Gül sənə olmaz lətafətdə bərabər, Rahilə,Sən özün bir nazənin gülsən sərasər, Rahilə.

Gör nə mahir canalandır gözlərin mərdümləri,Gizlənib kipriklərində qanlı xəncər, Rahilə.

Çəkdi sərvindən xəcalət, bağban qəddin görüb,Gözlərin bimarı oldu nərgisi-tər, Rahilə.

Gül üzün görmək təmənnasındadır ellər sənin.Həsrətin çəkməkdədir rəna gözəllər, Rahilə.

Əsrimizdə nazənin, ziba gözəllər az deyil,Gəlməmiş bənzər sənə aləmdə dilbər, Rahilə.

Yusifi sevmiş Züleyxa, haqlıdır, haqsız deyil,Gər sənə yüzlərlə Yusif olsa çakər, Rahilə.

Tanrı məhrum etməsin bir nazlı Yusifdən səni,Çünki olmuş Yusifi-Kənanə madər, Rahilə.

Bir səvab et, gül üzün gizlətmə əhli-eşqidən,Qoy desinlər qüdrətə minlərlə afər, Rahilə.

Bilmirəm, bütsən, mələksən, ya müsəlmanzadəsən,Görsə göftarın, gəlir imanə kafər, Rahilə.

Nazəninsən, məhliqasən, xubrusən – hər nəsən,Ol, fəqət, insanpərəst, olma sitəmkər, Rahilə.

Yüz kərə eşq atəşilə yansa, xoşdur Vahidə,Əslini hərgiz unutmaz əhli-azər, Rahilə.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love