Abbas və Gülgəz
Page 1 of 9
USTADNAMƏ
Dərdü qəmin ərbabıyam,
Dərdlər məndən irad olmaz.
Gündə yüz min xəyal eylər,
Mənim könlüm bir şad olmaz.
Göyə çəksə baş tayalar,
Fələk onu tez payalar,
Hər külüng çapmaz qayalar,
Hər iyiddən Fərhad olmaz.
Dərviş olan baxmaz pusta,
Uslu olan olar usta,
Güvənmə bivəfa dosta,
Bivəfadan imdad olmaz.
Səhər bağın əsər badı,
Dostundan istə muradı,
Mövlam yaradıb Muradı,
Hər kəs Dəllək Murad olmaz.
Aşıqlar ustadnaməni bir yox, iki deyər, biz də deyək iki olsun.
Bir adam ki, sənlə ülfət eyləsə,
Yəqin onun əsil zatı yaxşıdı.
Namərd sənə quzu-pov yedirsə,
Mərdin quru məhəbbəti yaxşıdı.
Dad, həzar çəkərəm pərgarsız sazdan.
Ver, qurtar əlindən nəzir-niyazdan,
Söyləyən qarıdan, gəzəyən qızdan,
Güləyən gəlindən lotu yaxşıdı.
Aşıq olan sözün söyləyər başdan,
Salla – baş adamdan, ürəyi daşdan,
Bədnəzər qonşudan, bədcins yoldaşdan,
Qədir bilənlərin iti yaxşıdı.
Aşıq Hüseyn söylər kəlməni teydən,
Dərsimi almışam əlifdən, beydən,
Çörəksiz otaqdan, gözəlsiz öydən
Çölün, biyabanın otu yaxşıdı.
Ustadlar ustadnaməni iki yox, üç deyər, biz də deyək üç olsun, namərdlər saralıb solsun.
Bü dünyada kamal nədi, var olan,
Ağlı az olsa da başdı, deyərlər.
Ixtiyarı xəlayiqə car olan,
Adam cərgəsinə keçdi, deyərlər.
Bayquş olub viranalıq eyləsə,
Məcnun kimi divanalıq eyləsə,
Nə qədəri vecsiz kəlam söyləsə,
Ağzından cəvahir saçdı, deyərlər.
Arayıban xiridarın tapgilan,
Xüffət çəkib, namus-arın tapgilan,
Aşıq Kamal bərabərin tapgilan,
Indən sonra sənə yaşdı, deyərlər.
Dostlar, sizə haradan, kimdən xəbər verim, Tifarqanda1 Xoca Mayıl adlı bir adam var idi. Xoca Mayılın Abbas adlı çox ağıllı bir oğlu var idi.
Bir gün Xoca Mayıl bərk xəstələndi, arvadını yanına çağırıb, vəsiyyət elədi:
– Oğlum, Abbas hankı sənəti xoşlasa qoyarsan o sənəti öyrənər.
Elə həmin gün Xoca Mayıl canını tapşırdı sizə. Xoca Mayılı dəfnkəfn eləyib, basdırdılar. Yeddi gün, yeddi gecə yas saxladıqdan sonra anası Abbası çıxartdı şəhərə. Hara apardısa, Abbas heç bir sənəti bəyənmədi.
Ta ki, gəlib mədrəsəyə çıxdılar. Abbas mədrəsəni gördü, dedi:
– Ana, mən oxumaq istəyirəm.
Anası çox sevindi, onu mollanın yanına gətirdi. Molla arvada dedi:
– Nə qulluq?
Arvad dedi:
– Bu uşağı gətirmişəm, oxudasan.
Molla dedi:
– Yaxşı, nə deyirəm, oxudaram.
Arvad Abbası mollanın yanında qoydu. Abbas başladı oxumağa.
Bir gün molla başqa yerə getmişdi. Abbas da uşaqları başına yığmışdı, əlini qulağına verib şikəstə deyirdi. Molla qayıdanda onun səsini eşitdi, gizlindən baxıb gördü ki, oxuyan Abbasdı. Molla içəri girib, Abbasın ayağını falaqqaya saldı. Ayaqlarına o ki, var idi o qədər döydü ki, ayaqlarının bir qabıq dərisi getdi.
Abbas ağlaya-ağlaya evlərinə gəlib, anasına dedi:
– Mən ta oxumağa getməyəcəyəm. Molla məni falaqqaya salıb döyür.
Anası nə qədər cəzə-fəzə elədisə Abbas oxumağa getmədi.
Hacı Seyid oğlu Saqi Abbasın dostu idi. Bir gün Abbas Saqi ilə bağa gəzməyə getmişdi. Bir qədər gəzəndən sonra hərəsi uzanıb bir ağacın dibində yatdı. Saqi bir vaxt yataqdan qalxıb gördü axşamdı, amma Abbas yuxudan hələ ayılmayıb. Nə qədər elədi, Abbası ayılda bilmədi. Tez gedib Abbasın anasına, bacısına, qonşularına xəbər elədi.
Səs düşdü, hamı tökülüb gəldi. Nə qədər elədilər Abbası oyada bilmədilər.
Onu elə yuxulu götürüb evə gətirdilər. Bütün rəmmallar, qarılar yığıldılar, bunu hərə bir yerə yozdu. Kimi dedi dəli olub, kimi dedi başına hava gəlib. Bir qarı onun nəbzini tutub dedi:
– O eşq yuxusundadı, sabah ayılacaq.
Sabah açılan kimi Abbas yuxusundan ayılıb dedi:
– Ana, bu camaat bura niyə yığılıb?
Anası əhvalatı ona söyləyib dedi:
– Oğul, dərdin nədi?
Abbas dedi:
– Bir ucu çömçə, bir ucu nimçə gətirin, dərdimi deyim.
Gedib Abbasa bir saz gətirdilər. Abbas sazı sinəsinə basıb, görək nə dedi:
Ruzi-əl-məhşərdə mövlam eşqinə
Içmişəm kövsərdən bir cami-ləziz.
Iskəndər axtardı, tapıb içmədi,
Xızır içdi oldu cəvanü əziz.
Mələklər geyinib sündüstə braq,
Şəmsü qəmər göydə vurur mayallaq.
Şərabi-əntəhür, bir əcəb bulaq –
Süddən ağdı, tamı şəkərdən ləziz.
Xudaya, Abbası eyləmə zəlil,
Yetişsin dadimə Cabbarü Cəlil;
Göndərdin quranı bəndəyə dəlil,
Şükr, biz də tapdıq imani-əziz.
Arvad dedi:
– Oğul, mən indi başa düşdüm. Bir qıza aşiq olmusan. De görüm, kimə aşiq olmusan? Sevgilin haralıdır?
Abbas dedi:
– Ana, qulaq as, deyim.
Aldı Abbas, görək nə dedi:
Ağalar ağası, ağalar xası,
Ana, mövlam mənə buta veribdi.
Düldülün sahibi, Qənbər ağası,
Ana, mövlam mənə buta veribdi.
Anası onun sözünün cavabında dedi:
– Indi ki, belə oldu. Oğul, qulas as, birini də mən deyim.
Aldı anası:
Algilən duamı, duasız olma!
Göydəki quş kimi yuvasız olma!
Həyalı görəndə həyasız olma!
Götür namus, qeyrət, ari bil incə.
Aldı Abbas:
Haca gedər hacıların hacısı,
Bilən olmaz şirin ağzım acısı,
Mənim yarım Məmməd bəyin bacısı,
Ana, mövlam mənə buta veribdi.
Anası dedi:
– Sənə qurban olum, oğlum! Qonşumuzdakı Məhəmməd bəyin bacısıdısa, bu saat gedim elçiliyə. Ümidim var ki, Məhəmməd bəy bacısını sənə versin. Ancaq uzaq yer olmasın ha...
Aldı anası:
Elə otur, elə dur, bəynişin olsun!
Yediyin, içdiyin xoş nuşun olsun!
Qərib Imam Rza yoldaşın olsun!
Imamların həşt-çaharı bilincə.
Aldı Abbas:
Mənim ağam Şahi-Mərdan Əlidi.
Hökm eyləsə, düşmən bağrın əridi,
Abbas deyər: yarım adı Pəridi,
Ana, mövlam mənə buta veribdi.
Aldı anası:
Ağanın əlindən sən badə içdin,
Alışdın, tutuşdun, odlara düşdün.
Səlbinaz da deyər: oğlumu qoşdum,
Haqq-taalanı bircə barı bilincə.
Anası çox ağladı, sıtqadı ki, oğlunu qoymasın gedə, Abbas razı olmadı. Axırda çar-naçar razı olub, oğluna xeyir-dua verdi. Abbas getməkdə olsun, sizə kimdən xəbər verim, Xoca Mayılın siğə qardaşından.
Xoca Mayılın Təbrizdə bir siğə qardaşı vardı. Bu adam eşitdi ki, siğə qardaşının oğlu Abbas bərk azarlayıbdı. Xurcuna bir az çörəkdənzaddan yığıb, Tifarqana tərəf getməyə başladı. Kişi az getdi, üz getdi, yolda Abbasa rast gəldi. Abbas onu tanımadı. Salamdan-kalamdan sonra Abbas ondan soruşdu:
– Əmi, Təbrizə mən neçə günə gedib çıxa bilərəm?
Kişi gülümsünüb dedi:
– Oğul, Təbrizlə Tifarqanın arası uzaq yol deyil, bir saqqal boyu yoldu də. Tez çatarsan.
Kişi güləndə Abbas əl atdı saza, dedi:
Xəbər aldım təbrizlidən
Məni hərcayı çağladı.
Viran bağlar xəzəl oldu,
Didələrim qan ağladı.
Bülbüləm, dala qonaram,
Zərgərəm, gümüş yonaram,
Ha bu dərdə mən yanaram,
Xoryat söz məni dağladı.
Abbasam, yoxdu məkanım,
Sana qurban şirin canım.
Şəhrinizdə Pəri xanım
Sidqin mövlaya bağladı.
Xoca Mayıl Abbası tanıdı, o saat atdan yerə düşüb dedi:
– Abbas, sən mənim qardaşım oğlusan. Mən sənin naxoş olmaq xəbərini eşitdim, Tifarqana gedirdim. Şükr Allaha, yaxşı olmusan. Indi gəl atı min, sən get Təbrizə, mən də sonra gələrəm.
Abbas nə qədər dedi özün min, yaxşı deyil, sən məndən yaşlısan, kişi razı olmadı. Axırda Abbas atı mindi, yola düşdü. Az getdi, çox getdi, gedib Təbrizə çıxdı. Abbas baxıb gördü bir dəstə adam ağacla bir oğlanı döyür. Abbas atdan sıçrayıb yerə düşdü, dedi:
– Bunu niyə döyürsünüz? Nə günahın sahıbıdı?
Dedilər:
– Hərəmizə bir manat borcludu, vermir, onunçun döyürük.
Abbas döyülən adamdan soruşdu:
– Adın nədi?
Döyülən adam dedi:
– Qənbərdi.
Abbas adamlara dedi:
– Mənim atımı alın, bunun borcunu çıxın, bu yazığı azad eləyin.
Adamlar atı alıb, oğlanın borcuna çıxdılar. Abbas elə buradaca bu Qənbərlə siğə qardaş oldu. Abbas bir müddət Qənbərin evində qaldı.
Bir gün Qənbərə dedi:
– Bu şəhərdə sazbənd varmı?
Qənbər dedi:
– Sazbəndi neyləyirsən?
Abbas dedi:
– Bir saz qayırtdıracağam.
Qənbər onu apardı sazbəndin yanına. Sazbənd ona bir cürə saz vermək istədi.
Abbas dedi:
– Xeyr, usta, o göydən asılan tavar sazı mənə ver! Bu cürəni neyləyirəm?
Usta dedi:
– Sən uşaqsan, o sazı çala bilməzsən. O saz sənin üçün yaramaz.
Onu ancaq yaxşı ustalar çala bilərlər.
Abbas dedi:
– Usta, sənin nə işinə qalıb. Sən o göydən asılan sazı mənə ver, haqqını da al. Çalaram da özüm bilərəm, çalmaram da.
Usta dedi:
– Oğul, mənim əhdim var. O sazı kim mənim könlüm istəyən kimi yaxşı çala bilsə, ona bağışlayacağam. Ancaq heç bir ustad aşıq onu mən istəyən kimi çala bilməyib. Al, mən istəyən kimi çalsan sana peşkəşdi.
Usta sazı Abbasa verdi. Abbas sazı köklədi. Təzənəni simlərə çəkəndə, saz durdu süxənvərlik eləməyə. Usta lap məəttəl qaldı. Abbasa afərin söyləyib, sazı ona bağışladı. Abbas öz-özünə dedi:
– Mən sazı səssizcə aparmayım, qoy ustadan bir neçə söz soruşum.
Aldı Abbas:
Kitabxana.az · https://kitabxana.az/en/works/tufarqanli-abbas-ve-gulgez
More by this author
Poems by other poets
Xan çinarın gövdəsiniKimsə qazıb bıçaqla,
Qəzəl: Həbibim qəddi-mövzunun əlifdir dal arasındaHəbibim, qəddi-mövzunun əlifdir dal arasındaVücudun Həzrəti-Haq saxlasın iqbal arasında
Gör nədirMən fələyin şərbətini içmişəm,Həmdəm olan, gəl halımı gör nədir,
Yol istərəmAradım, tapmadım qapusinSaray səndən yol istərəm