Page 2 of 3 · 33%

– Qızım, buraya! – Professor əlini qaldırdı. – Buraya mənim yanıma, mənim qızım!..

Dilguşa gəlib salam verdi. Mehmanla təkrar görüşdü.

– Mən dedim ki, atam xəstədir!

– Yoxsa gəlməyəcəkdi? – Professor başını yırğaladı. – Bayaqdan burada ictimaiyyət dərnəyi açmışıq! Ancaq, görünür, Mehman üzə düşüb gəlibdir! Beləmi demək istəyirsən, qızım?

Mehman öz soyuq hərəkətləri üçün sıxılıb:

– Xeyr, mən anamı, bir də sizi görməyə bilməzdim, – dedi.

Dilguşa araya başqa bir söz salmaq istəyib:

– Mehman qağanın bir yaxşı anası var, – dedi.

– Bəs onu niyə buraya gətirmədin?

– O işdədir, fabrikdə ikinci növbədə!

Professor:

– Çox gözəl, – dedi. – Hünərli iş və yaradıcı əmək bu dünyanın bəzəyidir!.. Yoxsa yaradıcı əməksiz bu dünya bir meymunxana, xarabaxana, bir bayquşxana olub qalardı. Yaxşı da eləyib, iş gərəkdi insan üçün, iş!.. Hər nə ki, bu dünyada abadanlıq naminə görürsünüz, hamısı yaradıcı işin, əməyin məhsuludur! İnsan əli, insan zəka və hünəri olmasaydı, bu dünya ibtidai, vəhşi halında qalardı!.. Əldən düşməyibsə, qoy ana işləsin. Əgər qocalıbsa, qoyun qayıtsın, keçdiyi yollara baxsın!

Mehman Dilguşaya təkrar baxdı. O, bu baxışla Dilguşadan bu barədə daha söhbət açmamağı xahiş etdi. Dilguşa mətləbi anladı, qız atasının səhhətini soruşdu. Əyri-üyrü cızılmış kağızı götürüb, xəstənin hərarət dərəcəsini yoxladı.

– Bəs, axı doktor bu inadlı hərarətə nə deyir?..

– Heç bir şey, qızım!.. Kim hansı qəbiristanlıq üstündə hansı doktoru bir məhkəməyə çəkibdir?.. Bir də, insan öz dövranını sürüb bitirəndən sonra təbabətin sözü qurtarır!..

– Necə olsa da konsilium təşkil etmək lazımdır!

– Konsilium, ya məşvərət birdir!.. Hamısı səksəndəndir. – Professor balışda özünü bərkidib qeyd etdi: – Vaxt gələndə, heç bir dünya konsiliumu, heç bir dünya tibb elminin ali qərarı qocalığın qarşısına qılınc çəkə bilməz!.. Gənclik ölümün düşməni, qocalıq ölümün əsiridir. Yel ötdü, isti oldu, soyuq keçdi, qocalıq kənara buraxmadan, bir ahənrüba kimi öz qorxusundan xəstəliyi çağıracaq, tutub saxlayacaqdır. Körpə bir quzu qurdun yanan gözlərindən vahimələnib, ona tərəf yeriyən kimi, təəssüf ki, ölümlə üzləşəndə qocalığın əl-ayağı büzüşür.. Amma gənclik hər hansı bir xəstəliyə qarşı üsyankar qılıncını çəkir, onu döyə-döyə öz qabağına qatır!.. Belədir, qış gələndə, artıq bozaran göydən bu yerə ağ bir qar yağacaqdır, nə qədər döyüşsən, nə qədər vuruşsan, insan ömrünü bir əsr, əsr yarım, yaxud iki əsr belə uzatsan, nəhayət, o, insanı ağ bir kəfonə bürüyəcəkdir... – Professor hər iki gəncə – Mehmana və Dilguşaya baxıb xəyala getdi. – Bəli, qocalıq ömrün son pilləsində, sümük donduran şaxtalı bir qışdır!.. Qar yağacaq, qara torpaq da məhkum qocalığı qara bir pərdə kimi örtəcəkdir. – Professor danışa-danışa kədərləndi. – Bəli, bu özü də çox qəribədir! Dünya qanuni hökmünü sürür... Bir tərəfdən doğum, o biri tərəfdən ölüm... Gülmək, ağlamaq, kədər, nəşə daim gecə-gündüz kimi bir-birini təqib edir... Dünyanın yolu belədir, övladlarım!.. Lakin inkişaf dayanmır. İrəli doğru hərəkət bir an susmur, gün çıxır, batır, səyyarələr parıldaşır, təbiət öz ahəngini pozmur, insan oğlu ölümə baxmadan, addımını yavaşıtmadan yüksək zirvələrə doğru yol alır... Dünən arabada gedən, bu gün qatarı da geridə buraxıb sürət naminə, təyyarəylə qalxıb buludları yarıb, günəşə doğru yol alır... Bəli, maddi inkişafın gedişi, insan istedad zəkasının xariqüladə qüdrəti, vaxtilə mağaralarda, çılın-çılpaq yaşayan oğlunu yeni-yeni keyfiyyətli aləmlərə aparır... Yüksək mərtəbəli daş binalar, işıq-yaraşıq hər kəsi heyran edir... Bu mənada, övladlarım, həyat dayanmır, ömür özü də qocalığın məhkum bir əsiri də olsa, o gəncliyin varlığında, öz düşməni ölümlə daim həyat naminə döyüşür... Bəli, qocalıq getdikcə, gənclik daha gurultulu, güclü gəlir... dünya bir yerdə qərar tutub dayanmır. Lakin min təəssüf ki, qocalıq, əcəlin əsiri, ölümün müti bir yolçusudur... Bax, bu gedişdə dönməz bir hökm, əbədi bir qanun vardır! Odur ki, həyatda gərəkli adam olmaq, gələcək nəsillərimiz üçün xeyirli işlər görmək gərəkdir ki, bizim nişanələrimiz itməsin!..

– Siz qocaldığınız üçün çox düşünür və çox kədərlənirsiniz, ata!

– Görünür, qızım, qocalıq bu dünyaya əlvida etmək üçün bir kədər məcmuəsidir!..

– Sizin kimi nikbin adam heç belə bir bədbinliyə qapılarmı, ata?

– Qızım, indi həyat çox şirin olduğundan, ondan qopmaq təhlükəsi daha şiddətli olmuşdur... Kim qocalığı nə qədər qınasa da, həqiqəti inkar etmək olmaz...

– Belə acı xəyalları qovmaq gərəkdir, ata!.. Həyat və səadət naminə ölümü odlamaq gərəkdir!..

– Mütləq, mütləq! – deyə qoca professor kədərli bir xəyal içində gülümsədi. – Heç şübhəsiz, həyat ölümə qalib gəlir! Biz gənc nəslimizlə yaşayırıq. – O, hər iki əlini gətirib Mehmanla Dilguşadan yapışdı. – Siz yaşayın!.. Lakin qoy hər bir kəs dediyim kimi, bu dünya və nəsillər üçün xeyirli işlər görsün, təmiz ürək, açıq alınla bu dünyadan getsin...

– Biz qalmaqdan danışırıq, ata!

– Biz acı da olsa, həyatda artıq qanun halını almış həqiqətin gözləri içinə dik baxmalıyıq, qızım... Kim deyə bilər ki ömrün faciəli yekununu mən toy-nağara ilə qarşılayıram!..

– Qəhrəmanlar ölümdən göz qırpmırlır!

– Həyat naminə ölümdən göz qırpmırlar, qızım! Ancaq o qəhrəmanlar əbədi yaşamaq, ölməz dastan naminə son yol olan ölümün üstünə zağlı qılıncla gedirlər... Qəhrəmanlarda həyat eşqi hər kəsdən daha güclüdür... Şairlərdə, alimlərdə, sənətkarlarda, əmək qəhrəmanlarında yaşamaq ehtirası daha coşqun olduğu üçün, onlar ömürləri uzunu ölümə qarşı vuruş aparır, insanlıq şüurunda bir hikmət kimi əbədi yaşamaq istəyirlər... Bəli, onlar ölməz iş, hünər və əsərləri ilə uzun əsrləri yara-yara gəlirlər!.. Əlbəttə, bu özü də ölümə qarşı susmaz, əbədi bir üsyandır!..

– Ata, belə bir bədbin fəlsəfədən nə nəticə?

– Qoy gənc hüquqşünas öz hökmünü versin, – deyə Məlikzadənin işıldayan gözləri Mehmana tərəf zilləndi. Mehman ağsaçlı müəllimini mehriban bir nəzərlə gözdən keçirib dayandı.

– Yoxsa bizim gənc prokuror qanun kitablarını vərəqləyib, mənim üçün bir maddə axtarır?

– Xeyr, professor!

– Bəs o niyə hərarət içində olan, yetmişi ötmüş bir qocanın qızdırmalı sayıqlamaları qabağında öz hökmünü vermir!

– Siz, professor, hələ uzun illər yaşayacaqsınız!

– Mən yaşamaq uğrunda qılıncımı qınına qoymayacağam... Ancaq namərd qocalıq mənim kürəyimə öz zəhərli xəncərini saplamasaydı?..

– Siz, professor, daim həyat deyirsiniz. Ancaq bilmirəm indi niyə belə bədbin mühakimələrə gedirsiniz?..

– Bəli, həyat naminə mühakimə gərəkdir. – Professor danışa-danışa gülümsədi, sanki qar içindən ölümə biganədir! Lakin ömrün qocalığı daim bu sualı doğurur: bəs insan həyatının əzəli?.. Bəs insan həyatının sonu?.. Bu məsələ mütəfəkkirlərin şüurunu daim məşğul etməmişdirmi?..

– Siz gəncləşin, ata!

– Mən gəncləşmək üçün qocalığa cəza hökmü yazmağa çalışıram...

– Bax belə, ata! – deyə Dilguşa qocanın ağ saçlarını oxşayıb, onun nazik göy damarları görünən alnından öpdü. İstər-istəməz qızın gözləri atasının qocalıq və xəstəlik kədəri qarşısında təəssürlü bir yaşla doldu.

– Siz yüz yaşa yetişəcəksiniz, ata!

Mətbəxdən dönən Zivər xanım vəziyyəti belə görüb söhbəti dəyişdirmək, boş yerə doğan bu kədəri dağıtmaq, onu qovub bu evdən uzaqlaşdırmaq üçün mübahisəyə qarışıb:

– Bizim Məlik şaqqıltıdan səksənəndir, – deyə stula əyləşdi. – Biz Şüvəlan bağında olan zaman, qamışlar səslənəndə, bizim Məlik qulaq verib “nədir o!” deyərdi.

Professor ağ balış üzərində ağsaçlı başını bulayıb:

– Heç rəqibini uzaqda axtarmağına dəyərmi? – deyə Zivər xanımı süzdü, – bir zaman ki o səninlə birlikdə, sənin yanında yaşayır?..

Zivər xanım Mehmanı gözdən keçirib şəfqətli bir təbəssümlə:

– Yəni mən demək istəyirəm ki, daha bizim Məlikin başı ağrıyanda o, birbaş vəsiyyətə qaçır!..

– Vəsiyyət yüngüllükdür, arvad! – Məlikzadə əsəbiləşdi. – Adamın sirrini əgər arvad açmasa, heç Allah da aça bilməz!

– Bizim Məlikin, yəqin yüzüncü vəsiyyətidir...

– Yox, mininci – deyə professor qurcalanıb öz çarpayısı üzərində oturdu. Mehman ayağa qalxıb ağ köynəkli qocanın çiyinlərini nazik ipək yorğanla örtdü.

– Bizim bu arvad, daha adamı azarlamağa da qoymur... – Zivər xanım ağ və pərakəndə saçlarını qara qaşları üzərindən geriyə darayıb:

– Mən heç bir vəsiyyətə yoxam, – dedi, – Məlik!

– Belə çıxır ki, bu barədə daim daş kimi susmaq lazımmış?!.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

XXXVII

Bayaqdan yol gələn Mehman qan-tər içində özünü fabrikə çatdırdı, soruşub müdirin kabinetini tapdı. Qapıçı müdiri əvəz edən adamın otağını göstərərək:– Bax, ora buyurun, – dedi, – müdir azarlıdır. Onu orada oturan əvəz edir, baş mühəndis!

19443 min
XXXIX

Mehman yol uzunu Dilguşanın bu nəzakət və mehribançılığı barəsində düşündü. İstər-istəməz o, Dilguşanı Züleyxa ilə yan-yana qoyub müqayisə etdi. Getdikcə Mehman bu müqayisədə üstünlüyü mühəndis qıza verdi. Ali təhsilli, açıq-aydın sifətli, mülayim baxışlı bu gənc qız nə qədər də cazibədar və hörmətə layiqdi. “Dilguşa birini sevirmi?.. Bu qız öz həyatını kimlə qurmaq istəyir?..” Belə bir adamın nə qədər məsul ola biləcəyini Mehman təsəvvürünə gətirirdi. – “Bəli, ailə tərbiyəsi... Evlənmək... Ailə həyatı qurmaq nə qədər də mürəkkəb məsələ imiş?” Professor qızdırmalı danışsa da, – Mehman yol uzunu adamların arası ilə keçə-keçə özünü mühakimə edirdi. Şəhla xanımın hərəkətlərində olan sünilik, “saat söhbəti” ilə əlaqədar olan bütün bir oyunbazlıq, təfərrüatına qədər bilməsə belə, artıq onun Şəhla xanıma qarşı doğan nifrətini artırırdı... – Bəs nə etmək, bəs necə etmək? – Bu məsələ Mehmanın şüur və mühakiməsində bütün ciddiyyəti ilə baş qaldırırdı. Bəli, gənc Mehman səmimiyyət axtardığı halda, Şəhla xanımın sifətində bir saxtakarlıq görürdü, Mehman bu cəhəti unuda bilmir, mübhəm bir şübhə onun ürəyini narahat edirdi...Professor Məlikzadənin dediyi kimi, daxili ziddiyyət, köhnəliklə yenilik bu ailədə üz-üzə gəlirdi. Züleyxa nə qədər ucaboylu, qara qıvrımsaçlı, ətli-əndamlı, gözəl-göyçək olursa, güldüyü zaman onun ağ dişləri nə qədər işvəkar cərgələnirsə, bu zaman onun iri ala gözləri nə qədər cazibədar bir ehtirasla alışıb yanırsa, bütün bunlar Mehman üçün nə qədər biganə qalmırsa, yenə də Züleyxa öz anası Şəhla xanımla bağlı olduğu üçün Mehmanın nəzərində öz üstünlüyünü itirməyə başlayırdı. Züleyxanın öz anasına qarşı olan mütiliyi, bu ailə üçün nə kimi bir fəlakət doğuracaqdı?

19447 min
XL

Hələ düz saat səkkizdən Katibə xala respublika prokurorluğunun iclas salonunda hazırlıq görməyə başlamışdı. O, qrafinkaların suyunu təzələdir, sədrin stulunun əzilmiş örtüyünü çıxardıb, ütülənmiş örtüklə əvəz edir, qələmləri yoxlayır, qələm uclarını dəyişdirir, karandaşları qədlədirdi. Katibə xala fir-fir fırlanır, müxtəlif tapşırıqlar verirdi. Beləliklə, o, xeyli əlləşib salonu səliqəyə saldıqdan sonra öz otağına çəkildi, dəvət olunan adamlara bir daha zəng etdi. Əvvəlcə onların hal-əhvalını soruşdu, sonra deyilən vaxtda hazır olmalarını, iclasdan qabaq, ya iclasdan sonra şəxsən onu görmələrini xahiş etdi:– Bəli, çox vacib iş var, mənə dəyməmiş getməyin!.. Bu yolla Katibə xala öz vəzifəsinin vacibliyini hər addımbaşı göstərir, katibəlikdə özünü əvəzsiz bir sima hesab edirdi. Belə idarəçilikdən Katibə xala xüsusi zövq alır, yerə-göyə sığmırdı. Bu gün Katibə xala öz rolunu ayrıca olaraq qeyd etmək, kürəkən Mehmana göstərmək istəyirdi. Bəli, belə müşavirələr olan günlər Katibə xala özünü duru göldəki balıq kimi hiss edir, üzdükcə üzürdü. Aradabir Katibə xala boylanıb müşavirəyə baxır, gözlərini dolandırıb nəzarət edirdi.

19445 min
XLI

Respublika prokuroru öz müavinləri ilə birlikdə bir sıra rayon prokurorlarını ayrı-ayrılıqda qəbul etdi. Növbə çatanda Mehman da içəri girib salam verdi.Ortayaşlı, ortaboylu, qısa, qarabığlı respublika prokuroru Mehmana yer göstərdi. – Mehman yumşaq kresloda oturdu.

19448 min

Poems by other poets