Məni görən kimi yarım özün kənarə çəkər,Kənarə naz ilə biganəni dübarə çəkər.

Nə söz dedim o gülə, məndən inciyib getdi?Bizim barışmağımız yengi il baharə çəkər.

O qarə xalları yarım yenə düzüb üzünə,Fələk necə günün ətrafına sitarə çəkər.

Bu eşq məclisini “Şur”ə istəsək, gətirək,O “Rast” pərdələrin tarzən “Qatar”ə çəkər.

Bir az da zövqə gəlib sakit olsa məclisimiz,İnan ki, musiqimiz düz sabah naharə çəkər.

Mənim öz istədiyim nazəninlərin əksinTəbiətin əli yüzlərlə mahiparə çəkər.

Görəndə şəmi-camalın bu mahiparələrin,Vücudum eşqdə pərvanətək şərarə çəkər.

O laləüzlüyə, Vahid, nə pislik eyləmişəm?Mənim bu sinəmə qəm dağın aşkarə çəkər.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love