XV
Murtuzov geri-geri addımlayaraq öz otağına çəkildi, işləri qabağına töküb nəzərdən keçirməyə başladı. Bir az keçdi, qonşu otaqdan zəng səsi gəldi. O, qulaq verdi, raykom katibi Vahidov, Mehmana zəng edirdi. Murtuzov yavaşca ayağa durub astanadan o yan-bu yana boylandı, tez-tələsik özünü icraiyyə komitəsinə saldı. Kamilov təkcə oturmuşdu. O, əllərini boynunun ardında daraqladığı halda yırğalanır, astadan fişdırıq çalırdı.
– Nə var, silistçi? – deyə o, iri əllərini boynu ardından çəkmədən ağzını çuval kimi açıb əsnədikcə əsnədi, – təzə nə xəbər?..
– Sağlığın, yoldaş Kamilov! – deyə Murtuzov təzimlə başını əydi, – sizin gözəlliyiniz!..
– Gördün də, qərarımızı necə bir yana qoyub, yuxarıdan öz adamlarını göndərdilər! – Bu dəfə irigövdəli sədr böyük kürsüdə yırğalandı...
– Belə çıxır ki, biz əbəs yerə burada qaşıq içi çıxarırıq?
– Sizin sağlığınız mənə bəsdir. – Murtuzov yavaşca stulda əyləşdi.
– Fərqi nədir, bir deyilmi?
– Fərqi budur ki, hökumət yerdədir, ya göydə? – deyə Kamilov əllərini boynu ardından çəkib ayağa durdu. – Fərqi çoxdur, özü də çox-çoxdur, Murtuz Murtuzov!
– O düzdür, ancaq siz sağ olun, nə eybi var ki! – Murtuzov bənizi qaçıq bir halda gülümsədi, – nə olar? Kamilov əsnəyi əsnək üstdən gətirib:
– Yox, mən yazacağam, – deyə sağ ayağını döşəməyə dayayıb pəncəsi ilə yeri şappıldatdı. – Belə də yaramaz!.. Biz ilan kimi qabıq qoyuruq, kolxoz qururuq, ferma yaradırıq, möhkəmlədirik, ancaq mərkəzdəkilər yumşaq kresloda yayxanıb bizim qərarımıza belə barmaqarası baxırlar!..
Kamilov şirli qutusundan papiros çıxarıb, odlayıb sümürdü, tüstüsünü havaya buraxıb soruşdu:
– Bəs təzə prokuror cənabları nə buyurur?..
– Çox şey! Sabahdan bəri şəxsən düşüb sizin qərarınızın üstünə!
– Niyə oğrudan, qolçomaq quyruğundan başlamaq əvəzinə, yerli hökumətin qərarından başlayır!
– Vallah, nə bilim, deyir ki, hər hansı qanunsuzluğa qarşı mübarizə, – elə oğru-əyriliyə, qolçomağa, qolçomaq quyruğuna qarşı mübarizə deməkdiril..
– Demədin, sən atayın ərvahı, get özünə peşə tap, bala? Demədin, bala, dayçayın başını yığ, demədinmi bunları?
– Dedim, Bəs necə demədim?
– Yaxşı, gəlib çatmamış, bizim qərarın üstünə niyə belə ikiəlli sərilib? – Kamilov əlini yumruqlayıb stola çırpdı. – Bu saat mən onu çağırıb onun abrını ətəyinə bükərəm!.. Onun ki, ağzından süd iyi gəlir. Ona çatdır ki, yoldaş Kamilov deyir ki, səni iyirmi dörd saatın müddətində bu rayondan sürgün edərəm! Bu saatı molniya!.. – Kamilov yumruqlanmış əlini açıb barmağını düyməyə dayadı, cınqıraq uzunuzadı çalındı, ancaq katib gəlib çıxmadı, əvəzində gözüyuxulu kuryer durub gəldi.
– Ə, haradadır, bu Sərrafzadə küçük!
– Bayaqdan hara isə getdi, yoldaş Kamilov1l
– Yerdən-göydən, lap o mürgülü gözünün ortasından tap gətir mənə, eşitdinmi? Baxıram saata, üç dəqiqəyə o gədəni tap, başa düşdünmü? Düz üçcə dəqiqəyə, qandınmı? – Kamilov qolundakı mürəbbə nəlbəkisi böyüklüyündəki saatına baxdı. – Sayıram dəqiqələri, cəld, ya Allah, get!
Kuryer getdi. Kamilov papirosunu sümürüb kötüyünü atdı, nə fikirləşib beyni qızışdısa, dönüb birbaş müstəntiqin üstünə düşdü:
– Ölüsən, ölü!.. Kişi deyilsən!.. Nakişisən, nakişi! Heyif, səd heyif!.. Ona görə də elə səni təsdiq eləmədilər! Lap görünür yerində olubdur!
– Kamilov bayaqkı sözlərini indi, tezcə tərsinə çevirməyə başladı.
– Yavaş-yavaş, mışıl-mışıl, xirik qurdu kimi, xəlvət-xəlvət, pəltək-pəltək “Vətəndaş, atanın adı nədir?” – Hey soruşursan, cızırsan, yazırsan, pozursan!.. Boyuna xam ip tutum, sən dazbaş donuzun!..
– Yoldaş Kamilov, mən sizin qarşınızda... .
Kamilov əlini stola çırpdı, şüşələr cing-cing cingildədi.
– Kiri, boyuna ip də yox, bir qarğı, qamış ölçüm!
Murtuzov gözlərini döyə-döyə:
– Vallah, haqqın var, – dedi, – bu qızıl kəlama nə söz?.. “Boyuna ip, qarğı, qamış...”
– Yaxşı, kiri! “Haqqın var... qızıl kalam...” dünən yumurtadan çıxan bir cücə gəlib bura, düşüb inqilabın ilk günündən bünövrəsi burada qoyulan icraiyyə komitəsinin qərarının üstünə, sən də orada yoluq bir cücə kimi qanadlarını sallaya-sallaya cükküldəyirsən!..
Kamilov gəzinməyə başladı, döşəmə onun ağır ayaqlarının altında səsləndi.
– At dedin, verdik, ata arpa dedin, düzəltdik, atın yəhər-əsabı yoxdu, onu da Murtuz Murtuzov üçün aldıq! Dedin, at qarayalındır, onu da sənin üçün ipçin nallatdıq!.. Sonra da Murtuz Murtuzovun üzəngisini basıb, “ya Allah!..” deyə ata mindirdik. Bu dərya yaxşılığın qabağında ağzın qatıq da kəsmir! Belə olan surətdə, səni nəinki prokurorluğa təsdiq etmək, hələ lap bu silistçilikdən də qovmaq lazımdır... Ağız lazımdır, diş!
– Mənim, dişim... düzü... lax deyil!
– Bilirəm, bilirəm, çox əcəbcə, əlimin içi kimi bilirəm! Başın tökülüb ovuc içi kimi, ancaq dişin çox salamat qalıb, cənabi Murtuz!
– Vallah, mən bu Salamatovu həbsə almaq barəsində sizin şəxsi imzanızla o möhirlü qərarın üstündə onunla lap atı daşlığa sürdüm!
– Hansı at ilə, hansı daşlığa?.. Sabahdan düz birbaşa atı geri yatırarsan! Biz qanunsuz yerə hökumətin pulunu sərf edib sənin şəsti-pəstini ata mindirə bilmərik!.. Qaytararsan sabahdan atı, vəssalam!
Kamilov çəpəki nəzər ilə Murtuzova baxdı. Murtuzov üstünə çalağan şığıyan yetim bir cücə kimi sığınmaq üçün özünə kol da tapmadı. Kamilov əlini xortumlu şalvarının cibinə soxub yenə də çox ağır ləngərlə gəzindi. Bu dəfə otaq da titrəyirdi.
– Qaytararsan atı!
Murtuzov çəkinə-çəkinə:
– Haqqınız var, – dedi, – çox haqqınız!
– Haqqınız var!.. Atı qaytar, vəssalam!
– Baş üstə, bir at olmasın, min at olsun!
– Yəhər-cilovu da, lap qırıq noxtasını da!
– Baş üstə, yoldaş Kamilov!
– Ölüm olsun, ölüm, sən Murtuz Murtuzova!
– Baş üstə, yoldaş Kamilov!
– “Baş üstə, yoldaş Kamilov!”
– Haqqınız var, yoldaş Kamilov!
Murtuz Murtuzov saralmış halda ayağa durub titrəyən əllərini ovuşdurdu:
– O dedi, həmin kolxoz briqadiri o uzun Salamatovu zamına vermək lazımdır, mən dirənib bərk etiraz etdim!
Kamilov xışmla qayıdıb Murtuzovun üstünə şığıdı:
– Mənim qərarımla tutulan adamı zamına vermək? Bəs demədin yoldaş Kamilov sənin... – Kamilov dodaqlarını çeynəm-çeynəm elədi. O, əllərini kor-kobud dizlərinə çırpdı. – Bu da kömək?! Yox, məsələni bu başdan yuxarıya bildirmək lazımdır! Ömrüm uzunu bu rüşvətxor prokurorlar ilə mübarizə etməkdən lap təngə gəldim! Şəvə başım pambıq kimi ağardı, dişim yerindən töküldü. Bu saatı qoy yoldaş raykom özü!.. – Kamilov əlini telefonun dəstəyinə atdı.
Silistçi gəlib yavaşcadan onun biləyindən yapışdı:
– O indi özü oradadır! – deyib pıçıldadı.
– Kim?
– Təzə prokuror!
– Kim çağırdı bəs onu ora?
– Raykom özü, Vahidov!
– Nə tez belə dost oldular? O da, Vahidov da yağlı yeri yaxşı tanıyır... Özü çağırdı, yoxsa çağırtdırdı?..
– Özü çağırdı!..
– Bu palaz qulaqlarınla özün eşitdinmi?
– Bil, başın üçün özüm qulağımla eşitdim!..
Kamilov dəstəyi telefona çırpdı:
– İndidən Vahidov, onun ayağının altına daş qoyub bizim boynumuza mindirməsə yaxşıdır?!.
Kitabxana.az · https://kitabxana.az/en/works/suleyman-rehimov-mehman-xv
Use ← → keys to move, R for a random poem
More by this author
Şükranın ölüm xəbəri ildırım itiliyilə hər yana, Göyən oymaqlarının hər yerinə yayıldı. Eşidən, bilən dizinə döydü. Hamı yanıb-yaxıldı. Yaylağa qalxmayıb Göylər oymağında qalanlar çox tezcə Göyalı ilə Qaratelin görünməzin müsibətinə şərik oldular. Onlar Göyalı külfətinə qarışdılar, uşaqlı-böyüklü qara daşın dibinə tərəf axışdılar. Yelqanadlı, ağçuxalı, gümüş xəncərli, qırmızı məsli Şükranı yerdə sərili gördülər. Şükranın papağı kənara düşmüş, ancaq onun şəvə saçları səliqəsini pozmamışdı. Şükranın anası Qaratel oğlunun bir kənara düşən təpəsi güləbətinli ağ papağını götürüb bağrına basdı, sonra da papağı oğlunun sinəsinə atıb öz qırışıq üzündə sağ-islahat qoymadı. Ağqoyunluların adətincə ərgən igid öləndə anası üzünü öz dırnaqlarıyla didişdirməli idi. Ancaq Qaratel üzünü didişdirməklə qalmadı. O, sifətini sivirib sinəsinə tökdü. Haraya yetirən bacının heç biri bədbəxt anadan geriyə qalmadı. Bir an içində onlar öz gözəlliklərini tək qardaşlarına qurban verdilər. Göyalının oğlan, qız nəvələri, ucaboylu-ucaboylu yeznələri də bir-birinə qarışdı. Göyalı özü bir an içində büküldü, kişinin beli doqqalandı. Kəmfürsət qocalıq öz qılıncını çəkib kişinin boynuna qoydu. Şükranın ölümü xoşbəxt ailəni birdən-birə bədbəxtliyə düçar edib, yetimləşdirdi. Başqaları da yetimləşən külfətə qoşuldu. Elə bil ki, hamının bir tək oğlu, ya qardaşı qəflətən öldürülmüşdü. Bu hadisə bir tək Göyalı ailəsi üçün deyil, bütünlüklə Göyən obaları, Ağqoyunlu eli üçün bir müsibət kimi səslənməyə başladı. Ağqoyunluların aranı, dağı az müddət ərzində bir-birinə dəydi. Ayağı yer tutan yola düşdü. At-dəvə belinə qalxan daşlanıb Göylər kəndinə gəlməyə başladı.Qara daşın dibindən götürülən, Göyalının eyvanında qoyulan Şükranın cənazəsi dövrələndi, dam-daş əhatə olundu. Adamlar çoxaldıqca dalğa-dalğa genişləndi, baş-başa verən, çeşmə üstündə ucalan qollu-qanadlı çinarların altı adamlarla doldu. Başbilən Ağqoyunlu ağsaqqalları uşaq kimi ağlaşdılar. Öz ömürlərində çox toy və yas görən kişilər belə tablamayıb, hönkürüb hönkürüşdülər. Hər tərəfdən dəstələnib gələn qara geyimli ağıçı arvadların ağıları sümükləri sızıldatdı. Ağıçılar hələ də üzünə qara yaylıq çəkilməyən Şükranı bir qəhrəman igid kimi oxşadılar. Onlar nəinki indiyə qədər el içində yaranan ağıları yaraşdırdılar, özləri də Şükranı oxşayan ağılardan qoşdular, ağladılar. Axı, heç kəs Şükranın öz Ulduzunun belindən belə yarımçıq yerə salınmasına qıymırdı. Yaxın da, uzaq da Şükrana ürəkdən göynəyirdi, ürəkdən sızlayıb, ürəkdən ağlayırdı.
XIIYuxarı dağlardan yük-yük buz gətirdilər, Şükranın dəfni Ağqoyunlu adətinin ziddinə olaraq üçüncü günə saxlanıldı. Nə Göyalı ailəsi, nə də Ağqoyunlu eli bu gözəl-göyçəklikdə oğlanı tezcə torpağa tapşırmaq istəyirdi.Alnından axan qana baxmayaraq, sanki Şükran həyata dönmək üçün yuxuya getmişdi. Baxan adama elə gəlirdi ki, Şükran ayılacaq, ayağa duran kimi gözlərini silə-silə Ulduzu soruşacaq, əhvalatı eşidincə Ulduzun əfv olunmasını diləyəcəkdir: “Hər nə olubsa, keçibdir” – deyə bu ağır cinayətin üstündən ötəcəkdir... Axı, adətə görə ağqoyunlularda doğruçu dostlar bir-birinin yolunda başlarından keçmişdilər. Dost dostu düşmən girinə verməmək üçün ölümə getmişdir. Şükranla Ulduz da belə dostlardan deyildilərmi? Heç bir kəs təfsilatı bilməsə də, Şükran bilməmiş olmazdı və doğrudan da bilmişdi, necə də qara mozalan bu aranı qarışdırdı, necə də o öz qəsdinə çatmaq üçün Ulduzu acıda-acıda özündən çıxardı, Şükranın özünü də belə qəzəbləndirdi. Axı mozalan qəsdən çovurdu, öz qəsdinə görə Ulduzun dəmir nallı təpiyini Şükrana tuş elədi. Özü də Ulduzun bu hərəkəti çox yamanca bir müsibət gətirdi. Elə bil ki, qəflətən ox kamanından çıxdı, qardaşın oxu qardaşın ürəyindən keçdi.
XIIIAxı Şükranın ölümü heç də adi ölüm deyildi. Bu müsibət idi, faciə idi, qəhrəman ölümü idi. Şükranın qəhrəmanlığı yol kəsənlikdən, baş kəsənlikdən, basqın etməkdən, qan tökməkdən ibarət deyildi. Şükranın qəhrəmanlığı tamam xeyirxah, nəcib insan qəhrəmanlığı idi. Şükran at ötüşlərində, cıdır çapışlarında ardınca ağçuxalılar, ulduz atlılar dəstələri gətirməkdə, toy-nağaranı gücləndirməkdə, Göyən yallılarını genişləndirməkdə birinci idi, başbilən idi, başçı idi! Şükran öz hərəkəti, öz rəftarı, öz cəsarəti və çevikliyi ilə adamları yaxşılığa, bir-birini sevməyə səsləyən insanpərvər idi, insan idi. Şükranda yaxşılıqdan istənilən qədər tapmaq mümkün olduğu halda, onun pisliyindən, pis əməllərindən heç bir, cüzi də olsa, tapmaq mümkün deyildi, çünki Şükran pis olmamışdı, heç kəsə də pislik etməmişdi. O vaxt at ötüşlərində möcüzələr göstərən Şükrana el-oba mərhəba deyirdi, Sevgili də gəlinbacısı ilə Şükranla toy etməkdən danışırdı, sevinirdi, yerə-göyə sığmırdı.Bəs indi? İndi ulu Tanrı gör nə edibdir? Qara libasa qərq olan Sevgili indi nə deyirdi? Sevgilinin qonşusu həmin gəlinbacı – oğlunu Şükranın özü qucağına alan, Ulduzun belinə qaldırılıb gəzdirilən Gülnaz nə deyirdi? O, Şükranın matəminə heyifsilənə-heyifsilənə gəlməmişdimi? Bəli, heyifsilənməkdən artıq yana-yana gəlmişdi. Gülnaz oxu daşa dəyən Sevgilinin nə çəkdiyini bilirdi. Sevgili tək bircə kəlmə də olsa Şükranla kəsməmişdi. İndi tabutda uzanan, yanlarına buz yığılan Şükranı nə dindirmək, nə də ona Sevgili barəsində bir işarə etmək olardı! Misilsiz şuxluq və cəsarət, çevikliklə Ulduzun belində oynayan oğlana indi nə söyləmək olardı? Sevgili ürəyindən keçirirdi: “Mən qara saçlarımı ağ hörəcəyəm! – deyə and içirdi. – Heç bir yana getməyəcəyəm, heç bir oğlanın üzünə baxmayacağam. Mən səni sevmişdim, Şükran! Yenə, torpaqda da səni sevəcəyəm. Sən öz sevgini qurd ağızlı torpağa apardığın kimi, mən də öz sevgimi elə bu torpağa aparacağam!”
XIVBəli, xeyirxah bir qəhrəman, nəcib bir insan ölmüşdür. Bu insanlar nəinki Şükranı sevirdi, onun Ulduzunu – atını da sevirdilər. Ən böyük müsibətə düçar olan Ulduz da heç bir insandan az olmayaraq qəhrəman süvarisini sevirdi. İndi də söz səhvinə – xətasına, keçilməz – bağışlanmaz günahına görə özünə yer tapa bilmirdi, tapmırdı.Qaralıb qara geydiyinə, qara rəng aldığına görə başqaları onu tanımasa da, o özünü tanıyırdı. Şükransız keçən dəqiqələrinin necə də ölümdən də əzablı olduğunu o özü əcəbcə bilirdi. Kim Ulduzu hər necə-dilbilməz, ağlı işləməz bir heyvan saysa da, Ulduz özünə görə dil də bilirdi, özünə görə ağlı da kəsirdi. İndi o, Şükransız özünü dolandıra bilmir, saxlaya bilmirdi. İnsan kimi, bəlkə insandan da artıq kədərlənirdi. Yemirdi, içmirdi, kənar-kəsmə gəzirdi, gözlərindən qanlı yaş tökməyində davam edirdi. Şükranın taleyi elə oldu, Sevgilinin də taleyi belə. Bəs Ulduzun taleyi necə? Onunla onun taleyi ilə, Şükransız keçən dəqiqələri ilə maraqlanan, bu atın halına yanan var idimi? Xeyr, yox idi! Ulduz at idi, özü də necə bir at! Qatil at! Onun nə taleyi! Ələ keçincə onu öldürmək, uğursuz Ulduzu dərinlərdə basdırmaq, üstəlik, bu Ulduzu ağqoyunlulara tərəf ötürən, başına sovuşduran adamlara divan tutmaq gərəkdi. Bu qədər! Daha başqa qədəri yox idi.