Page 3 of 9 · 22%

Səhər-səhər sərçeşmələr başında
Gün kimi aləmə yayılan Pərim!
Hər kim mənnən sana yaman qandırsa,
Ya əqrəb dişləsin, ya ilan, Pərim!

Qovma dərgahından şirin nökəri,
Geymərəm hər şilə, hər qələmkəri,
Hicran xəstəsiyəm, yeməm şəkəri,
Qoynundakı nara mayılam, Pərim!

Götür sürməni çək qaşına, gəlsin!
Çal əyri çalmanı başına, gəlsin!
Abbasın sözləri xoşuna gəlsin!
Hurilər qızınnan sayılan Pərim!

Pəri xanım özünü saxlaya bilməyib, Abbasın yanına yüyürdü. Iki aşıq-məşuq sarmaşıq kimi bir-birinin boynuna sarılıb, yarım saata kimi ayrılmadılar. Pəri xanım dedi:
– Abbas, mənim qardaşımın yanına gedirsən, nə badə, nə badə qardaşımdan qorxasan. O sana təpinəcək. Səni hədələyəcək. Sən heç keyfini pozma! Mən səninəm, sən də mənim! Bizi heç kəs bir-birimizdən ayıra bilməz. Nə soruşsalar düz cavab ver! Mənim qardaşım mərdimazar adam deyil. Sana heç zad eləməyəcək. Səni incitməyəcək.
Abbas dedi:
– Gülgəz, qorxma, yar yolunda ölmək toy-bayramdı. O aşıq xoşbəxtdi ki, yarın yolunda ölür.
Gülgəz Pəri dedi:
– Dediklərimi yadınnan çıxartma!
Abbas Pəri xanımla əltəmən olub ayrıldı. Qulluqçular Abbası Batmanqılıncın məclisinə apardılar. Batmanqılınc Abbasa baxıb gördü ki, bu gözəllikdə oğlanı Allah-taala tək yaradıb. Abbas da baxdı ki, Təbriz şəhərində nə qədər hörmətli adam varsa, hamısı Batmanqılıncın yanındadı. Öz-özünə fikir elədi ki, mən burada görəsən nə oxusam bunların xoşuna gələr. O bu fikirdə ikən Batmanqılınc ona dedi:
– Abbas, gərək aşıqlığını biruzə verəsən, görüm nə cür adamsan ki, mənim aşıqlarımı yerindən tərpətmisən.
Camaat yerbəyerdən Batmanqılınca dedilər:
– Ağa, aşığa güldən ağır söz demək olmaz. O el gəzir. Qoy aşıqlığını biruzə versin.
Abbas sazını çıxardıb basdı sinəsinə, dedi:

Ay ağalar, gəlin sizə söyləyim,
Üzülməsin əldən əli bu bəyin!
Cənnəti-əlada, baği-behiştdə
Xoşnişin döşənsin yeri bu bəyin!

Bu kəlmə Abbasın ağzınnan qurtaran kimi hərə əlinnən çıxan xələti ona verdi. Qənbər o saat xələtləri topadı bir yerə.
Aldı Abbas sözün gerisini:

Əyninə geyibdi zər ilə xardan,
Xudam qəni edib dövlətü vardan.
Nəfəsi kəskindi o Zülfüqardan,
Kəmərin qurşasın Əli bu bəyin!

Adamlar genə xələt verdilər. Abbas dedi:

Şahların şahıynan çıxaydı ova,
Qüdrət şəmşirini gətirsin sova,
Gecə-gündüz Abbas eyləsin dua,
Haqdan uzun olsun ömrü bu bəyin!

Abbas qurtarannan sonra Batmanqılınc üzünü ona tutub dedi:
– Afərin, usta! Həqiqətən yaxşı aşıqmışsan. Halal olsun sana! Bir de görüm, mənnən nə istəyirsən?
Abbas dedi:
– Bəy, dil ilə desəm dilim quruyar, qoy saz ilə deyim.
Aldı Aşıq Abbas, görək Batmanqılınca nə dedi:

Könül bir cananın sovdasındadı,
Cismdə insandı, mahi-ənvərdi,
Boyunu arzular bağçada bülbül,
Bilmirəm susəndi, ya sənubərdi.

Sevdiyimin hüsnü qüreyşin nuri,
Kənanın Yusifi, Çinin fəqfuri,
Deyirlər behiştdə çox olur huri,
Onlar da köhnəlib, yar təzə-tərdi.

Çoxu aşıqlığı asan şey sandı,
Cəfasını gördü, çox tez usandı,
Abbas bir pərinin oduna yandı,
Görənlər dedilər: bax, səməndərdi.

Abbas üstəlik dillə də dedi:
– Bəy, sənin bacın Pəri üçün gəlmişəm. Ya məni öldür, ya bacını Allahın əmri, peyğəmbərin şəriəti ilə mana ver!
Batmanqılınc fikrə getdi. Hamı minnət elədi ki, Abbas haqq aşığıdı.
Sözünü yerə salma. Batmanqılınc Qara vəzirə dedi:
– Vəzir, nə deyirsən? Sənin tədbirin nədi? Pərini Abbasa verimmi?
Vəzir cavab verdi:
– Bəy, sən bacını saz çalana versən, hamı sana əl çalıb gülər. Vəzirin sözü Abbasa çox toxundu. Sazını sinəsinə basıb, görək nə dedi:

Nə baxırsan gözü qanlı haramı?
Sən deyən günahkar ha mən deyiləm.
Hər şəhərin bir adı var, bir sanı var.
Mən Misir şəhriyəm, Yəmən deyiləm.

Yarın qapısında üz qan eylədim,
Əl uzatdım, çəkdim üz qan eylədim,
Bir könülə dəydin, yüz qan eylədin,
Mən ki, bir kəs ilə yaman deyiləm.

Abbas ağlar, libasını soydular,
Zülm eyləyib qönçə gülün dərdilər,
Hərcayilər qaş oynadıb güldülər,
Elə deyil, yarım, haman deyiləm.

Batmanqılınc dedi:
– Vəzir, sən həmişə belə pis danışırsan? Bu gül kimi cavan oğlandı. Nə olar aşıq olanda? Aşıq daha yaxşıdı. Sən ki, bir qəlbi tikə bilməyəcəksən, niyə yıxırsan? Gəl razı ol, Pərini verək buna, çıxıb getsin, heç pis oğlan deyil. Ağıllı-kamallı bir oğlandı.
Vəzir dedi:
– Bəy, mən razı ola bilmərəm. Sən bacını padşah oğluna ver, biz də padşahla qohum olaq. Tifarqan nədi ki, ondan çıxan adam nə olsun?
Abbas baxdı ki, vəzir işi burur. Batmanqılınc da onun sözünnən çıxmır. Abbas qorxdu ki, vəzir Batmanqılıncın fikrini dəyişdirə, götürdü sazı, görək Batmanqılınca nə deyir:

Özündən kiçiyi buyurma işə,
Sözün yerə düşər, heç miqdar olmaz.
Hər nə ki, iş tutsan öz əlinlə tut,
Insan öz işində cəfakar olmaz.

Özünnən böyüyün saxla yolunu!
Düşən yerdə soruş ərzi-halını!
Amanat, amanat, qonşu malını,
Qonşu yox istəyən özü var olmaz.

Soruşun, Qul Abbas, halın necədi?
Gündüzlərim ay qaranlıq gecədi.
Sərv ağacı hər ağacdan ucadı,
Əsli qıtdı, budağında bar olmaz.

Vəzir qəzəbləndi, yerdən qalxmaq istəyəndə Abbas dedi:
– Qəzəblənmə! Hələ qulaq as!
Aldı Aşıq Abbas:

Ay ağalar, gəlin sizə söyləyim,
Yalquz daşdan olmaz divar, deyərlər.
Bəzirgansan, aç, mətahın, xırd elə,
Alanlar yükündə nə var, deyərlər.

Bəylər olan saxlar alıcı quşu.
Sərraf olan seçər qiymətli daşı,
Bir oğul atadan artırsa işi,
Xalq içində ona tavar deyərlər.

Iskəndər atlandı çıxdı zülmatdan,
Xızır peyğəmbər içdi abi-həyatdan,
Bəhs düşdü iyiddən, qılıncdan, atdan,
Sırfanı onlardan sivar deyərlər.

Bir bağçanın əgər barı olmasa,
Alması, heyvası, narı olmasa,
Iyidin dünyada varı olmasa,
Xalq içində ona sərsər deyərlər.

Tifarqanlı Abbas gecələr yatmaz,
Peyğəmbər qarğayıb, müxənnəs artmaz,
Hər nə versən haqqın yolunda itməz,
Min qadanı başdan sovar, deyərlər.

Vəzir dedi:
– Bu haranın bəd övladı idi, gəldi buraya çıxdı. Bəy, Allah xatirinə, bunu rədd elə getsin. Yoxsa bundan bizə ziyan toxunacaq. Vəzirin bu sözü Abbasa acıq getdi. Gördü ki, adamların çoxu vəzirin tərəfinə addadı. Onun tərəfində az adam qaldı. Batmanqılınc da heç dinmir. Elə bil vəzirdən qorxur. Abbas kədərlənib sazı sinəsinə basdı, görək nə dedi:

Ay ağalar, gəlin sizə söyləyim,
Kəsə-kəsə bağrım gözə tutarlar.
Əzəldən belədi dünyanın işi,
Qiyamət pərdəsin üzə tutarlar.

Yeriyir mayalar dalında köşək,
Dünyaya gələnlər bir gün köçəcək,
Varlı yalan desə, yoxsullar gərçək,
Varlının sözünü sözə tutarlar.

Abbas, gərək dostun zatın biləsən,
Xəncər kimi bağrın başın böləsən,
Ağa vəzir, yüz il qazanc eləsən,
Axırın beş arşın bezə tutarlar!

Batmanqılınc dedi:
– Aşıq, heç fikir eləmə! Qız sənindi. Mən Pərini sana verəcəyəm. Batmanqılınc vəzirin sözünə baxmayıb, bacısı Pərinin şirnisini Abbasla içdi. Yedilər, içdilər, çaldılar, oynadılar, kef elədilər. Vəzir də acıq eləyib, məclisdən çıxıb getdi. Bu gündən Pəri xanım Abbasın nişanlısı oldu. Amma ki, hələ Abbas Pəri xanımla bir yerdə olmurdu. Ayrı-ayrı otaqlarda olurdular. Abbas Məmməd bəyin yanında olurdu, Gülgəz Pəri də öz otağında.
Günlərin bir günü Batmanqılınc uzaq bir səfərə çıxmalı oldu. Odu ki, Abbası yanına çağırıb dedi:
– Abbas, mən uzaq səfərə gedirəm. Qalarsan elə burada. Gələnnən sonra toyunuzu eləyəcəyəm.
Batmanqılınc Abbasla, adamlarla görüşüb, öpüşüb, çoxlu qoşunla səfərə çıxmaqda olsun, al xəbəri acıq eləyib gedən vəzirdən. Vəzir Pəri xanımı öz oğluna almaq fikrində idi. Işi belə görəndə gəzib dolandı, bir qarı tapdı, dedi:
– Səni dünya malından qəni eləyəcəyəm, Abbas ilə Pərinin arasını vur!
Qarı əlini gözünün üstünə qoyub dedi:
– Mənim əlimdən ancaq ara vuruşdurmaq gəlir. Ondan asan nə var ki? Istəyirsən günü sabah onların arasını vurum. Qarı tumanım çəkə-çəkə, burnunu silə-silə, düz Abbasın yanına gəlib, salamnan-kalamdan sonra dedi.
– Abbas, qərib ölkədə qız sevən oğlan onnan-bunnan soruşar, qızın halına-xasiyyətinə bələd olar, sonra nişanlanar. O Pəri xanımı sən nə ağılla aldın? Sənin beynini saz aparıb, adam tanımırsan.
Abbas məəttəl qalıb dedi:
– Axı nə olub, qarı nənə? De görək, nə var?
Qarı dedi:
– Nə olacaq? Pəri xanımın gözləri kor, ayaqları topal, dili də laldı. Abbas lap məəttəl qaldı, fikirləşdi, fikirləşdi, bir yana çıxarda bilmədi. Qulluqçunu çağırıb dedi:
– Aparıb bu qarının başını kəsdirərsən.
Qarı baxdı ki, onu öldürəcəklər, dedi:
– Oğul, mən sana pis demədim. Dedim ki, Pəri xanımın gözləri kordu, yəni naməhrəmə baxmır. Dili laldı, yəni danışmır, söz gəzdirmir.
Ayağı topaldı, yəni sarsaq-sarsaq gəzmir. Tam məni niyə öldürürsən?
Abbas gördü ki, qarı yaxşı danışdı, onun dediyini başa düşməyib.
Ona çoxlu xələt verib, azad elədi. Qarı özünü tülkülüyə vurub dedi:
– Abbas, bu yaxşılığın qabağında, mən səni Pəri ilə qaz damında görüşdürəcəyəm. Indi sən bunun əvəzində mənə nə verirsən?
Abbas dedi:
– Nə istəsən verərəm.
Qarı dedi:
– Axşam, bizim evin qapısına gələrsən.
Bəli, axşam oldu, axşamlarınız xeyirlə gəlsin! Abbas düz qarının qapısına getdi. Qarının bir sürü qazı var idi. Onun üçün qarı bir daxma tikdirmişdi. Abbası aparıb qaz damında qoydu. Qapını da kilidləyib, düz Pəri xanımın yanına gəldi. Qarı bir tumanını çəkib, bir də burnunu sildi, beş-altı dəfə burnunu çəkəndən sonra Pəri xanıma dedi:
– Qadan alım, mənim xanım qızım, təkcə bir madar qızım var. Onu bu gün ərə köçürdürəm, başını bəzəyən yoxdu. Gedək onun başını bəzə! Inşallah, səni nişanlına köçürdəndə mən də sənin toyunda süzəsüzə oynaram. Pəri xanım qarının sözünü yerə salmadı. Onun dalına düşüb, düz qaz damına gəldi. Qapıdan içəri girib, gördü heç kəs yoxdu, məəttəl qalıb dedi:
– Qarı nənə, toy evi belə olmaz. Hancarı bura sahabsızdır? Heç kəs yoxdu. Bura lap qaz damına oxşayır.
Qarı dedi:
– Qadan alım, darıxma! Qızım su gətirməyə gedib. Buyur içəridə əyləş, xanım adamsan, qızım sənin qulluğuna gələr.
Pəri xanım içəri girəndə gördü qaz damının dibində bir gərdək var, gərdəyi qaldırıb baxanda gördü ki, dalında Abbas, saz da qucağında oturub. Pəri xanım çox acıqlanıb dedi:
– Abbas, mənim atamın gözəl bağları, evləri var. Nə üçün belə yerdə görüşürsən? Heç ayıb deyilmi? Layiq bilib məni qaz damına gətirirsən? Heç bu yaraşan işdimi?
Abbas sazı döşünə basıb dedi:

Random poem

More by this author

Poems by other poets