Arzumdur, ömrümdən keçən hər gecəm,Həmişə günəşli gündüzə çıxsın.Qoca balıqçıtək göllərə deyil,Yelkənim dalğalı dənizə çıxsın.

Cənubun dərdinə şahiddir yaşım,Savalandan betər ağarıb başım.İnansın sözümə bacım, qardaşım,Kim istər o eldə qan dizə çıxsın?!

Deyirəm, sönməsin göylərdə Ay, Gün,Kim dünən yatıbsa ayılsın bu gün,Namuslu bir oğul sayılsın bu gün,Adı el içində təmizə çıxsın!

Yanımdan yel kimi ötdükcə hər il,Görün nələr deyir bu şair könül:Nyu-Yorka deyil, Parisə deyil,Mənim uzun yolum Təbrizə çıxsın!

Məndən gileylidir dostlarım bir az,Yetir sözlərimi o taya, Araz!Süleyman vəfasız olmayıb, olmaz,Gəlirəm, lalələr qoy düzə çıxsın!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Homeland