Rayon partiya komitəsindən təkrar zəng edildi. Mehman stolu və şkafı örtdü, iki böyük iş qovluğunu da qoltuğuna vurub çıxdı, qapını bağladı, açarı cibinə qoydu, müstəntiqi özü ilə aparmaq məqsədilə səslədi, küncdə, başını stol üstünə qoyub yatan Qaloşlu adam oyandı, gözünü ova-ova:

– Yoldaş prokuror, o hara isə bayaqdan getdi, – deyə xəbər verdi, – xeyli vaxt olar!

Mehman qaranlıq küncə yaxınlaşıb:

– Kişi, nə əcəb gedib yatmamısan? – deyə qocaya qarşı qayğı göstərib soruşdu. – Sənin yuxusuzluğundan kimə nə fayda?!

– Başına dönüm, bəlkə bir buyruq oldu?

– Yox, kişi, sən get yat, rahatlan!

Mehman həyətə çıxdı. Qaloşlu adam mehribançılıqla dil töküb ondan ayrılmadı. O, Mehmanı Vahidovun kabinetinə salıb qapı ağzında dayandı.

Mehman salam verdi. Vahidov ayağa durub onun salamını aldı və bir neçə addım irəliyə gəlib Mehmanla görüşdü. Vahidov gənc Mehmanı başdan-ayağa süzüb ona yer göstərdi. Özü də stula əyləşdi.

– Bilirsinizmi, – deyə Vahidov iyirmi vərəqdən ibarət olan yazılı kağızları göstərdi. – Kəndlərdən bu axşamüstü dönüb baxmağa başlamışam. İndi işimiz az deyildir. Ona görə sizə xəbər çatdırdım ki, mən dönüncə işlərlə tanış olsun, görüşərik. – Vahidov vərəqlərin üstündə əlini gəzdirdi. – Bax, müəllimlərə gələn sənaye malını talan ediblər. Bizim komissiya düz iki həftə gecə-gündüz işləyib. Oxudum, vərəqlədim, məni od götürdü. Sizdən xahiş edirəm, özünüz məşğul olub ölçü götürəsiniz. Xalq müəlliminə qarşı belə rəftar dözülməzdir. Ticarət orqanlarına soxulmuş ayrı-ayrı sinfi düşmən qalıqları əllərindən gələni əsirgəmirlər. Elə də kolxoza soxulmuş bu qolçomaq qalıqları öz pozucu işlərini aparırlar. Sayıqlıq kütləşən yerdə düşmən kəndir çeynəyir.

– Vahidov danışa-danışa aktın üstünə öz fikrini yazıb gənc prokurora verdi: – Siz olasınız, iltizamsız verməzsiniz, – deyə raykom katibi Mehmanı gülər sifətlə, ürəyəyatan mehribanlıqla süzdü. – Deyirsiniz, sənədə qol çəkin, sonra!.. Biz isə etibar edirik. – Vahidov gülümsünməyində davam etdi, onun solğun yanaqları bir balaca qızardı. – Etibar edirik, ancaq yoxlayırıq!..

Mehman kağızları vərəqləyib nəzərdən keçirtdi, sonra cildin arasına qoydu.

– Xəbər verdilər ki, rayona prokuror gəlib, güman etdim, görəsən hansı rayonları gəzənlərdəndir. – Vahidov xüsusi bir ehtiramla gənc adamı süzdü. – Görünür ki, siz məktəbi təzə qurtarmısınız.

– Bəli, bu keçən yayda qurtardım!

– Çox gözəl çalışın, yaxşı işləyin, adınıza bir söz-sov çıxmasın, bir söz deyilməsin!.. Bizim Salman da onilliyi qurtarıbdır, o da hüquqşünas olmaq istəyir. Mən deyirəm, oğul, doktor ol, o, inad edir!

– Çox da yaxşı edir. Hüquq elminin özünə də onun inkişafına da çox böyük ehtiyacımız vardır. Bizdə bu elm nə qədər inkişaf edərsə, o qədər də cinayətlər azalmış olar, o qədər də bizim adamların görüş dairəsi genişlənər!

– Görək, necə olacaq? – Vahidov sözü yenə də əsl mətləb üstünə gətirmək istədi. O, kolxozlarda baş verən ayrı-ayrı cinayətlərdən, orda-burda gizlənmiş kooperativ oğrularından, ictimai əmlaka uzanan əyri əllərdən danışıb dərindən nəfəsini dərdi. – Hər kəs, hər bir kəs öz əməyinin məhsulunu namusla yesə nə var idi!.. Müftəxor, tüfeyli ünsürlərin kökündə od qalamaq da, görünür, hələ azdır! Biz yeni yaranan, üstündən üç-dörd il keçsə də, hələ lazımınca bərkiməyən kolxozları bərkitsək, sinfi düşmən qalıqlarının pozucu hərəkətlərinə qarşı mübarizəni daha da gücləndirsək, inqilabi qanunçuluğun kəsərini bu rayon üzrə daha da artırsaq, burada çox böyük quruculuq işləri görmüş olarıq!

– Orası tamamən doğrudur. Qorki demişdir: “Düşmən təslim olmursa, onu məhv etmək gərəkdir”.

– Bax, prokuror birinci növbədə gərək buradan da başlasın! Doğrudur, sosializm quruluşu qalib gəlib. “Kim-kimi” məsələsi bizim xeyrimizə, düşmənin zərərinə həll edibdir!.. Ancaq ayrı-ayrı düşmənlər vardır ki, onlar öz düşmənçiliyindən əl çəkmir, oğurluq edir, sayıqlıq kütləşən yerdə vəzifələrə soxulub rüşvətxorluq edir, bizim inkişaf təkərinin altına daş-qaya yumalayırlar!

– Elə bilirəm ki, belə alçaq düşmənlərə aman olmayacaqdır! Lakin bununla birlikdə mən çalışacağam ki, heç bir qanunsuzluğa da yol verilməsin!.. Çünki bizim qanunun təhrif edilməsinə yol vermək, inqilabın bizim vətəndaşlara bəxş etdiyi böyük hüquqlara təcavüz etmək olardı!.. Bir neçə gündə bəzi para işlərdə elə qanunsuzluğa təsadüf etmişəm ki, heç deməli deyil! Əbəs yerdən sadiq sovet vətəndaşını incitmək kimə lazımdır? İcraiyyə komitəsinin qərarı ilə olan bir iş barəsində... – deyə Mehman yekə iş qovluğunu götürüb raykom katibinə tərəf uzatdı, Vahidov işi götürüb nəzərdən keçirə-keçirə vərəqlədi.

– Bizim Kamilovun belə at işləməz yolları vardır, – deyə Vahidov əlini telefon dəstəyinə atdı. – Sizi onunla tanış ediblərmi? – Vahidov zəng edib Kamilovun kabinetini aldı, onun rayon partiya komitəsinə gəlməyini xahiş edir.

Kamilov pərakəndə halda stol üstünə sərilmiş bəzi para ehsaiyyə məlumatlarını, təzə alınan teleqramlarını tələm-tələsik yığışdırıb köhnə bir qəzetə bükdü, Sərrafzadəni çağırdı. Qan-tər içində olan qoca kuryer içəri girib Sərrafzadəni tapmadığını bildirdi. Kamilov başını bulayıb dişini qıcadı, stula bitişmiş Murtuz Murtuzova:

– Görürsən də, – dedi, – silistçi, görürsən də, necə səhlənkar oğlu səhlənkardır bu Sərrafzadə!

– Bil, elədir, bu Sərrafzadə çox itəyəndir, – deyə Murtuzov sallanmış başını qaldırdı. – Neçə yol siz onu axtaranda, mən şəxsən özüm onun özünü yaxalayıb demişəm ki, adam ol, Sərrafzadə! Yoldaş Kamilov sənə dünyanın xətrini qoyubdur, sən qanun cızığından çıxma! Özün də ki, bir tərəfdən bir balaca şübhəli ünsürsən! Qurban ol o kişinin kölgəsinə, dolan gündə beş kərə o kişinin qənimət başına! Görünür ki, zatı xarabdır, yoxsa kim olsa indi sizin əlinizin altında dönüb bir professor olardı, azı, özüm ölüm, professor! Kamilov:

– Yaxşı, yaxşı, basıb-bağlama, – dedi. – O da sənin tayındır!

– Düz buyurursunuz, o da mənim kimi bir qədər korafəhmdir!

– Kor-koru tapar, su çuxuru, sizin nərdinizin şaqqıltısından az qala bu rayon köçür!

– Doğrudur, mən özüm neçə kərə demişəm, Sərrafzadə, adam ol, bu daşları yavaş çırp, beynim tərpəndi, ancaq baxırsan ki, mərəzlidir, şaqqıldatmasa olmur!

– İkiniz də birsiniz, – deyə Kamilov barmaqlarını qoşalayıb uzatdı.

– Bax belə, ayrılmaz cüt bacı! Ancaq biri gözəl qıza oxşayır, biri kaftar bir kifirə!

Murtuzovun qırışıq üzü daha da qırışdı. Onlar durub kabinetdən çıxdılar. Yol uzunu Murtuzov çox bərk hıqqıldadı, ağzını açıb bir neçə söz də demək istədi, ancaq cürət etmədi. Onlar raykomun həyətinə yaxınlaşınca Murtuzov ayağını sürüyüb udqundu:

– Bir sözüm də var idi... – dedi, – mən qayıdacağam.

Kamilov yerində dayanıb:

– Buyur, ikisi olsun, Murtuz Murtuzov! Boş nərdtaxtan qulağımızı da aparıbdır! Gərək səni silistçi yox, nərdtaxta dərnəyinin məccani rəhbəri təyin edəydilər!

– Doğrudur, yoldaş Kamilov, – deyə Murtuzov nərdtaxta söhbətindən artıq öz dərdinə qalmaq istədi. – Hirslisiniz, ancaq hər bir barədə bizim üstümüzdə o böyük dağlardan da ağır bir haqqınız var! Ancaq orada xahişim budur ki, bildirməyəsiniz ki, mən sizə Həmin Salamatov haqda olan qərar barəsində bir xəbər-zad vermişəm. Nədən ki, sonrası var. Bu başdan yaxşı deyil ki, pərdə yırtılsın. Qoy aramızda inam olsun. O mənə inansa, bizim işə bir dünya fayda verər!

Kamilov iri pəncəsilə Murtuzovu döşündən itələyib:

– Yaxşı, yaxşı! – dedi, – mənə əlifbeydən dərs demə, get sabahdan o atı təhvil ver! Yoxsa tülkü atanı qəbirdən çıxardıb dalına şəllərəm, quyruğu yer ilə sürünər!

Murtuzov, bu sözdən xoşu gəlir kimi, qaranlıqda irişdi, onun iri iti dişləri cərgəsilə göründü.

– Baş üstə, – dedi və ətli dodaqlarını dili ilə yaladı. – Nə olar ki, nəinki atı, lap canımı da istəsəniz təhvil verərəm!

– Onda yaxşı, zəhmət çək əl-ayağa dolaşma!

– Baş üstə! Biz ancaq sizin kölgənizə güvənirik.

– Tülküoğlunun peşəsi sapma-supmadır, kiri!

– Baş üstə! Ancaq sizə görə demək istəyirdim, yəni atı daşlığa sürməyəsiniz!

Kamilov əlini qaldırıb:

– Atı təhvil ver! – dedi. – Vəssalam! Yoxsa qərar qoyub qanuna salaram!

Murtuzov qabağa keçib başını əydi və əlini qılınc kimi qaldırıb boynuna çəkdi.

– Əşi, bu bir yetim başa nə söz axı!..

Kamilov əlini uzadıb Murtuzovu yolundan bir kənara itələdi.

– Yaxşı, qılçalarıma sırmanma, qayıt!

– Mən deyirəm ki, yəni gönü suya vermək olmaz!

– Sən dabbağ atayın ərvahı, mənə cib-cib öyrətmə!..

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

XXII

Bütün gecəni dağ-daş arası, at belində yol gələn Mehman gündüz gün yağlananda rayon mərkəzinə çatdı. Prokurorun gəldiyini görən Qaloşlu adam özünü qapıya cəld yetirib Mehmanın atının cilovundan bərk-bərk yapışdı, başını qaldırıb altdan yuxarı onun üzünə irişdi:– Xoş gəlmisən, qadan alım, səfa gəlmisən!.. Bu neçə gündə gözləməkdən də gözümüzün kökü saraldı!..

19445 min
XXIII

Qaloşlu adam arzuladığı ilk açarı əldə etmiş oldu. O, bu ailədə olan azmı-çoxmu ixtilafa bələd oldu. Qaloşlu adam “daş-qaş mərəz”ini bildi. “Bax buradan, buradan açarı salmaq!” – deyə o içəridə sevindi. Qaloşlu adam fikir içində bir qədər hərlənib-fırlandı, girəvə tapıb özünü anbarın qapısından içəri saldı. Məmmədxan yenə də çotka çəkir, sənədləri aşırıb yoxlayır, qara saplı bir iynə ilə tikib düzəldirdi. Qaloşlu adamın kölgəsi içəriyə uzanıb stol üzərinə səpələnmiş kağızların üstündə gəzdi. Məmmədxan əyri-üyrü kölgəni görüncə başını qaldırıb:– Yenə xeyir ola, – dedi. – Qaloş?

19444 min
XXIV

Züleyxa xeyli vaxt, həyəcan içində qapı-bacada dolandı, sonra yenə Zərrintac Sərrafzadəgilə getdi.– Salaməleyküm, gəlin! – deyə genişlənən gözlərini dolandırdı!

19449 min
XXV

Bir axşamüstü Züleyxa bir neçə fincan moruq mürəbbəli çay içib bərk tərlədi, hərlənib eyvana çıxdı, soyuq onu o ki var, tutdu, gecə isə özünü pis hiss etdi, səhər titrədib, doğrudan da ağır yatdı. Mehman işdən qayıdanda Züleyxanın halını pərişan gördü; zəng edib həkim çağırdı. Yarım saatdan sonra həkim gəldi. O, Züleyxanın qızdırmasını ölçdü, hərarətin otuz doqquz dərəcədən yuxarı olduğunu müəyyən etdi. Bir neçə resept yazdı, Mehman Qaloşlu adamı çağırdı, reseptləri ona verdi. Qaloşlu adam dərmanxanaya yollandı. O yüyürüb aptek müdirini tapdı, reseptləri birbaş ona verib dərmanları hazırladıb gətirdi. Züleyxa gözünü açıb yanına düzülən dərman şüşələrinə baxdı, “mamamı istəyirəm, mamamı!” – deyib iztirab içində gözlərini yumdu. “Qoy anam gəlsin mənə bir yol göstərsin”. Züleyxa yüksək hərarətin içində belə qərar çıxardı: “Qoy Xatun bir də bu evə qayıtmasın...”Qaloşlu adam Züleyxanın xəstələndiyini, bəzən sayır-bayır danışdığını ətrafa yaydı. Yavər Murtuzova, Zərrintac Sərrafzadə cəld yığışıb Züleyxanı yoluxmağa gəldilər. Onlar bütün gecəni xəstənin yastığından ayrılmadılar. Mehman isə Züleyxanın qəflətən belə xəstələnməyini həqiqi bir kədər kimi qarşıladı. Getdikcə onun ürəyi daha həyəcanla döyünməyə başladı. Ancaq Züleyxa gözlərini açıb hərdənbir dil-dodağını yalayır, hey anasını arzulayırdı: “Anamı!.. Mamamı!..” – deyib israr edirdi.

19446 min

Poems by other poets