12-ci tüfəng
Şərab səfərində bir hadisənin şahidi olmuşduq. Mən onu bilərəkdən sonra yazmağı qərara aldım. Əmniyə rəisiylə və əmniyələrlə birlikdə hadisə baş vermiş kənddən digər bir dağ kəndinə getməli olduq. Əmniyə rəisi deyirdi ki, sizə arxalanıb kəndlilər bizim 12 əmniyəni tərk-silah edib gülünc vəziyyətdə Səraba qaytarıblar. Bu saat onlarda 12 tüfəng var. Bu asi kəndə divan tutmaq lazımdır.
Biz təkrar ora atlandıq. Bu kimi çıxışlara səbəb İrandakı vəziyyətdir. Kəndlilərin mülkədarlardan, dövlət məmurlarından çəkdikləri əzabların nəticəsidir.
Əmniyyə rəisi isə öz nadan fikrindən əl çəkmirdi. Birlikdə Savalan dağları ətəyinə doğru hərəkət etdik. Bahar ayı idi. Savalanın təpəsində hələ qar əriməmişdi. Atlarımızın ayaqları altından bahar çiçəklərinin qoxusu qalxırdı. Dağ yuxarı qalxdıqca təmiz havanı ciyərlərimizə çəkirdik.
Yüksəkdə bina edilmiş kəndə çatdıq. Kəndlilər çox təəccübləndilər. Əmniyyələrlə birlikdə iki hərbi sovet adamı vardı. Kəndin ağsaqqalı bizi təzimlə, ehtiramla qarşıladı. Uşaqlar bizi dövrəyə aldı. Kəndliləri başa saldıq ki, onlarla söhbətə gəlmişik. Bizi kəndin kənarında ikigöz otaqdan ibarət bir mənzilə apardılar.
Otağın mənzərəsi mənim diqqətimi cəlb etdi. Pəncərə şişələri sınıqdı. Onlara xamırlı kağızla yamaq vurmuşdular.
Bəli, bu bir yoxsul evi idi.
Divarlar isə başdan ayağa qəzetlərdən cırılmış şəkillərlə bəzənmişdi. Otağın bu bəzəyindən orada yaşayanların daxili aləmini bilmək olardı. Divarlarda Leninin, Stalinin, Nəriman Nərimanovun, sovet sərkərdələrinin qəzetlərdən kəsilmiş, şəkilləri yarışdırılmışdı. Otaqda bardaş qurub oturduq. Bizim üçün qoyun kəsmək istədilər. Yəqin gedəcəyimizi söyləyib buna razılıq vermədik. Bizə pürrəng çay gətirdilər. Söhbətə başladıq. Kənd ağsaqqallarına bildirdik ki, bu yaxınlarda bu kənddə 12 əmniyəni tərksilah etmisiniz. Tüfəngləri onlara qaytarmalısınız. Sovet hökuməti İranda silahlı çıxışların əleyhinədir.
Kəndlilər əvvəlcə əmniyələrdən silah almadıqlarını söylədilər. Əmniyə rəisi birdən başından böyük qələt edib təhqiramiz sözlər işlətdi. Ağsaqqallar qəzəbləndi. Əlbəttə, üç-dörd əmniyə bu kənddə nə edə bilərdi ki. Səfərə çıxanda biz zamin olmuşduq, kəndlilər onlara toxunmayacaqlar. İndi isə kişilənməyə, xoruzlanmağa başlayıblar.
Biz kəndliləri sakitləşdirib əmniyə rəisinə bir daha ədəbsiz danışmamağı məsləhət bildik. Kəndin ən yaşlı sakini bizdən icazə alıb yan otağa keçdi. Bir neçə nəfərlə nə haqdasa söhbətdən sonra yenə yanımıza gəldi.
– Bəli, əmniyələrdən silah almışıq. Silahlar kənddədir. İndi ki şurəvilər silahları qaytarmağı məsləhət görür, nə olar ki, qaytararıq. Ancaq bu silahları qaytarmaqla biz əliboş qalmırıq. Kəndimizə pis niyyətlə gələnləri qarşılamağa çomaqla da, baltayla da gücümüz çatar. Qoca iki nəfərə işarə verdi ki, silahları gətirsinlər. Oturduğumuz otağa əmniyələrin qabağına bir-birinin dalınca tüfənglər töküldü. Əmniyələr tüfəngləri saydılar. Otağa on bir tüfəng gətirilmişdi. Əmniyələr 12-ci tüfəngi tələb etdilər. Kəndlilər isə təkidlə 11 tüfəng aldıqlarını irəli sürürdülər.
Bu söhbətlər əsnasında digər otağın pərdəsi arasından hərdən iki baş görünürdü. Bunlardan biri örpəklə üzünü örtmüş gənc bir qadın, digəri isə on, on iki yaşlı bir qəşəng uşaq idi. Biz kəndlilərdən xahiş etdik ki, 12-ci tüfəngi də qaytarın, əmniyələr artıq əskik danışmayıb sakit olsunlar.
Ağsaqqal yenidən ayağa qalxıb yan otağa keçdi. Az keçmədən otaqdakı tüfənglərin üstünə 12-ci tüfəngi yerə tulladı. Bu dəm qapı ağzında boynunu burub dayanan uşaq fəryad qopararaq qartal ov üstünə şığıyan kimi 12-ci tıfəngin üstünə atıldı.
– Yox, bunu vermərəm, vermərəm!
Uşaq tüfəngi sinəsində sıxıb vermək istəmirdi. Kəndin ağsaqqalı və qadın uşağı güclə tüfəngdən ayırıb yan otağa apardılar. Bu tüfəng nəzərimizi cəlb etdi. Onun qundağı parçalanmışdı.
Ağsaqqal bu tüfəngin tarixini bu şəkildə danışdı. “Ağalar, əziz şurəvilər, bu kəndlərdə mülkədarların, bax bu əmniyələrin əlindən zülm ərşə dayanmışdı. Bir adamı öldürmək onlar üçün bir milçək öldürmək kimi idi.
Qonşu kəndin mülkədarı çox zalım, qəddar adamdı. Bıçaq sümüyə dayanmışdı. Bir gün həmin kəndin yoxsulları yığışıb mülkədarın yanına dərdlərini danışmağa getdilər. Mülkədar bu söhbəti öz nökərlərinə gülləsilə, atəşilə aparmağı lazım bildi...
Kəndlilərdən ölən, yaralanan oldu. Bizim kənddən həmin qonşu kəndə köməyə gedənlər oldu. Bu uşağın atası bu tüfənglə həmin kənddə mülkədarın quldurlarına qarşı atışmada iştirak etmişdi. Atışma zamanı bir-bir güllə gəlib tüfəngin dəstəyinə toxunaraq bu uşağın atasının ürəyindən dəyir. O can verərkən bu tüfəngi oğluna verməyi və atasının intiqamını zalimlərdən almağı arzu etdi.
O gündən bu uşaq həmin tüfəngi gələcək ədalət davasında atasının heyifini almaq üçün saxlayırdı. Nə olar... Bu tüfəng olmasın, başqa tüfəng olsun. Sağlıq olsun, bu divarda gördüyünüz şəkilləri ruznamələrdən həmin bu uşaq kəsib otağı bəzəmişdir. Uşağın adı Nərimandır”.
Kəndlilər və balaca Nəriman bizi kəndin kənarına qədər ötürdülər. Mən ayrılarkən Nərimanın alnından öpdüm.
Bütün yol boyu onun haqqında düşünürdüm. Yazdığım “12-ci tüfəng” poeması bu hadisənin bəhrəsidir.
1967-ci ildə mənə əl boyda bir kağız verdilər. Bu, Cənubi Azərbaycandan idi. Yazının müəllifi radio ilə mənim “Əzizlərdən əzizlərə” şerimi dinləyib onu yazılı surətdə məndən istəyirdi. Yazının altından “N” yazılmışdı. Çox düşündüm. Nəhayət, sevincimdən nə edəcəyimi bilmirdim. Bəli, bunu mənə, 25 il sonra kənddə gördüyüm, taleyindən nigaran qaldığım Nəriman yazırdı.
Bəli, uşaq çağında gördüyüm Nəriman indi yəqin vətənpərvər, zəhmətsevər bir mübarizdir.
Səhra kəndindən Sərab yoluyla Təbrizə qayıtmalı idik. Bu səfərdə Ərdəbil səfərində olan dostum yox idi. Bu səfərdə mənimlə Şahgəldiyev Həsən vardı. Buna görə də məzəli hadisələr də baş vermirdi.
Bu yolda yenə bir hadisəylə üzləşdik. Bizi əyləndirib şikayətləndilər ki, Duz-duzan kəndində bolşeviklər var. Mülkədarları sıxışdırıblar. İndi də Duz-duzandayıq. Kənd əhalisi ilə mülkədar arasında gərgin mübarizə gedir. Mülkədar öz qohumları və nökərlərilə uca barılı malikanəsinə çəkilib guya özlərini təhlükədən qoruyurlar. Onlarla danışığa girmək istəyənlərə barının gözlərindən atəş açırlar.
Burada bir nəfər özbaşına kəndlilərə rəhbərlik etməyə başlamışdı. Heç bir təşkilatla əlaqəsi olmadan özünü bu kənddə bolşeviklərin müvəkkili adlandırırmış.
Onun hərəkətlərilə yaxından tanış olduq. Cibində bir siyahı vardı. Ətraf kəndləri dolaşıb kim bolşevik olmaq istəyirsə yazılsın deyə adamların adını cibindəki kağıza qeyd edib onlardan üzvlük haqqı toplamışdı. Topladığı parayla guya silah alacaqmış. Lakin məlum oldu ki, o topladığı pulları öz xeyrinə istifadə etmişdi.
Bu özbaşınalıq edən adamı kəndin qabaqcıl adamları arasında ifşa etdik.
Kəndlilər mülkədarlardan çox şikayətləndilər.
Bu kənddə baş verən hadisələrə son qoymaq lazım idi. Kəndlilərə dedik ki, onlar mülkədarın malikanəsindən uzaqlaşsınlar. Biz özümüz onunla danışarıq.
Həsən Şahgəldiyevlə mülkədarın malikanəsinə yönəldik. Bizə atəş açan olmadı. Əksinə, barı üstündən çubuq başında ağ yaylıq göründü. İran torpağında nə bir xan, nə bir mülkədar cürət edib sovet zabitinə, sovet əsgərinə əl qaldıra bilmirdi. Mülkədar malikanəsinə kəndli nümayəndələrini çağırtdırdıq. Mülkədarla söhbətə girdik. O kəndlilərdən çəkindiyini, kəndlilər isə ondan çəkindiklərini söyləyirdilər. Mülkədar söz verdi ki, daha kəndlilərə qarşı əl qaldırmayacaq. Yalvardı ki, kəndlilər də ona toxunmasınlar.
O özünün və övladlarının həyatı üçün çox qorxduğunu söyləyirdi.
Mülkədar qələmi əlinə alıb bir kağıza bir neçə cümlə söz yazaraq bizə təqdim etdi. O bu yazıda kəndlilərə zülm etməyəcəyinə söz verirdi. Yalvardı ki, kəndlilər də belə bir kağız yazıb sizə versinlər, mən də arxayın olum.
Nə etmək olardı. Duz-duzanlılardan bir nəfər eyni ruhda bir kağız yazdı ki, daha mülkədara və ailəsinə qarşı silah işlətməyəcəklər.
İki parça kağızı cibimizə qoyub Duz-duzandan Təbrizə doğru hərəkət etdik.
Kitabxana.az · https://kitabxana.az/en/works/suleyman-rustem-12-ci-tufeng-2
Use ← → keys to move, R for a random poem
More by this author
Mən könlümə həmdəm səni sandım.Saymazyana keçdin göz önümdən,
Ürəksiz getməSevdiyin gözəlin ilk görüşünəSən çalış əliboş, çiçəksiz getmə!
Qoy sevməsinKüsdü yar məndən, nəhayət, sevməyir qoy sevməsin,Eyləməz könlüm şikayət, sevməyir qoy sevməsin.
Yazmışam adınıSöyləmə, sevgilim, vəfasız mənə,Mən ki, yad edirəm hər zaman səni.
Poems by other poets
تازه گشت از تو روزگار کهن
Əcəb bilsəm bəni şeyda qılan kimƏcəb bilsəm bəni şeyda qılan kim?Bana bu eşq odın peyda qılan kim?
Mürəbbe: Gedərdi sinəmdən bu dağ həsrətGedərdi sinəmdən bu dağ həsrət,Əgər sənin cəmalını görsəydim,
Tarixi-Cədidi QarabağMİRZƏ RƏHİM FƏNAMirzə Rəhim Fəna (1841-1929) Azərbaycanın tanınmış şairi və ictimai xadimlərindən biridir. Xan qızı adı ilə məşhur olan Xurşidbanu Natəvanın yanında xidmət etmişdir. 1864-cü ildə Mirzə Rəhim Fənanın təşəbbüsü ilə Şuşada "Məclisi-üns" ədəbi məclisi yaradılmışdır. Sonralar da o, məclisin rəhbərlərindən biri olmuşdur. "Məclisi-üns" haqqında dəyərli xatirələri ikicildlik "Azərbaycan ədəbiyyatı" əsərində əlavə şəklində çap edilmişdir. Şeirlərindən nümunələr inqilabdan əvvəlki dövri mətbuatda: "Təzkireyinəvvab", "Riyazül aşiqeyn" əsərlərində çap olunmuşdur. Tarixə və ədəbiyyata geniş marağı olan Mirzə Rəhim Fənanın "Tarixi-cədidi Qarabağ" əsərindən yalnız bəzi fraqmentlər mühafizə edilmişdir ki, oxuculara təqdim olunur. Əsərin ərəb əlifbasından transliteriyasını Arif Ramazanov etmişdir.