Mənə qurban verdin cavanlığını,Nur etdin ömrümün qaranlığını.Heyif ucuz tutdum qurbanlığını,Görmədim, duymadım insanlığını.Qəzəbim soyusun etirafımdan,Sənə yalvarıram:Keç günahımdan!

Bir gəlin olardın üzü duvağlı,Bir xanım olardın evi çıraqlı.Bir ana olardın oğul-uşaqlı,Qaldın taleyi kəm, qapısı bağlı.Mən səni ayırdım dostdan, qohumdan,Sənə yalvarıram:Keç günahımdan!

Ruhumu oxşadın gizli, xəlvəti,Mən oldum könlünün son əmanəti.Qadın nəvazişi ömrün zinəti,Ölümdən betərmiş qadın nifrəti.Bunu öz gözümlə gördüm yaxından,Sənə yalvarıram:Keç günahımdan!

Ah, nələr törədir acı söz, nələr!Mənə bal verənə içirtdim zəhər.Hicran hədəfiyəm hər axşam-səhər,Qayıdıb sinəmə dəyir zərbələr.Özüm yaralandım öz silahımdan,Sənə yalvarıram:Keç günahımdan!

Elə ucaltmısan, enə bilmərəm,Elə yandırmısan, sönə bilmərəm.Sənsiz lal olaram, dinə bilmərəm,Əl çəkə bilmərəm, dönə bilmərəmMən öz bugünümdən, öz sabahımdan,Sənə yalvarıram:Keç günahımdan!

Ömrüm təkqanadlı quşa dönməsin,Həsrətin gözümdə yaşa dönməsin.Baharım borana, qışa dönməsinÜrəyin bərkiyib daşa dönməsin,Daşlar da od tutub yanar ahımdan,Sənə yalvarıram:Keç günahımdan!

Gözüm yox dünyanın bir sərvətində,Səni arxa bildim darda, çətində.Mənimdir qəmin də, sədaqətin də.Qul olub eşqimin əsarətində,Mərhəmət umuram sevgi şahımdan,Sənə yalvarıram:Keç günahımdan!

Sağalmaz xəstənəm, dərmanım sənsən,Həkimim, həkimi, fərmanım sənsən,Dövlətim, şöhrətim, ad-sanım sənsən.Yeganə ümidim, günahım sənsən,Mən necə əl çəkim son pənahımdan?Sənə yalvarıram:Keç günahımdan!

Vaxt ötür səfərə yığışır köçüm,Bir dərya ömrümdən qalmış bir içim.Ondan da yolunda hazıram keçim,Keçim öz canımdan, öz var-yoxumdan,Ayrılmaq istəməm şirin yuxumdan,Sənə yalvarıram:Keç günahımdan!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets