Birinci pərdə
Page 2 of 2 · 50%
Qulu gəlir.
Qulu. Nə buyurursan, ağa?
Hacı Murad. Get mətbəxdə bir xəncər tiyəsi var, onu buraya gətir. (Qulu gedir.) Bu döşəkçənin altını qazaram və basdırıb üstündə oturaram, ancaq Quludan və Nabatdan həmişə sərvərəq olmalıyam. Əlalxüsus o şeytan Quludan. Hər bir şeyə diqqət edir. İndi soruşacaqdır ki, bu xəncər tiyəsini neynirsən?
Qulu daxil olur.
Qulu. Ağa, bunu neynirsən?
Hacı Murad. Çanına dərd edəcəyəm, səfeh oğlu səfeh! İndi durub mənnən silist edəcəkdir. Nə edəcəyəm, dırnaqlarımı kəsəcəyəm.
Qulu. Ağa, bunnan mən ət döyürəm. Bu, dırnaq kəsməz.
Hacı Murad. Sarsaq oğlu sarsaq, itil cəhənnəmə.
Qulu. Ağa, niyə acığın tutur. Bu elə küt dür ki, heç yer də qazmaz.
Hacı Murad. Nə dedin? (Kənara.) Allah divarların da qulağı var. Bu zalım oğlu haradan bildi ki, mən tiyəni nə üçün istəyirəm.
Qulu (kənara.) Bəli, mə’lum oldu ki, tiyə nə üçündür.
Hacı Murad. Qulu, indi başımı sandığa qoyub yuxuya getmişdim, yuxuda gördüm ki, sən surətdə bir adam evə girib istəyir ki, mənim pul sandığımı yarıb... belə boğub məni o boş sandığa saldı. Çox vaxt yuxu doğru olur. İndi onun üçün bunu səndən istədim ki, yanımda silah olsun.
Qulu. Bəli, ağa, adam gərək ehtiyatlı olsun. Yanında silah saxlasın. (Kənara.) Amma necə inandım, məni heç şeytan da aldada bilməz, istəyir bu aldatsın. (Hacı Murada.) Ağa, mən gedim, yoxsa toyuq ocaqda yanar.
Hacı Murad. Ay gədə, toyuq nədir? Nə deyirsən? Kim sənə izin veribdir, toyuq kəsirsən. Bu zalım uşaqları axırı məni dilənçi edəcəklər, elə bu saat da dilənçi halındayam. Kafir oğlu kafir, bu dəqiqə o toyuğu mənə dirildərsən.
Qulu. Ağa, mən neyləyim. İmran ağa buyurdu ki, axşama plov bişir, iki toyuğu da kəs qoy aşın altına, qonağım var.
Hacı Murad. A kafir oğlu, mənəm sənin ağan, yoxsa İmran? O haradan ağa oldu. Bir yetim gədə idi. Rəhmim gəlib saxlamışam. İndi mənim evimi dağıdır? Get bu saat onu buraya çağır. (Qulu gedir.) Evin yıxılsın İmran. Yaxşı evimi dağıdırsan. Heyf sənə çil toyuq. Hamı toyuqlardan yumurtlayan idi. (İmran daxil olur.) Atam, belə ki, sən başlamısan, tezliklə mənim boynuma torba saldırıb diləndirəcəksən.
İmran. Nə olmuş?
Hacı Murad. Atam, bu nə qonaqlıqdır? Bu nə toyuq plovdur? Atam, yağ, düyü müftə deyil. Hamısına pul vermişik. Axır mənə deyən gərək, ay axmaq, niyə evə yağ, düyü alırsan ki, gədə-güdə hər gün aş bişirib yesin? Bu xərcə heç Süleyman padşahın xəzinəsi də davam edə bilməz.
İmran. Sən evə nə yağ alansan, nə düyü. Bu günkü plovun xərci də mən ilədir. Budur on iki ildir ki, mən bu evdə oluram, burada bir qonaq üzü görməmişəm və özüm də sənin qorxundan çağırmamışam. Amma indi bazardan gəlirdim, bir fağır qəribə rast gəldim. Bu gecəliyə qonaq olmağı rica etdi, naəlac qalıb razı oldum. Bir də, qəribə kömək etməyi Allah, peyğəmbər buyurmuşlar.
Hacı Murad. İndi də durub mənə şəriət öyrədəcəkdir. De görüm, ağa İmran o hansı tatın kitabındadır ki, toza, torpağa batıb, min əziyyət ilə pul qazanasan, verəsən toyuqplova, onu da gəlib-gedən lotu-poto yesin. Özü də çil toyuğun əti ilə.
İmran. Daha mən sənə nə deyim? Sənin üçün Allah, peyğəmbər, Qur’an, şəriət hamısı puldur ki, yığasan sandıqlara, nə özün xərcləyəsən, nə də başqasına verəsən.
Hacı Murad. Kəs səsini, nadürüst, namərbut. Budur, on iki ildir ki, sən ata-anasız yetimi öz oğlum kimi bəsləyib, paltar, çörək verib, bu boya çatdırmışam. Onun əvəzində mənə dediyim sözə bax. Çörəyim sənə haram olsun.
İmran. Sənin məndə heç bir haqqın yoxdur, mənim səndə var. Hələ atam Şeyx Əli sənə elədiyi yaxşılıq və qoyduğu dövlət dursun kənarda. Mən özüm gecə və gündüz çalışıb sənə pul qazanmışam. Amma bu vaxta kimi heç bir şeyə ixtiyarım yoxdur ki, əl vuram. Yığ, yığ gərək, kimə qalacaqdır... (Çıxır.)
Hacı Murad. Ümid ol, sənə qalacaqdır. Çox tələsmisən. Yox, daxi dayanmaq yeri deyil. Lazımdır tezliklə Gülzarı bir dövlətli yerə verib İmranı qovmaq. Baxaq görək, şəhərimizdə arvadsız dövlətli kimdir. Kərbəlayı Cəfər. Yaxşı dövləti var. Amma irəliki arvaddan beş oğlu var, dörd də ayı kimi qızı. Heyf, bunlardan mənə heç şey düşməz. Hacı İmanqulu. Malı-dövləti çox, özünün də sill azarı var. Bu gün-sabah təşrif aparacaqdır. Amma bu bədbəxt də molla, seyidin kələyinə düşüb cəmi dövlətini məscidə vəqf etmiş. Bəs kim qaldı? (Fikirləşir.) Tapdım, Məhərrəm bəy. Yaxşı pulu, mülkü var. Qapısında nökər-qulluqçunun sayı-hesabı yoxdur. Heç bir övladı da, qohum-əqrəbası da yoxdur. Sinni də mənə yovuqdur. Qulu! Qulu!
Qulu daxil olur.
Qulu. Nə buyurursan, ağa?
Hacı Murad. Qulu, bir az nəxoş kimiyəm, tezdən yatacağam, heç kəsi buraya qoymazsan. Gələn olsa, deyərsən ki, ağam azarlıdır, yatıb. Di get.
Qulu. Ağa, bəs plov yeməyəcəksən?
Hacı Murad. Xeyr, ağan İmran yesin. (Qulu çıxır.) Durum müçrü üçün yer qazım. (Durub qapıları bağlayır, tiyəni götürüb yeri qazır.) İndi, oğrular, tapın görüm Muradın pulu haradadır? Heç şeytanın da ağlına gəlməz ki, mən burada pul basdırmışam. Qulu demiş, tiyə elə kütdür ki, yeri də qazmır. (Müçrünü basdırıb, üstünü torpaqla örtür). Daha təşvişdən qurtardım. Kör ürəyim necə atdanır. (Bu halda Qulunun papağı şüşəni sındırıb pəncərədən içəri düşür, Hacı Murad diksinib qalxdığda ayağını tiyə kəsir. Bərkdən qışqırır. Sonra Qulunun papağını görür.) Bu, yenə zalım oğlu Qulunun işidir. (Durub qapını açır və çağırır.) Qulu! Qulu!
Qulu başı açıq daxil olur.
Hacı Murad (papağı göstərir). Bu nədir, a kafir oğlu?
Qulu. Ağa, vallah, təqsir məndə deyil, Nabatdadır. Aydınlıq gecədir, həyəti süpürməyə başladım. Nabat gəlib birdən başıma bir qapaz salıb qaçdı. Mənim də əlimə bir şey düşmədi, papağı dalınca atdım, gəlib pəncərədən içəri düşdü.
Hacı Murad. Kafir uşaqları, kafir. Yeyin mənim yağlı-yağlı xörəklərimi, sonra qızışıb şıllağa durun. Görün sizin başınıza nə gətirəcəyəm. Elə indicə yuxuya getmişdim, şüşənin səsindən diksinib qalxdığda tiyə ayağımı kəsdi.
Qulu (kənara). A... indi basdırdığı yeri də bildim.
Hacı Murad. Get, zirzəmidə divarın çatlağında pambıq gizlətmişəm və küncdə əski var, tap buraya gətir.
Qulu gedir.
Hacı Murad. Bu zalım uşaqlarının əlindən bir saat da rahatlığım yoxdur. Gərək adamın arvadı ola ki, canı da rahat ola. Yoxsa arvadsız kişinin günü it günüdür. Yə’ni bir tərəfə də baxanda arvada da e’tibar yoxdur. Evin baş oğruları onların özləridir. (Qulu axsaya-axsaya daxil olur.) Tez gəl, tənbəl oğlu, tənbəl. Məni görüb ayağı da axsamağa başladı.
Qulu. Ağa, mən də sən düşən günə düşdüm. Ayağıma mıx batdı.
Hacı Murad. Çox yaxşı oldu. Əlbəttə, ağasına xəyanət edəni Allah elə edər. İndi gəl ayağımı sarı.
Qulu (Hacı Muradın ayağını bağlarkən, kənara). Xəsis kaftar, it sümük yığan kimi, anbarı doldurubdur mıx ilə, nal parçası ilə, kəndir qırığı ilə, əski ilə, əlinə hər nə düşübdür, siçan kimi yuvasına yığıbdır.
Hacı Murad. İndi həkim olsaydı, bir parça pambıqdan ötrü əpteyə göndərib, məndən xeyli pul çıxartmışdı. Adam elə olmasa, pul yığa bilməz.
Qulu. Ağa, vallah mən elə pul yığsaydım, indi mənim də sənin kimi dövlətim vardı.
Hacı Murad. Sən niyə zəhmət çəkəsən? Ağanın min əziyyətlə qazandığından yeyib, eşşək kimi şıllaq atırsan. Mən olmuşam bir leş, siz olmusunuz bir ac qurd. Hərəniz bir tərəfdən soxulub cəmdəyimi didirsiniz. Hə, qurtardın? İndi get orda dur. (Çağırır.) Nabat, Nabat! (Nabat daxil olur.) Xanım, indi də papaqaldıqaç oynuyursan?
Nabat. Ağa, vallah, Qulu yalan deyir, nahaq yerdən gəlib məni sənə çuğullayır.
Qulu. Yə’ni gündə hər səhər-axşam samavarı təzələyib, xanım kimi altı-yeddi stəkan salma çay içdiyini də yalan deyirəm.
Nabat. Ağa, vallah, yalan deyir, inanma Quluya. Mən də sənin kimi gizlin, gündə ocaqda yumurta bişirib yeyirəm?
Qulu. Ağa, Nabat qəndi doğrayanda çiblərinə doldurur.
Hacı Murad. Dayanın, kafir uşaqları, siz mənim evimə quldurluğa gəlmisiniz, mənim evimi tar-mar etmişsiniz. Mənim xəbərim yoxdur, bu saat sizin divanınızı edəcəyəm.
Qalxıb istəyir ki, ağacına tərəf getsin. Qulu və Nabat qaçırlar. Hacı Murad da ayağının ağrısından ufultu ilə yerə yıxılır.
Pərdə
Kitabxana.az · https://kitabxana.az/en/works/suleyman-sani-tamahkar-birinci-perde
Use ← → keys to move, R for a random poem
More by this author
İyulun isti günlərinin birində dağların arası ilə uzanan əyri-üyrü, eniş-yoxuş yol ilə iki atlı gedirdi. Bunlardan biri iyirmi yaşında gənc, digəri yetmiş sinninə varmış bir qoca idi. Bu iki şəxsin yaşlarında bu qədər böyük fərq olduğu halda, zahirlərində bir o qədər fərq görünməyirdi. Hər birisinin əynində pişmət, çərkəzi çuxa, belində kəmər, xəncər və qılınc, başında dəri papaq, çiynində qara yapıncı və boynunda ağ başlıq var idi. Qocanın at üstündə əyləşməsi, ə’zasının hərəkəti, alıcı quş kimi baxışı gəncdən seçilməyirdi. Lakin qocalıq nişanəsi üzünün qırışından və uzun ağ saqqalından görünürdü. Yol getdikcə daralırdı. Dağlardan enib, indi qayadöşü incə bir yol ilə gedirdilər. Onun yuxarı tərəfi divar kimi ucalan sıldırım qayalar, alt tərəfi göz qaraldan uçurum dərələr idi. Bu qorxulu yol ilə səfər etmək qeyrilərə namümkün olduğu halda, Dağıstan əhalisinə və onların atlarına adi bir şeydir.Vaxt günortaya yaxınlaşmışdı. Susuzluqdan hər iki süvari yanırdı. Əlalxüsus susuzluq gəncə artıq tə’sir eləyirdi. Onun gözləri səbirsiz və iztirab ilə su arayırdı. Bu halda gəncin qulağına su şırıltısı gəldi.
Ümid çırağıİlk baharın son gecəsi idi. Əlvan çiçəklər və otlar ilə bəzənmiş, buludlara qədər yüksəlmiş dağ başında düşən Ş... şəhərinin əhalisi dərin yuxuya dalmışdı. Yalnız iki balaca otaqdan: yanında özü kimi balaca bağçalı bir evdən işıq gəlirdi. Pəncərədən çırağın zəif şö’ləsi bağçaya düşərək oranın zənkin böcək və pərvanələrini öz tərəfinə çəkirdi. Masa başında oturmuş, mütaliəyə məşğul, zəif əndamlı, sarımtıl bənizli, qıvrıcıq saçlı bir gənc, çənəsinə dirsəklənərək kitab oxuyur, ara-sıra yorğun qara gözləri biixtiyar qapanaraq rahatlıq edirdi. O zaman uzun, ox kimi kirpikləri çöhrəsinə kölgə salır, başı masa üzərinə əyilir, bir müddət belə mürgüləyirdi, sonra diksinərək başını qaldırır, gözlərini ovcalayır, qalxıb pəncərəni açır, başını dişarıya çıxararaq bağçanın saf havasını dərindən tənəffüs edirdi.Qaranlıqda qalmış pərvanə və böcəklər pəncərənin açılmağından istifadə edərək otağa soxulur, çırağın ətrafında uçuşurdular. Gecənin dərin sükutu və zülməti gəncin qəlbinə xof buraxır, onu diksindirirdi.
Cəhalət qurbanıUşaqlıq xatiratımdan nağılına şüru etdiyim bu vaqiə məndə elə bir dərin tə’sir buraxmış, qəlbimdə elə silinməz nəqş bağlamışdır ki, sanki uzun müddət əvvəl yox, dünən vaqe olmuşdur.Səkkiz yaşında uşaq ikən «Seyidli» adlanan kəndimizdə başaçıq, ayaqyalın, təbiətin mərhəmətli qucağında, məişətin ağır və zəhərli hallarından xəbərsiz yaşardım.
Qatil uşaqOtuz-qırx il bundan əvvəl, bəlkə indi də Azərbaycanın çox yerlərində müsəlman əkinçiləri arasında xeyli təəccüblü, hər kəsin nəzərini özünə cəlb edən və əkinçilik sənətinə əsla yaraşmayan bir hal vardı. O da əkinçilərimizin öz zəhmətilə becərilmiş taxılı biçməkdə aciz qalaraq, iranlı biçinçilərinə möhtac olmaqları idi.Yayın isti günləri idi. İran biçinçiləri əyinlərində çındır paltar, ayaqlarında çarıq, qabarlı əllərində oraq, arxalarında mitil yorğan, Araz çayını keçərək, Azərbaycana sel kimi axırdı. Bu zəhmətkeşlər arasında başı əmmaməli və qurşaqlı, boynuyoğun seyid dəstəsi də görünürdü. Zənn olunmasın ki, bu müftəxorlar da Azərbaycana iş aramağa gəlirdilər. Xeyr, onlar xırmənləri gəzib: «Cəddimin payını ver», deyə kəndlilərdən «seyid verkisi» tələb edirdilər. Dini və adəti – mövhumata qərq olmuş sadədil məzlum kəndlilər, hər bir verkidən əvvəl bu müftəxorların torbalarını doldurardılar və heç biri cür’ət edib onların tələbini rədd edə bilməzdi.