Page 2 of 3 · 33%

Əhməd. Cabbar bəy bir iyirmi beş manat da pul gətirib təvəqqe eləyir ki, ona rəhm edib dərdinə əlac eləyəsiniz; çünki özü bəy, mülk sahibi, iyirmi parça yeri var Qızılkəndin yanında, işi də mənə məlumdur; sizə sonra ərz elərəm.

Cabbar bəy. O iyirmi parça yerin hamısını satacağam, qalmasın o murdar oğluna, özün də sizin əlinizlən yox eləyəcəyəm, Allah qoysa.

Cahangir bəy. Siz bəlkə məni yaxşı tanımırsınız, ancaq onu bilmək gərək ki, mən bu qapıdan heç kəsi məyus geri qaytarmamışam. Pul oldu, olmadı, öz köməyimi müzayiqə etməmişəm. O ki qaldı yer barəsində, hərçənd mən özüm yer alıb-satan deyiləm, amma Allahın dövlətindən böyük şəxslər arasında yaxşı dostlarım var, onu da sərəncam elərəm.

Cabbar bəy. Sizi Allah bizə çox görməsin, ömrünüz uzun olsun. Demək, mən gedim, arxayın gözləyim? Adım Cabbar bəy Məcidbəy oğlu, adı batmış oğlumun adı Mirzə Hacı.

Cahangir bəy. Əhvalatdan müxbirəm, ərizələr sabah hazır olar. Ancaq siz gərək bir beş gün gözləyəsiniz burada, ta hökm çıxanadək... Amma lazımdır heç kimə bu iş barəsində bir kəlmə söz deməyəsiz.

Əhməd (kənara). Yerlər araya gəlməyincən dəliyəm ki, onu əldən buraxam? Bu tələdən kim qurtarıbdır ki, Cabbar bəy də qurtarsın.

Cabbar bəy. Dəli olmamışam ki, danışam? Məni bir elə də avam hesab eləməyin. Ancaq, sənə qurban olum, bir az diqqət ilə yazınız.

Cahangir bəy. Arxayın ol, kişi, belə işlər mənim əlimdə su içməkdən asandır... (Əhmədə.) Əhməd, bu cənabın bizə görə nə qulluğu var?

Cabbar bəy. Mən mürəxxəs olum...

Cahangir bəy. Xoş gəldin... Get, arxayın gözlə. (Cabbar bəy gedir.)

Əhməd. Məşədi Tağı, xarabakəndli, birisindən xəlvət ərizə vermək istəyir. Çünki o şəxs kənd-oba arasında sayılan adamdır və ondan tamam camaat çəkinir, o da camaata od vurub atalarını yandırır. İndi bu istəyir ki, siz camaatı o itin ağzından xilas eləyəsiniz.

Məşədi Tağı. Camaat elə özü məni vəkil edib sizin qulluğunuza göndərib. Sizin millətpərəst olmağınızı eşidib, ümidlərini sizə ancaq bağlayıblar ki, siz onları o əjdahanın ağzından qurtarasınız; çünki dəxi tab etmək mümkün deyil, qeyrət-namus bilmərrə əldən gedib.

Əhməd. Siz camaat içində özünüz çox müddət qulluq eləmisiniz və cənabınıza gərək məlum olsun ki, yaxşı ev yandırmaq var, taxıl odlamaq var, adam öldürmək, nahaqdan işə salmaq var... Gərək o adamın dədəsinə od vurasan və elə vurasan ki, heç bilməsin ki, bəla güneydən gəldi, ya qüzeydən... Bu vilayətdən elə itirəsən ki, qulaqları cırıldaya-cırıldaya gedə, camaatın da canı qurtara.

Məşədi Tağı. Afərin bu sözlərə, bərəkallah, Əhməd bəy!.. Gör necə başa düşüb... O evi yıxılmış bizim başımıza nələr gətirib, hamısını bu kağıza yazdırmışam, oxursuz görərsiz. Onu bilin ki, bu yazılan yüzdən biri deyil. (Kağızı verir.) Zalım oğlu canımızı bax buraya yığıb! (Boğazın göstərir.) İndi göydə Allahı, yerdə sizi deyib gəlmişəm!.. Bizim dərdimizə əlac!..

Cahangir bəy. İndi ki, o məlun qeyrətə, namusa əl atır, sən görərsən ki mən onun başına o işləri gətirrəm, hansılar ki, Əmiraslan bəyin başına gətirdim... Əhməd, yadındadırmı Qədir yüzbaşını hara göndərdilər, Qəhrəman koxanı ki, tamam vilayətə qovğa salmışdı, – nə günə düşdü?.. Tamam bu barmaqların gücilə mən eləmişəm...

Əhməd. Hay getdi, Cahangir bəy, sən də bir bəlayi-bədsən ha!.. Allah heç bəndəni sənin qələminin altına salmasın... Pah, pah, pah! Mən bilirəm səndə nə var!..

Məşədi Tağı. Bu işləri mən bilməsəydim, burada nə işim var idi? Bilirdim ki, gəldim də. Ələlxüsus ki, Cahangir bəyin millətpərəstliyi.

Əhməd. Bu söhbət aydın söhbətdir. Cahangir bəyi kim tanımır?! İndi, məşədi, bilirsən, qardaşım, nə var? Sən camaat tərəfindən vəkil olub gəlmisən o kişinin dədəsinə od vurasan. Belədir, əzizim? Kəndinizdə var dörd yüz ev, hər evdən iki manat, bu elər yeddi-səkkiz yüz... Mən özüm də camaat tərəfindən vəkil getmişəm, o işlərdən xəbərdaram... Belə sən gör necə qoçaqsan ki, tək gəlmisən, yoldaşsız... Əlbəttə, iş görmək gərək. Lazımdır ki, ərizə diqqətlə yazılsın.

Məşədi Tağı. Biz istədiyimiz də elə odur, başına dönüm. Dəxi təngə gəlmişik.

Əhməd. Artıq uzun danışmaq lazım deyil. Əlini sal cibinə görüm neçə gətirmisən... üç yüz, dörd yüz?

Məşədi Tağı. Üç yüz, dörd yüz nədir, başına dönüm? Zalım oğlu bizlərdə məgər istitaət qoyubdur ki, pul tapıla?! Bircə dənə qızılım var, artıq öldürsəniz də tapılmaz. Camaatda taqət qalmayıb.

Əhməd. Nə söyləyirsən? Çaşmısan nədir? İstəyirsən bir kişinin topdağıtmaz evini tar-mar eləyəsən, özün də necə təklif eləyirsən! Pəh, pəh, pəh!.. Kamallı vəkil tutub camaat. Afərin maşallah!..

Cahangir bəy (ayağa durub). Əhməd, mən bir azdan sonra gedəcəyəm. Hərgah gələn olsa, deyərsən ki, axşam saat beşdə buyursunlar.

Məşədi Tağı. A başına dönüm, mən səni deyib gəlmişəm, sən də hara gedirsən? Məlun oğlu bizi quru yurdda qoyub, pul tapılır məgər!

Cahangir bəy. Əhməd, evdə ol, qubernatorun dəftərxanasından kağız gətirəcəklər, alıb qoyarsan mənim otağıma. Çox vacib kağızdır, itib eləməsin. (Gedir.)

Əhməd (kənara). Xeyr a... Məşədi qırılmış tələyə girməyəcək... (Məşədi Tağıya) Sən nə təhər adamsan, a kişi? İndi bundan sonra Cahangir bəy sənə yaxın gələrmi? Adamsan, adam oğlusan, beş manat nə puldur ki, sən o yandan bəri şəklədirsən? Cahangir bəy elə Allahın verən günü beş manat faytona verir... Üstə qoy görüm nə qoyursan. Hm, tərpən görüm, tez! Hmm.

Məşədi Tağı. Sənin xatirin üçün qoy bir manat da artıq olsun... A kişi vallah, billah, camaatda can qalmayıb. Nə söyləyirsən, bu bir manatı da mən öz cibimdən verirəm.

Əhməd (kənara). Yalançıya Allah qəzəb eləsin! (Məşədi Tağıya.) Xeyr a, düzələn iş deyil, gedə bilərsən. Buyur, buyur, nahaq yerə boşboğazlıq oldu... Buyur.

Məşədi Tağı. Yəni yeddi manat da azdır? A kişi, Allaha baxın, belə iş olmaz... Sənə deyirəm istitaətimiz kəsilibdir, pul tapılmır, pul, qanırsanmı?

Əhməd. Artıq baş ağrısı vermə, buyur, buyur... Get Avanes bəyin yanına, Sərkis bəyin yanına. Əvvəl-axır sizin pulunuz onlara nəsib olar... Buyur, buyur.

Məşədi Tağı. Allah genə onlara versin, beş də verirsən alırlar, üç də verirsən alırlar; papağı götürüb mənə bir baş da vururlar... Siz adınızı qoymusuz millətpərəst, amma belə hərəkətlərdən aşkar görünür ki, millətpərəstliyiniz də pul tələsidir, vəssalam. Sən məni kəndli, qanmaz hesab eləyirsən. Əzizim, mən şeytana papaq tikirəm. Yaxşı divanxanalar görmüşəm, böyük şəxslərlən rəft-güftüm olub... Adınız millətpərəst, özünüz dəllək... Xudahafiz! (Gedir.)

Əhməd (tək). Zalım oğlu nə fəndbazmış, a gədə!.. Bərəkallah kişi!.. Mən də başlamışam gör kimə badalaq qurmağa... Camaatın pulun doldurub cibinə, şeytan oğlu şeytan, on manat da heç olmasa vermir... Neyləmək gərək? Genə lənət heçə. (Çağırır.) Məşədi, məşədi, bəri qayıt görüm!

Məşədi Tağı (daxil olub). A kişi, sən öləsən, Əhməd bəy, artıq olsa, müzayiqə eləmərəm, inan Allaha.

Əhməd. O pulları bəri ver görüm... Kağızı da bəri elə (Pulu kağızı alır.)

Cahangir bəy (daxil olub). Əhməd, ala bu planları apar ver Aslan bəyə, evdə olmadı, ver Quluya...

Əhməd. Baş üstə, Cahangir bəy. Al bu pulları hər nədir və bu kağızı... Əlbəttə, Məşədi Tağı da bizə bir gün lazım olar. Görünür ki, qoçaq kişidir.

Cahangir bəy. Yaxşıdır, qoy dursun... Yazaram.

Məşədi Tağı. Bəy, siz məni yaxşı tanımırsız... Mənim adım hər yerdə söylənir. Allah qoysa sizə çox-çox karsazlıq edəcəyəm. Ancaq bir bu dəfə lazımınca səy eləyin.

Əhməd. Tapşırmaq lazım deyil, məşədi, sən o kişinin evini elə tar-mar eləyəcəksən ki, inqirazi-aləmə kimi söylənəcək. Nə danışırsan?!

Məşədi Tağı. Allaha pənah. Ancaq təvəqqe eləyirəm ki, sabah bu vədəyə kimi ərizə hazır olsun. Xudahafiz.

Cahangir bəy. Baş üstə, xoş gəldin. (Məşədi Tağı gedir.)

Əhməd. Ta səy bundan artıq olmaz ki, neyləyim?! Zalım oğlu zalım, tora girmədi ki, girmədi! Görünür ki, çox tülək imiş... Al, hər nədir. Lənət heçə!.. İkisi mənim, beşi sənin (Cahangir bəy pulu alır.)

Paşa (çöldən). Allah evinizi başınıza uçursun, hər iki dünyada üzünüzü qara eləsin!.. Adları bəy, özləri cibkəsənlər, dəlləklər, quldurlar!..

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Balaca mütəfərriqələr 25

– Salam əleyküm, ağa Dərviş! Oğlan, nə dərin fikrə getmisən?– Əyləş, kərbəlayı! Atam, bilirsən nə var? Səndən bir neçə sual edəcəyəm, ümidvaram ki, dürüst cavab eşidəcəyəm.

19061 min
Balaca mütəfərriqələr 26

– Genə nə fikrə getmisən, ağa Dərviş? Bəs deyil? Məgər bilmirsən ki, el dərdi çəkənin gözlərinə qan damar? Özünü nə üçün öldürürsən, atam?– Kərbəlayı, bağışla məni, bu məsələ köhnə məsələdir və insana layiq deyil. Hər kəs el dərdi çəkməsə, müsəlman qardaş məni əfv etsin, adına öküz demək olar. Yaddan sənə yar olmaz. Əfəndim, çağır ellərin gəlsin...

19062 min
Balaca mütəfərriqələr 27

Neçə kəlmə söz üzvlərimizə**Nuri-didələrim! Neçə gündən sonra təşrif aparacaqsınız Peterburqa. Gediniz, Allah sizə yaxşı yol versin, xudavəndi-aləm sizə yar olsun! Yolunuz uzaqdır, əfəndilərim, işiniz ağır zəhmətli. Gözümüz yolda, nicatı sizlərdən gözləyirik. Yüz ilin ərzində rus məmləkətində bir elə tayfa olmayıbdır ki, onun ixtiyaratı əlindən alınsın, o mərtəbədə nə qədər ki biz bədbəxt həmişə dövlətə müti müsəlmanıq. Ona görə zəhmətiniz həddindən ziyadə olacaq. Əvvəla o köhnə torlara ki biz düşmüşük, parə-parə etməlisiniz. Saniyən, təzə ixtiyarat tələb edib almalısınız. Bu işlərdə nə qədər fikirlər lazım!.. Zəhmət, cidd-cəhd lazım... Siz orada nə etməyi cürət edib ərz qıla bilməm. İş işi göstərəcək. Ancaq yəqinimdir ki, orada cəmi üzvlərimiz labüd gərək toplaşsınlar. Qeyri cürə ola bilməz, çünki cəmi xalqımızın dərdi müştərəkdir. Cümlənizin sədası bir gərək. Xudanəkərdə ayrılıq olsa, işlər zaydır. Gediniz mərdü mərdanə! Giriniz mərdü mərdanə meydana. Dua-sənadan sonra ərz edirəm:

19061 min
Balaca mütəfərriqələr 28

– Salam əleyküm, ağa Dərviş! Oğlan, genə də ovqatını təlx, əhvalını pərişan görürəm. Yəqin isti səni bu halətə salıb...– İsti nədir, qeyri nədir, kərbəlayı, səhv etmə. Müsəlman qardaşlarımızın kəsaləti, camaat işinə kəmmeyl olmağı məni bu hala salıb. İctimai işdə özümüzü kənara çəkib insafın, vicdanın başından basıb, “bizə nə borc” – deyib sakit əyləşirik! Bu zəmanədə dünya işindən xəbərdar olan kəs deyə bilərmi ki, məndən ötdü, qonşuma dəydi, elə bildim ki, saman çuvalına dəydi. Bu gün qonşuna dəyən ox, sabahdan sənə dəyəcək, qardaşım.

19062 min

Poems by other poets