Üçüncü şəkil
Övqaf idarəsi. Qapı ağzında bir neçə əyni-başı cırıq kəndli və bir nəfər əli uşaqlı qadın dayanmışdır. İçəri iki məmur və bir də xəzinədar var. Onlar camaatın şikayətini ağızucu dinləyib, onları yola salırlar. Bəzisini də heç eşitmək istəmirlər.
Uşaqlı qadın
Ağa yalvarıram, rəhm elə mənə.
I məmur
Rədd ol, demədimmi ay arvad, sənə.
Uşaqlı qadın
Ağa, parçalanır sinəmdə ürək
Balama bir quru çörək ver, çörək,
Mənə kömək elə, yazığam, əl tut.
I məmur
Arvad, baş aparma, o sözü unut.
Uşaqlı qadın
Səni and verirəm o bir Allaha,
Uşağım can verir, batma günaha.
I məmur
Neyləyim can verir, cəhənnəmə ki,
Gözlərin kordumu küçələrdəki
Görmürsən acından ölənləri sən,
De görüm, onlardan artıqsan, nəsən?
Qadın
(əlini uzadır)
Barı bircəaxça.
I məmur
Dedim xəzinədə yoxdur pulumuz,
Bizi dəng etməyin, tez rədd olunuz.
Kəndli
Ağa, beş balam var.
Ötən il əkmişdim bir qarış yeri,
O günü bir türk əsgəri
At çapıb dağıtdı əkin yerimi,
Dindim, qamçısını alıb əlinə,
Vurdu, huşum başımdan gedənə kimi.
Bax, ağa, kürəyim qançır olubdur,
Qaranlıq komamız ahla dolubdur.
Əkin də əlimdən çıxdı, barı sən,
Borc ver xəzinədən, yapış əlimdən.
I məmur
Xəzinə dədəndən qalıbdır miras?
Sus. Murdar, yaramaz.
Kəndli
Onu kürəyimdən çıxarmısan sən,
Niyə bizdən alıb, bizə vermirsən?
Övqaf-Allah evi, həmişə bişək
Yoxsula, kasıba əl tutsun gərək.
Üç gündür bu yerdə sürünürəm mən,
Ürəyimin ahı çıxır gözümdən.
I məmur
Öl, çıxsın canın.
Kəndli
Allaha xoş getməz,
Böyük sultanın
Dolandır başına, mənə rəhm elə.
II məmur
Dilə bax, dilə.
Fərraş
(Fərraş gəlir)
Bəli, ağa.
Məmur
Rəd delə başımdan bu məlunları,
Gözlərim görməsin bir də bunları
Bir neçə fərraş camaatı bayıra çıxarır. Camaat gedə-gedə əl açıb Allahdan kömək diləyir.
Barı sən şahid ol ey pərvərdigar
Yazıq bəndələrin nə günahı var?
Tər tökən də bizik, qəm çəkən də biz,
Rəhm et, parçalanır ürəklərimiz
Bu an qoca Füzuli içəri girir. Onun əlində Sultanın baratı var. Məmurlar ona əhəmiyyət vermirlər. O, bir neçə an səssiz dayanır, nəhayət onlara yaxınlaşaraq dillənir.
Füzuli
Salam
I məmur
Salamı, kalamı saya salmırıq,
Ey qafil, rüşvətsiz salam almırıq,
Nə var, nə deyirsən?
(birinci məmur ikinci məmura)
Bəli də, füzulun biri də gəldi,
Əli ətəyindən uzundur deyən,
Mən getdim onunla özün danış sən.
I məmur
Hə, tez ol, bura say, işin düzəlsin,
De görüm cibində neçə var sənin.
Füzuli
Yoxdur rüşvət vermək fikrim, ay ağa,
Haqqımı gəlmişəm burdan almağa.
Məmur
Nə? Qoca, sürüş, vaxtımı alma.
Haqqını. Ha...ha...ha... Gəl ələ salma.
Yaxşı, kimsən, nəçisən.
Füzuli
Şair Füzuli
Məmur
Tanımıram mən.
Tutaq ki, şairsən,
Kasaddır bazar.
Bunun cibişdana nə faydası var?
Füzuli
Ərz edim dayan,
Məlumun olsun ki, Sultan Süleyman,
Mənə doqquz axça mükafat verib,
Möhürlü, imzalı bir barat verib,
Buyur, budur, al.
Məmur
(Baratı alıb deyir)
Hə, belə zavalı, miskin,
Bu ənam əlinə yetişməz sənin
Füzuli
Bəs böyük Sultanın hökmü, fərmanı?
Məmur
Fərman, o fərmanın kəsəri hanı?
O vermiş boynunu büküb sən burda,
Namübarək üzlər görəsən burda.
Sıxsın varlığını “redd ol”, səsimiz
Səni süründürək qapılarda biz.
Qoca əgər qalsa öz qarımızdan,
Onda öz haqqını sən də alarsan.
Füzuli
Axı, övqaf pulu xalqın malıdır.
Məmur
Bəli, Sultan özü bundan halıdır.
Füzuli
Bəs, birdən hesaba alınsa bu var?
Məmur
Hələlik hesablamırlar.
Bəlkə qiyamətdə hesabladılar.
Füzuli
Bəs yetim uşaqlar, yurdsuz insanlar,
Dağılmış binalar, günahsız qanlar,
Nəylə ödənilir, nəylə düzəlir.
Məmur
Qoca, vallah sənə gülməyim gəlir,
Nə bina, nə yetim. Nə yurdsuz insan.
Təki biz şad olaq, yoxsa yatmısan?
Bu cibişdan ki, var, yaxşı qulaq as,
Min xəzinə axsa, yenə də dolmaz.
Füzuli
(sarsılmış halda)
Cinayət. Gör nələr eşidirəm mən,
Xəyal pərdəsini çəkdi gözümdən,
Mən niyə göylərdən ummuşam əlac,
Qanlar dəryasında üzür taxtı-tac.
Deyirdim sevmirlər şeri, sənəti,
Niyə görməmişəm bu rəzaləti,
Deyirdim tək mənə ağız büzən var,
Xalqın da qanını sorurmuş onlar.
(Əlindəki kağıza işarə edir.)
Nədir əlimdəki? Bir ovuc qandır. –
Qan deyil, zəhərli əfi-ilandır.
Məmur
Qoca, baş apardın, uzun danışma.
Zindana düşərsən, həddini aşma.
Sultanın müqəddəs şərəfini sən,
De görək, nə haqla tənə edirsən?
Füzuli
Gürzə ilanın da qəşəng başı var,
Uzaqdan gözləri yaqut tək parlar,
Yaxından baxdınma, əsl ilandır.
O da zəhər tökən, adam çalandır.
Bəli, siz də belə müqəddəssiniz.
Məmur
Sus. Yoxsa susdurarıq biz.
Füzuli əl edib camaatı içəri çağırır. Adamlar səhnəyə doluşırlar.
Füzuli
Gəl, ey yoxsulluqdan qəlbi qan olan,
Acından balası yarımcan olan
Gəl yurdu talanan, torpağı yanan
Gəl, ey ahu-zarı ərşə dayanan,
Qəlbimdə qıvrılıb qəzəb, kin bu gün,
Qoca Füzulini eşidin, bu gün
Zülmün pərdəsini parçalayaraq
Onları, mən bu gün tanıdım ancaq
Məmurlar
Yox, yox, biz qoymarıq səni dinəsən.
Füzuli
Min qəlbin adından danışıram mən,
Min qılınc, min nizə toxunsa mənə,
Susmaram, susmaram, dinərəm yenə
Fərraşlar istəyirlər ki, Füzulini susdursunlar. Lakin kütlə həyəcana gəlib bir səslə qoca Füzulini müdafiə edir.
Danış, böyük şair, el ağsaqqalı,
Yaxındır qəlbinə xalqın məlalı.
Nərgiz
(camaatı yararaq Füzuliyə yaxınlaşır)
Ucalt gur səsini, danış, Məhəmməd,
Eldir sənə verən qüvvət, cəsarət.
Füzuli
Hər sinə dolusu ah çəkəndə mən
Şerimin bir beyti qopur qəlbimdən
Deyin, nədir bu ah?
El fəryadıdır.
O, bu pak eşqimin əzəl adıdır
Çəkdiyim qəm ki, var, böyük, müqəddəs,
Min saray zinəti bu qəmə dəyməz.
Bayquş yuvasında qoca qartalam,
Deməyin gücsüzəm, deməyin lalam.
Qəlbimin alovu, atəşin sönməz,
Batar, amma göyün günəşi sönməz.
(O, üzünü məmurlara tutur)
Ey sevgisi rüşvət, vicdanı para.
Mən nifrət edirəm ağ saraylara,
Sənin sultanının fərmanını, bax,
Zərif əllərimlə parçalayaraq
Çırpıram o murdar, rəzil üzünə,
Qoy lənət damğası olsun o, sənə.
Bilirəm, gün gələr yetişər zaman
Ellər yapışaraq tunc saraylardan,
Onları kağız tək parçalayacaq,
Mən sal qaya kimi duraram ancaq.
(Füzuli baratı parça-parça edib məmurların üzünə çırpır. Məmurlar şaşqın bir halda çıxılmaz vəziyyətdə qalmışdır. Xalq bir ağızdan.)
Eşq olsun sənətə, eşq olsun sənə,
Adın həkk olunmuş xalqın köksünə.
Füzuli, oyandı el əfqanından
Bir gün qara baxtın oyanır, inan.
Nərgiz
O ölməz eşqindən ölüm uzaqdır,
Əzizim, el sözü doğrudur, haqdır.
Ellərin qəlbidir əzəl məskənin,
O qəlb ən müqəddəs türbəndir sənin.
Füzuli
Gedək, vəfalı yar, gedək, bu gündən
Üsyan deyəcəyəm saraylara mən.
Haqq səsim yayılıb ellərə çatsın.
Ey Füzuli, odlara yansın büsati-səltənət,
Yeydir ondan haqq bilir, bir guşeyi-gülxam mənə.
(Füzuli və Nərgiz çıxırlar. Xalq onları ehtiramla yola salır. Dəhşətə gəlmiş məmurlar ayaqları altında cırılmış kağız parçaları olduğu halda səhnədə qalırlar.)
Kitabxana.az · https://kitabxana.az/en/works/tofiq-bayram-sairin-sikayeti-ucuncu-sekil
Use ← → keys to move, R for a random poem