Abbas və Gülgəz
Page 5 of 9 · 44%
Əgər Abbas gələr olsa buraya,
Söyləgilən dalımızca gəlməsin.
Öldürərlər, itirərlər arada,
Nahaq qanı üstümüzə salmasın.
Ay ağalar, bu dərd məndə qalınca,
Incəlincə, saralınca, solunca,
O mənimdi, mən onunam ölüncə,
Mənnən qeyri özgələri almasın.
Mən Pəriyəm, əlim yardan üzəli,
Yazıq canım bu dərdnən tez ölü,
Yetişsin dadıma Mürtəza Əli,
Üz çevirib Isfahana gəlməsin.
Anası ağlaya-ağlaya özünü kəcavənin ayağına salıb dedi:
– Bala, mən Abbası nə cür saxlaram? Yönü bəri olsa, ölsə də dalınca gələcək. O sənsiz dayana bilməz.
Pəri genə alsın, görək anasına nə deyir:
Başına döndüyüm gül üzlü ana,
Gəlməsin Abbasım, Allah kərimdi!
Dərdinnən olmuşam dəli, divana,
Gəlməsin Abbasım, Allah kərimdi!
Fələk məni dərdə salıb güldürər,
Ağladıban çeşmim yaşın sildirər,
Becan kəmfürsətdi, gəlsə öldürər,
Gəlməsin Abbasım, Allah kərimdi!
Gülgəz Pəri saralıban solunca,
Qaynayıban peymanələr dolunca,
Qoy gəlməsin Məhəmməd bəy gəlincə,
Gəlməsin Abbasım, Allah kərimdi!
Onlar kəcavənin pərdəsin salıb, yola düzəldilər. Pəri getməkdə olsun, indi sizə kimdən xəbər verim, Lüt Qənbərdən. Lüt Qənbər işi belə görən kimi, başına döyə-döyə özünü Tifarqanda Abbasa çatdırdı. Abbas Qənbəri gözü yaşlı görüb soruşdu:
– De görüm, Pəri xanımın başında nə var ki, ağlayırsan? Allah xatirinə, tez de!
Aldı Qənbər, onun cavabında görək nə dedi:
Başına döndüyüm, qurban olduğum,
Abbas, apardılar yarını sənin.
Alışıb oduna, büryan olduğum,
Abbas, apardılar yarını sənin.
Köç-köç oldu, kəcavələr düzüldü,
Axdı eyni yaşı, üzə süzüldü,
Geri baxdı, əli sənnən üzüldü,
Abbas, apardılar yarını sənin.
Mən Qənbərəm, söyləmərəm heç yalan,
Sarı Xoca, Becan, Allahverdi xan,
Elinə, ölkənə saldılar talan,
Abbas, apardılar yarını sənin.
Abbas bu sözü eşidən kimi varından yox oldu. Göz yaşını abi-neysan kimi tökə-tökə Qənbərdən soruşdu:
– Ədə, nə danışırsan? Bəs, Məhəmməd bəy gəlməyib? Vəzir harada idi?
Qənbər dedi:
– Evi yıxılmış, nə qoymusan, nə danışırsan? Vəzir özü onlara kömək elədi. Pərinin yerini göstərdi.
Qənbər vəzirdən çox söz danışdı. Onun da kəcavə ilə Isfahana getdiyini ona xəbər verdi.
Vəzirin hərəkəti Abbasa pis gəldi. Sazı götürüb, görək nə dedi:
Bədövladı əzəl başdan tanıram,
Çör-çöp yığar, yad ocağı yandırar.
Səhər durar, ar-namusun gözləməz,
Suyu tökər, öz ocağın söndürər.
Ulğun coşa gəlsə, köpük yağ olmaz,
Söyüd bar gətirsə, bağça bağ olmaz.
Zibil təpə olmaz, küllük dağ olmaz,
Yel əsəndə alçaqlara endirər.
Abbas bu sözləri deyər sərinnən,
Arxı qazın, suyu gəlsin dərinnən,
El bir olsa, dağ oynadar yerinnən,
Söz bir olsa, zərbi kərən sındırar.
Qənbər Abbasa çox təsəlli verdisə də, olmadı. Abbasın gözləri yaşla doldu, gözlərini çevirib Isfahan tərəfə baxdı. Gördü dağları tamam çiskin, duman basıb. Aldı, görək nə dedi:
Duman, gəl get bu dağlardan,
Dağlar təzə bar eyləsin.
Nə gözlərim səni görsün,
Nə könlüm qubar eyləsin.
Haşa, sevdicəyim haşa,
Deyilənlər gəldi başa,
Bir yannan özün tut daşa,
Bir yannan el çar eyləsin.
Abbas ağlar zarı-zarı,
Getməz könlünün qubarı,
Ilqarınnan dönən yarı
Tanrı tezbazar eyləsin.
Söz tamam olan kimi dağlardan duman çəkildi. Yollara, dağlara gün doğdu. Ancaq Abbasın qəlbi açılmadı. Aldı, görək dübarə nə dedi:
Qasid gəldi, yardan xəbər gətirdi,
Necə çəkim bu fərağı, getdilər.
Aşiq məşuqunu qəhrə yetirdi,
Çəkdilər sinəmə dağı, getdilər.
Malı, mülkü verib ağça aldılar,
Ilqarı verdilər, buğça aldılar,
Barı tərk etdilər, bağça aldılar,
Pərişan qoydular bağı, getdilər.
Abbas, cavan ömrün sən verdin bada,
Günü-günnən dərdin oldu ziyada.
Yedilər, içdilər fani dünyada,
Aldılar beş arşın ağı getdilər.
Qənbər onun qolunnan tutub dedi:
– Abbas, daha fikir eləməyin, ağlamağın yeri deyil. Pəri əldən gedib. Kimi desən, onu sənə alarıq. Qənbərin sözləri Abbasın qulağına girmirdi, elə hey Gülgəzi yadına salıb ağlayırdı.
Səda gəldi mana canan elinnən,
Oyandım, ağlaram bu sabahları,
Bülbül ayrı düşüb qönçə gülündən,
Görüm açılmasın bu sabahları.
Ay da qalxıb günortanın yerinə,
Talib olan qulluq eylər pirinə,
Iki sevgi yetsə biri-birinə,
Allaha xoş gedər bu sabahları.
Abbas deyər: müsəllaya varmadım,
Əl uzadıb, yar zülflərin hörmədim,
Xəzəl oldu, mən gülümü dərmədim,
Dərdilər tökdülər bu sabahları.
Qənbər ona təsəlli verib dedi:
– Abbas, qardaş, qəm yemə! Gedib, gedib. Sən kimi deyirsən onu sana alarıq. Nə çox dünyada qız. Indi sən kirimişcə yerində otur! Pərinin fikrini tamam başından dağıt! Sən şah Abbasla oynaya bilməzsən. Onnan Məhəmməd bəy kimi pəhlivan bacara bilmir. Abbasın qəmi daha da artdı. Ona təsəlli-zad kar eləmirdi. Sazını götürüb, gözlərini sim, göz yaşını təzənə eləyib, görək nə dedi:
Dindirməynən, qan ağlaram,
Artıbdı fərağım mənim.
Durub baş alıb gedərəm,
Tutduqca ayağım mənim.
Fələk məni salıb ləngə,
Düşmüşəm, qovğaya cəngə,
Gedərəm Hində, Firəngə,
Heç gəlməz sorağım mənim.
Abbas qürbət elə varsa,
Müxənnətdi geri qalsa,
Bu deylənlər gerçək olsa,
Sönübdü çırağım mənim.
Anası Abbasın yanına gəldi, göz yaşlarını bir-birinə qatdılar. Anası gördü ki, Abbas gedəcək. Ona təskinlik verib dedi:
– Qadan alım, oğlum, bu dönüş də mənim sözümü eşit! Heç hara getmə! Gəl Təbrizdə, Tifarqanda kimin qızını deyirsən sana alım. Sən bu daşı ətəyindən tök! Qız ağacı, qoz ağacı, çaldılar, çapdılar, daha geri qaytarmaq olmaz. Mən sənnən əl çəkəsi deyiləm.
Abbas sazı götürüb, onun cavabında dedi:
Nə ağlarsan, nə sızlarsan,
Bir dərdi beş olan könlüm!
Axırda zünnar bağlarsan,
Qəmə yoldaş olan könlüm!
Yarım gedib obasınnan,
Alım dərdi-bəlasınnan,
Çərxi-fələk badasınnan
Içib sərxoş olan könlüm!
Doymamışam göz-qaşınnan,
Aləm yanır ataşımnan,
Heç duman getmir başımnan,
Baharı qış olan könlüm!
Abbas ağlar arsız-arsız,
Dünya, sənsən etibarsız,
Deyirdin dözərəm yarsız,
Döz, bağrı daş olan könlüm!
Arvad genə yalvardı, yapışdı, oğlunun göz yaşını yaylığı ilə sildi, dedi:
– Oğul, atanın yerində otur. Mülk-malına sahib ol! Birinin qızını da al, ev-eşik sahibi ol! Tacir ol! Bu aşıqlığı daha burax! Abbas başını bulayıb sazını sinəsinə mindirdi, dedi:
Mən olmuşam dərdü qəmin barkəşi,
Qəmdən tikdirmişəm nə qalam indi.
Istədim ki, yara bir namə yazım,
Nə mürəkkəb tapdım, nə qələm indi.
Leyli Məcnun məskənini dağ etdi,
Sinəsi üstün düyün etdi, dağ etdi,
Fələk vurdu, ləşkərimi dağıtdı,
Ləşkərim qalmadı, nə qalam indi.
Bir ərzim var, mən də deyim şahana,
Ilahiyə şükr eylərəm, şaha nə?
Qorxuram ki, nazlı yarı şah ana,
Nə qovğayam indi, nə qalam indi.
Kitablar oxuyub, cimadə getdi,
Məhəmməd meraca cumada getdi,
Abbas ağlar, Gülgəz Cuma da getdi,
Pərisiz dünyada nə qalam indi.
Anası dedi:
– Oğul, Pərinin bir az gözəlliyi var, nə olsun? Ondan ağıllı, kamallı qız çoxdu. O nədi ki, ondan ötrü ağlayırsan, özünü bada verirsən? Sən lap axmaq adamsan. Pəri heç əslində bir qız deyildi. Anası çox dedi, Abbas az eşitdi. Axırda çar-naçar razı olub, Abbas ilə halal-hümmət eləyib yola saldı. Abbasla Qənbər düz gəlib Pəri xanım olduğu evə çıxdılar. Abbas nə gördü, lələ köçüb, yurdu qalıb. Pəri nə gəzir? Qızıl quş yerində qarğalar, tərlan yerində sar gəzir. Ürəyi qubar eylədi. Sazı sinəsinə basıb, görək nə dedi:
Gəldim, gördüm Pəri köçüb yurdunnan,
Yaylaq yeri çəmən olmuş, ay olmuş.
Bundan belə mən sağlığı neylərəm?
Rəqib yar ləb əmən olmuş, ay olmuş.
Yenə artdı mən fəqirin ələmi,
Çərxi-fələk tərsə çəkdi qələmi,
Göz yaşına qərq eylərəm aləmi,
Qətrə sular ümman olmuş, ay olmuş.
Məclisimə surahılar düzüldü,
Eynim yaşı qabdan-qaba süzüldü,
Ağla, Abbas, əlin yardan üzüldü,
Bu gün axır zaman olmuş, ay olmuş.
Pəri xanımı zalımlar Isfahana aparanda o, xəli toxuyurdu. Xəlisini yarımçıq qoyub, əlində olan kələfi də yerə tullayıb getmişdi. Bir kağız da yazıb, anasına vermişdi ki, gələndə versin Abbasa. Pərinin anası elə bilirdi ki, qızın aparıldığını Abbas bilmir. Odu ki, onun fikrini dağıtmağa çalışdı, dedi:
– Abbas, başına dönüm, nə olub ki, belə rəngi-rufun solub?
Abbas dedi:
– Ana, tez Pəri xanımdan mana bir xəbər!
Arvad Pəri xanımın aparıldığını Abbasdan gizlətmək istədi. Özünü şad göstərib dedi:
– Qadan alım, Pəri xanım qonşuya gedib, bu saat gələcək. Abbasın gözünə Pəri xanımın toxuduğu xalı dəydi. Sazı köynəyinnən çıxarıb, zilini zil, bəmini bəm eləyib, görək nə dedi:
Kitabxana.az · https://kitabxana.az/en/works/tufarqanli-abbas-ve-gulgez
More by this author
Poems by other poets
Xan çinarın gövdəsiniKimsə qazıb bıçaqla,
Qəzəl: Həbibim qəddi-mövzunun əlifdir dal arasındaHəbibim, qəddi-mövzunun əlifdir dal arasındaVücudun Həzrəti-Haq saxlasın iqbal arasında
Gör nədirMən fələyin şərbətini içmişəm,Həmdəm olan, gəl halımı gör nədir,
Yol istərəmAradım, tapmadım qapusinSaray səndən yol istərəm