Mehman yol uzunu Dilguşanın bu nəzakət və mehribançılığı barəsində düşündü. İstər-istəməz o, Dilguşanı Züleyxa ilə yan-yana qoyub müqayisə etdi. Getdikcə Mehman bu müqayisədə üstünlüyü mühəndis qıza verdi. Ali təhsilli, açıq-aydın sifətli, mülayim baxışlı bu gənc qız nə qədər də cazibədar və hörmətə layiqdi. “Dilguşa birini sevirmi?.. Bu qız öz həyatını kimlə qurmaq istəyir?..” Belə bir adamın nə qədər məsul ola biləcəyini Mehman təsəvvürünə gətirirdi. – “Bəli, ailə tərbiyəsi... Evlənmək... Ailə həyatı qurmaq nə qədər də mürəkkəb məsələ imiş?” Professor qızdırmalı danışsa da, – Mehman yol uzunu adamların arası ilə keçə-keçə özünü mühakimə edirdi. Şəhla xanımın hərəkətlərində olan sünilik, “saat söhbəti” ilə əlaqədar olan bütün bir oyunbazlıq, təfərrüatına qədər bilməsə belə, artıq onun Şəhla xanıma qarşı doğan nifrətini artırırdı... – Bəs nə etmək, bəs necə etmək? – Bu məsələ Mehmanın şüur və mühakiməsində bütün ciddiyyəti ilə baş qaldırırdı. Bəli, gənc Mehman səmimiyyət axtardığı halda, Şəhla xanımın sifətində bir saxtakarlıq görürdü, Mehman bu cəhəti unuda bilmir, mübhəm bir şübhə onun ürəyini narahat edirdi...

Professor Məlikzadənin dediyi kimi, daxili ziddiyyət, köhnəliklə yenilik bu ailədə üz-üzə gəlirdi. Züleyxa nə qədər ucaboylu, qara qıvrımsaçlı, ətli-əndamlı, gözəl-göyçək olursa, güldüyü zaman onun ağ dişləri nə qədər işvəkar cərgələnirsə, bu zaman onun iri ala gözləri nə qədər cazibədar bir ehtirasla alışıb yanırsa, bütün bunlar Mehman üçün nə qədər biganə qalmırsa, yenə də Züleyxa öz anası Şəhla xanımla bağlı olduğu üçün Mehmanın nəzərində öz üstünlüyünü itirməyə başlayırdı. Züleyxanın öz anasına qarşı olan mütiliyi, bu ailə üçün nə kimi bir fəlakət doğuracaqdı?

Mehman adamların arası ilə keçib seyrək küçəyə keçdi, beləliklə o, dalğalı bir fikir içərisində evlərinə çatıb, anası verdiyi açarla tanış qapını açdı. Lampanı yandırdı, doğma ev onun üçün işıqlandı. Mehman professorun ona verdiyi kitabları vərəqlədi, sonra öz tələbəlik stolunun üstünə qoydu. O, fikir içində xeyli gəzindi, haçandan-haçana Xatun gəlib çıxdı. İş ananı yormuş olsa da, oğlunu öz doğma evində görməyi onu fərəhləndirdi. Bir də, hansı bir ana, uzun müddətə ayrıldığı övladını görəndə öz yorğunluğunu unutmaz?.. Xatun da öz yorğunluğunu unudaraq, dünəndən hazırladığı xörəyi qızdırdı. Mehman anasının qarşısında özünü bir müqəssir kimi hiss etdi. Dəmir əlüzyuyana yaxınlaşıb əllərini yudu, Xatun qızdırdığı xörəyi süfrəyə qoydu.

– İkimiz yeyək, – deyə Mehman anasına müraciət etdi. – Xatun əlini xörəyə uzatmadan stolun bir kənarında əyləşdi. Tutqun olsa da, Mehman isti xörəkdən böyük bir iştaha ilə yedi.

– Ana, bəs sən? – deyə Mehman anasını təkrar dəvət etdi və onun gözləri xüsusi bir iştaha ilə anası bişirən xörək üzərində gəzdi.

– Sən çörəyini ye, oğul, – deyə Xatun da oğlunu həsrətlə süzdü. Sən isti xörəyini ye!

Mehman xörəyini yeyib qurtardı. Xatun ayağa durub, maşınka üstünə qoyduğu saralmış dəmir çaynikdən isti bir çay süzdü.

– Axı, ev yiyəsi baxanda qonağın boğazından getməz?..

– Sən çayını iç, Mehman!

Mehman artıq kiridi, Xatun üçün oğluna baxmaq yeməkdən artıq idi. O, Mehmanın yorğun-düşkünlüyünü gördü, su qoyub qızdırdı, Mehmanın başını yudu, qurulayıb daradı, ağ bir dəsmalla onu bağladı. Mehman anasının bütün təkliflərinə bir uşaq kimi əməl elədi. Nəhayət, Xatun oğlu üçün yer salıb düzəltdi, Mehman soyunub, Murad kişidən qalma çarpayıda uzandı. Xatun lampanı keçirib yerinə girdi. Onların hər ikisinin fikri özünəməxsus yollarla, keçən günlərə qayıtdı. Mehman ilk məktəb illərini, həmin bu stolun başında oturub dərs hazırladığı çağları, körpəliyə məxsus şıltaqlığını xatırladı. “Niyə uşaq körpəlikdə şirin olur?.. Niyə körpəlikdə ana nəfəsi qızdırmasa, adam qıza bilmir?!”

Xatun da öz oğlunun körpəlik dəqiqələrini, evin içində hərlənib ayaqlara dolaşdığını, anasını şirin dillə çağırıb onun qıçlarına sırmandığını xatırladı, Xatun Mehmanı böyük ümidlərlə böyütdüyünü, gələcəyin şirin xeyalları ilə onu bəsləyib yetişdirdiyini gözləri qabağına bir-bir gətirdi. “Niyə bu dünyada insanların istədiklərini çarx tərsinə çevirir? Mən istəyirdim ki, Mehman böyüsün, boy atsın, mən onunla qanadlanım!.. İndi Şəhla xanım onun anası olmuşdur! Yəqin Mehman hər sözbaşı o yoğun arvada, – “ana” – deyir...”

Mehmanın uşaqlığı anasının xəyalında bütün təfərrüatı ilə canlanırdı, Budur, o, beşikdə zıqqıldayır, budur, O, yerdə sürünür, budur, o, ayağa durub yıxılır, budur, o, divardan tuta-tuta gəzir... Budur, Mehman çantasını götürüb məktəbə gedir. Budur, o, gözü gülə-gülə dərsdən qayıdır. Xatun qızğın bir ana məhəbbəti ilə onu qapı ağzında qarşılayıb boynunu qucaqlayır, yerlə sürünən çantanı oğlunun əlindən alır, onun qara qıvrım saçlarını əli ilə oxşayıb:

– Oğlum, bu gün necə oxudun, müəllim sənə nə dedi, dərslərini bəyəndimi, cavablarını xoşladımı? – deyə soruşur. Gözü çörək gəzən, iştahası tük aparan Mehman anasının suallarına tez-tələsik cavab verir, ana oğlundan razı qalır, onun boynunu qucaqlayıb o üz-bu üzündən öpür... Bütün dünyanın sərvəti anaya bağışlanmış kimi olur. Ana, Mehmanı süzüb onu oxşayır, uşağın istəyinə əməl etməkdən yorulmur... Hanı indi o ötən günlər, şirin saatlar, dəqiqələr?.. Onlar hamısı hara getmiş, hansı soyuq külək canayatan, ilıq yaz havasını belə şaxtalı ruzigara çevirmişdir?.. Niyə bəs belə olsun?.. Xatunun burada bir təqsiri vardımı, yaxud o, əbəs yerə iztirab çəkir?.. Oğlundan bir gün belə ayrı yaşamağı təsəvvürünə gətirməyən ananı kim küsdürmüş, onun könül mülkünü kim tar-mar etmişdir?.. Mətləb dərin idi! Burada Mehmanın həyatı Şəhla xanım və onun tərbiyəsinin əsiri olan Züleyxa ilə necə bağlandığını ana öz müztərib hissləri ilə duyur, onun çarpan ürəyi döyünür, düşündükcə onun həyəcanları artır, ana fikrən düz-dünyanı dolanır, tikanlı yolları ayaqlayır, dərin kəşməkəşlər keçirir, yenə də analıq məhəbbəti ona güc gəlir, onu Mehmanla bağlayırdı: Xatun Mehmanın yuxuya getmədiyini, yerində qurcalandığını hiss edirdi:

– Niyə yatmırsan, bala? – Xatun oğlunun narahat olmasını istəmir, onun üçün heç bir pərişanlığı rəva görə bilmirdi. “Uşaq nə eləsin?.. Uşaq yaman bir tora düşübdür?!.” deyə o, xəyalından nələr keçirmirdi?

– Ana, bəs sən niyə yatmırsan?

– Yuxum gəlmir, oğlum!

– Bəs sən axı yorğunsan, ana!

– Oğlum, mənim yorğunluğum dincəlməklə qurtarası deyil!

Mehman, yerə düşüb çarpayıları yanaşdırdı, yerinə girib anası ilə nəfəs-nəfəsə verdi:

– Niyə belə, ana?..

– Səbəb dərindir! – deyə ananın mehriban əli köynəyin altından Mehmanın kürəyində gəzdi.

– Öz oğluna da səbəbini açmaq olmazmı, ana?

– Oğlum bu barədə gücsüzsə?..

– Mən anamın xatiri üçün heç bir maneə qabağında dayanmaram!

– Mən bunu da istəmirəm!

– Bəs indi necə olsun, mənim mehriban, dünyalara dəyən anam?

– Özünü gözlə, oğul! Özünü, sənin yanına yığışıb gələn o xoruzpipik Şəhla xanımın baş yaran artıq tamahından gözlə! Bu hökumətin qabağında alnıaçıq dayan! Atan Murad bu şəhərin kənarındakı bez fabrikində işləyəndə, bu hökumətin yaranması yolunda öz canını əsirgəmədi. Belə olmasın ki, Murad Atamoğlan oğlunun tək bir oğlu, atası öz canını verən bir hökumətin qabağında başıaşağı, xəcalət təri içində boğulsun! Yadımdadır, Şura hökuməti qurulan illərdə, atanın ağır yaralandığı, can verən zaman onun mənə tapşırdığı sözlər. O mənim əlimdən yapışıb dedi: “Bax, Xatun, körpəni bəslə, özün də ərə getmə!.. Yekələndə Mehmana de ki, biz Şura hökumətini möhkəm əllə tutsunlar!..”

– Səni isti göz yaşları boğur, ana!

– Hə, oğlum, mən sənin aqibətindən çox qorxuram... O Zərrintacgilə yol alan Züleyxa sənin üçün bir bəla gətirə bilər!

– Mən ayığam, ana!

– Lap ayıq-sayıq ol, oğlum! Mən qorxuram ki, onlar artıq tamah ucbatından səni batıralar. O Qaloşdan, o Murtuzdan, o Yavərdən – bütün onlardan ehtiyatlı ol! Çünki onlar səni hörümçək toru kimi bürümək istəyirlər. Prokuror deyilənin ixtiyarı böyükdür. “Artıq tamah baş yarar” sözü lap yerinə düşür, bala!

– Mən maaşımdan kənara əl atmaram, ana!

– Onlar səni ləkələyə bilərlər, oğlum! – deyə Xatun oğlunun başını qorxu içində sinəsinə tərəf çəkdi. Sanki ana öz oğlunu tamahkar və hiyləgər gözlərdən qoruyurdu.

– Oğlum, sən, canavar gözləri kimi, alışıb-yanan gözlərdən özünü gözlə!

Ana və bala həyəcanlı söhbət edir, gecə dərinlərə işləyirdi... Nəhayət, Mehmanın başı anasının taxta kimi quru sinəsinə söykəndi. Xatun Mehmanın başının çalmasını açdı, onun hələ qurumayan qıvrım saçlarını qoxuladı. Bir azdan Mehmanın mışıltılı nəfəsi Xatunun sinəsi üstündən gəldi. Xəyal, iztirab içində ananın gözlərindən daha güclü bir yaş axmağa başladı.

– Mənim körpə quzum, barı o qurd gözlər yeməsin!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Məhtaban 14

Təvəllüd günündən iki həftə sonra Məhtaban əndərun hamamında yuyundu, ötən günlərini xatırlayıb, qıfıltılı çayın köpüklü gölündə üzən kimi hovuzda üzdü... Soyunub-geyinmək otağında divara vurulmuş güzgü qabağında qumral hörüklərini darayıb hördü, öz gözəlliyinə tamaşa edincə utandı, cəld paltarını geyindi. Bir azdan, Məhtaban, yarlı-yaraşıqlı, zərli-zibalı libasında əzəlkindən də gözəl göründü... Üstü qübbəli qızıl kəmər Məhtabanın belini əzəlkindən də artıq boğdu. Qabarıq sinəsi, doğumundan sonra sifətində peyda olan iztirablı gözəllik Məhtabanı xarici xanımın seyrçi gözlərində xeyli füsunkar göstərdi. O, Parisi, o izdihamlı şəhərdə tanıyıb-bildiyi məşhur gözəlləri gözlərinin qabağına gətirib, Məhtabanla müqayisə etdi, onların hərəsində az-çox qüsur tapsa da, Məhtabanda heç bir qüsur tapa bilmədi.Məhtabanın zoğal dəyənəyi tutan, palaz-paltar yuyan əlləri doğumdan sonra zərifləşmişdi. Onun dür-düyün bağlayan barmaqları da xeyli nazilib uzanmış, dırnaqları şadlıq-şənlik əlaməti kimi xınalanmışdı. Xof-vahimə içində çırpınan Məhtaban sanki bütün ağrı-acısını əndərun hamamında tökmüşdü...

7 min
Məhtaban 15

Həlaku xan marıqda duran yalquzaq kimi kənardan göz qoyur, öz əlaltılarını xəlvəti Məmalik mülkünə göndərir, yeni doğulan varisdən sonra baş verən islahat və təbəddülatdan xəbərdar olmaq istəyirdi. Onun göndərdiyi əlaltılar da müəyyən yerləri gəzib-dolaşandan sonra dönüb Həlaku xana Ərdaha kəndlərində, obalarında başlanan əcaib işlərdən danışırdılar. Çalbığ Həlaku gözünü yumub digərini açır, öz casuslarını diqqətlə dinləyir, Məmalikin gözlənilməz əliaçıqlığına, səxavətinə heyran edirdi! Həlaku Məmalik mülkündə görünən əcaib işlərə heç də biganə qala bilmirdi:“Necə yəni itaətdən çıxan rəiyyətə-rəncbərə bu əndazədə güzəştə gedəsən, onları neçə ilin vergilərindən azad edəsən, özünü yaxşı xan kimi qələmə verib, qonşuluğunda olan Həlakunu gözdən salasan? Necə yəni qonşuna, qohumuna badalaq gələsən?.. Obaarası yol çəkdirmək, aca-yalavaca ehsan etmək, çay üstündən körpü saldırmaq, çeşmə düzəltdirmək, özünü adil, qonşusunu zalım deyə dilə-dişə salmaq ki, baxın, görün rəiyyətə-rəncbərə güzəştə getməyinin adına nə deyirlər?..”.

8 min
Məhtaban 16

Çapar Məmalik xana xəbər gətirdi ki, Həlaku xan öz əyan-əşrəfi ilə, qızınız Ərmağanla, Ərşad, Gurşaddan başqa xırda nəvələrinizlə bahəm xanzadənin mübarəkbadlığına gəlir. Bu xəbər Məmalik xanın ovqatını qarışdırdı. İndi Məmalik çapara nə desin? Desin ki, birbaş geri dön, öz xanına bildir ki, hansı yolla gəlibsə, o yolla da üztüstə geri dönsün!..Məmalik Həlaku xanı qəbul etməyib, onu öz yüklü dəvələri ilə geri qaytara bilərdi. Bu, aydındı, heç kəsə də dəxli yox idi. Ancaq icma qarşısında özünün yeganə qızını qapıdan qaytarmaq, atasının belindən gələn körpə qardaşının mübarəkbadlığına gələn böyük övladını evinə buraxmamaq müşküldən də müşkül idi!.. Onda Məmalik xan diləağıza düşərdi, deyərdilər ki, qocanın başı doğrudan da xarab olub. Başqa xanlar arasında müxtəlif şayiələr yayılardı! Üstəlik özünün bir cüt xırda nəvələrini də məyus etmək Məmalik üçün qeyri-mümkün idi! Bu xırdalar Həlaku sicillisini daşısalar da, Məmalikin özü üçün də az-azacıq əziz deyildilər! Onlar hələ məsum uşaqlar idi, nə ədəbaz Ərşada, nə də qaradinməz Gurşada bənzəmirdilər. Xırda nəvələr Məmalik babanı Həlakudan da artıq sevirdilər. Onlar Məmaliki az gördüklərindən qəribsəyirdilər. Düzünə qalsa, Məmalik dədə-baba düşməni Həlaku sicillisini sevməsə də, bu xırda nəvələrinin məhəbbətini ürəyində gəzdirməmiş deyildi!.. Bütün həlakuları geri qaytarmaq, Məmalik üçün xırda nəvələrini də qapıdan qovmaq demək idi. “Bəs indi bu müşkülatı necə həll etmək?!”.

6 min
Məhtaban 17

Həlaku xan öz gözləri ilə Məmaliki görməsə də, pişvaza çıxan olmadığından onun necə qeyzləndiyini təsəvvürünə gətirirdi. Məhəbbət mütəqabil olduğu kimi, nifrət də mütəqabildir. Madam ki, az çox müvazinət tapan qohumluq pərdəsi son zamanlar bunca tənəzzülə düşmüşdü, deməli, dədə-baba düşmənçiliyi qarşı-qarşıya dura bilər, mübarəkbadlıq əvəzinə, dava-şava başlaya bilərdi. Yenə də döyüş təbilləri çalınar, beşikdəki körpələrin zəhr-bağırları yarılardı.İndiki gör-görüşün, mübarəkbadlığın qanlı qalmaqala çevrilməsi çalbığ Həlaku üçün də heç də faydalı deyildi. Çünki açıq savaş qohumluq körpüsünü tamam uçurar, müqabil düşməni vaxtından əvvəl ayıq salardı. Buna görə də Həlaku xan qohumunun evində hər necə soyuq sifət görsə də, çalışıb üzə vurmamalı idi, “Dilin altında zəhər damlaları gizlənsə də, gərək dilin ucundan bal axsın!.. ”.

10 min

Poems by other poets