“Əkinçi” qəzetindəki məqalələr
Page 2 of 2 · 50%
4
Noyabrın 27-də Moskva şəhərindən. Bu günlərdə Qarabağdan mənə iki dəftər göndəriblər. Birisi cənab Mirzə Əli Əskərin qəzəliyyati və həcvidir ki, gəncəli cənab Mirzə Mehdinin üstə yazıb və birisi cənab Mirzə Mehdinin cavabıdır. İnşayi-Mirzə Mehdi 22 vərəq üstə tamam olur. Mirzə Əli Əskərin inşası dəxi ziyadədir.
Xudaya, bu cənabların ağzından nə qədər nalayiq sözlər çıxıb!..
Ey Ağa Mirzə Mehdi, fədayət şəvəm, atanın pambıq atan olmağı oğluna eyib edər? Bizim əyyamda xanzadəlik, bəyzadəlik ağıl və elm ilədir. Firəngistanın Prudon adlı hükəması deyib: mən fəxr edirəm ki, mənim yeddi arxa ata-babam rəiyyət olub.
Ey ağa Mirzə Əli Əsgər, bu qəzəldən çi fayda ki, demisiniz:
Bu nə naz, bu nə qəmzə, bu nə işvə, bu nə rəviş.
Bu nə qaş, bu nə gözdür, bu nə sərxoş yeriş...
Bu həcvlərin barəsində artıq danışmağı özümüzə eyib hesab edib, zikr olan cənablara ərz edirik ki, siz çəkən zəhmət nahaq zəhmətdir. Ondan nə bizə, nə bizim övladımıza bir nəf yoxdur. Belə zəhməti öz millətimizin yolunda çəkin ki, malı yoxdur, elmi yoxdur, elm tapmaq ona müşküldür.
“Əkinçi” qəzeti, 22 dekabr 1876, №24
5
Necə ki qarınca çox kiçik isə də həmzəhmət olub, özünə çox yaxşı yuvalar təmir edər, habelə insan da həmzəhmət olanda onun nəfi ziyadə olur. Avropa hükəmaları bərhəm zəhmətlik elmi bina ediblər, adı elmi-qənaət politiki (politiçeskaya ekonomiya). Bu elm insan dünyaya gələndən bəri onun həmzəhmət olmağına mülahizə edib onu iki qism edər. Əvvəlinci qism ki, Avropa əhli üçün qədim zəmanədə olub və bizim üçün bu halda vaqedir. İnsan, məsələn, ev təmir etməkdə həmzəhmət olub, belədə hər kəs bir işə məşğul olur. İkinci qism həmzəhmət olmaqlıq, bu hal da məhz Avropa əhlində vaqedir. Məsələn, saat qayırmaqdan ötrü 102 sənət var ki, hər sənətkar saatın bir hissəsini qayırar, ya gəncəfə kağızının 70 cürə ustad qayırır və ya sancağı 10 sənətkar qayırır ki, bu 10 adam bir gündə 4700 sancaq qayırır, bavücudi ki, hər kəs bir gündə bir sancaq qayıra bilməz. Bəs Avropa əhlinin belə tərəqqisinə bir səbəb də onların həmzəhmət olmağıdır. Ona binaən ki, insan bir işə məşğul olanda, o iş nə qədər az olsa, o qədər insan ona artıq adət edər və bu səbəbə onu çox tez əmələ gətirər.
“Əkinçi” qəzeti, 17 mart 1877, №6
6
Bəndi-məxsusi. Hərdəm tənha oturub fikir edirəm: xudavənda, bizim axırımız necə olacaq? Ağlımız ata-baba ağlı, getdiyimiz ata-baba yolu, heç bir dəyişilmək yoxdur. Ata-babamız xoruz və qoç döyüşdürüb, it boğuşdurub, qurşaq tutdurub, dərviş nağılına qulaq asıb, qızıl quş saxlayıb günlərin keçirdib, biz də ki, bu yolu gedirik, tələf olacağıq. Səbəb ki, zəmanə dəyişilib. Əlbəttə, on il bundan əqdəm bizim dolanacağımız indikindən yaxşı idi və on ildən sonra dəxi yaman olacaq. Bəs biz haçan öz dərdimizin əlacının dalıycan olub uşaqlarımıza elm öyrədəcəyik?
Biz müsəlman tayfasında ittifaq, həmiyyət olsa məktəbxana üçün ildə iyirmi min manat cəm etmək çətin deyil. Elə bəyzadələrimiz var ki, bir oturuma dördaşıq oynayıb 100 manat udub, uduzurlar. Elə xanzadələrimiz var ki, İvan İvanoviçi qonaq etməyə artıqraq xərc edir, ya ona xoş gələn xalını və ya atı bağışlayır.
Hər bir şəhərimizdə ildə 10-15 imam ehsanı verən olur ki, yoğunboyun mollaları, şişpapaq tacirləri, böyük qurşaq hacıları, qızıl təkbənd nücəbaları çaylayıb, plovlayıb yola salır. Bəs belə ehsanı Allah qəbul edərmiş, füqəraların uşaqları üçün bina olunan məktəbxanaya ehsanı qəbul etməz imiş?!
Ey özlərini millətə dost hesab edib laf torba salıb başaçıq, ayaqyalın kəndbəkənd gəzərəm deyənlər, sizin bu sözlər yadıma düşəndə Sədinin kəlamı fikrimə gəlir ki, deyib:
Dust məşmar anki dər nemət zənd,
Lafi-yarivü bəradər xandəki.
“Əkinçi” qəzeti, 14 aprel 1877, №8
7
Bokl adlı hükəma ingilis tayfasının və Dreper adlı hükəma tamam Avropa əhlinin elm və ağlının mərtəbəyə çatmağının tarixini yazıblar və bu tarixi yazmaqdan ötəri keçən zəmanələrin kitablarını tamam oxuyublar. Yəni keçmiş zaman insanın elm və ağlı nə mərtəbədə olmağı ol zamanın kitablarını oxumaq ilə əsbabi-ziraət və qeyrəni mülahizə etmək ilə bilmək olur. Məsələn: 10 il bundan əqdəm paltar tikməyə maşın yox idi, amma indi var. Bu halda havaya qalxmaq məqdurdur. Amma hava ilə özü xahiş edən tərəfə getmək mümkün deyil. Yəqin ki, gələcəkdə ona da əlac tapılacaq. Bəs hər zəmanənin bir qanacağı var ki, bu qanacağı ol zəmanənin kitablarından, xalqın adətlərindən, işlətdiyi əsbab və qeyrədən bilmək olur.
Gələcəkdə bizim tərəqqi etmək tarixini yazan indiki zəmanəyə baxanda məəttəl qalacaqdır ki, nə yazsın? Həqiqət, bizim əsbablar və qeyrə yüz, bəlkə min il bundan əqdəm olandan tərəqqi etməyib. Kitablarımız... bu halda bizlərdə kitab inşa edən yoxdur, əvəzinə həcv inşa edirik və həcvlərimiz həm tənəzzül edir. Məsələn: 30 il bundan əqdəm cənab Zakir mərhum Qasım bəy Qarabaği yazan həcv ilə indi Hadiyül-müəzzin yazan həcvlərə baxan görər ki, onların təfavütü çoxdur. Doğrudur, cənab Zakir də çox vaxtda boş sözlər, məsələn: bir başmaq itmək üstə danışıb, amma yenə onları oxumaq olur. Lakin indi yazılan həcvlər məst olan çəkməçi danışığına oxşadığına nə ki onları çap etmək olmur, hətta adam olan kəs onu oxuyanda əti ürpərər. Çünki bizim zəmanə tərəqqi zamanıdır və tərəqqi etməyən tayfa günü-gündən tənəzzül edib axırda puç olacaq, ona binaən bizim şüəra qardaşlarımızdan ki, onlar əlhəqq xalqın gözçüsüdürlər, iltimas edirik ki, zəmanəyə müvafiq xalqın gözünü açmağa səy eləsinlər. Yoxsa hədyan danışmaq bir çətin zad deyil və ondan heç kimsəyə bir nəf yoxdur.
“Əkinçi” qəzeti, 12 may 1877, №10
Kitabxana.az · https://kitabxana.az/en/works/vezirov-ekinci-qezetindeki-meqaleler
Use ← → keys to move, R for a random poem
More by this author
– Ağa Dərviş! Hacı sizdən təvəqqe edir zəhmət çəkib bir təqvimə baxasız, görək bu ayları necə yazıblar.– Əyləş, kərbəlayı. Bu ayları, atam, yaxşı yazmayıblar. Qar, çovğun, tufan, zəlzələ, cəng, qırğın. Camaat üçün çox bəd. Təqvim göstərən belədir.
Balaca mütəfərriqələr 23Təbriknamə*– ...Ağa Dərviş! Sənə bir dilgüşad, ruhpərvər müjdə versəm, mənə nə şəfaət edərsən, de görüm?!
Balaca mütəfərriqələr 24– Bu nə halətdir, ağa Dərviş, ağlayırsan?– Kərbəlayı! Bacılarımız, analarımız, tifillərimiz, qardaşlarımız əl-amanda, ac və həlakətdə. Ana döşündə aclıqdan süd kəsilib, əziz balası qucağında can verir! Vamüsibəta! Öz yerlərində, öz vətənlərində. “Tfu, bər tü, ey çərxigərdun, tfu!..”
Balaca mütəfərriqələr 25– Salam əleyküm, ağa Dərviş! Oğlan, nə dərin fikrə getmisən?– Əyləş, kərbəlayı! Atam, bilirsən nə var? Səndən bir neçə sual edəcəyəm, ümidvaram ki, dürüst cavab eşidəcəyəm.