı!.. Rütubətli, qaranlıq zindanlar, səsli, qandallı sürgünlər, qarlı-tufanlı, çovğunlu Sibir çölləri!.. Yox-yox, Muradın da, bütün bu mərd, mübariz adamların da qanı adamın üzünə durub cüzi haqsızlığa və xəyanətə üsyan edərlər! Məlikə müəllimə deyən, indi bir an əvvəl Muradın xatırladığı addımbaşına eşidilən, bu məlun, mənfur, eybəcər qırxağızlı, qırxayaqlı, “ləkə”ni götürüb adamın üzünə də yox, düz gözünün içinə, bəbəyinin ortasına çırparlar!.. Deyərlər, biz dövlət qurmamışıq ki, siz – dünən gələn onu rüşvətlə, bizim qanımızla yazdığımız qanunu xəyanətlə ləkələyəsiniz! Deyərlər, deməzlər? – Əlbəttə, deyərlər!.. Bəli, həm hazırına gəlmək, həm də verilən, nəqd göz kimi sayılan donluqla kifayətlənməyib, harınlaşmaq, Şura qanununa xəyanət etmək, özünü, öz vicdanını kömür kimi qaralayıb ləkələmək xəyanətdən də xəyanət, cinayətdən də cinayət olardı!.. Nəhayət və nəticə etibarilə əksinqilabçılığa bərabər ağır bir hərəkət olardı, dözülməz olardı, satqınlıqdan da artıq satqınlıq olardı. Rüşvət almaq, Şura qanununu hörmətdən salmaq, düşmənin dəyirmanına güclü su, çırağına yağlı nöyüt tökmək olardı!.. Mehman yığılıb-açılır, onun qulaqları cingildəyirdi.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

XIX

Qara-qara buludlar şüş-şüş dağları qaplayırdı. Yuxarı dağlardan – San babadan, Sağsağanlıdan, Kirsdən üzüaşağı Araz çayına doğru uzanan qara bulud salları Ziyarət dağını da örtür, Göyən düzənlərini zülmətə bürüyürdü. Divan gözləyən, ancaq divan tutulmayan Ulduzun özü öz ayaqları ilə divana gedirdi. Qara ölüm şıltağa başlayıb əzabəziyyət içində Ulduzu hər necə girinc etməkdən zövq alsa da, bu faciədə şər-şeytanın hər necə nəşələnib əyləndiyini görsə də, Ulduz “daha bəsdir!” demək qərarında qəti idi. Axı ölüm gözləyən Ulduz niyə Şükranın atası Göyalı tərəfindən oxlanmadı? Niyə Ulduz o qədər top-top dayanan adamların müqabilində oxlanmaq gözlədiyi halda, bir kəs tərəfindən oxlanmadı? Məgər Ulduz öz sinəsini dalbadal atıla bilən oxlar üçün görməmişdimi? Bu oxlar onun iztirab dənizinin dalğalarına son qoymayacaqdımı? İndi qara don geyən Ulduz üçün həmin cığırla geriyə dönmək, Göyən düzənlərinə qayıtmaq, ara-ara Göylər obasında görünmək mümkün deyildi. Bir də Şükranın məzarının dövrəsində gözdağı kimi dolana-dolana qalmaq, bu məzarın keşiyini çəkmək, ölü durmaq özü də Ulduz üçün bəs deyildimi? Üstü torpaqlanan, tikanlanan, daşlanan Şükran dərindən-dərin sükut aləmində idi. Haçan bu qəbir üzərində “Ağ oğlan” adı ilə şöhrət tapa biləcək bir uca qüllə qalxacaqdı? Bu hələ qabaqda idi. Ağqoyunluların qədim adətincə bir il ərzində qəbiri tərpətmək, ölən adamın ruhunu narahat etmək olmazdı. Bir ildən sonra çox yəqin ki, Şükranı dəfn edən el-oba yenə də axın-axın gələcək, onun ildönümündə igidi yad edəcəkdi, elə bu zamanlar da köhnələn qəbir tərpədiləcəkdi. Şükranın türbəsi üzərində ağ-ağ yonulan daşlardan “Ağ oğlan” adlı günbəz ucalmağa başlayacaqdı.Ulduzun tab-təvanı tükənmişdi. O, heç bir kəsi gözləmədən öz-özünü divana çəkməli idi. Bu yoldan qayıtmaq, özünü ölümdən də artıq bir əzaba salmaq idi. Qara buludlar gəlirdi. Qara qanadları sallanan qara buludlar bir-birinə dəyə-dəyə, çırpıla-çırpıla yağışı, kürdaşı, dolunu, alaçalpov qarı bir-birinə qatıb qarışdırmırdılarmı? Bu, tufan idi, bu qiyamət yay mövsümünün yetişdiyinə baxmadan, bir də hiddətlə geriyə dönməklə qaralan Ulduzu aparmağa gəlməmişdilərmi?

5 min
I

Tədris hissə müdiri Məlikə xanım onillik məktəb vəsiqəsini Mehmana təqdim edib, ayrılıq əlaməti olaraq, onun boynunu bərk-bərk qucaqladı. Məlikə xanımın qar kimi ağaran pərakəndə saçları Mehmanın şəvə kimi qara qıvrım saçlarına qarışdı.– Oğlum, – deyə müəllimənin yaşaran gözləri doldu. – Düz on ildir ki, sən bizim bu məktəbdə oxuyursan. Düz, on il əvvəl, sən buraya balaca bir uşaq kimi, çantanı yerlə sürüyə-sürüyə gəlib, indi cavan bir oğlan kimi gedirsən... Bu on ilin çox yarısını, mən özüm sənə dərs vermişəm... Sən mənim sevimli balam olmusan... Bu on ildə məktəbdə mən səni həm əxlaqda, həm də oxumaqda bütün uşaqlara nümunə gətirmişəm... Bu gün mən, məktəbi bitirmək şəhadətnaməsini sənə təqdim edib yola salıram. – Məlikə xanım çəkilib Mehmanın gözlərinin içinə diqqətlə baxdı. – Mənim sənə analıq tövsiyəm vardır, – müəllimə göy damarlı əlini qəti bir qərarla qaldırıb: – Hər nə sənəti ürəyin sevsə, onun dalınca da gedərsən, – deyə qeyd etdi, – bu sənin öz işindir!.. Ancaq mənim sənə çox mühüm bir tapşırığım vardır... Hər halda, hansı işdə olursan ol, daxilən-vicdanın pak-təmiz ol!.. Heç kəs bilməsə, tək bir sən özün bilsən belə, mənəviyyatını gün kimi saf, ay kimi parlaq saxla! Heç bir zaman bir balaca nöqtə qədər olsa belə öz ürəyini ləkələmə! – Məlikə xanım qaynayan gözlərini silib əlavə etdi: – Sənin bu dünyada iki anan var, birisi səni doğan ana ki, sən ona həmişə hörmət etməlisən, ikincisi də sənə təlim verən anadır!.. Sən bil ki, bu sözləri sənə anan deyir!..

19442 min
II

Məktəbin uzun dəhlizi oğlan-qızla dolmuşdu. Onlardan kimisi qolqola gəzir, kimisi yığışılıb söhbət edir, kimisi onillik məktəbi qurtarmaq vəsiqəsini öz yoldaşına göstərib öyünür, bəzisi də başını aşağı salıb kəsir içində olduğu üçün məktəbdən bikefcə çıxırdı. Bir dəstə tələbə qapı ağzında dayanıb Mehmanın çıxacağını səbirsizliklə gözləyirdi. Onlardan bir çoxu hörmət, bəzisi də qibtə hissi ilə Mehmanın vəsiqəsinə baxmaq istəyirdi. Bunun üçün də hərə bir cür danışır, bir fikir söyləyirdi:– Ali məktəbi də görək, bizim mülayim Mehman, belə əla qiymətlə qurtaracaqmı?

19445 min
III

Çoxdan bəri qapı ağzında dayanıb oğlunun yolunu intizarla gözləyən Xatun Mehmanı evə buraxıb:– Oğlum, şəhadətnaməni aldınmı? – deyə soruşdu.

19442 min

Poems by other poets