Azərbaycanımda yaxşı ki, varam,Söz gülüstanımda yaxşı ki varam.

Döyüşlərdə çaldım mən rübabımı,Qəlbimdə gəzdirdim inqilabımı,Dostluğa həsr etdim hər kitabımı,Bu yazı-pozumla yaxşı ki varam,Baharım, yazımla yaxşı ki varam.

Qələm düşməyəcək əlimdən mənim,Şeirlər mahnılar dilimdən mənim.İz qalır hər ötən ilimdən mənim,Dost, qardaş ellərçin yaxşı ki varam,Xoşbəxt nəsillərçin yaxşı ki varam.

Könül, arzu dolu ürəklərə bax,Bu canlı güllərə, çiçəklərə bax,Bax bu gözəllərə, göyçəklərə bax.Bu yaxşı dövranda, yaxşı ki varam,Hər yerdə, hər yanda yaxşı ki varam.

Səsim gah arandan, gah dağdan gəlir.Min çəməndən gəlir, min bağdan gəlir.Sorağım yaxından, uzaqdan gəlir.Dərya həvəsimlə yaxşı ki varam,Şair nəfəsimlə yaxşı ki varam.

Uca dağlardan da ucadır başım,Nə qızılım vardır, nə də daş-qaşım.Saysız-hesabsızdır, dostum, qardaşım,Bu nadir varımla yaxşı ki varam,Günəş vüqarımla yaxşı ki varam.

Düşmənin gözünə bıçaqdır adım,Anamın dilində uşaqdır adım,Həsəddən, qeybətdən uzaqdır adım.Belə sərvətimlə yaxşı ki varam,Yaxşı sənətimlə yaxşı ki varam.

“Sən kimsən” deməyin mən Süleymana,Sadiq bir övladam Azərbaycana.Dünəni, bu günü hələ bir yana,Onun sabahında yaxşı ki varam,Vətən pənahında yaxşı ki varam!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Nature and spring