Eşqin eləsə könlümü qan, bilməyəcəksən
Eşqin eləsə könlümü qan, bilməyəcəksən,Yüz dəfə desəm mətləbi qan, bilməyəcəksən!
Bax sinəmə, min yarə vurub tiri-nigahın,Əfsus ki, ey qaşı kaman, bilməyəcəksən.
Axır ki, qocaltdı məni dərdi-qəmi-eşqin,Pir olmasan, ey tazə cavan, bilməyəcəksən.
Bimehrsən aləmdə, rüxi-alına həsrətVersəm əgər hicrində də can, bilməyəcəksən.
Məcnun kimi zənciri-səri-zülfünə bağlı,Olsam dəxi rüsvayi-cahan, bilməyəcəksən.
Tutsam, gözəlim, damənini, incimə məndən,Neylim ki, desəm, getmə, dayan, bilməyəcəksən.
Kuyində gözüm yaşını yüz yol sitəmindənEtsəm üzə, ey sərvi-rəvan, bilməyəcəksən.
Sirri-ləbini dildə nihan saxladım eldən,Faş olmaya bu razi-nihan, bilməyəcəksən.
Şövqi-dəhənin Vahidi məhv eyləsə hərgah,Ondan yenə bir namü nişan bilməyəcəksən.
Kitabxana.az · https://kitabxana.az/en/works/vahid-esqin-elese-konlumu-qan-bilmeyeceksen
Use ← → keys to move, R for a random poem