Mən atəş, sən quru, soyuq taxtasan,Kükrəyən ilhamı gözün götürmür.Sısqa bulaq kimi künc-bucaqdasan,Dənizəm, dalğamı gözün götürmür.

O qədər qanına keçib xəbislik,Elə bilirsən ki, yaxşıdır pislik.Fitnədən yazarsan bütöv bir dərslik,Ancaq bir misramı gözün götürmür.

Hər şerim çıxanda yanıb-yaxırsan,Bir təbrik sözünü qızırqanırsan,Şeir canandır ki, səni qısqanırsan!Niyə sevir hamı, gözün götürmür!

İlan tək qıvrılıb əzab içində,Ürəyin boğulur çirkab içində,Zəhərsən örtülü bir qab içində,Şərbət dolu camı gözün götürmür.

Bəd gündə yadına bu həmyaş düşür,Baxırsan, gözündən hətta yaş düşür.Xoş gündə başına niyə daş düşür!Mənə ehtiramı gözün götürmür.

Sən də yaz, şerini el xəbər alsın,Gözün qaralmasın, kağız qaralsın.Öz qələm yoldaşın bir yana qalsın,Ömər Xəyyamı da gözün götürmür.

Heyif ki, olmadın qanıb-qandıran,Dünyada yox səni bir inandıran.Məni zirvələrə qanadlandıranMəsləki, inamı gözün götürmür.

İndi qızıl minir öz qiymətinə,Sənin tək baqqallar düşüb çətinə.Kor qalıb bugünkü həqiqətinə,Belə bir əyyamı gözün götürmür.

Əl götür bu özgə paydan, mənimdir,Nə gəlsə ulduzdan, aydan, mənimdir.İndi fürsət mənim, meydan mənimdir,Bu fikri, məramı gözün götürmür.

Sən dosta xəyanət, mən dəyanətəm,Dostlarla doludur dövrəm, əhatəm.Ay canlı nekroloq, ay üzü matəm,İşıqlı dünyamı gözün götürmür.Sən gəda, mən sənət mülkündə hatəm,Bu Tofiq Bayramı gözün götürmür.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets