Təbriz zindanında
Page 2 of 2 · 50%
Bu yazıçı mənə çox qəribə bir təklif də etdi. Deyirdi ki, şair gərək həmişə cananlar arasında vaxt keçirsin.
Məni şəhərkənarı bir bağa çağırırdı. Guya orda çəmənlikdə iki gözəl qadınla oturmalıydıq.
Mən hərbi şair olduğumu bəhanə edib bu dəvətdən boyun qaçırtdım.
Bir gün yanıma yaşlı bir qadın gəlmişdi. Bu qadın deyirdi ki, “Kürdüstan valisinin xanımı Kürdüstanda olan ərindən çox nigarandır. Onun xanımı bu haqda şəxsən mənimlə görüşüb söhbət etmək arzusundadır.
Oraya getsəm könlüm açılacaqdır. Orada kişi tayfasından bir kimsə olmayacaqdır. Valinin xanımı, bir çalan və bir də oxuyan iki xanım olacaqdır”.
Bu qəribə dəvəti də rədd etdim.
Əlbəttə, bu validən nigarançılıq məsələsi deyildi. Validən dürüst xəbər tutmaq üçün bir çox başqa vasitələr vardı. Mən sovet vətəndaşı olduğumu, bu adı heç bir vəchlə ləkələməməyi nəzərə alıb bu əcaib təklifdən yaxamı qurtardım.
Təbrizlilərin hörmət və məhəbbəti hədsizdi.
Evlərdə bizə çox ləziz, rəngarəng yeməklər hazırlayırdılar.
Restoranlarda yeməklər yaxşı idi. Zənnimcə, Cənubi Azərbaycan yeməkləri, Cənubi Azərbaycan mətbəxi dünyada birincidir.
Restoranların, evlərin qarşısından keçəndə xörəklərin ətri adama iştaha gətirir. Yadımdadır. Tehranda Şah sarayında banket olanda Tehrandan Təbrizə təyyarə gələrdi, Təbriz aşpazlarını Tehrana xörək bişirmək üçün aparardılar. “Xurşid” restoranında qəribə qayda var.
Müştəri içəri girir. Bir miz arxasında oturur. İki dəqiqə ərzində xidmətçi süfrəyə göyərti, çörək, qatıq, dolma və əlli qram araq gətirir. Deyirsən ki, “Ağa, mən bunu istəməmişəm”. Cavab alırsan ki, “Ağa, bu bizim restoranın sizə məccani xidmətidir. Sonra kefiniz nə istərsə buyurarsınız”.
Restoran bu yol ilə özünə müştəri toplayırdı.
Burada pivəni duzda qovrulmuş püstə və ya badamla içirlər.
Təbrizdə cızbızxanada çox adam olur.
Bir kababxana da vardı ki, orada ağciyərdən, qaraciyərdən, böyrəkdən, ürəkdən və ağ ətdən dadlı kabab hazırlayırdılar.
Təbrizli dostlar bizi tez-tez bu yerlərə aparırdılar. Bir gün mən onları qonaq etməli idim. Birdən gördüm ki, yanımda pulum bir qədər azdır. “Vətən yolunda” qəzeti redaksiyasına getdim. Vaxt gec idi. Bizim maliyyə işlərinə baxan İsrafil Cahangirovu tapdım. Ona məsələni anlatdım. O dedi ki, əlimdə bir şey olmalıdır ki, mən də sənə pul verə bilim.
Təzə şerin varsa ver, sənə avans verim, təzə, hazır şerim yox idi.
Oturub on dəqiqənin içərisində “Araz qırağında” adlı qəzəli yazıb ondan lazımi qədər para ala bildim.
Qəzəl belə başlayırdı:
“Həmişə nalə olur aşiqin dodağında
Sevimli, qəmzəli bir dilbərin fərağında”.
Cənubi Azərbaycanda ayılmanın, milli qürurun, vətənpərvərliyin təzahürünün qarşısına sədd çəkmək istəyən şovinistlər yox deyildi. İranın mədəniyyətinə dünya şöhrəti qazanmış şair, alim oğullarına bizim böyük məhəbbətimiz vardır.
Nədənsə azərilərin öz milli mədəniyyətinin ədəbiyyatının inkişafı yolunda atdığı addımlar Tehranda və Təbrizdə oturan bir para ağaların xoşuna getmirdi.
“Vətən yolunda” qəzetinə mənim adıma tək-tük qəribə imzasız məktublar gəlirdi. Bir məktub müəllifi yazırdı ki, azəri dilində şeir yazmaq olmaz.
Bu “Türkə xər” dildir. Şeir yalnız və yalnız fars dilində yaranar.
Görünür, bu nadan dünya mədəniyyətindən, ədəbiyyatdan xəbərsizdi. Cahildi... Təhqiramiz məktuba mən bu şeirlə cavab verdim.
Mən sənin dilinə dəymirəm, sən də,
Gəl mənim bu ana dilimə dəymə.
Sənin də bağın var, gülün var, çəkin,
Bağımda əkdiyim gülümə dəymə!
Həsədlərlə baxdın çəmənimə sən,
Gör bir nələr etdin vətənimə sən –
Yan deyib, od vurdun bədənimə sən,
Altında atəş var, külümə dəymə!
Mən ağa ağ dedim, qaraya qara.
Sən məni istədin çəkəsən dara.
Təzəcə sağalır vurduğun yara,
Mənim bu yaralı könlümə dəymə!
Bu şeir bütün Təbrizə yayıldı. Dostlarımız aldığım məktubun azəri xalqının düşmənləri tərəfindən yazıldığını bildirib mənə təsəlli verirdilər. Nə isə, bir imzasız məktub da gəldi. Ona da bu misralarla başlayan şeirlə cavab olaraq yazdım.
Kim nə deyir desin, kim gülür gülsün,
Mən də öz yerində gülən şairəm.
Ağzın süd qoxuyur, körpəsən hələ
Mən xalqın dilini bilən şairəm!
Vətənim öl desə, ölən şairəm.
Bu şeirdən sonra imzasız məktubların arası kəsildi.
Bu şeri, xüsusilə “Dilimə dəymə” şerimi Cənubi Azərbaycanda gənclər, məktəblilər əzbərləyib səhnədə oxuyurdular.
Cənubi Azərbaycanda azadlıq hərəkatı müvəqqəti yatırılan zaman çox oğullar qurban getdi. Hətta Tehrandan Təbrizə varid olan qoşun qabağında azəri balalarını qurban deyə boğazdan kəsmişdilər. Təbrizdən qayıdan Cəbrayılov yoldaşın dediyinə görə, hər yerdə mənim “Dilimə dəymə” şerimi oxuyan gənci söyə-söyə, döyə-döyə öldürüblər.
“Dilimə dəymə”, “Vətən yandı”, “Təbrizim” və qeyri şeirlərimə nəzirələr yazan, mənə şeir ithaf edən gənc şairlər də vardı. Mən Cənubi Azərbaycanda bir ildən artıq oldum. Bu müddətdə kişilərə qardaş, yaşlı qadınlara ana, qızlara bacı gözüylə baxdım.
Cənubi Azərbaycanda olduğum müddətdə kimsənin rütbəsinə, şöhrətinə qarşı özümdə qısqanclıq əlaməti duymadım. Vaxtımı həmişə xalq arasında keçirməyə çalışdım.
Orada məndən başqa da azəri sovet yazıçı və şairləri vardı. Osman Sarıvəllinin də bir sıra gözəl, tutarlı, hədəfə dəyən şeirləri cənublular tərəfindən sevilə-sevilə oxunurdu. Orada ziyalılarımızdan bir nəfər də vardı. Mən onu içərisində görmürdüm.
O mənzilində yağlı yeməklər yeməklə və şair qardaşını ağız dolusu təriflə və başqa şairlərlə müqayisə edərək üstün tutmaqla məşğuldu.
Şeirlərimə görə qazandığım az-çox hörmətə qarşı onda böyük qısqanclıq hisslərinin coşduğunu görürdüm. Məni istər bizim konsulluqda və istərsə Təbriz rəsmi orqanları tərəfindən verilən ziyafətlərə tez-tez dəvət edərdilər.
Bu ziyalı dostumuz bunu özünə dərd elərdi. Əziz Əliyevi və başqa yoldaşları bu münasibətlə məzəmmət edərdi. Nəhayət, bir axşam bizim yoldaşlar qubernatorun verdiyi ziyafətə onu da apardılar. Banketdə Avropa qaydasıyla hamı ayaq üstə yemək yeyirdi.
Bizim dostumuz məclisə ləkəli, yağlı paltarla gəlmişdi. Məclisə plov gələndə özündən uzaqda olan bir yoldaşı bağıraraq yanına çağırdı. Plova qaşıqla yox, pəncəylə hücum etdi. Bunu görən Əziz Əliyev mənə dedi ki, “Süleyman, biabır olarıq, get o yoldaşlara de ki, xəlvəti məclisdən çıxıb getsinlər”.
Mən bunu edə bilməyəcəyimi bildirdim.
Bu axşamkı banketdən birtəhər üzüsulu evə qayıtdıq. Əziz Əliyev yoldaş həmin dostumuzu xeyli məzəmmət etdi. Daha bundan sonra təşkil olunan qonaqlıqlara onu aparmadılar.
Həmin dostumuz isə bunun günahını özündə yox, məndə görürdü. Onun fikrincə, biz hamımız gərək bütün rəsmi məclislərdə, banketlərdə, yığıncaqlarda bir sözlə, hər yerdə onun qardaşından danışmalı idik. Halbuki qardaşının buna heç ehtiyacı yox idi.
Arada mən Bakıda olduğum zaman öyrəndim ki, həmin dostumuz şair qardaşına məktub yazıb məndən şikayətlənirmiş.
Mən hər yerdə, hər zaman bir sovet adamı olduğumu nəzərə almışam. Həmişə vətən və xalq işində bacardığım qədər çalışmağa can atmışam.
Bunu qələm dostlarım yaxşı bilirlər.
Müharibənin ən gərgin çağları idi. Bakıya qayıtdım. Bakıdan isə cəbhəyə, milli diviziyalara əsgərlər arasında çalışmağa getməli idik.
Təbriz, təbrizlilər gözlərimin qabağından getmirdi. Xüsusilə biz Təbrizə ilk dəfə gələndə bir konsertdə bir az yoxsul geyinmiş beş-altı qız səhnədə xalça üstdə oturub mahnı oxuyurdu. Bu mahnının bir bəndi indi də yadımdadır.
Gülüstan bağının qapısı dəmir,
Əlini ver əlimə, şurəvi gəlir.
Kitabxana.az · https://kitabxana.az/en/works/suleyman-rustem-tebriz-zindaninda-2
Use ← → keys to move, R for a random poem
More by this author
Könlüm yenə min şövq ilə, canan, səni istər,And olsun əziz canına ki, can səni istər.
Son məktubYenə canlandı əski xatirələr,Yenə gördüm önümdə sevgilimi.
Yadıma düşdüXatirat dəftərim durur qarşımda,Dolaşır bir ölməz sevda başımda.
O sənin ürəyindirİllərcə bu köksümdə solmayan bir çiçək var,O sənin çiçəyindir, o sənin çiçəyindirl
Poems by other poets
Ey sülatin, nə xəşmlü baxırsanSən deyən günahkar yamən deyiləm
Gəraylı: Könlüm istər görəm yarıKönlüm istər görəm yarı,Üç gündə bir, beş gündə bir,
ZibaGedirdim xublar toyuna,Çıxmışdıq düz yola, Ziba!
Təcnis: Tanrı üçün əlac elə dərdiməTanrı üçün əlac elə dərdimə,Səndən ötrü mən ha düşdüm yüz dərdə.