Şüəralıq rəvişin tərk edib insan oluram,Nola, divanə isəm, aqili-dövran oluram.

Büsbütün xalq adam öldürmək ilə ad qılır,Yox bir irad qılan onlara, hər zad qılır,Şüəra millətin iradını irşad qılır,İndi ki, bəzi “mühərrir” mənə irad qılır,Mən də onlar kimi bir mənbəyi-ürfan oluram.

Vurmaram bir də daha mən şüəralıqdan dəm,Niyə dəysin mənə bu barədə min səngi-sitəm,

Haqlıdır gər məni zənn etməsə el əhli-qələm,Şairəm, çünki budur vəchi mühərrir deyiləm,Xud əgər kafir isəm, indi müsəlman oluram.

Şer yazmaqlığı dünyada sanırdım hikmət,Şeri həm öylə bilirdim ki, düri-pürqiymət,Demə, şairdən edərmiş hamı aləm nifrət,Çəkmişəm boş yerə şairlik üçün mən zəhmət,Şair olmaqlığıma indi peşiman oluram.

Şair imiş eləyən milləti aləmdə zəlil,Şairin yoxdur o qədri, ola doktor, uçitel,Bizə çox görmə mühərrirləri, ey rəbbi-cəlil,Bunlar imiş edən icad balon, avtomobil,Bunlar icad qılan işlərə heyran oluram.

Deyiləm öylə mühərrir ki, qanım həqqü hesab,Nə də kim, öylə ədibəm, düşünəm rəsmi-hicab,Arif olsaydım, oğurlarmıdım hər yerdə kitab,Şair olmaq məni axır edəcək xanə-xərab,Öz əlimlə niyə mən xanəsi viran oluram?Şüəralıq rəvişin tərk edib insan oluram.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Homeland