Uyma, ey könlüm, vüsali-yarə, hicran yaxşıdır,Naz edincə aşiqə zülm etsə canan, yaxşıdır.

Kuyi-canandır verən zövqü məhəbbət aşiqə,Bülbüli-şeyda üçün seyri-gülüstan yaxşıdır.

Söz qanan bir əhli-hal eşqində candan keçməli,Qanmayan naəhldən anlaqlı heyvan yaxşıdır.

Hiyləgərlik şəninə layiq deyil insanlığın,Tülkütək yaltaqlanan alçaqdan aslan yaxşıdır.

Tabe olmaqdan Züleyxaya tək vəfasız dilbərə,Yusifi-biçarəyə, əlbəttə, zindan yaxşıdır.

Xalqımız hər əsrə layiq qəhrəmanlar bəsləyir,Yüz min acizdən bu gün bir mərdi-meydan yaxşıdır.

İndi lazımdır ayaqlaşmaq müasir dövr ilə,Vahida, hər şerinə bir tazə ünvan yaxşıdır.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love