Page 1 of 3

Axşam çıraqlar yananda Mehman qapıya yaxınlaşıb zəngi basdı. İçəridən ağsaçlı bir qadın gəlib qapını açdı. Mehman salam verdi, qadın onun salamını aldı.

– Mən professoru görmək istərdim.

– O bərk xəstədir!

– İçəri otaqdan səs gəldi.

– Kimdir o? – Professoru öskürək tutdu: – Arvad, onu buraya gətir!

Professor balışa dirsəklənib başını qapıya tərəf çevirdi. Mehman içəriyə girib təzim etdi. Professor hərarətli əlini uzatdı, sonra da bir qədər qalxdı:

– Bu qədər də vəfasızlıq?.. Mən sizdən quşqanadlı məktublar gözləyirdim, sizsə susmağı məsləhət görmüşsünüz!

– Professor, iş orada o qədərdir ki!.. – deyə Mehman professorun işarə etdiyi stulda əyləşdi. – İş, necə deyərlər, başdan aşır!..

Professor Məlikzadə dönüb üzünü arvadı Zivər xanıma tutdu:

– Mənim oğlumdur, Mehman!

– Yuxusunda da sizin adınızı çəkir bizim Məlik!

– Düzü, mən istəyirdim, – deyə hərarət içində yanan Məlikzadə çox da qayda-qanun gözləmədən ürəyini açdı... – Bir qızımız var, bir oğlumuz da olsun... Sonra Katibə xaladan bildim!.. Nə isə!.. Xeyirli olsun, xoşbəxt olun, heç bir söz ola bilməz. Ancaq heç biriniz mən deyənə baxmadınız. Nə Dilguşa hüquq elmi oxudu, nə də ki, sən bir elmi işçi olub, o elmin alimi olmaq istədin!.. Mən təcrübi işin əleyhinə deyiləm. Lakin mən istedadınıza görə, sizin elmi işçi olmağınızı ürəkdən arzu edərdim... Dilguşa da gündəlik təcrübi işi daha üstün tutur. Ağıl ilə elmə xidmət etmək özü də təcrübi işə işıq vermək, onun yoluna məşəl tutmaq deməkdir!..

– Təcrübi işlə elmi iş bağlansa, daha yaxşı olmazmı, professor?

– Əlbəttə, əgər bacara bilsəniz?.. Ancaq sizi bilmirəm Dilguşa təcrübi işdən əsla göz aça bilmir. O, istehsalata elə bağlanıb ki, oradan elə zövq alır ki, təəssüflər olsun ki, kitabı vərəqləməyə belə çox çətin macal tapır!

– Mən bu gün Dilguşa xanımı gördüm!

Anası yerindən tərpəndi və:

– Harada? – deyə soruşdu.

– Fabrikdə gördüm!

Professor arvadına tərəf dönüb:

– Çay – dedi: – Bir yaxşı mürəbbəli çay! Tələbəmlə söhbət etmək istəyirəm!

Zivər xanım dönüb çay hazırlamaq üçün gedincə professor yaxın stulda əyləşən Mehmana üzünü tutub:

– O vaxt çox utancaq idin, – deyə bir ata məhəbbəti ilə onu süzdü. – Bilmirəm indi necə?..

Mehman sükutla cavab verdi, professor Məlikzadə tələbəsinin nə üçün gəlməyi ilə maraqlandı. Mehman öz gəlişindən ona məlumat verdi.

– Yaxşı, nə olar?.. Olsun, işləyin, ancaq gündə-gündə oxuyub mütaliə də edin! Bilin ki, indiki zamanda gündə-gündə elm əxz etmədən inkişaf yoxdur!.. Bütün elmlər içində hüquq elminin xüsusi bir mövqeyi vardır!.. Lakin təcrübi işdə hüquqçu özünü daha müqəddəs və təmiz saxlamalıdır! Çünki hüquq elmi vətəndaşın hüququ ilə bağlıdır! – Professor bir qədər fasilə verib, quruyan dil-dodağını yalayıb soruşdu. – Deməli, sabah hesabatdır?

– Bəli, gördüyümüz işlər barəsində hesabat verməliyik, professor!

– Başqa uşaqlardan da hesabat üçün gələn varmı?

– Böyük bir dəstə gəlmişdir. Yenə təyin olunmuş cavan prokurorların altı aylıq hesabatıdır.

– Bəli, mən də çalışacağam ki, mütləq sizin hesabatda olum!.. Görək tələbələrimiz təcrübi işdə hüquq müqəddəsliyini necə mühafizə edirlər?.. – Məlikzadə Mehmanı mənə ilə süzüb davam etdi. – Əlbəttə, həqiqi insanın hüququnu! İstismardan, qənimətdən, qətl-qarətdən, basqından, rüşvət-oğurluqdan uzaq olub, öz yaradıcı əlləri ilə, başları ilə bizim dünyanın maddi, mənəvi nemətlərini artıran, hər bir vətəndaşın hüququnu müdafiə etmək, onlar üçün dinc əmək şəraiti yaratmaq ən müqəddəs işdir! Əlbəttə, quru, qeyri-inandırıcı vaizlikdən artıq, kəskin bir ictimai xalq mühafizəsi olmaq daha ülvi bir vəzifədir. Bizim indiki keçid dövründə, keçmişin qalıqlarına qarşı mübarizə etmək – qurub yaratmaq deməkdir!.. Qanun həm müqəddəs, həm də möhkəm olmalıdır!

– Bəli, qanunu həm müqəddəs tutmaq, həm də möhkəm saxlamaq gərəkdir! – deyə Mehman, bir növ, müəlliminin sözünü təkrar etdi.

– Bəli, oğlum, elə, – deyə professor öz tələbəsini nəvazişlə süzdü. – Tamamən elədir! Mən bizim sovet elmi hüquq elmi nöqteyi-nəzərindən, yəni bax, əsl humanist cəbhədən demək istəyirəm!.. Mənim bu barədə barışmadığım heç bir cəhət, yaxud mənim ayrı bir “cəbhəm yoxdur” Buna görə respublika prokurorundan icazə alıb, sizin müşavirəyə gəlmək, bu cəbhədən təcrübi işlərə baxmaq, qanun müqəddəsliyinin necə mühafizə olunduğunu müşahidə olunduğunu müşahidə etmək istəyirəm!

– Çox da gözəl olar, professor!

– Yoxsa siz gənclər öz müəlliminizə “köhnə”, ya “köhnəlmiş” demək istəyirsiniz?..

– Əsla... Bizim öz müəllimimizə qarşı olan ehtiramımız tükənməz və əbədidir! Köhnəlmək saçların ağarmasında deyil, təfəkkürün durğunluq və ətalətindədir!

– Bəli, əgər köhnəlik bir mühafizəkarlığa çevrilərsə, heç öz müəlliminə də güzoştə getmək olmaz!

Mehman gülümsədi, Məlikzadə gözlərini geniş açaraq:

– Bu gülüşlə demək istəyirsən ki, professorda azca mühafizəkarlıq vardır, eləmi?.. Mən özüm də bu nöqsanı az-çox özümdə hiss etməmiş deyiləm!.. Lakin köhnə quruluş və cəmiyyətin doğurduğu ləkələrə qarşı mübarizənin zəruriyyətini böyük Marks özü öz külliyyatında göstəribdir! – Professor dirsəyini möhkəmlətməyə çalışdı. – Birtərəfli olmamaq üçün, həm də əlbəttə, təcrübi iş gərəkdir! Mən nə cür xəstə olsam belə, mütləq sabah gəlməyə çalışacağam!

Professorun arvadı Zivər xanım öz ərinin, sabah iclasa getmək fikrinə etiraz edib:

– Heç doktor icazə verərmi? – dedi.

– Doktordan icazə almaq, qanuni-əsasidə yazılmayıb, biz onu poza da bilərik, arvad! – Professor həyəcan içində gülüb sonra öskürdü. – Sağ-sağ məhkum olmaq olmaz!

– Mən də ana deyənə şərik olmaq istərdim, professor!

– Niyə yoldaş prokuror?

– Biz nə qədər sizi görmək, dinləmək istəsək də, xəstə halınızda həkimə qulaq asmağınızı məsləhət görərdik! – Mehman ehtiramla gülümsədi. – Öz səhhətinə qəsd edənlər isə qanuni maddəyə düşürlər!

Professor da gülümsədi:

– Prokuror ki prokuror!..

Professor öz hərarət və ağrılarını unudub Mehmana məsləhət etməyə başladı. Sonra da əlini uzadıb stol üstündən bir kitab götürdü.

– Öz kitabımdır, sənə bağışlamaq istəyirəm!

Mehman təşəkkür edib:

– Böyük yadigardır, – deyə öz müəlliminin kitabını böyük məmnuniyyətlə aldı.

– Əlbəttə, kitab hər birimiz üçün göydəki gün, yerdəki su, ətrafdakı hava qədər gərəkdir! Mən əməkçi insanlıq və ədalət naminə yazılan kitabları çox müqəddəs tuturam, öyrənirəm, hey öyrənirəm! Öyrənmədən, müşahidə etmədən, çalışmadan, yuxusuz qalmadan, necə deyərlər, gözlərinin Nurunu elm yolunda vermədən kitab yazmaqmı olar? – Əsla!.. Əsla olmaz!.. – Məlikzadə sadəliklə gülümsəyib əlavə etdi: – Yoxsa siz, qalifedən çıxmaq istəmirsiniz, prokuror?.. Bir qədərdən qayıtmaq, mütləq kitabxanaya girmək, elmi işə başlamaq! Qoy, nə olar təcrübi iş sizin gələcək elmi-tədqiqat işlərinizə həyat qidası versin. Mən öz mülahizələrimə yenidən baxmaq, düz olmayan cəhətləri düzəltmək, necə deyir, gəncləşmək, pionerləşmək istəyirəm!.. Yoxsa hüquq elminin qoca əsgərinin qələmini daha titrəyən zənn edirsiniz?

– Bizim gəncləşmək istəyən ağsaçlı alimə hörmətimiz böyükdür! – deyə Mehman nəzakət qaydalarına riayət etməyə, xəstə professorla izafi və deyintili bir mübahisəyə girişib onu incitməməyə çalışırdı. Buna görə Mehman öz sözünün ölçü-biçisinə rəsmən fikir verir, sözlərini aydın və səlis ifadə etməyə çalışırdı.

– Əlbəttə, gələcək gəncliyindir, – deyə professor qeyd etdi. Onun dərinə düşmüş gözləri xəyal içində süzüldü. – Lakin bugünkü gənc özü də illər dolandıqca ağsaçlı olur!

– Xeyirli işlər yolunda ağaran saçlar müqəddəs və mənalıdır, müəllim!..

– Bəs xeyirsiz ağaran saçlar? – deyə professor, imtahan edər kimi, tələbəsindən soruşdu:

– Belə saçlar ağarsa da, mənasızdır. O, boş, dənsiz sünbülün vağanıması kimi bir şeydir!

– Mən çox şadam, – deyə professor öz balışına dirsəklənməklə, o biri qolunu Mehmanın boynuna hərləyib onun qara qıvrım saçları altında parlayan geniş alnından öpdü. – Alnıaçıq, ürəyitəmiz olmaq, bu yolda saç ağartmaq, əlbəttə, mənalıdır. Vay ondadır ki, alnında cinayət izləri damğalana... Belə adam, baxırsan ki, tabutda da xəcalət içindədir!.. Çox fikir vermişəm, ictimai faydalı adamlar – xalq xadimləri son səfərlərində sanki öz ətrafına nur saçır, lakin ictimai zərərli və təhlükəli adamların simasını isə ağır bir kəsafət basır... Sanki bu vaxt o özü tabutda, öz üzünü gizlətməyə bir yer axtarır... Sədaqətlə xalqa xidmət etmək, öz ürəyini xalq yolunda vermək bacarığı böyük bir səadətdir!

Bu danışıq zamanı çay gəldi, qapının zəngi tezcə çalındı. Ağsaçlı Zivər xanım asta-asta gedib qapını açdı. Dilguşanın səsi eşidildi:

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

XXXVII

Bayaqdan yol gələn Mehman qan-tər içində özünü fabrikə çatdırdı, soruşub müdirin kabinetini tapdı. Qapıçı müdiri əvəz edən adamın otağını göstərərək:– Bax, ora buyurun, – dedi, – müdir azarlıdır. Onu orada oturan əvəz edir, baş mühəndis!

19443 min
XXXIX

Mehman yol uzunu Dilguşanın bu nəzakət və mehribançılığı barəsində düşündü. İstər-istəməz o, Dilguşanı Züleyxa ilə yan-yana qoyub müqayisə etdi. Getdikcə Mehman bu müqayisədə üstünlüyü mühəndis qıza verdi. Ali təhsilli, açıq-aydın sifətli, mülayim baxışlı bu gənc qız nə qədər də cazibədar və hörmətə layiqdi. “Dilguşa birini sevirmi?.. Bu qız öz həyatını kimlə qurmaq istəyir?..” Belə bir adamın nə qədər məsul ola biləcəyini Mehman təsəvvürünə gətirirdi. – “Bəli, ailə tərbiyəsi... Evlənmək... Ailə həyatı qurmaq nə qədər də mürəkkəb məsələ imiş?” Professor qızdırmalı danışsa da, – Mehman yol uzunu adamların arası ilə keçə-keçə özünü mühakimə edirdi. Şəhla xanımın hərəkətlərində olan sünilik, “saat söhbəti” ilə əlaqədar olan bütün bir oyunbazlıq, təfərrüatına qədər bilməsə belə, artıq onun Şəhla xanıma qarşı doğan nifrətini artırırdı... – Bəs nə etmək, bəs necə etmək? – Bu məsələ Mehmanın şüur və mühakiməsində bütün ciddiyyəti ilə baş qaldırırdı. Bəli, gənc Mehman səmimiyyət axtardığı halda, Şəhla xanımın sifətində bir saxtakarlıq görürdü, Mehman bu cəhəti unuda bilmir, mübhəm bir şübhə onun ürəyini narahat edirdi...Professor Məlikzadənin dediyi kimi, daxili ziddiyyət, köhnəliklə yenilik bu ailədə üz-üzə gəlirdi. Züleyxa nə qədər ucaboylu, qara qıvrımsaçlı, ətli-əndamlı, gözəl-göyçək olursa, güldüyü zaman onun ağ dişləri nə qədər işvəkar cərgələnirsə, bu zaman onun iri ala gözləri nə qədər cazibədar bir ehtirasla alışıb yanırsa, bütün bunlar Mehman üçün nə qədər biganə qalmırsa, yenə də Züleyxa öz anası Şəhla xanımla bağlı olduğu üçün Mehmanın nəzərində öz üstünlüyünü itirməyə başlayırdı. Züleyxanın öz anasına qarşı olan mütiliyi, bu ailə üçün nə kimi bir fəlakət doğuracaqdı?

19447 min
XL

Hələ düz saat səkkizdən Katibə xala respublika prokurorluğunun iclas salonunda hazırlıq görməyə başlamışdı. O, qrafinkaların suyunu təzələdir, sədrin stulunun əzilmiş örtüyünü çıxardıb, ütülənmiş örtüklə əvəz edir, qələmləri yoxlayır, qələm uclarını dəyişdirir, karandaşları qədlədirdi. Katibə xala fir-fir fırlanır, müxtəlif tapşırıqlar verirdi. Beləliklə, o, xeyli əlləşib salonu səliqəyə saldıqdan sonra öz otağına çəkildi, dəvət olunan adamlara bir daha zəng etdi. Əvvəlcə onların hal-əhvalını soruşdu, sonra deyilən vaxtda hazır olmalarını, iclasdan qabaq, ya iclasdan sonra şəxsən onu görmələrini xahiş etdi:– Bəli, çox vacib iş var, mənə dəyməmiş getməyin!.. Bu yolla Katibə xala öz vəzifəsinin vacibliyini hər addımbaşı göstərir, katibəlikdə özünü əvəzsiz bir sima hesab edirdi. Belə idarəçilikdən Katibə xala xüsusi zövq alır, yerə-göyə sığmırdı. Bu gün Katibə xala öz rolunu ayrıca olaraq qeyd etmək, kürəkən Mehmana göstərmək istəyirdi. Bəli, belə müşavirələr olan günlər Katibə xala özünü duru göldəki balıq kimi hiss edir, üzdükcə üzürdü. Aradabir Katibə xala boylanıb müşavirəyə baxır, gözlərini dolandırıb nəzarət edirdi.

19445 min
XLI

Respublika prokuroru öz müavinləri ilə birlikdə bir sıra rayon prokurorlarını ayrı-ayrılıqda qəbul etdi. Növbə çatanda Mehman da içəri girib salam verdi.Ortayaşlı, ortaboylu, qısa, qarabığlı respublika prokuroru Mehmana yer göstərdi. – Mehman yumşaq kresloda oturdu.

19448 min

Poems by other poets