XIX
Page 5 of 5 · 80%
Demək olardı, əgər kişi rolları əsasən Əbdülsalamın üstündə dayanırdısa, bir qayda olaraq mühüm qadın rolları da Məmmədxan arvadı Balışın üstündə dayanırdı. Gözəl, göyçək, qaraqaşlı, qaragözlü, ətliəndamlı Balış səhnə libasında daha qəşəng, daha yaraşıqlı görünürdü. Gecə kurslarında savadlanan, komsomolda fəallaşan Balış yeri düşəndə öz əri Məmmədxanla səhnəyə çıxmaq barəsində xoruz kimi döyüşür, sevdiyi klub səhnəsindən əl çəkmək istəmir, baş rollarda çıxmaqdan hədsiz zövq alır, xüsusən səhnədə qadın rollarını ifa edənlər olmadığından özünü klub səhnəsinin misilsiz kraliçası sayırdı. Baxanda Balış səhnədə nazlanır, o, mahir bir nəğməkar kimi canlara yayılan xoş səslə oxuyur, tovuz kimi sallana-sallana süzür, salonda əyləşən kişilərin ağızlarının suyunu axıdır, qadınlarda qısqanclıq doğurur, tamaşaya gəlib lap geri cərgələrdə oturan, qaranlıqda qısılan Məmmədxanın dişi bağırsağını kəsir, Balış alqışlandığı zaman əgər bir kəs dönüb anbardafa baxırdısa, o, kömür kimi qaralır, başını gizlətməyə yer tapmırdı. Əlbəttə, Məmmədxan əliisti adamdır, o Balışın öhdəsindən gələ bilərdi... Ancaq indiki, kəskin sinfi mübarizə zamanı Balışın qarşısına çıxmaq, komsomolun dildişinə düşmək, komsomol katibi Altayın siyahısında “yaramaz ünsür” olmaq, hələlik onu dayanıb susmağa, hesabı içəriyə verməyə məcbur edirdi. Bir də kənar bir guşəni, isti, yağlı yeri itirmək, üçillik savada malik olan, indi süd gölü içində üzən Məmmədxanı öz ürəyini yeməyə məcbur edirdi. Məmmədxan bomboz bozarıb arvadına bir söz deyəndə, Balış çımxırıb ikisini deyir, barmağını silkələyib ərinin anbarda törətdiklərini yerbəyer sadalayırdı. Əliəyri Məmmədxan bu zaman qeyzini udub dil-dodağını gəmirir, onun gözləri dəhşətli surətdə qızarır, sanki qanlı bir pərdə onun gözlərini tuturdu. “İndi neyləyəsən bu sırtılan həyasızla, necə çalıb-çağırasan?” – deyə Məmmədxan birdən də qeyrətə dolur, gecə-gündüzlü vurnuxur, çalmağa hazırlaşan aran yerin ilanı kimi başını dikcə tuturdu. “Lənət sənə kor şeytan ha!” – deyə bəzən də o, bütün anbardan, misilsiz gəlirdən keçir. Balış səhnədə süzən zaman salondan səhnəyə atılan “oxqay”lar Məmmədxanın ürəyinə ox kimi saplanırdı. O, neçə kərə Əbdülsalama yaxınlaşıb:
– Ədə, bu qədər üzünə ənlik-kirşan çəkdin bəs deyil, heç yorulmadın? – deyə ona söz atmış, şəxsi fəaliyyət dərnəyinin işinə pərşaxlıq satmağa çalışmışdı... Ancaq klub həvəskarlarının öz işlərindən möhkəm yapışmaqları, Əbdülsalamın ölçü-biçiyə gəlməz fədakarlığı Məmmədxan əlinin buraya girməsinə imkan verməmişdi... Xüsusən rayon komsomol komitəsi katibi Altayın şəxsi fəaliyyət dərnəyinin işinə verdiyi qiymət, ayda bir dəfə klubun kütləvi işlərini komsomol komitəsinin bürosunda müzakirə etmək, Məmmədxanın əlini sanki biləyindən kəsir, “şəhər teatrosunu” dağıtmağa imkan vermir. “Biz gərək bu klubda elə sənətkarlar yetişdirək ki, bir zaman bizim şəxsi fəaliyyət dərnəyi rayonumuzun dövlət dram teatrına çevrilsin”, – deyə Altay əllərini qalifesinin ciblərində yerləşdirib kürsüsündən qalxıb büroda gəzinincə Əbdülsalama ruh, həm də zövq verirdi. “A başına dönüm, komsomol, ha!” – deyə Əbdülsalam ürəyində sevinir, top-yumru vücudu ilə şişib qürrələnir, sonra məqamı çatınca şəhərin gözəl qız, gəlinlərindən səhnəyə cəlb etmək üçün öz təklifini də irəli sürürdü. “Olmaz ki, yoldaş Altay, bizim komsomolun bugünkü bürosu qərar çıxarıb, komsomolçu qız və gəlinlərdən səfərbərliyə alıb bizim səhnənin ixtiyarına verə?” – deyə israr edincə, Altay çevrilib “komsomol belə bir inzibatçılığa qurşana bilməz, – deyə klub müdirinin sözünü qaytarırdı. – Yox, heç zaman könüllü işi məcburiyyətə döndərmək olmaz!” Son zamanlar Əbdülsalamın diqqətini təzə prokurorun boylu-buxunlu, gözəl-göyçək xanımı cəlb edirdi. Ancaq nə edəsən ki, Əbdülsalam öz arzusunu açıb-ağarda bilmir, “girməli kol deyil!” – deyib dodaqlarını mumlayırdı... Xüsusən Mehmanın qaradinməzliyi və sərt baxışları Əbdülsalamın sözünü boğazında boğur, az qala fikirləşəndə belə xatalı bir iş gördüyünü güman edib öz-özünü danlayırdı. Ancaq Züleyxa kimi şəhərli qızının səhnəyə çıxmağı səhnəni dirildər, Əbdülsalamın fəaliyyətini daha artıq gözə yetirib, onu uca-uca dağların başına qaldırar, klubun işləri əcəbcə yaxşılaşırdı. Bir dəfə o, yan-yörəsinə baxandan sonra asta addımla Balaşa yanaşıb:
– Qız, bir prokurorun xanımıyla bacılıq olsana! – deyə canını dişinə tutmuşdu. – Bir o gəlinə tərəf yol açsana!
– Nə barədə Əbdülsalam? – deyə mətləbi tez alan Balış pörtə-qızara çımxırmışdı. – Xeyirdimi, barı?!
– Lənət şərə, qız!
– Yenə də olsun, möhtərəm rejissor?
– Deyirəm, bəlkə, qız, bu ala-bula “şalvarlı gözəllərin” sayını səhnədə azaldaq, buraya cavanəzən qız-gəlin gətirək!..
– Yəni çox lazımmış? – Balış qalın, qırmızı dodaqlarını büzüncə, Əbdülsalam gülümsəyərək demişdi: – Bir güllə yaz olmaz, Balışcan!
– Yəni sən güman eləyirsən ki, prokuror xanımı sənin klubuna gəlsə, səhnən gülüstana çevrilər?
– Əlbəttə, gözəl-göyçək qızların, gəlinlərin, bir sözlə qadın həvəskarlarının sayı nə qədər burada artsa, o qədər də bizim səhnəmiz tamaşaçılarımızın nəzərində yüksələr!
– Prokuror xanımına ancaq Zərrintac xanım vasitəsilə əl uzatmaq olar, Əbdülsalam, – deyə Balış iri, qara gözlərini oynatmışdı! – Yoxsa heç kəs o tilsim xanıma yaxın düşə bilməz!
– Yox, yox, Zərrintac Kamilovun məxsus aşnası olduğundan əlçatmaz ulduzdur! – deyə Əbdülsalam cavab vermişdi. – Yox, əsla o ulduza əl uzada bilmərik.
– Onda ki, elənçik xanımlar ulduzdur, sən də gəl yer üzünün tək çiçəyinin qədrini bil, əzizimiz Əbdülsalam!
Bu söz-söhbət son günlərdə nə qədər klub müdiri ilə rollarda çıxış edən Balışın arasında getsə də, yenə də iş həmin-həminliyində qalır, Əbdülsalam yenə də köhnə vəziyyətdə, həmin heyətdə çıxış etməli olurdu...
Bu gün axşamüstü yenə də qayalar üstündə klubda məşq gedirdi. Gah rejissorluq, gah aktyorluq edən Əbdülsalamın bağırtısı klubu götürürdü. Əbdülsalam məşhur bəstəkar Üzeyir bəyin “O olmasın bu olsun” musiqili komediyasının quruluşunu verirdi. O, burada rejissorluqdan savayı Məşədi İbad rolunda məharət göstərirdi. Altayın evində dayanmayıb gəzintiyə çıxan Mehman öz sabiq məktəb yoldaşı ilə dolanır, öz mürəkkəb vəziyyəti barəsində düşünürdü. Altay isə qəsdən Mehmanı kluba tərəf çəkir, “O olmasın bu olsun” musiqili komediyasının məşqlərinə nəzər yetirmək, komsomolun yardım əlini uzatmaq istəyirdi.
––––– 135k2
– Görək bizim şəhər teatrının işləri necədir?! – deyə Altay, Mehmanın qolundan yapışıb klubun qapısına tərəf çəkdi. Mehman qulaq verincə tarkaman səsini eşitdi, tutulub kədərləndi. Altay tutqunlaşan Mehmanı kluba çəkməklə ürəyini açmaq, sonra da çox uzaqda olmayan komsomol müşavirəsinə yollanmaq istəyirdi. Nəhayət, Altay Mehmanı klubun qapısına yaxınlaşdırdı, əlini dəstəyə atıb açdı, Mehmanı içəriyə saldı. Məşq edən Əbdülsalam əlini qaldırıb məşqini davam etdirməyi bildirdi: Məşq davam edir, Balışın nəğməsi ucalırdı. Mehman diqqətlə baxırdı. Əgər Züleyxa şəhər gözəli idisə Balış da kənd, bir sözlə dağ gözəli idi...
– Necədir teatrımız, yoldaş prokuror?
– Yaxşıdır, dama-dama göl olar!
– Onda siz də kömək edin, yoldaş Atamoğlanov!
– Yəni deyirsən hamılıqla səhnəyə çıxaq?
Altay Əbdülsalamın ürəyindən keçəni duymuş kimi:
– Qızların, qadınların və... gəlinlərin cəlbində siz bizə kömək edin – deyə gülümsədi. Mehman işarəni alınca sifətini turşudub:
– Səhnə həm məharət, həm də könüllü olmağı sevir, – deyə cavab verdi, – yoxsa sənətlə oyun oynamaq yaramaz!
– Ümumən düzdür, mən özüm də bu fikirdə və mülahizədəyəm. Ancaq biz səhnəni qadın rolunda, çıxış edən bığlı kişilərdən xilas etməliyik!
– Elədir, inqilaba qədər qadın rollarında kişilərin çıxış etməyi bizim opera teatrının özündə az olmamışdır.
– İnqilabdan əvvəl, eləmi?
– Bəli, inqilabdan əvvəl!
– İndi isə Azərbaycanda inqilabdan on-on iki ildir ki, keçir!
– Onda subay-sultan oğlan bir aktrisa xanımla evlənib öz fəaliyyəti ilə səhnəni zənginləşdirsin, – deyə Mehman birdən-birə sərt cavab qaytardı. Mehmanın bu söhbətdən alındığını görən Altay daha ona bir söz demədi. Mehmangildə düzəltdikləri zəfəran-plov qonaqlığının baş tutmadığından sonra Məmmədxan geriyə dönüb Balışı evində görməyincə cini kəlləsinə çıxmış, necə deyər, kəfəni boynuna dolayıb mır-mır mırıldanmış, quduz it kimi yan-yörəsini tutmağa başlamışdı.
– Bu kafər qızı Balış bir səhnədən yığışsaydı, bunun uzun dili bir də gödəlsəydi? – deyə Məmmədxan qıvrılıb açılmış, sonra bugünkü baş tutmayan işləri barədə yanıxmış, ipə-sapa yatmayan cavan prokuror barəsində deyinmişdi. – Bircə allahsız oğluna yol tapsaydıq, bircə bunu, körpə quzunu duza öyrədən kimi rüşvətə öyrədə bilsəydik... Yoxsa indi o, xam dayça kimi atılıb-düşür, kəməndə gəlmir, finxırır. Əgərləri bir yol tapıb bu zalım balasının dilinə bir qıfıl keçirsəydik, onda qiyamət qoparar, bu lotuxanada qol götürüb qaş-göz süzdürən Balışın əl-ayağını bu evə yığar, alt-üst basanda bu Balışın özünü qara tuluğa döndərib yorğandöşəyə salardım! Belə ki, bu avara qızı, Əbdülsalam itoğlunun lotuxanasından, hər axşam ona-buna ərə getməyindən birdəfəlik gözünü çəkərdi.
Evindən qəzəbnak çıxıb gicəllənə-gicəllənə kluba gələn Məmmədxan qapının yanovunu açınca Altayla Mehmanın içəridə yanaşı oturduğunu görüb tez geriyə çəkildi. Məmmədxan bir an ayaq saxlayıb, istədi Balışı burada, səhnədə süzən qoyub evinə getsin, ancaq hövsələsini yemədi, qəzəbindən tir-tir titrədi, sanki onun beyninə sıçradı.
– Bu telli Altay bəs niyə buradan əl çəkmir? – deyə Məmmədxan olmazın bir qısqanclıq alovu içində qovruldu. – Hələ bu prokuror da şam kimi şölə çəkən arvadını orada qoyub buraya, səhnəyə, bizim bu yastıyumşaq xanımın tamaşasına gəlibdir?! Bu Mehmanoğlan orda qanundan dərs deyir, burada komsomolla yanaşı oturub Murtuzovun bunun evinə daşıqçı olduğunu malalamaq, “qanun-qanun” deyib gözümüzə kül üfürmək istəyir.
Yox, yox, Məmmədxan günün batar çağında klubu dörd dövrə dolandı, pəncərədən boylanıb Balışın Sərvərlə qol-boyun olduğunu gördü. “İt küçüyü” deyincə dişləri xırçıldadı. O, hərlənib arxa qapıdan birbaş səhnəyə girmək istədi. Lakin dekorasiya dalında dayanıb: – Balış, Balış! – deyə barmaq elədi.
Altaydan bu tərəfə oturan Mehman Məmmədxanın kömür kimi qaralan sifətini görüb xısıltılı səsini eşitdi.
– Qız!.. Qız!.. Ay qız!.. Ay qız!..
Mehman başını əyib Məmmədxanın tutulan sifətinə, oynaya-oynaya tərpənən şəhadət barmağına baxdı. Balış isə anbardarı saya-hesaba almadan öz rolunu ifa edib başa vurdu, sonra səhnədən salona düşüb Mehmana və Altaya salam verdi. Axırda o, Altayın onu nə vaxt komsomol komitəsində qəbul edəcəyini müəyyən edib uzun zərli tumanının qabağını əlində dəstələyib geriyə döndü. Mehman yenə də Məmmədxanın o yandan bəriyə silkələnən barmağını, kömür kimi qaralan, vəhşiləşən sifətini gördü...
Kitabxana.az · https://kitabxana.az/en/works/suleyman-rehimov-mehman-xix
Use ← → keys to move, R for a random poem
More by this author
Bəli, Mehman işdən dönüncə Şəhla xanım özünü qabağa verib kürəkəninə xüsusi mehribançılıq göstərdi, bir azdan araya söz salıb Mehmana üz tutub təvəqqe elədi ki, prokuror, Məmmədxan gədənin bu şər işində ədaləti əldən buraxmasın, artıq danışığa, şər-şəbətəyə yol verməsin. Mehman da öz növbəsində Şəhla xanımdan təvəqqe elədi ki, onlar ana-bala heç bir zaman prokurorluğun daxili işlərinə qarışmasınlar. Şəhla xanım kürəkəninin bu sözündən rəncidə olub:– Məgər, ana öz oğluna bir söz də söyləyə bilməzmi? – deyə umuküsü elədi. – Mənim də bu dünyada gözümün ağı-qarası bircə qızım var!
XXXVIMehman respublika prokurorluğunda, öz keçmiş məktəb və hüquq fakültəsi yoldaşlarından bir qrupla görüşdü. Gənc prokurorların hamısı bir-biri ilə mehribancasına salamlaşdılar, öz yoldaşlarının iş-gücündən soruşub əhvallaşdılar. Bir ay bundan qabaq hüquq fakültəsində respublika prokurorluğuna işlər müdiri vəzifəsinə keçirilən Katibə xala qoltuğunda dəftər qapıdan boylanıb:– Yoldaş prokurorlar! – deyə onları öz yanına çağırdı. – Rica edirəm, bir mənim öz yanıma zəhmət çəkin!..
XXXVIIBayaqdan yol gələn Mehman qan-tər içində özünü fabrikə çatdırdı, soruşub müdirin kabinetini tapdı. Qapıçı müdiri əvəz edən adamın otağını göstərərək:– Bax, ora buyurun, – dedi, – müdir azarlıdır. Onu orada oturan əvəz edir, baş mühəndis!
XXXVIIIAxşam çıraqlar yananda Mehman qapıya yaxınlaşıb zəngi basdı. İçəridən ağsaçlı bir qadın gəlib qapını açdı. Mehman salam verdi, qadın onun salamını aldı.– Mən professoru görmək istərdim.