Bəli, biz xaricdə idik. Müharibənin gərgin zamanı hər cür xeyrimizə olmayan hadisələrdən qorunmağı bacarmalı idik. Hər birimiz sayıqlığı nəzərdən qaçırmamalıydıq.

Çünki düşmən çox hiyləgərdi. Hər yerdə onun adamları ola bilərdi.

Təbrizdə bir qrup azəri həkimi vardı.

Bu həkimlər əhaliyə böyük yardım göstərirdi. Hətta Təbrizdən başqa digər mahallara gedib yerində cənublu qardaşlarımıza, bacılarımıza tibbi kömək əllərini uzadırdılar.

Təbrizin özündə bir sovet xəstəxanası da açılmışdı. Bu xəstəxanada təmənnasız xəstələri müalicə edirdilər. Ümumiyyətlə, İranda xəstələrin vəziyyəti çox fəna idi. Apteklərdə dərman çox baha qiymətə satılırdı. Yoxsulların dərman almağa qüvvəsi çatmırdı. Mustafa Quliyev və Qədimov kimi həkimlərimizin şöhrəti hər yerdə yayılmışdı.

Həkimlərimiz həmişə xalq arasında olurdu.

Onların yaşayış yeri Gülüstan bağındakı bina idi. Gülüstan bağını başı göyə ucalmış ağaclar bəzəyirdi. Bağda böyük bir hovuz vardı. Hovuzda çoxlu qəşəng balıq üzürdü. Qışda hovuzun suyu qalın buz bağlayırdı. Balıqlar hovuzun dibinə çəkilirdi. Gülüstan bağında Rza şah Pəhləvinin heykəlini təbrizlilər çoxdan uçurmuşdu.

Qış günlərindən biri idi. Mehmanxanada bizə xəbər çatdı ki, Gülüstan bağında yaşayan həkimlərimiz bir xarici casus tutublar. Mən tez özümü oraya çatdırdım. Casusu görmək istədim. Bir otaqda gənc bir adam vardı. O çox səliqəylə geyinmişdi.

Bizim həkimlər azəricə və rusca deyirdilər ki, suallarımıza cavab vermir. Rus deyil, bəlkə də dilimizi bilir və bilərəkdən cavab vermir.

– Deyirik bunu bağdakı buz bağlamış hovuza ataq. Onda əqli başına gələr suallarımıza cavab verər.

Bu kimi sözləri dinləyən adam birdən mənə rusca dedi ki: – Yoldaş mayor, qoy bu adamlar bayıra çıxsın. Sizə sözüm var.

Mən həkimlərdən xahiş etdim. Onlar otağı tərk etdilər.

Bu adam dedi ki: “Xahiş edirəm. Bizi daha yüksək rütbəli yoldaşlara çatdırın. Məni burada saxlamasınlar. Mənim vacib işim var. Mən kəşfiyyatçıyam. Sovet adamıyam. Bir neçə dil bilirəm. Buraya mühüm tapşırıqla gəlmişəm. Axşam bir adamla görüşüm olmalıdır. Bu görüşdən çox şey asılıdır. Düşmən kəşfiyyatçıları burada əl-qol açmamalıdırlar. Mənə inanmırlarsa, sizin rütbəli yoldaşlara harda görüşə gedəcəyimi deyə bilərəm. Qoy onlar məni nəzarət altında həmin yerə çatdırsınlar”.

Mən bu adamın xahişini yoldaşlara yetirdim. Nəticəsilə maraqlanmadım.

Lakin həkimlər tutduqları casusun əsl casus olmadığını bildikdə yaman pərt oldular.

Təbrizdə İngiltərənin, Türkiyənin də konsulluğu vardı.

İngilis konsulluğunun katibi eni-uzunu bir yaşlı adamdı. Bu adam həmişə sovet adamlarına hədiyyələrlə yaxınlaşmaq istəyirdi.

Xüsusilə Bakıdan gəlmiş opera teatrının balet qızlarına hədiyyələr təklif edirdi.

Lakin bizim qızlar bu hədiyyələrə yaxın gəlmirdi. Təbrizə gələn ingilis zabitləri də qəhvəxanalarda, restoranlarda, hətta tamaşa salonlarında çox kobud hərəkətlər nümayiş etdirirdilər. Bu hərəkətlərin şahidi olan təbrizlilər sovet ordu nəfərlərinə böyük hörmət və məhəbbət bəsləyirdilər.

Küçələrdə, ictimai yerlərdə onlara yaxınlaşıb səmimi söhbətə girişirdilər.

Müharibə illərində İran torpağında olmuş sovet adamları sovet vətənimizə alnıaçıq, üzüağ qayıtdılar.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets