XXXVIII
Page 3 of 3 · 67%
– Xeyr, haysız-küysüz, vəssalam!
– Görünür, Zivər xanımın bizim müəllimə məhəbbəti böyükdür, – deyə Mehman uzun illər boyu yaşayıb əməkdaşlıq edən ağsaçlı insanları eyni ehtiramla süzdü. – Yoxsa məhəbbətsiz bu uzun yolu keçib gəlməkmi olardı?
– Bəli, Leyli-Məcnun, – deyə Dilguşa gözlərini xəlvəti silib atasının kədərini dağıtmaq istədi. – Anam mənə ötən günlərindən çox-çox danışıbdır!..
– Düzü, Leyli heç zaman Məcnunu o qədər incitməyib, nəinki bu arvad məni, – deyə Məlikzadə gülümsədi, onun qar kimi ağaran tutam saqqalı titrədi. – Özü də az yox, qızım, çox-çox incidibdir...
– Niyə bu qədər incitmisən, ana?
– Çünki atam bu Məlikə razı olmurdu. Heç axıra qədər də o, Məlikin bu kitabpərəstliyindən xoşlanmırdı!
– Bəs onda kim qoşun çəkib Leylini o əmirdən güclə aldı?..
– Mən özüm qara, qıvrımsaçlı, toqqası qotazlı Məcnunun dərya iztirablarına cavab verdim!
– Düzdür, arvad neçə il bundan qabaq? – deyə Məlikzadə əsəbilik və xəstəliyini unudaraq xəyal içində kövrəldi. – Düz haçan?..
– Düz qırx birinci ildir, Məlik!
Dilguşanın gözləri Mehmana tərəf çevrildi, onun uzun kirpikləri yanaqlarını döyürdü:
– Anam macəraya keçməyi çox xoşlayır!..
– Bizim Zivər macəranı niyə həqiqətdən artıq sevir? – deyə professor Mehmana nəzər yetirib soruşdu və özü də tez cavab verdi. – Niyə, oğul? – Çünki onun oxuduqları şirin-şirin nağıllar, bir də eşq dastanları olmuşdur...
– Yaxşı ki, o qanun kitablarının birini də vərəqləməmişəm, – deyə Zivər xanım otağın ara qapısını açdı, divar dövrəsi ucalan, rəflər boyu üst-üstə qalaqlanan bir kitab dəryası göründü. – Hamısı da qanun!
– Qanunsuz həyat bir hərc-mərclik olardı. – Professor ayağa qalxıb öz kitabxanasına keçmək istəyincə Zivər xanım qocanın qolundan yapışıb onu sakit etdi.
Söhbət təbii yolu ilə dəyişdi, Zivər xanım əlavə çay süzüb gətirdi. O, xəstənin könlünü almaq üçün onun çayına mürəbbə töküb, özü də qaşıqla qarışdırdı.
– Hamısına qocalıq müqəssirdir, Zivər... Bax, o vaxt gimnaziya geyimində olduğum zaman, mən heç ölüm-dirim haqqında bir söhbət açırdımmı?..
– O zaman da heç, Məlik, kitabdan qopmazdın!
– Kitabdan qopmazdımsa, heç səndən də üzülməzdim, Zivər!.. Ancaq indi qocalıq küləyi çox yamanca əsir!..
– Bu danışıqları yaddan çıxarmağa çalışaq, – deyə Dilguşa yenə də atasını bu düşüncələrdən uzaqlaşdırmağa çalışdı. – “Qocalıq küləyi?..” Atam şair olmaq istəyir!..
– Bu dönməz qanunu, qızım, biz yaddan çıxarmağa çalışsaq da, o dəyişməzdir. – Professor özünün haqlı olduğunu sübut edib, öz sözünü tamamlamaq istəyirdi. – Mən əsla heç bir Şüvəlanda, heç bir qamış şıqqıltısına səksənməmişəm, qızım!.. Mən durub şıqqıltıya doğru getmişəm.
– Səksənmirdinsə, niyə gedirdin, Məlik?
– Meynələr üçün, salxımlar üçün, Zivər... Öz əl qabarımın meyvələrini mühafizə etmək üçün... Ayaqyalın qumda çalışan bir adam üzüm bağında şıqqıltı olduğu zaman, heç gözünü yumub yata bilərmi?
Mehman divarda ağır-ağır hərəkət edən saata baxdı, o, ayağa durub professorun əlini ehtiramla tutdu.
– Mübahisəsiz, mühakiməsiz, xatiratsız, daş sükutu heç də yaramır, – deyə sinəsi qalxıb-enən professor fikirli alnını qırışdırdı. – Həyat təfokkürü dərin, sualları isə min-mindir, oğlum!
– Bəli, sizin sözləriniz hikmətlidir, – deyə Mehman cavab verdi və daha xəstə müəlliminə başqa söz demək istəmədi.
– Elə də yox, oğlum, qeydsiz, şərtsiz bir ehkam kimi qəbul etmək yox!
– İcazənizlə getmək istərdik, professor...
– Bir qədər də qalsanız, atamla söhbət üçün, – deyə Dilguşa dilləndi, – nə olardı?..
– Anam işdən qayıdıb gözləyəcəkdir, – deyə Mehman, üzr istəyir kimi cavab verdi. – O işdən yorğun dönəcəkdir!..
– Bəli, ehkam kimi! – Professorun alnında saysız-hesabsız qırışlar dür-düyün oldu, Mehmanı ucqar rayona, təcrübi işə buraxmamaq barədə onu narahat edən bir düyünü açmaq istədi. – Mərhum Heraklit çox-çoxdan özü də əcəb demişdir: “Hər şey axır, hər şey dəyişir!” madam ki belədir, demək, hər kəsin, o cümlədən, mən Məlikzadənin də səhvi ola bilər! – Qocanın gərgin vəziyyət keçirdiyini görən Dilguşa atasının göy damarlı, aramsız əsən sağ əlini öz yumşaq əlləri arasına alıb:
– Sənə dinclik vacibdir, – deyə atasını sakit etmək istədi, – mütləq sənə rahatlıq gərəkdir!
– Mən mütləq rahatlığa, mütləq dincliyə, mütləq sükunətə zidd olmuşam, qızım!
– Demək istəyirəm ki, – Dilguşa öz soyuq əlləri ilə atasının hərarət içində yanan, titrəyən əlini sığallayırdı, – indi sənin harada necə səhv etdiyini səndən soruşan yoxdur!
– Vardır, qızım, vardır!
– Kimdir?
– Bax, mənim öz ürəyim! – Məlikzadə əlini qızının əlləri arasından çıxarıb sinəsinə gətirdi. – Ən ali hakim, güclü müstəntiq, bax insanın öz ürəyidir!.. Öz ürəyinin sorğularına özün doğru-düzgün cavab versən, sən ən ülvi varlığa, ən adil hakimə və müstəntiqə dürüst cavab vermiş olursan.
– Mənim əziz atam köhnə tolstoyçudur!
– Bəli, mən bir zaman o qocanın pərəstişkarlarından olmuşam!
– Əgər indi özün ehkamçılıq əleyhinə getdiyin zamanda, qocanın fəlsəfi təsirlərindən xilas ola bilmirsənsə?
– Ürək səsini, vicdan məhkəməsini dinləməkdə mən sabit insanam!
– Bəs nədə sabit insan deyilsiniz, ata?
– İctimai inqilab, sosialist inqilabı barəsində nə zamandandır ki, mən böyük sənətkarın dünyagörüşünə, Tolstoyun İsa fəlsəfəsinə ziddəm!
– Bəs onda bizim hörmətli qonağımız Mehmana hansı ehkamdan dərs demək istəyirdiniz?
– O ehkamdan ki, – deyə Məlikzadə başının altına qoyulan balışlara dirsəkləndi, arvadının üz-gözünü turşudub əsəbiləşdiyinə, qızının və hörmətli qonağının darıxmağına baxmayaraq içəridə, ürəyində baş qaldıran, onu narahat edən bir məsələ barəsində öz fikrini izah etmək istədi.
– Etiraf etməli, tamamən düzünü deməliyəm ki, mən bizim tələbəmiz Mehman Atamoğlanzadənin elmi-nəzəri işdən ayrılıb, həyata – təcrübi işə getməyinə çox yamanca zidd idim... İndi etiraf etməli, sizin müqabilinizdə tamamən düzünü deməli, özüm-özümü dolaşıq mülahizələrimdən xilas edib açıq söyləməliyəm ki, indi də bu məsələnin nə dərəcədə düz, ya əyri olduğunu bütün dəqiqliyi ilə ağ-açıq aydın edə bilməmişəm?!. Ancaq çırpınan, döyünən, atlanıb qaçmaq istəyən ürəyimdə belə sual baş qaldırmışdır: – Mən Mehman barədə düzmü hərəkət etmişəm? Mehmanı həyata, işə-gücə buraxmayıb, onu kitabxanada, kafedrada “xalis elmi işdə” saxlamaqda yaxşımı iş görmək istəmişəm? Mehmanın ləkələnməyindən ehtiyat etməkliyimdə yanılmışammı?.. Bax, bu kimi dür-düyünlü suallar, qəti sorğular mənim ürəyimdə baş qaldırıb nə zamandır ki, məni narahat edir... Mən indi, bu an sizin şəhadətinizlə bu qərara gəlmək, bildirmək istəyirəm ki, hər hansı bir müddəa – ehkam köhnəlib dəyişilə bildiyi kimi, mənim də müddəam – ehkamım köhnəlib dəyişilə bilər.
– Məlikzadə zahirən nə qədər rəvan danışsa da, daxilən çətinlik çəkir, ancaq fikrini qırmaq istəmir, ürəyi ilə səsləşir, danışıb söylənib, öz dediyi kimi, özünü izafi ağırlıqdan xilas edib, ürəyini yüngülləşdirmək istəyirdi, – Bəli, mən ötüb-gəldiyim həyat yolunu araşdırmaq istəyirəm... Bəli, mənim görüşlərimdə heç də az ziddiyyət olmamışdır. – Qoca, döyünən ürəyini dinləyirmiş kimi, kəlmə-kəlmə danışmağa başlayırdı.
– Mən, bu gün coşqun həyata atılan, mürəkkəb mübarizə yoluna düşən tələbəmə – Mehmana xeyir-dua vermək istəyirəm. – Məlikzadə gülümsədi, onun saralan sifətində qocalığın yaşaran gözləri göründü, ağ qaşları altındakı qara kirpikləri qırpıldı, mən bildirmək istəyirəm ki, “usta şagird davası” qədim davadır, bəli, qədim cəng-cidalıdır!.. Bəzən şagird irəliyə ötdüyü halda, usta onu ətəkləyib əyləndirmək, istər-istəməz inkişafdan geriyə salmaq istəyir. – Məlikzadə dirsəklənən əlini çəkdi, başını balışlarda rahatlayıb, xəyala getdi...
– Atam daha növbəti mühazirəsini qurtardı! – deyə Dilguşa qəhərlənən qocanın qar kimi ağaran, pərakəndəliklə balışlara səpələnən saçlarını tumarlayıb düzəltdi... Mehman ayağa qalxıb öz qara, qıvrımsaçlı başını ustadının qarşısında ehtiramla əydi.
– Mən hörmətli müəllimin müdrik kəlamları, unudulmaz tövsiyələri müqabilində, ona öz təşəkkürlərimi dönə-dönə bildirmək, onun icazəsi ilə evimizə dönmək istəyirəm!
– Sizi yorduğum üçün üzr istəyirəm! – deyə qəhərlənən, bəlkə də hıçqırtısını saxlamaqdan acizlik çəkən, bu yataqdan qalxmağa ümidi olmayan qoca, titrəyən dodaqlarını bərk-bərk bitişdirdi, Mehman qocanın sağ əlini qaldırıb öpdü.
– Anam məni gözləyəcəkdir...
Mehman professorun əlini hörmətlə sıxdıqdan sonra, dönüb Zivər xanım və Dilguşa ilə görüşdü. Dilguşa paltosunu çiyninə atıb Mehmanı darvazaya qədər ötürdü.
– Burada ikən tez-tez gəlmənizi xahiş edirik, – deyə mühəndis qız utana-qızara dilləndi, – çünki atam sizdən illər uzunu bizimçün o qədər danışıbdır ki!..
– Burada olduğum müddətdə, xəstə müəllimə baş çəkməyi özümə borc bilirəm, – deyə Mehman Dilguşa ilə təkrar görüşüb addımladı.
– Biz sizi gözləyəcəyik, Mehman!..
Kitabxana.az · https://kitabxana.az/en/works/suleyman-rehimov-mehman-xxxviii
Use ← → keys to move, R for a random poem
More by this author
Bayaqdan yol gələn Mehman qan-tər içində özünü fabrikə çatdırdı, soruşub müdirin kabinetini tapdı. Qapıçı müdiri əvəz edən adamın otağını göstərərək:– Bax, ora buyurun, – dedi, – müdir azarlıdır. Onu orada oturan əvəz edir, baş mühəndis!
XXXIXMehman yol uzunu Dilguşanın bu nəzakət və mehribançılığı barəsində düşündü. İstər-istəməz o, Dilguşanı Züleyxa ilə yan-yana qoyub müqayisə etdi. Getdikcə Mehman bu müqayisədə üstünlüyü mühəndis qıza verdi. Ali təhsilli, açıq-aydın sifətli, mülayim baxışlı bu gənc qız nə qədər də cazibədar və hörmətə layiqdi. “Dilguşa birini sevirmi?.. Bu qız öz həyatını kimlə qurmaq istəyir?..” Belə bir adamın nə qədər məsul ola biləcəyini Mehman təsəvvürünə gətirirdi. – “Bəli, ailə tərbiyəsi... Evlənmək... Ailə həyatı qurmaq nə qədər də mürəkkəb məsələ imiş?” Professor qızdırmalı danışsa da, – Mehman yol uzunu adamların arası ilə keçə-keçə özünü mühakimə edirdi. Şəhla xanımın hərəkətlərində olan sünilik, “saat söhbəti” ilə əlaqədar olan bütün bir oyunbazlıq, təfərrüatına qədər bilməsə belə, artıq onun Şəhla xanıma qarşı doğan nifrətini artırırdı... – Bəs nə etmək, bəs necə etmək? – Bu məsələ Mehmanın şüur və mühakiməsində bütün ciddiyyəti ilə baş qaldırırdı. Bəli, gənc Mehman səmimiyyət axtardığı halda, Şəhla xanımın sifətində bir saxtakarlıq görürdü, Mehman bu cəhəti unuda bilmir, mübhəm bir şübhə onun ürəyini narahat edirdi...Professor Məlikzadənin dediyi kimi, daxili ziddiyyət, köhnəliklə yenilik bu ailədə üz-üzə gəlirdi. Züleyxa nə qədər ucaboylu, qara qıvrımsaçlı, ətli-əndamlı, gözəl-göyçək olursa, güldüyü zaman onun ağ dişləri nə qədər işvəkar cərgələnirsə, bu zaman onun iri ala gözləri nə qədər cazibədar bir ehtirasla alışıb yanırsa, bütün bunlar Mehman üçün nə qədər biganə qalmırsa, yenə də Züleyxa öz anası Şəhla xanımla bağlı olduğu üçün Mehmanın nəzərində öz üstünlüyünü itirməyə başlayırdı. Züleyxanın öz anasına qarşı olan mütiliyi, bu ailə üçün nə kimi bir fəlakət doğuracaqdı?
XLHələ düz saat səkkizdən Katibə xala respublika prokurorluğunun iclas salonunda hazırlıq görməyə başlamışdı. O, qrafinkaların suyunu təzələdir, sədrin stulunun əzilmiş örtüyünü çıxardıb, ütülənmiş örtüklə əvəz edir, qələmləri yoxlayır, qələm uclarını dəyişdirir, karandaşları qədlədirdi. Katibə xala fir-fir fırlanır, müxtəlif tapşırıqlar verirdi. Beləliklə, o, xeyli əlləşib salonu səliqəyə saldıqdan sonra öz otağına çəkildi, dəvət olunan adamlara bir daha zəng etdi. Əvvəlcə onların hal-əhvalını soruşdu, sonra deyilən vaxtda hazır olmalarını, iclasdan qabaq, ya iclasdan sonra şəxsən onu görmələrini xahiş etdi:– Bəli, çox vacib iş var, mənə dəyməmiş getməyin!.. Bu yolla Katibə xala öz vəzifəsinin vacibliyini hər addımbaşı göstərir, katibəlikdə özünü əvəzsiz bir sima hesab edirdi. Belə idarəçilikdən Katibə xala xüsusi zövq alır, yerə-göyə sığmırdı. Bu gün Katibə xala öz rolunu ayrıca olaraq qeyd etmək, kürəkən Mehmana göstərmək istəyirdi. Bəli, belə müşavirələr olan günlər Katibə xala özünü duru göldəki balıq kimi hiss edir, üzdükcə üzürdü. Aradabir Katibə xala boylanıb müşavirəyə baxır, gözlərini dolandırıb nəzarət edirdi.
XLIRespublika prokuroru öz müavinləri ilə birlikdə bir sıra rayon prokurorlarını ayrı-ayrılıqda qəbul etdi. Növbə çatanda Mehman da içəri girib salam verdi.Ortayaşlı, ortaboylu, qısa, qarabığlı respublika prokuroru Mehmana yer göstərdi. – Mehman yumşaq kresloda oturdu.