Abbas və Gülgəz
Page 4 of 9 · 33%
Nazlı yarın qəmər hüsnü,
Ay, günü, tələti neylər?
Yarın ləbinnən bal əmən
Şəkəri, şərbəti neylər?!
Ağladıban gülən olsa,
Eynim yaşın bilən olsa,
Bir yar ki, dərd bilən olsa,
Qaş, göz, işarəti neylər?!
Qara zülfü kəmənd olan,
Ləbləri dolu qənd olan,
Başdan-ayağa bənd olan
Sənəti, sərvəti neylər?!
Çıxıb təxt üstə oturan,
Ağ üzdən busə götürən,
Abbası yara yetirən,
Kəbə, ziyarəti neylər?!
Qarı qapıya gəlib qışqırdı:
– Indi necəsiniz qışqırım ki, bütün Təbriz əhli bura tökülsün.
Abbas işi belə görəndə dedi:
– Dayan, bir ağız deyim, sonra qışqırarsan.
Aldı Abbas:
Başına döndüyüm alagöz Pəri,
Tanrı səni mənnən ayrı salmasın!
Haqq götürsün bu beymanı aradan,
Nişanası qiyamətə qalmasın!
Gedənin gəlməsin, yatanın ölsün!
Fələk əli dəysin, dövranın dönsün,
Firiştələr vursun, ağzı əyilsin,
Sənin bir dərdini bilən olmasın!
Soruşmadın yazıq Abbas halını,
Mən sana neylədim, tanrı zalımı?!
Əzrayil donunda alım canını,
Üstündə bir həşir quran olmasın!
Pəri xanım bərk acıqlanmışdı. Acıqdan dartıb köynəyinin yaxasın da cırmışdı. Əlini sinəsinə qoyub, maral kimi nəfəs ala-ala dedi:
– Abbas, mənim sözlərim bəlkə xatirinə dəydi? Qadan alım, məni bağışla! Mən sənin xeyrinə danışıram. Axı bura nə sana, nə də mana yaraşmaz.
Pəri danışanda sinəsi qalxıb düşürdü. Abbas o saat sazı götürüb dedi:
Pəri, sənin püstanların
Heç bilmirəm nəyə bənzər.
Biri yasin surəsinə,
Biri əlif-beyə bənzər.
Biri mimdi, biri cimdi,
Onları xəlq edən kimdi?
Biri səhər doğmuş gündü,
Biri bədir aya bənzər.
Biri Alxatın alması,
Biri Bağdadın xurması,
Biri şəkərin xırdası,
Biri şamamaya bənzər.
Mən Abbasam, ağlım çaşır,
Qolların boynumdan aşır,
Qızıl taxt üstdə boylaşır,
Bir cüt şahzadəyə bənzər.
Bunlar bu danışıqda, qarı özünü vəzirin qızı Əsmər xanımın yanına saldı. Altdan-üstdən ona danışıb dedi:
– Bu saat Abbas ilə Pəri xanım qaz damındadı. Mən onun qarğışından qorxuram, get gözünnən gör, nə bacarırsan elə!
Əsmər xanım qarının yanına düşüb, düz qaz damına gəldi. Gördü nə Abbas var, nə Pəri. Nə day var, nə daylaq. Qaz damını çox gəzdi, aradı, onlardan bir nişan tapmadı.
Demə Abbasla Pəri qarını güdürlərmiş, qarı Əsmərə xəbərə gedəndə onlar da qaz damından çıxıb gediblərmiş. Əsmər xanım dedi:
– Qarı, mən bu saat Pəri xanımın yanına gedəcəyəm. Əgər Pəri xanım Abbas ilə görüşmüş olsa, özünə məşatə verib, görüşməyibsə məşatə verməyib. Əgər görüşməsə sənin dərini soyacağam.
Əsmər xanım daban alıb, düz Pəri xanımın otağına gəldi. Pəri xanım çox darıxırdı. Əsməri görən kimi içəri çağırıb ona qonaqlıq verdi. Söhbətdən, mükalimədən sonra Pəri xanım ona dedi:
– Əsmər xanım, sən heç bura gəlməzdin, nə üçün gəlmisən?
Mənim üçün nə qulluğun var?
Əsmər xanım dedi:
– Gəldim ki, bəlkə Abbas burada ola, baxam görəm necə oğlandı.
Sana layiqdimi?
Pəri xanım dedi:
– Vallah, Abbas bircə dəfə də olsun buraya gəlməyib.
Əsmər dedi:
– Bəs mən onu nə təhər görə bilərəm?
Pəri xanım dedi:
– Sabah bağa gəl, o tez-tez bağda olur. Mən orada onu sana göstərərəm.
Bəli, Əsmər evə qayıtdı, sabaha kimi ilan vuran yatdı, o, yatmadı. Sabah açıldı, üstünüzə çox xeyirli sabahlar açılsın, qızlar cəmləşdilər. Maral sürüsü kimi Pəri xanımın bağına toplandılar. Pəri xanım Abbasa bir kağız yazdı ki, durmasın, bağa gəlsin. Pəri xanımın bir süd anası var idi. Bu iman, quran nəsib olmuş bir qarı idi. Qızlar seyrə çıxanda qarı tez özünü Abbasa çatdırıb, kağızı ona verdi. Abbas Pəri xanımın kağızını oxuyub, bağa gəldi. Abbas bağa çatan kimi Əsmər bir nar üzüb, Abbasa verib dedi:
– Buyur!
Abbas narı almaq istədi, sonra gözünü dolandırıb Pəri xanıma baxdı, gördü ki, onun rəngi qaçıb, narı almayıb, sazı sinəsinə basdı, görək nə dedi:
Payız olcaq bağlar tökər xəzəli,
Bahar olcaq bağçanıza bar gəlir.
Bir iyidin olsa baxtı, iqbalı,
Cənnət bağçasınnan ona nar gəlir.
Mən bu yerdə nə aşnayam, nə yadam,
Yar yanında nə qəmginəm, nə şadam.
Ay ağalar, nə bəlalı səyyadam,
Tor qururam tərlan üçün, sar gəlir.
Abbas deyər: gəncin üstü bədəndi,
Qara bağrım dəlik, zədən-zədəndi.
Ay ağalar, heç bilmirəm nədəndi
Aləmə gen dünya mənə dar gəlir.
Əsmər Abbasın sözünü başa düşdü. Onun bərk acığı tutdu.
Kinayəli, kinayəli Pəriyə dedi:
– Bunun biznən ki, arası yoxdu, bizi niyə buraya gətirmisiniz?
Pəri əl-ayağa düşüb, Abbasa dedi:
– Abbas, amandı, qoyma Əsmər getsin. Getsə bizi el içində biyabır eləyəcək, o yaman adamdı. Sən allah onun könlünü al!
Abbas götürüb sazı, görək Əsmərə nə deyir:
Başına döndüyüm, ay Əsmər xanım,
Nə göyçək yaradıb yaradan səni.
Mənim meylim sənnən belə ki, xoşdu,
İstəməm gedəsən buradan səni.
Əsmər bu sözü eşidən kimi tez Abbasın yanına gəldi. Abbas baxdı ki, Pəri alınıbdı. İndi də Pərinin könlünü almaq üçün dedi:
Gəlmə xoryat, yarı yolda qalarsan,
Seyrağıb əlində zəlil olarsan,
Iki dostu bir-birinnən salarsan.
Görüm haqq götürsün aradan səni!
Gözəllər içində bəsli, bəllisən,
Tərlan cilvəlisən, yüz xiyallısan,
Ağ sinəsi bir cüt qoşa xallısan,
Görcəyin tanıdım oradan səni.
Gözəllikdə sənin əvəzin hanı?
Hüsnünü bəxş edib kərəmin kanı.
Dağların maralı, çölün ceyranı,
Ovçular keçirməz bərədən səni.
Haqq da bilir Adəm ata zatıyam,
Göyü bilməm, yerin yeddi qatıyam,
Şikəstə Abbasam, xərabatıyam,
Könül, heç görmədim abadan səni.
Indi də Əsmər acıq eləyib getmək istəyəndə Pəri xanım dedi:
– Abbas, Əsməri qoyma getsin, ta sənnən küsməyəcəyəm.
Abbas dedi:
– Elə getsin, daş da dalınca. Mən heç nə deyə bilmərəm. Belə deyirəm sən inciyirsən, elə də deyirəm o inciyir. Pəri naəlac qalıb, on iki hörük saçlarınnan bir tel ayırıb, sinəsaz elədi, görək Əsməri nə cür geri qaytarır:
Başına döndüyüm, ay Əsmər xanım,
Sən bizim bağçaya, bağa xoş gəldin!
Süsəndən, sünbüldən, tər bənövşədən,
Mərhəmət elədin, saya xoş gəldin.
Qızlar, bu ad mana yaman ad oldu,
Yandı qara bağrım, nə bərbad oldu.
Dağıldı gözəllər, daha dad oldu,
Əlif qəddim döndü yaya, xoş gəldin!
Pəri deyər: halay-halay ha bağlar,
Təbib gələr, yaralarım ha bağlar.
Əsmər getsə, viran qalar ha bağlar,
Qatardan üzülmüş maya, xoş gəldin!
Əsmər onun sözünə baxmayıb, düz çıxıb getdi. Abbas da ona bir söz demədi. Pəri bu işdən çox kefsiz oldu. Qarını yanına çağırıb, əhvalatı ona söylədi. Qarı ona təskinlik verdi. Qızları onun yanına topadılar. Qızlar Pərinin fikrini dağıtmaq üçün çalıb-oynadılar, oxuyub çağırdılar, Gülgəzin kefi açıldı, qəmi dağıldı. Abbas sevgilisini qarı ilə belə kefdə görəndə sazını götürüb, görək nə dedi:
Başına döndüyüm alagöz Pəri
Geyinmiş yaşılı, alınan oynar.
Cəvahir mətai, dürr xəridari,
Tutubdu dəstində ləlinən oynar.
Sevdiyim əyninə geyibdi ağı,
Çəkibdi sinəmə düyünü, dağı,
Zülfün əncəbini eylər məzağı,
Ağ üzdə münəvvər xalınan oynar.
Ay Abbas, Pərinin bu çəp işləri,
Yorğun maral kimi xoş baxışları,
İncidən, sədəfdən, dürdən dişləri,
Qaymaq dodaqları balınan oynar.
Pəri xanım Abbasın incidiyini bilib, onun könlünü aldı, dedi:
– Abbas, buradan xəlvətcə get! Vəzir bilsə işimizi xarab elər. Mənim sözlərimdən incimə! Mən sənin xeyrinə danışıram.
Onlar həlal-himmət eləyib, bir-birinnən ayrıldılar. Abbas evə təzəcə gəlmişdi ki, bir adam qaranəfəs içəri girib dedi:
– Abbas, niyə durmusan? Anan ölüm üstədi.
Pəri əhvalatı bilib, gözünün yaşını ab-leysan kimi qırmızı yanaqları aşağı axıtmağa başladı, dedi.
– Abbas, məni qoyub hara gedirsən?
Abbasın ürəyi qubar eylədi. Bir təhər şirin dil ilə onu sakit eləyib, üstəlik dedi:
– Qəm yemə, anam yaxşı olar, yenə qayıdıb gələrəm.
Bəli, onlar həlal-hümmət eləyib ayrıldılar. Abbas daban aldı, Tifarqana yol elədi. Gəlib gördü anası ağır xəstədi. Abbas anasının yanında qalsın, sizə xəbər verək, şah Abbasdan.
Günlərin bir günü şah Abbas böyük ziyafət vermişdi. Əyan-əşrafı ziyafətə topamışdı. Şahın baş hərəmi Pərlam başda əyləşmişdi. Pərlam çox gözəl xanım idi. Şah Abbas da ona diqqətlə baxıb dedi:
– Görəsən dünyada Pərlam kimi gözəl bir xanım varmı? Əlbəttə, ola da bilməz. Bu o vaxt idi ki, Sarı Xoca ticarətdən təzəcə gəlmişdi. O, ayağa qalxıb, rəsmi-təzim eləyib dedi:
– Şah sağ olsun, Təbriz valisi Məhəmməd bəyin Pəri xanım adlı bir bacısı var. Günəş onun gözəlliyinnən utanıb, çıxmır, ay onun gözəlliyinnən xəcalət çəkib qaranlığa girir. Sizin baş hərəminiz Pərlam onun əlinə su tökməyə də yaramaz.
Şah dedi:
– Sarı Xoca, elə şey olmaz. Dünyada Pərlamdan gözəl yoxdu. Tez Təbrizə gedib, Gülgəz Pərini ya zor, ya güc mənim hüzuruma gətirərsən. Sarı Xoca, əgər sözün doğru olsa, səni dünya malınnan qəni edəcəyəm. Yox, yalan olsa, boynunu vurduracağam.
Sarı Xoca dedi:
– Eybi yoxdu. Yalan olsa vurdur! Hələ bəlkə dediyimnən də bir az artıq gözəl olacaq. Sarı Xoca sözünü tamam eləyib, Dəli Becan, bir də Allahverdi xanla Təbrizə yol aldılar, mənzilbəmənzil gedib, Təbriz şəhərinə çıxdılar. Nər üçü Məhəmməd bəyin evinə gəldilər.
Dəli Becan Pəri xanımın anasını çağırıb dedi:
– Şah Abbasın əmridi, gərək Pəri xanımı Isfahana aparaq.
Arvad dedi:
– Qadan alım, qızımın nişanlısı var.
Becan dedi:
– Uzun danışma! Artıq-əskik eləyərsən, səni də atın quyruğuna bağlaram, düz İsfahana apararam.
Arvad dedi:
– Aparırsan, apar, mənim gücüm yox, qoşunum yox. Onu deyim ki, oğlum bu qisası yerdə qoymayacaq. Arvad sözünü tamam elədi, zar-zar ağlayıb, gözlərinin yaşını tökdü.
Bunlar burada qalsın, eşit Pəri xanımdan. Pəri xanım evdə oturub, Abbasın yolunu gözləyirdi. Kənizlərdən biri içəri girdi, dedi:
– Bəs, bilmirsən, dəli Becan səni Isfahana Şah Abbasın hərəmxanasına aparmaq istəyir.
Pəri xanım qəzəblənib dedi:
– Məni heç kəs apara bilməz!
Elə bu söhbətdə Dəli Becan dəstəsi ilə Pəri xanımın mənzilinə girdi. Pəri xanımı zorla evdən çıxardıb, kəcavəyə basdılar. Pəri xanım dedi:
– Zalım Becan, indi ki, məni zorla aparırsan, kəcavəni əyləndir, anama bir neçə sözüm var, deyim, sonra apar. Kəcavəni dayandırdılar. Pəri xanım on iki hörük saçınnan bir tel ayırıb, döşünə basdı, mərcan dırnaqlarını təzənə eləyib, görək anasına nə dedi:
Kitabxana.az · https://kitabxana.az/en/works/tufarqanli-abbas-ve-gulgez
More by this author
Poems by other poets
Xan çinarın gövdəsiniKimsə qazıb bıçaqla,
Qəzəl: Həbibim qəddi-mövzunun əlifdir dal arasındaHəbibim, qəddi-mövzunun əlifdir dal arasındaVücudun Həzrəti-Haq saxlasın iqbal arasında
Gör nədirMən fələyin şərbətini içmişəm,Həmdəm olan, gəl halımı gör nədir,
Yol istərəmAradım, tapmadım qapusinSaray səndən yol istərəm