Bayaqdan yol gələn Mehman qan-tər içində özünü fabrikə çatdırdı, soruşub müdirin kabinetini tapdı. Qapıçı müdiri əvəz edən adamın otağını göstərərək:

– Bax, ora buyurun, – dedi, – müdir azarlıdır. Onu orada oturan əvəz edir, baş mühəndis!

Mehman gedib qapıda dayandı. Sonra qapını döydü, yavaşca açıb soruşdu:

– İcazə varmı?

– Buyurun, – deyə stol arxasında əyləşən xanım qız dilləndi.

– Mən baş mühəndisi axtarırdım!

– Buyurun!

– O tezmi gələcək? – deyə Mehman içəriyə girib salam verdi.

– Mühəndis mənəm!..

– Mən anamı görmək istəyirdim. Rayondan gəldim, onu evdə görmədim. Soruşdum, dedilər burada işləyir, sizin fabrikdə.

– Adı nədir?

– Xatun Ağadadaş qızı!

– Baş mühəndis əvvəlcə qolundakı, sonra divardakı saata baxdı:

– 25 dəqiqə gözləməli olacaqsınız!

– Mən çox tələsirəm!..

– Qanun var, işdən adamı yarımçıq çağırmaq qadağandır. Bura istehsalatdır. İş bir-biri ilə bağlıdır. 25 dəqiqədən sonra tənəffüs olacaqdır!

– Onu necə görə bilərəm?

– Biz onu bura çağırarıq. – Baş mühəndis dəftəri açdı: – Xatun Ağadadaş qızı Atamoğlanova. Çox gözəl bildim hansı sexdədir! – Dilguşa katibəni çağırdı:

– Mən gözləyim? – deyə Mehman çıxmaq istədi.

– Siz əyləşə də bilərsiniz!

– Axı siz çalışırsınız!

– Bəli bir az işim var. Ancaq sizin əyləşməniz işimizə o qədər də maneçilik törətməz!

Mehman təşəkkür edib həyətə çıxdı, qulaq verdi, çarxların səsi binanı titrədirdi. O gözlədi. Hər dəqiqə bir gün kimi gəlib keçdi. Fit verildi, işçilər tənəffüsə çıxdılar. Üstü ağarmış Xatun gəlib baş mühəndisin kabinetinə daxil oldu. Mühəndis qız özü çıxıb həyətə tərəf boylandı. Mehmanı səslədi:

– Ananız gəlmişdir!

Mehman dönüb gəldi, anasını görüb səssizcə əlini uzatdı. Xatun oğlunun uzanmış əlini tutdu.

– Nə olar ki, – deyincə Xatunun gözləri doldu: – Allah xeyir versin. Arzum bu idi ki... evin olsun...eşiyin olsun... balan olsun!

Mühəndis xanım Xatundan soruşdu:

– Yoxsa ana, oğlunuzdan küsmüsünüz? Mən sizin oğlunuz olaram! İndi qız, oğlan təfavütü nədir? Qızlar daha vəfalı olurlar!

– Məndə böyük bir vəfasızlıq olmayıb, – deyə Mehman baş mühəndisin bu söhbətə qarışmasını, ona kömək etməsini istəyirdi. Bu cəhəti dərk edən mühəndis qız söhbətə müdaxilə edib Mehmana:

– Görünür, siz ananın qarşısında xeyli müqəssirsiniz! – dedi. – Yoxsa ayrı cür ana belə danışmazdı!

Mehman anasının qarşısında öz qollarını yanlarına buraxıb, uşaq kimi gözlərini döydü.

– Şübhəsiz məndə təqsir olmamış deyildir!

– Müqəssir təqsirini boynuna alan yerdə onu bağışlarlar, ana! – deyə mühəndis xanım Xatunu dilə tutdu, ana başını qaldırıb:

– Təki bu körpənin sağ sədası gəlsin, – dedi, – özünü qəhərlənməkdən saxladı.

Mehman mühəndis xanıma müraciət edib, qoca anasını işdən azad etməyi xahiş etdi.

– Biz belə işçini istehsalatdan çətin buraxa bilərik!

– Rica edirəm, yoldaş mühəndis, – deyə Mehman mühəndis qıza üz tutdu. – Çox təvəqqe edirəm. Mən onu özümlə rayona, evimizə aparmaq istəyirəm!

– Yox, Mehman! – deyə Xatun oğlunu mənalı nəzərlə süzdü, – Yox!.. Heç zaman yox!

Mühəndis xanım Mehmana diqqətlə baxıb:

– Bağışlayın, adınız nədir? – deyə soruşdu.

– Adım Mehmandır!

– Haranı qurtarmısınız?

– Hüquq fakültəsini.

– Bəlkə atam deyən Mehman sizsiniz?

– Kim?

– Professor Məlikzadə!

– Professor? Mən onu mütləq görəcəkdim!

– O bərk xəstədir, yatır. Yuxuda neçə kərə “Mehman!” – deyə sizi çağırıbdır, – qızın ala gözləri həqiqətən birdən yaşla doldu. – Mən o vaxtdan, düzü, sizi görmək istəmişəm. O sizin adınızı çox çağırıb, lap çox!

– Siz üzr istəyirəm, onun nəyisiniz?

– Qızı!

– Onda icazə verin tanış olaq! Professorun mənim boynumda haqqı çox-çoxdur!

Hər ikisi bir-birinə əl verdi.

– Dilguşa!

– Mehman!..

Fit çalındı. Xatun cibindən açarı çıxarıb Mehmana uzatdı.

– Evə gedərsən!

Mehman açarı aldı.

– Düz evə!

Mehman təzim edər gözlə anasına baxdı, Xatun isə otaqdan çıxdı, dışarı axan izdihama qarışdı. Bir azdan yenə də tikiş fabrikinin güclü çarxları yeri titrətməyə başladı.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

XXV

Bir axşamüstü Züleyxa bir neçə fincan moruq mürəbbəli çay içib bərk tərlədi, hərlənib eyvana çıxdı, soyuq onu o ki var, tutdu, gecə isə özünü pis hiss etdi, səhər titrədib, doğrudan da ağır yatdı. Mehman işdən qayıdanda Züleyxanın halını pərişan gördü; zəng edib həkim çağırdı. Yarım saatdan sonra həkim gəldi. O, Züleyxanın qızdırmasını ölçdü, hərarətin otuz doqquz dərəcədən yuxarı olduğunu müəyyən etdi. Bir neçə resept yazdı, Mehman Qaloşlu adamı çağırdı, reseptləri ona verdi. Qaloşlu adam dərmanxanaya yollandı. O yüyürüb aptek müdirini tapdı, reseptləri birbaş ona verib dərmanları hazırladıb gətirdi. Züleyxa gözünü açıb yanına düzülən dərman şüşələrinə baxdı, “mamamı istəyirəm, mamamı!” – deyib iztirab içində gözlərini yumdu. “Qoy anam gəlsin mənə bir yol göstərsin”. Züleyxa yüksək hərarətin içində belə qərar çıxardı: “Qoy Xatun bir də bu evə qayıtmasın...”Qaloşlu adam Züleyxanın xəstələndiyini, bəzən sayır-bayır danışdığını ətrafa yaydı. Yavər Murtuzova, Zərrintac Sərrafzadə cəld yığışıb Züleyxanı yoluxmağa gəldilər. Onlar bütün gecəni xəstənin yastığından ayrılmadılar. Mehman isə Züleyxanın qəflətən belə xəstələnməyini həqiqi bir kədər kimi qarşıladı. Getdikcə onun ürəyi daha həyəcanla döyünməyə başladı. Ancaq Züleyxa gözlərini açıb hərdənbir dil-dodağını yalayır, hey anasını arzulayırdı: “Anamı!.. Mamamı!..” – deyib israr edirdi.

19446 min
XXVI

Gecənin yarısı idi. Şəhla xanım qollarını qu tükündən olan nazbalışa sərdiyi halda fısafısla yatmışdı. Bu əsnada zəng arası kəsilmədən çalındı. O, qollarını çəkib əsnədi, qulaq verdi. Zəng aram eləmirdi. O, ayağa qalxıb zərli xələtini geydi, qulluqçu qadını oyatmadan qapıya özü ehtiyatla yanaşıb:– Kimdir? – deyə soruşdu.

194414 min
XXVIII

Ani sükutdan sonra Əbdülsalam təkrar güllə kimi qapıdan çıxdı. O, küçənin qatı qaranlıq və işıq düşməyən yerlərilə yanlarını basa-basa yeridi. Aktyor paltarını geyinən həvəskarlar qapıdan bayıra çıxmadan rejissorun qaraltısını gözdən itirincəyə qədər süzdülər.– Yox, tamaşa pozuldu! – deyə əllərini dizlərinə vurdular. – Dərimiz didildi!

19447 min
XXIX

Şəxsi fəaliyyət dəməyi tərəfindən böyük həvəslə hazırlanan tamaşanın təxirə salınmağı balaca şəhərdə böyük danışığa səbəb oldu. Klubdan çıxan, küçələr boyu səpələnib evinə dönən hər kəs güclü bir səs-küylə söylənməyə, bu hadisənin səbəbini arayıb özünəməxsus yollarla yozmağa başladı. Kimisi Balışın öz əri anbardardan üz döndərib atası evinə – “Ballıqaya” kəndinə getməyindən, kimisi anbardarın öz halal arvadını qısqanıb səhnəyə buraxmadığından, kimisi də Balışın özünün şıltaqlıq edib qəsdən bu axşamkı tamaşanı pozmağından danışdı. Bu növ söz-söhbətə qulaq verən Məmmədxan hər kəsin gözünə dəymədən, arabərədə hərlənib fırlandı. İstər-istəməz büzüşüb, yığışıldı. Hələlik öz evinə dönməyə cürət etmədi, təkrar anbara girdi, kağızları, anbarda səpələnən sənədləri qurdaladı, sonra da qapını arxadan bərkidib işığı keçirdi. “İşdir, soruşan olsa, deyərəm işləyib-işləyib yorulub, burada mürgüləmişəm” – deyə dolaşıq vəziyyətə düşüb qədəmləri dolaşan anbardar qeyri-müəyyən halda çalıxıb-vumuxmağa başladı. Bir azdan, yox-yox öz əyri yolunu sanki əlinə götürdüyü yarım sönük fənərlə işıqlandırdı, hətta: “tapdım, tapdım” – deyə bir qədər də sevindi. Bəli, daha onun qəsdi bütün şəhər əhli yatana qədər başını burada gizləmək, əl-ayaq yığışılandan sonra bir oğru kimi buradan sivişib çıxmaq, qapını yavaşca açmaq, öz qurbanının izini-tozunu silib süpürüb itirmək idi. Buna görə də anbardar çox sevdiyi parça taylarının arasına girib uzandı, cinayətinin izini necə ört-basdır etmək üçün öz beynində nəqşələr cızmağa başladı...Hər kəsdən də artıq onu xofa salan iki həftə bundan əvvəl axşamüstü səhnəyə hücum çəkdiyi zaman barmağı ilə Balışı hədələdiyi vaxt, prokurorun ona zillənən gözləri idi! İndi də bax, bu zülmət qaranlıqda həmin gözlər sanki təqibedici nəzərlə ona zillənirdi... Açılmasın, örtülməsin, qapansın, bir daş bir quyuya düşən kimi düşsün, iz itsin, çıxsın getsin!.. Bəs belə etmək üçün, bu gözlər, Məmmədxandan üzülməyən gözlər necə olsun? Necə olsun ki, bu gözlər qatili görməsin, bu işin üstü basdırılsın?!. Onda bu prokurorun qabağını bəs nə ilə almaq olar? Bax, Qaloşun bu anbardan alıb apardığı qızıl saatı öz qızıl bağı ilə bir sarı ilana çevirib bu inadkar prokurorun boğazına dolamaq, onu boğmaq, məngənə arasına alıb onu sıxıb, sıxcalamaq gərəkdir, deyən Məmmədxanın qara fikri dolaşmağa başladı. Bax bu işi Qaloş necə hərləyər, Murtuz Murtuzov istintaqda necə döndərə bilər?.. Dəhnədən möhkəm bağlanan arx sürətlə axar, istənilən səmtə döndərilib, istənilən yer suvarıla bilər... Demək bütün mətləb arxı dəhnədən necə bağlamağın üstündədir. Ancaq Mehman qurulan tələyə ilişəcəkdi, ya buradan sağ-salamat çıxacaqdı?.. Axır Məmmədxan qızıl saatı Qaloşa verərkən “yüz gün yaraq, bir gün gərək” deyə prokurora yaxınlaşmaq istəmişdi. “Koxanı gör, kəndi çap” misalını nəzərdə tutmuşdu. Doğrudur, onda hələ də Məmmədxanın belə aydın fikri yox idi!.. Ancaq necə olsa da, həmin qızıl saatı müəyyən mənzur ilə vermiş, üstəlik qızıl saatın prokurorun evində ilişib qalmağına da sevinmişdi. Bu hal Məmmədxanı, prokurorun evinə əl uzatmağın mümkün olduğu qənaətinə gətirmişdi.

19448 min

Poems by other poets