Mənim sevgili, əziz müəllimim Həsən bəy!
“Həyat”ın 117-ci nömrəsində Bakıda müsəlman teatrının binası barəsində yazdığınız məqaləni oxuyub artıq təəccüb etdim... Məqalədən belə görünür ki, guya Bakıda müsəlman teatrının əvvəl binasını siz cənab qoymusunuz... İxtiyarınız var mənim canıma və malıma... Bunu özünüz çox yaxşı bilirsiniz və mənim cəmi yoldaşlarım və aşinalarım bilir mənim sizə olan ixlasımı. Amma ancaq... fəda olum sənə, Həsən bəy! Mənim millətə olan qulluğumu puç etmək ixtiyarını mən heç kimə verə bilmərəm, çünki mən tamam ömrümdə millətə etdiyim xidmət mənim üçün tamam ömrümdə əvvəl və axır bir təsəllidir. Bu təsəllini mənim əlimdən almaq mənim üçün böyük zülmdür...
Teatrın binasını mən qoymuşam... Hərçənd teatr binasını etmək təklikdə özü bir böyük xidmət deyil millətə, amma çünki biz müsəlman çox yetim olmuşuq və cəmi məxluqdan geri qalmışıq, ona görə bu bir balaca işin binasını kasıblıqda böyük dövlət hesab edib, ondan əl çəkə bilmərəm...
Ömrümdə əvvəlinci dəfə rus teatrını görüb mən altımıncı klasda olanda sabahı gün sizdən sual etdim: bizim də varmıdır bir elə şey ki, biz də teatr binası edək? Buyurdunuz var. Bu sözdən savayı və biz məşq edəndə yanımızda dinməz-söyləməz əyləşməkdən savayı heç bir işə siz qarışmadınız... Hərgah siz dübarə oxusanız mərhum Mirzə Fətəlinin kağızını onda dürüst bilərsiniz ki, mənim ərzimdə xilaf yoxdur. O kağız bu halda sizdədir. Sizin yadınızda gərək olsun ki, mən tələbə olan zamanı neçə komediyalar yazıb sizə göndərmişdim. Həmin komediyalar məndə durur...
Neçə müddət bundan irəli mən cənab Mehdibəy Hacınskiyə və Həbib bəy Mahmudbəyova vəsiyyət etdim mən öləndən sonra o cavanlar razı olmasınlar ki, teatrın əvvəl binasını bir özgə kəs özünə götürə... Əlhəmdülillah, yoldaşlarım ölməyiblər, sübut edə billəm...
Dübarə ərz edirəm bu iş bir böyük şey deyil, amma mən ondan əl çəkə bilmərəm, çünki o teatr əvvəlinci idi tamam müsəlmanlıqda.
“Həyat” qəzeti, 18 dekabr 1905, №120
Kitabxana.az · https://kitabxana.az/en/works/vezirov-menim-sevgili-eziz-muellimim-hesen-bey
Use ← → keys to move, R for a random poem
More by this author
Vaqe olur Cahangir bəyin bağçasında. Cahangir bəy tüfəngə söykənib, bikef durub ayaq üstə.*Cahangir bəy**. Uf, belə ömür keçirməkdənsə ölüb qurtarmaq yaxşıdır... Allahın bir bəlasıdır ki, düşmüşəm: yemək yox, içmək yox, bir dəqiqə bir yerdə fərağat oturmaq yox... Mal-dövlət tarac oldu getdi, özüm də düşmüşəm bu günə. Xudaya, mən nə günah eləmişdim ki, sən məni bu hala saldın? (Səktə.) Nə qədər özümə söz verirəm, Qurana, kitaba and içirəm ki, bundan sonra Səadət adı çəkməyəcəyəm, olmur... Dəli-divanə kimi gecə yarısından keçmiş, atlanıb gedirəm o ətraflarda gəzirəm, gəzirəm, yorulub axır nəfəs geri qayıdıram... Əgər bir neçə müddət də ömrüm belə keçsə, arzuma çatmasam, yəqin ki, buxovlanacağam. Neyləyim, Rüstəm bəy evini eləyib bir Qars qalası, yaxın getmək olmur ki, qızı güclən aparasan, ya ki, özün vurub öldürəsən?! (Uzun səktə) Nə olardı, xudaya, mənim bu divanə məhəbbətimin yüzdən biri Səadətdə olaydı. Hay-hay, hay-hay! Nə qədər Fəxrəddin bəy gəlməmişdi, mənim genə az-çox ümidim vardı, indi o ümidlərim də kəsilib, qalmışam naçar, biəlac... Tamam el-oba mənim adımı Məcnun qoyublar. Əlbəttə, mən divanəyəm. Hərgah divanə olmasaydım, Səadətə təəşşüq yetirməzdim... Mən hara, o hara?.. Səadətin məkanı asimanda gərək oleydi... Hurilər içrə Allah onu yaradıb mənim kimi divanə üçün xətavü bəla... Neyləyim, bilsəm ki, baş götürüb getsəm, bu bəladan xilas ola billəm, vallah elə bu saat itərəm; amma bilirəm ki, məqdurimiz bu gün gedib sabah geri qayıdacağam genə o qapıda sürünməyə. Nə qədər fikir eləyirəm, dərdimin əlacı bircə şeydir: gərək Fəxrəddin aralıqdan götürülə yoxsa ayaqyalın, başıaçıq, dərələrdə, təpələrdə Məcnunam ki, Məcnunam.
Dördüncü məclisVaqe olur qaranlıq gecədə, Fəxrəddin bəyin mənzilinin qabağındakı bağçada. Pərdə qalxandan sonra Şahmar bəy gəlir, əlində tüfəng.*Şahmar bəy**. Yamanca qaranlıqdır, göz-gözü görmür. (Ətrafa baxır.) Hacı Murad, Xəlil... (çağırır.) Birisini diri tuta bilsəydik, nə yaxşı olardı?.. Onda Rüstəm bəydən bir dəfə xilas olardıq. Tutan kimi düz aparıb şəhərdə divan əlinə verərdim. Rüstəm bəyi qarışdırardım işə, necə ki, o mənim əmilərimi işə saldı, qulaqları cırıldaya-cırıldaya gedərdi, biryolluq canımız qurtarardı... Hacı Murad! (Çağırır.)
Beşinci məclisVaqe olur Rüstəm bəyin bağçasında, gecə yarıdan keçmiş, Səadət xanım, Gülbahar və Hürü danışa-danışa gəlirlər.*Səadət xanım**. Mənim ağlım kəsmir ki, bu gün Mahmud şəhərə getmiş ola, heç elə gün olmayıb ki, bizim evimiz bu mərtəbə yiyəsiz qala. Gədələrin biri də evdə yoxdur. Qanmıram bu nə işdir? Deyirəm yoxsa bu evi yıxılmışlar o tərəfə gediblər?
Altıncı məclisVaqe olur Fəxrəddin bəyin mənzilinin qabağında olan bağçada.*Əhməd** (ətrafa baxa-baxa gəlir). Ay bivəfa puç dünya! Bu az müddətdə gör necə gözəl oğlanlar bada gedib. Rəşid bəy getdi, Mahmud bəy getdi, Vəli kimi əjdaha qalada axırıncı yaradan tələf oldu getdi... Cahangir bəyin yurd-yuvasını dağıtdılar, canı dustaqxanada çürüyür. Rüstəm bəy kimi pəhləvanın beli bükülüb, özü dönüb bir yumağa... Bu nə gündür mən özüm çəkirəm, bu nə candır mən özüm saxlayıram?! Yurdum itib, yuvam dağılıb, olmuşam qaçaq, gecə-gündüz bir saat bir yerdə otura bilmirəm... Dərd bilənlər getdi, dost-aşna getdi, mən tək qalıb nə olacağam?! Əhdimə vəfa elərəm, ondan sonra