Birinci şəkil
Page 1 of 2
Səhnə Kərbəlayı Nəbinin qonaq odasını göstərir. Otaq bəzəkli bir otaqdır. Üç tərəfdən qapı açılır.
Pəri Cahan (odanı nizama salarkən söylənir). Kişilərdə heç vəfa olmazmış. Xanım öləni heç bir ay olmaz, ağa evlənmək fikrinə düşübdür. Yaşı da əlli beşdən yuqarıdır. Xanımın vəfatından bəri şadlığından bilmir ki, nə etsin. On beş yaşında cavan kibi gah oquyur, gah oynayır, gah güldən dəm vurur, gah bülbüldən. Bir söz eşq başına vurmuş. Ancaq başa düşə bilmirəm ki, bu eşq kimədir. Məndən başqa burada arvad yoqdur. Ağa əvvəllərdə mənlə mazaqlaşardı. Məni cimdiklərdi. Mənə söz atardı. Yəqin bu eşq mənədir. Nə yaqşı iş olardı ki, birdən ağa məni alaydı. Bu evə xanım edəydi. Odur oquya-oquya gəlir.
Kərbəlayı Nəbi (əlində həna daxil olur.)
Məzəlim ay məzəlim,
Gözəlim ay gözəlim,
Mən səni çoq sevərəm,
Mən səni çoq sevərəm.
Ay qız ey iləri gəl. (Pəri Cahan iləri gəlir, saqqalını göstərərək.) De görüm bu nədir?
Pəri Cahan. Buy, ay ağa nə deyirsən? Saqqaldır dayna.
Kərbəlayı Nəbi. A kişilər, bu qız düz iyirmi beş ildir ki, mənim evində quluqçudur. Mən bu «dayna» sözünü buna tərk etdirə bilmədim. A mürtəd qızı mürtəd! Xayır saqqal deyil.
Pəri Cahan. Ağa bəs nədir?
Kərbəlayı Nəbi. Nə bilim nədir? Süpürgə çöpüdür. Koldur, kosdur, qanqaldı. Hər nə zibil isə ancaq saqqal deyil.
Pəri Cahan. Ay ağa nə danışırsan? Üzdə də qanqal bitərmi?
Kərbəlayı Nəbi. Elə mən də onu səndən soruşmaq istəyirdim. Bu gün məni sən kafir qızı tay-tuşlar yanında biyabır etmisən. Hər kəs görür, deyir ki, Kərbəlayı Nəbi nə bərk qocalmısan. Balam mən hardan qoca oldum? Çoq olsa çoq olsa otuz, otuz beş sinnim var.
Pəri Cahan. Vaxsey, ay ağa nə deyirsən? Demək mən bu evə quluqçu gələndə sən on yaşında uşaq idin?
Kərbəlayı Nəbi. Kəs səsini kafir qızı kafir. Dəli şeytan deyir, bu saqqalı, bığı qırqdır, tək yerə, iyirmi beş yaşında cavan ol. Onda da deyəcəklər ki, Kərbəlayı Nəbi qommunist olubdur.
Pəri Cahan. Ağa, Maral xanım belə bizim qonşumuz hər gün küçədən gedəndə mənə deyir ki, gəl səni də bolşevik eləyim.
Kərbəlayı Nəbi. Ay qız nə deyirsən? Bolşevik!
Pəri Cahan. Ağa vallah doğru deyirəm. O aqşam Məşədi Səfdərqulu yenə evə piyan gəlib yazıq Qız xanım dəyməyə başladı. Onun qışqırığına Maral xanım gəlib çıqdı. Vallah ağa, Məşədi Səfdərqulunun üstə elə qışqırdı ki, kişi qorqusundan piyanlıqdan lap ayıldı. Maral xanım dedi: Bir də eşidəm ki, sən arvadını dəyürsən, ya incidirsən, dutub çeqaya salacağam.
Kərbəlayı Nəbi. Çeqaya?
Pəri Cahan. Bəli, çeqaya!
Kərbəlayı Nəbi. Bilmirəm bu kafir qızı haradan gəlib mənə qonşu oldu? Pəri Cahan, bolşeviklər kafirdirlər. Onlar allahı inkar edirlər. Peyğənbərə, imama, müştəhidə, pirə inanmırlar. Birdən əqlini unudub onlara qoşularsan, onda İnkir-Minkirə nə cavab verəcəksən. Məyər cəhənnəmin odundan qorqmursan?
Pəri Cahan. Xayır, ağa, mən elə dinsizlərə qarışmaram, arxayın ol.
Kərbəlayı Nəbi. Bilmirəm bu şeytanı sən haradan mənim yadıma saldın. Lap ovqatımı təlx etdin. Xülasə xalasına lə’nət. Gələk saqqal məsələsinə. Bir də görüm mənim bu saqqalım əvvəllərdə nə tevr olardı?
Pəri Cahan. Ağa, qap-qara şəvə kibi.
Kərbəlayı Nəbi. Belə atan oldu rəhmətlik. Onu şəvə kibi edən kim olardı?
Pəri Cahan. Belə mən. Həftədə iki dəfə, üç dəfə xina qoyub yuyardım. Saqqalın da qap-qara kömür kibi olardı.
Kərbəlayı Nəbi. Bəs onu indi neyə etmirsən a zalım qızı?
Pəri Cahan. Ağa, dedim yəqin xanımın yasını saqlayırsan. Onun üçün də saqqalına xina qoymursan.
Kərbəlayı Nəbi. Xub, biri öləcək, biri dünyaya gələcək, burada saqqalın günahı nədir ki bu günə düşsün?
Pəri Cahan. Ağa buyurarsan elə bu gecə saqqalına xina qoyaram.
Kərbəlayı Nəbi. Gecə nədir? Elə indicə bu xinanı suya qoyarsan. Bir azdan sonra da saqqalıma yaqarsan. Bu gecə xeyir işim var.
Pəri Cahan. Ağa, o necə xeyir işdir?
Kərbəlayı Nəbi. Sən bilmirsən ki, o necə xeyir işdir? Görmürsən ki eşq topuğuma vurubdur?
Pəri Cahan. Ay ağa eşq adamın başına vurar.
Kərbəlayı Nəbi. Eşq mənim başıma da, döşümə də, belimə də, əlimə də, ayağıma da, hətta bağırsaqlarıma da vurubdur. Cəmi vücudum eşq oduna yanır. Bu dəmdə mənə bir spiçqa vursan şam kibi əriyib təkülərəm. Mən qabaqda eşqə, meşqə inanmazdım. Deyərdim elə şey yoqdur. Onu şairlər icad ediblər. Demə kişilər doğru deyirmiş. Nədir eşq? «Məhəbbət, bir bəla şeydir giriftar olmayan bilməz.» Vallahı ki belədir. İndi Pəri Cahan iş sənə qalıbdır.
Pəri Cahan. Ağa mən razıyam.
Kərbəlayı Nəbi. Ay saq ol, mənim əqilli Pəri Cahanım.
Pəri Cahan. Ancaq ağa, gərək bir az səbr edək; el bizə nə deyər? Bir aydır ki, xanım ölübdür. Heç olmasa qoy qırqı çıqsın.
Kərbəlayı Nəbi. Xeyir, xeyir, eşq məni yaman hala salıbdır. Davam edə bilmirəm. Gərək bu gecə nə tevr olsa iş bitsin. El özü çoq yaqşı bilir ki, müsəlman olan şəxs heç bir gün də arvadsız dura bilməz.
Pəri Cahan. Ağa, bəs mən bu otuz ili necə ərsiz qalmışam?
Kərbəlayı Nəbi. O da sənin səfehliyin. Müsəlman qızı elə ki, doqquz, on yaşına çatdı ver getsin ərə.
Pəri Cahan. Ağa sənin fikrin odur ki, elə bu gecə kəbin kəsilsin?
Kərbəlayı Nəbi. Bəli.
Pəri Cahan. Axı mənim vəkilim yoqdur.
Kərbəlayı Nəbi. Sən vəkili neylirsən?
Pəri Cahan. Bəs qız tərəfdən vəkil lazım deyilmi?
Kərbəlayı Nəbi. A səfeh qızı səfeh. Nə danışırsan? Məyər mən səni alıram?
Pəri Cahan. Bəs kimi alırsan? Mən elə bilirəm məni alırsan.
Kərbəlayı Nəbi. Səni? Ha-ha-ha-ha... Dünyanın çopuru elə mənə qalmışdı. Sən elə çopursan ki, başdan bir çuval darı təksən bir dənəsi də yerə düşməz. Bir Pəri Cahana baq, kül olsun o cahanın başına ki, sənin kibi pərisi var. A kişilər mən bu ad qoyan ata-anaya lap məhəttəl qalmışam. Görürsən meymunə oqşayan qızlara ad qoyurlar. Dürrü-nisa, Mələk-mənzər, Mahi-taban.
Pəri Cahan. Yaqşı məni almırsan, bəs kimi alırsan?
Kərbəlayı Nəbi. Belə gözəlini, məzəlini.
Pəri Cahan. Məzəli kimdir?
Kərbəlayı Nəbi. Belə Şevkət, mənim canım ona qurban olsun.
Pəri Cahan. Vaxsey, gör bu qoca kaftar, nə fikrə düşübdür. Şevkətin heç on bir yaşı tamam deyil, o hələ gəlin oynadır.
Kərbəlayı Nəbi. Elə mən də onun ilə gəlin-gəlin oynayacağam. Bir də baqıb görəcəklər ki, Dünyaya bir bap-balaca bəbə gəlibdir. Oynatsın nə qədər kefi istəyir.
Pəri Cahan. Mən bu işə heç vaqtı razı ola bilmərəm.
Kərbəlayı Nəbi. Səfeh qızı səfeh, sən mənə qəyyumsan ki, razılıq istəyim. Elə sən cəhənnəmə razı olma.
Pəri Cahan. İndi ki belə oldu. Mən bu işi pozacağam.
Kərbəlayı Nəbi. Necə pozacaqsan?
Pəri Cahan. O mənim işimdir.
Kərbəlayı Nəbi. Yenə bilək də...
Pəri Cahan. Belə Maral xanıma deyəcəyəm, o da səni bu işin üstə dutub çeqaya salacaqdır.
Kərbəlayı Nəbi. A balam, Maral xanıma nə dəxli var? Şəriət təriqi ilə evlənirəm. Doğru deyiblər ki, arvadın heç əqli olmaz. Öz xeyrini anlamaz. Gəl sən mənim işimi düzəlt mən də sənin işini... O günü Məhəmməd-Əli mənim yanıma gəlmişdi, mənə baş sağlığı verəndən sonra dərdini açıb dedi: kərbəlayı, mən Pəri Cahanı bəyənmişəm. İzn versən, elçi göndərərəm dedi.
Pəri Cahan. Ay ağa, sən allah doğru deyirsən?
Kərbəlayı Nəbi. Məndən heç yalan eşitmisən? Gör sənə nə cüt cehiz verəcəyəm? Səni istəyən adam bir elə gözəl oğlandır ki, görən kibi eşq mənim kibi topuğuna vuracaqdır. İndi de görüm razısanmı?
Pəri Cahan. Əlbəttə razıyam.
Kərbəlayı Nəbi. Onda gedək sən saqqalıma xina qoy, mən də nə edəcəyimi söyləyim. (Gedirlər. Sonra Şevkət ilə Əli əllərində quqla daxil olurlar.)
Kitabxana.az · https://kitabxana.az/en/works/suleyman-sani-bir-esqin-neticesi-birinci-sekil
Use ← → keys to move, R for a random poem
More by this author
...On doqquzuncu ildə, mayın axırında, yay tə’tili münasibətilə Bakıdan vətənə qayıdırdım. Bir neçə ildən bəri ayrıldığım qohum-əqrəbam ilə tez görüşmək arzusu, Kiçik Qafqaz dağları başında yayılmış gözəl ab-havalı və mənzərəli «Ş» şəhərini yenidən bir də görmək şövqü mənə isti yolun əziyyətini unutdururdu. Günəş dağlar arxasına keçərək qayıb olduqda mən də şəhərə varid oldum.Səhər saat doqquzda Sona xalanın qapısını döydüm. Sona xala qapını açdı. Məni görcək boynuma sarıldı.
ZarafatŞaki qırx yaşlı bir aktyor idi. 15 yaşından başlamış könüllü sifətilə teatrlarda, müsamirələrdə iştirak etmişdi və hər növ əziyyətə qatlaşıb indi 25 illik səy’ və zəhmətilə iqtidarlı bir aktyor olmuşdu. Yoldaşları Şakinin xatirini istərdilər, onunla zarafat etməyi sevərdilər. Lakin Şaki son zamanlarda çox əsəbi olduğuna görə zarafatdan xoşu gəlməzdi, incıyərdi. Yoldaşları isə, buna baxmayaraq zarafatlarını daha da şiddətləndirirdilər.Şaki nənəsi ilə bərabər bir balaca otaqda yaşayırdı. Püstə nənə 70 yaşlı bir qarı idi. Uşaqlıqdan yetim qalmış nəvəsi Şakini bəsləyib böyütmüşdü. O, Şakini çox istərdi. Yalnız bircə narazılığı Şakinin aktyorluq etməsindən idi. Dindar qarı çox səy’ etdi ki, nəvəsini bu işdən daşındırsın, ancaq bacarmadı. Bu əməl üstə Şakinin axirətdə cəhənnəmdə yanmasına bərk inanmışdı, ona görə məhərrəmlikdə tə’kiyə saxlardı, ildə bir ay əvəzinə üç ay oruc tutardı. Məscidə, pirə, seyidə nəzir edərdi ki, bəlkə allah onun təqsirindən keçə. Püstə nənə mətbəxdə yatardı. Hər gecə Şaki teatrdan gələnə kimi ayıq qalıb, onun yeməyini hazır edərdi, sonra özü rahat olardı. Axır vaxtlar Şaki yuxudan qalxıb öz-özünə danışardı, gözlərinə dürlü-dürlü şəkillər görünür qışqırardı. Bu zamanlar Püstə nənə otağa gəlib deyərdi:
MüalicəMənim rəfiqim hər cəhətdən yaxşı bir insandır, lakin atalarımız: «Eyibsiz gözəl olmaz» demişdir. Mənim də rəfiqimin bircə eyibi vardır, o da qayət əsəbidir. Əslinə baxsan, bu da eyib deyil, modalı bir xəstəlikdir.İlk baharın sonunda rəfiqim təbiblərdən bir konsilium düzəltdirərək, xəstəliyinə çarə diləmiş. Həkimlər ona belə bir müalicə təklif etmişlər: «Bu üç ay yayı gözəl ab-havalı və az şənlikli bir kənd tapıb orada yaşamağı sizə məsləhət görürük. Bilmərrə oxu, yazı ilə məşğul olmayaraq, vaxtında yeyib, vaxtında istirahət etməlisiniz. Ümidvarıq ki, belə bir müalicə ilə xəstəliyiniz sizdən dəf olar».
NamusAxşam vaxtı idi. İyirmi yaşlı bir gənc həyəcanlı, bığlarını kəmirərək, otaqda o baş-bu başa gəzinir, öz-özünə söylənirdi.– Yox, daha səbir kasam dolub daşmış… öldürməsəm ürəyim sakit olmaz, düşmənlərimin tə’nəli baxışlarında, dostlarımın istehzalı təbəssümlərində bunu ayrıdan oxuyuram. Qoçu Sadığın oğlu Rəşid, qeyrətin, namusun harada qalmış?
Poems by other poets
Əmim oğlu, məndən heç utanmadın,Üç ay keçdi bir yaylağa gəlmədin.
BağışlaQul xətasız olmaz, ağa, kərəmsiz,Ağa, məni o Mövlaya bağışla,
Şadəm, gəl, ey sənəm, məni eşqində qanə çəkŞadəm, gəl, ey sənəm, məni eşqində qanə çək,Gər bavər etməsən, sözümü imtahanə çək.
FələkƏlindən eylərəm kimə şikayət,Axır məni xar etdin fələk,