Üçüncü pərdə
Page 2 of 3 · 33%
Gülzar (təşvişlə). Məhərrəm bəy?!
Hacı Murad. Afərin, qızım, yaxşı tapdın, heç belə nişanlı ağlına gələrdimi? Özü gəlib mənə elçi düşdü.
Gülzar. Ağa, mən heç kəsə ərə getmək istəmirəm.
Hacı Murad. Bilirəm, qızım, məni çox istəyirsən. Məndən ayrılmaq istəmirsən. Doğrudur, mənim üçün də çətindir, ancaq görürsən ki, mən də günü gündən geri gedirəm. Bir ayağım burdadır, bir ayağım qorda. Səni belə qoyub getsəm, qəbirdə rahat olmaram. Amma indi arxayınam. Bilirəm ki, qızımı bir elə şəxsə vermişəm ki, hər böyük məclisdə hamı xanımlardan başda əyləşəcəkdir. Zərif paltarlar geyib, cavahirləri üstünə taxıb, yanında gül-qaravaşla qonaqlığa gedəndə, cəmi arvadlar ona həsrət aparacaqlar. Hə, qızım, görürəm ürəyin tələsiyir. Məhərrəm bəy bu saat tədarükdədir. Deyir ki, gərək elə toy eləyəm ki, misli bu şəhərimizdə olmamış ola.
Gülzar. Ağa, hərkah bunları mənə deməkdən qəsdin odur ki, məni onun malına, puluna aldadasan, onda səhvin var. Mənim dünya malında tamahım yoxdur.
Hacı Murad. Qızım, sən hələ cavansan, dünya görməmisən. Xoşbəxtlik ibarətdir maldan, dövlətdən.
Gülzar. Ağa, əgər mənim xoşbəxtliyimi istəyirsənsə, bu fikirdən daşın. Mən heç vaxt Məhərrəm bəyə getməyəcəyəm.
Hacı Murad. Qızım, deyəsən şadlığından dəli oldun. Sən xeyir-şərini anlamırsan. Uşağa ata-anası acı dərman verəndə, onu özünə zəhər, ata-anasını da zalım hesab edər, vəhalonki, onlar balasını istədiyindən edirlər.
Gülzar. Yenə təkrar edirəm ki, zəhər içib özümü öldürərəm, Məhərrəm bəyə getmərəm.
Hacı Murad. Bu sənin axırınçı sözündür?
Gülzar. Bəli.
Hacı Murad. Çox əcəb, mən sənin xoşbəxtliyini istəyirəm. Məhərrəm bəydə könlün yoxdur, bəs İmranla necə?
Gülzar (sevinclə). Ağa, mən səndən utanırdım, mənim ondan başqa bir kəsdə könlüm yoxdur. Amma İmran inanmayırdı ki, sən məni ona verərsən. Mənim məhəbbətim ondadır.
Hacı Murad. Paho, siz mənsiz söz verib qurtarmışsınız, mənim xəbərim yox imiş! (Rişxəndlə.) Xeyir işiniz mübarək olsun, Gülzar xanım. Siz, mən Hacı Muradı yaxşı tanımamısınız. Daha bəsdir, mən elə bilirdim ki, sən öz xeyrini başa düşə bilərsən. Qanmazı qandırarlar. Sözsüz-zadsız dur get. Özün də tədarükdə ol.
Gülzar (atasının dizlərini qucub ağlaya-ağlaya). Ata, yazığın gəlsin, məni bədbəxt etmə. Bu tökülən göz yaşıma rəhmin gəlsin. İki cavanın ahından qorx.
Hacı Murad. Yox, yox, mən dediyimdən dönmərəm. Arvadın göz yaşı ya bir şeh, gün çıxar qurudar.
Gülzar. Ata, Allahdan qorx. Məhəbbət yolunda tökülən göz yaşını heç zad quruda bilməz.
Hacı Murad. Çəkil. Məhəbbət nədir, zad nədir? Sənə hər nə hökm edirəm, əmələ gətir.
Gülzar (ayağa qalxıb). Məhəbbət nədir? Məhəbbət oduna yanmayana onu qandırmaq mümkün deyil. Məhəbbəti dünya malına almaq olmaz. Məhəbbətə hökm yoxdur.
Hacı Murad. Məhəbbət odur ki, adamı dəli, axmaq edib, Allah göndərən ne’məti əlindən buraxır. Görürəm sən dəli olmusan. Amma dəlini də ağıllı etmək mümkündür. Sənə üç gün möhlət verirəm. And olsun Allaha, heç bir şeylə dediyimdən dönmərəm. Di get, yaxşı fikir elə.
Gülzar. İndi ki, belə oldu, mən də and içirəm o məhəbbətə ki, daşı yumşaldıb rəhmə gətirərdi, səni gətirmədi, ya İmran, ya ölüm.
Hacı Murad. İmran! Bir o qalmışdı ki, cəmi şəhərdə biyabır olub öz nökərimə qız verəm. Get, İmrandan bilmərrə əlini üz.
Gülzar. Yaxşı, dünyadan bilmərrə əlimi üzərəm. (Çıxır.)
Hacı Murad (tək). Bilirdim ki, belə olacaqdır. Yox, İmranı qovmasam iş düzəlməyəcəkdir. İmran gedəndən sonra ümidi kəsilib razı olar. Qızın dediyinə bax! Məhəbbət dünya malına aldanmaz. Məhəbbətə hökm yoxdur. Məhəbbət, bax, budur ki, üstündə oturmuşam. Bunsuz nə məhəbbət? Bu məhəbbət-məhəbbət deyənləri verələr dama salam, ağzını da bağlayam. Görəsən necə acından, susuzundan bir-birinin ətini yeyib qanını içərlər.
Nabat (tənknəfəs içəri yüyürüb). Ağa muştuluğumu ver, Şərəf xanım gəldi.
Hacı Murad. Səfeh qızı, səfeh. Elə yüyürür ki, deyəsən yanğın var. Çox böyük iş olubdur. Gələndə deyəsən mənə quş başı gətiribdir.
Nabat. Ağa, doğrudan da dörd dənə qırğovul gətiribdir.
Hacı Murad. Tək gəlibdir, ya uşaqlarını da gətiribdir.
Nabat (kənara). Zalım oğlu qabaqca adamın hesabına gedir. (Hacı Murada.) Yanında bir balaca oğlu Əhməddir, bir də nökəri Cəfər.
Hacı Murad (kənara). Öz yeyib-içənimiz az idi, bunlar da artdı. (Nabata.) Sənin muştuluğun odur ki, köz-qulaq olasan, o nökər şeydən-zaddan oğurlamasın. Di get, dayanma.
Nabat (gedərkən kənara). Mənə deyən gərək, ay axmaq qızı, bundan sən nə istəyirsən? O öz hayındadır ki, onlar burada qalıb çörək yeyəcəklər.
Hacı Murad (tək). İndi də işlər tərsinə gedir.
Şərəf xanım, Əhməd və Gülzar daxil olurlar. Şərəf xanım Hacı Muradın boynunu qucaqlayır.
Şərəf xanım. A qardaş, nə zəif düşmüsən, nə qocalmısan?
Hacı Murad. Niyə qocalmayım, niyə zəif düşməyim. Bu günü ki, mən çəkirəm, hər kəs olsaydı, yeddi kəfən çürütmüşdü.
Şərəf xanım. A qardaş, sən niyə pis gün çəkirsən, nəyin əskikdir? Malın var, pulun var. Gülzar kimi qızın, qapıda xidmətçilərin. Sən otur, qoy sənə qulluq eləsinlər.
Hacı Murad. Elə ki onlar mənə qulluq edirlər, etməsələr ondan yaxşıdır. O ki İmrandır, əlini ağdan-qaraya vurmur. Az qalıbdır ki, məndən xanlıq iddiası etsin. Gülzar xanım da atam yoxdur deyir. Ağa, xanım belə olanda, nökər-qulluqçudan nə ummaq.
Şərəf xanım. İmran gərək elə oğlan olmasın. Onun tə’rifi hər yerdə söylənir. Gülzardan narazı olmağına təəccüb edirəm. Mən ona elə tərbiyə verməmişəm ki, atasının əmrindən çıxa, zəhmətindən incinə.
Hacı Murad. Görürəm, çox yaxşı tərbiyə vermisən.
Şərəf xanım. Heç vaxt inanmaram, sənin xasiyyətin pisdir. Mənim özüm də qız vaxtı nə qədər sənə yaxşı qulluq edirdim, yenə razı qalmırdın. Gülzar, bu nə işdir? (Gülzar başını aşağı salıb ağlayır.) Qızım, ağlayırsan? (Hacı Murada.) Görürəm qızı nə hala salmısan. Saraldıb heyvaya döndərmisən, on səkkiz yaşında cavanı qocaldıb qarı eləmisən.
Hacı Murad. Mən ona nə edirəm ki, sarala. Durub təzədən ona nənəlik edə bilmərəm ki. Nökəri var, qulluqçusu var, yesin, içsin, geyinsin, gəzsin. O ki qaldı qocalmasına, ona da bais özüdür. Məhərrəm bəy kimi adam özü gəlib mənə elçi düşüb, qızımı istəyir, Gülzar xanım deyir ki, özümü öldürərəm, ona getmərəm. Daha mən nə deyim. Adam da bu dərəcədə dəli olub elə mal-dövlətdən əl çəkərmi?
Şərəf xanım. A qardaş, nə danışırsan? Sən təmiz ağlını itirmisən. Dünya malı gözlərini pərdələmişdir. Məhərrəm bəy nədir, zad nədir? Qızının nişanlısı on iki ildir sənə zəhmət çəkib pul qazanıbdır. İndi nə olubdur ki, əhdindən dönüb qızını öz yaşında yoldaşına verirsən? Eşidənlər nə deyərlər?
Hacı Murad. Buyur, bu da ağıllımız. Yaxşı deyiblər ki, arvadın ağlı olmaz. Eşidənlər mənə dəli deyər ki, qızımı İmrana verib Məhərrəm bəy kimi adamı əlimdən çıxarım.
Şərəf xanım. Eşidənlər sənə ağıllı deyərlər ki, qızını İmrana verib ata yurdunu abad edirsən.
Hacı Murad. Əcəb buyurursan, Şərəf xanım. Məhərrəm bəy mənim atamın yurdunu tar-mar edər, amma gədənin biri abad edər. Arvadların ağlı beladır. Mən qızımın xoşbəxtliyini istəyirəm.
Şərəf xanım. Yaxşı, hərkah qızın könlü Məhərrəm bəydə yoxdur, onun malına tamah etmir, onda o necə xoşbəxt ola bilər?
Hacı Murad. Qız heç yediyini-içdiyini başa düşə bilmir. O xoşbəxtliyini nə anlayacaqdır? Arvad mal-dövlətin qədrini onda anlayır ki, uşaqları artıb, ana, mənə çörək ver deyəndə, təknədə çörək olmayanda.
Şərəf xanım. A kişi, sənin puluna, dövlətinə nə gəlibdir ki, qızın İmranda çörəksiz qala? Bundan əlavə İmran elə oğlandır ki, öz əlinin zəhməti ilə arvadını xandan, bəydən yaxşı saxlar.
Hacı Murad. Pulum haradadır, malım haradadır? Zurna çalıb aləmə səs salmısınız ki, Hacı Muradın pulunu sandıqlar tutmur. Bilmirəm bu pulu mənə kim qoyubdur. Atam qoyubdur, babam qoyubdur.
Şərəf xanım. Sənin ağlamaq qədim xasiyyətindir. Bir şeydən kəsirin olmaz, amma özünü dilənçi yerinə qoyarsan. Xülasə, Məhərrəm bəy fikrindən bilmərrə daşınarsan. Mən heç razı ola bilmərəm ki, Gülzarı bədbəxt edib, altmış yaşında qocaya verəsən.
Hacı Murad. Buyur, bu da ağbirçək bibisi. Ağıl öyrətməkdən, ağzına dil verir. Ay qız ey, mən dediyimdən dönmərəm, İmranı bilmərrə unudarsan. Bilmirəm bu mənə nə İmran oldu. And olsun Allaha onu bundan sonra bir saat da evimə qoymaram, qoy getsin, gör onu da necə Qulu kimi qovaram.
Kitabxana.az · https://kitabxana.az/en/works/suleyman-sani-tamahkar-ucuncu-perde
Use ← → keys to move, R for a random poem
More by this author
Pinəci Qafarın evi.*Mirzə Fərəc**. Qafar, sən bunlardan müqəyət ol, mən də gedib axund molla Qasım ağanı çağırım gəlib bu binamusların talaqını versin.
ŞeytanBir pərdədə üç şəkilli piyes*1922*
Birinci şəkilSəhnə bir dağı göstərir. Şeytan bir daş üstə oturmuş. Hüzurunda Marzavan durmuş.*Şeytan**. Marzavan, Avropadan nə xəbər var? Söylə.
İkinci şəkilSəhnə dəmirci dükanını göstərir. Əli körük basır. Teymur ilə Aslan dəmir döyürlər.*Teymur**. Oğlum, körüyü bas. Yoqsa yorulmusan?
Poems by other poets
Qayıtdın Kəbədən, Hacı, unutdun din və imanı,Buraxdın şahidi-üqbanı, tutdun xeyri-dünyanı
Mah Olan YerdəDoğarmı ay u gün göydəYüzün tək mah olan yerdə
GörəndəKönlüm tutulur hali-müsəlmanı görəndəBu növ övzai-pərişanı görəndə
Olu yarəb ki, düşə daməni-canan əlimə,Olu yarəb ki, düşə daməni-canan əlimə,Düşsə, billah ki, düşər çətri-Süleyman əlimə.