Page 2 of 2 · 50%

Güldəstə. Hacı, biz özümüz işdən xəbərdarıq. Ona görə qoymarıq dalan açıq qalsın.

Hacı Fərəc. Mən, əlbəttə, qoymayacağam ki, dövlət yad adamın əlinə keçsin. Xudanəkərdə, Zinyət xanım bir yad adama getsə, onda mən Yusifi ona verməyəcəyəm. Zinyət xanım özü ağıllıdır. Onun xoşbəxtliyi ondadır ki, bu evdən bayıra çıxmasın, qalsın balasının yanında və malı-dövləti şarlatanların əlinə keçib yox olmasın.

Güldəstə. Hacı, yəni Zinyət xanım evdə qalsın və sizi də yoldaşlığa qəbul etsin? Belə buyurursunuzmu?

Hacı Fərəc. Hə də! Dövlət dağılmasın, qalsın Yusifə və onun anasına... Qəsdim budur. Heç bir şey mənə lazım deyil, məgərinki onların səlamətliyi və rahatlığı.

Güldəstə. Çox gözəl, mübarək işdir, hacı. Hərgah Zinyət xanım razı olsa...

Hacı Fərəc. O işdə mənim ümidim bircə sənədir. Güldəstə, and olsun Beytə, yüz iyirmi dörd min peyğəmbərə, on iki imama, Qurani-əzimə, atamın ərvahına, səni dünyada biqeyd elərəm. Qızıla, ləl-cavahirə münəvvər elərəm, hərgah sən bu işi düzəltsən.

Güldəstə. Baş üstə, gözlərim üstə, hacı, kömək elərəm, inşallah, sənin uşaqların da mənə duaçı olarlar...

Hacı Fərəc. Görüm də, görüm də, başına dolanaram ki... (Gedir.)

Güldəstə (qapıya baxıb). Getdi, xa, xa, xa, xa, xa, xa... xa... xa... Keçəl başın üçün, hacı, sənə kömək edəcəyəm, xa, xa, xa! Aldın ay... Xa, xa, xa... Xa, xa, xa...

Zinyət xanım (daxil olub). Nə olub, bacı, kəklik kimi qaqqıldayırsan? Ağzı köpüklənə-köpüklənə hacı yenə nə danışırdı?

Güldəstə. Hacı məni qızıla, ləl-cavahirə münəvvər edib, aşkar girdi meydana... Deyirəm, hacı, məqsədiniz odur ki, Zinyət xanım sizi yoldaşlığa qəbul etsin, belə deyilmi? Deyir hə də, hə də!..

Zinyət xanım. Ay sağ ol, hacı, sağ ol! Xa... xa, xa, xa... hə də, hə də, hə də, xa, xa, xa, xa.

Güldəstə. Hacı elə qələt eləyir ki, it yesə gözləri ağarar. Başı keçəl, dişləri tökülüb, danışanda da ağzının suyu fantan eləyir. O səni istəmir. Onu dəli-divanə edən sənin dövlətindir... O qeyriləri də bunun kimi... Yavaş yeyin, boğazınızda qalar.

Zinyət xanım. Doğru deyiblər ki, hər bir halda dövlət başa bir bəla imiş. “Neylərəm qızıl teşti, içinə qan qusam” – doğru söz imiş.

Güldəstə. Dünən Mahmud bəyə rast gəldim, xoş-beş, bir xeyli danışdıq... Dedi ki, bir vacib kağız var, onu gərək verəm Zinyət xanıma. Necə gözəl, necə nəcib oğlandır. Allah öz pənahında saxlasın.

Zinyət xanım. Mahmud bəy Ağa Heydər bəyin vəkili idi, qardaşı kimi onu istəyirdi... O bizə gələndə mənə əl verməzdi, dik üzümə baxmazdı, baş vurub əyləşərdi.

Güldəstə. Bu heyvərələr bizdən əl çəksəydilər, Mahmud bəy, məncə, sənə və bu dövlətə layiq oğlandır. Mən gərək onu əldən verməyəm. İşdən belə bir balaca məlumat ona verdim, başa düşdü... Ziyalı oğlandır, əlbəttə, qandı mənim fikrimi...

Kərbəlayı Rəcəb (daxil olub). Mahmud bəy izin istəyir gəlməyə.

Güldəstə. Buyursun, buyursun. Halalzadə belə olar ey... gördün? Öz sözünün üstə çıxdı. Adını tut, qulağını çək. Bunun özü gözəl nişanədir... Allah eləsin öz birliyi xatirinə.

Mahmud bəy (daxil olur, dalınca Kərbəlayı Rəcəb). Salam əleyküm.

Güldəstə. Əleyküm salam, xoş gəlmisiniz, buyuruz əyləşiz...

Mahmud bəy (əyləşir). Necəsiz, səlamətsinizmi?

Güldəstə. Bir dəqiqə bundan irəli sənin söhbətini edirdik... Zinyət xanım deyirdi ki, Mahmud bəy, Ağa Heydərin yeganə dostu, bu bir ilin ərzində, bircə dəfə də olsa buraya təşrif gətirməyib, soruşmayıb işlər necə keçir?.. Qəyyum olub Hacı Fərəc, işləri naməlum.

Zinyət xanım. Elə fikri mən çox vaxt eləmişəm. Əlbəttə, uman yerdən küsərlər...

Mahmud bəy. Sözlərin haqdır, ancaq mən camaatımızın böhtanından qaçırdım... Bu gün vacib işdən ötrü gəlmişəm, yoxsa genə gəlməzdim.

Güldəstə. Doğru buyurursan, qadan alım. Camaatımızın arasında hədyan adamlar çoxdur... Bu bir ilin ərzində yazıq Zinyət xanım bu dörd divarın arasında qalıb, ikicə qədəm kənara çıxmayıb... Həməvəqq qorxuda qalıb, hər bir barədə...

Mahmud bəy. Biçarə neyləsin, həşaratdan hər nə pis iş desən, gözləmək olar... Zinyət xanım! Ağa Heydərin təsdiq vəsiyyətnaməsini gətirmişəm. Bu vəsiyyətnaməyə görə sizə böyük dövlət çatır... Alıb bir möhkəm yerdə saxlayınız... Sonra görək xalqımız üçün nə iş görəcəksiniz... Fəqir-füqəraya nə cür gömək edəcəksiniz?

Zinyət xanım. Siz nə qayda buyursanız, mən də elə rəftar elərəm.

Mahmud bəy. Allah qoysa... Bir belə dövlətlən çox işlər görmək olar. Mərhum Ağa Heydərin fikrində var idi sənət məktəbi üçün böyük təmirat tiksin. Biçarəyə əcəl aman vermədi. İki yüz uşaq onun xərcinə sənət öyrənəcək idilər. Olmadı, qəza qoymadı

Kərbəlayı Rəcəb. Mahmud bəy, atam sənə qurban, o vəsiyyətnamədə Ağa Heydər mənim haqqımda heç bir binagüzarlıq etməyibmi?

Mahmud bəy. Necə ki, etməyib? Əvvəla, sənin üçün təyin edib beş min manat nəqd pul. Əlavə Zinyət xanım harada olsa, borcudur səni yanında saxlasın, hər bir maehtiyacını versin.

Kərbəlayı Rəcəb. Sənin qəbrinə qurban olum, ay yazıq oğlan. Borcumdur ölənədək balan Yusifi gözlərimin üstündə saxlayım.

Mahmud bəy. Vəsiyyətnamədə, Güldəstə bacı, sənin də adın var. Mən özüm də varam... Sonra, bilirsiniz, bu saat lazımdır ki, Zinyət xanım mənə bir vəkalətnamə versin, qəyyum Hacı Fərəcdən hesab tələb etmək üçün və qeyri işlərdən ötrü.

Zinyət xanım. Baş üstə... Sabah nataryusu çağırtdıraram bura, vəkalətnamə yazdırıb göndərrəm sizə.

Mahmud bəy. Çox yaxşı, izin verin mürəxxəs olum qulluğunuzdan. Çünki mənim məhkəmədə işim var, ona görə artıq qala bilmərəm.

Güldəstə. Xoş gəldin, qadan alım, get. Ancaq bizi yaddan çıxarmayınız...

Mahmud bəy. Baş üstə.

Kərbəlayı Rəcəb. Get, atam sənə qurban, get, ömrün uzun olsun! (Mahmud bəy gedir.)

Güldəstə. Sən bir yad oğlanı öz övrətin ilə bərabər vəsiyyətnaməyə salmaqda, Ağa Heydər, qəsdin aşkar görünür. Sevgili Zinyət xanımını bir gözəl oğlana tapşırıb gedibsən, Allah sənə rəhmət eləsin! Bu iki vücudun birləşməsinə mane olan kəs, səni görüm iki gözlərindən olasan, əlin-ayağın qurusun, tərpənə bilməyəsən!.. (Zinyət xanım ağlayır.) Dəli olma, ağlamaq nədir? Bəri gəl, olan keçdi, getdi, bəlkə xoş günümüz qabaqdadır.

Gedirlər.

Kərbəlayı Rəcəb (tək). Belə də arvad olarmı, başınıza dönüm? Yaşa, balam, yaşa! Kaş mənim olaydın, ay qız! Nə yaxşı olardı! Nə xoşbəxt olardım... hanı ki, hanı ki... İçinə zibil ay bəxt, tfu!.. İndi pulumca da var... Xeyr, düzəlməyəcək... Elə baxa-baxa gedəcəyəm...

Pərdə

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Əvvəlinci məclis

Vaqe olur Rüstəm bəyin otağında, Avropa qaydasında bəzənmiş, Rüstəm bəy əyləşib səndəli üstə, tək.*Rüstəm bəy** (tək). İndiyə kimi tamam ömrümdə düşmən qabağından qaçmamışam, həmişə və hər yerdə düşmənə faiq gəlmişəm, bir Allahdan savayı heç kimdən qorxmamışam... (Səktə) Mən haman Rüstəməm ki, topdağıtmaz Cümşüd bəyin evini xaraba qoydum... Mənə bir təşəxxüs satmaqdan ötrü Kərim xanın yurdun xaraba qoydum, tar-mar elədim, evinə od vurdum, külün havaya sovurdum... İndi mən bir ağzından süd iyi gələn cavandan qorxacağam?! (Durur ayağa) Bir at görməmiş, tüfəng əlinə almamış, övrət sifətdə uşaqdan çəkinəcəyəm? Mən, mən Rüstəmi-zəmanə? Heç vaxt. (Təbəssümlə) Hmm... Görək Fəxrəddin atası Heydər bəydən qoçaqmı olacaq ki, əli qılınclı, qabağımda dovşan tazı qabağında qaçan kimi vazıyırdı. (Səktə.) Özün öldürtdüm, qızın güclən oğluma gətirtdim, qardaşların bu vilayətdən itirtdim... İndi məgər mən ölmüşəm ki, Fəxrəddin gəlib burada ad alıb, san çıxartsın və mənim oğlum Rəşid bəy, Rəşid kimi oğlun qanı yerdə qalsın? O mən deyiləm. (Uzun səktə, çağırır.) Əhməd, Vəli!.. Hərgah onu atası yolu göndərməsəm, bu papaq mənə övrət ləçəyi olsun. (Əlin vurur başına.) Bir tək Fəxrəddin oğlum Rəşidin qanına layiq ola bilər... Mən gərək o evi xaraba qoyam!..

189612 min
İkinci məclis

Vaqe olur Fəxrəddin bəyin mənzilində. Gecə Fəxrəddin bəy əyləşib səndəli üstə, qabağında miz, miz üstə bir cüt yanan şam, dəftərlərə baxır.*Fəxrəddin bəy** (tək). Mənim ağlım heç kəsmirdi ki, karixeyirlər, bizim molla demişkən, bu tezliklə tamam oleydilər. Allah qoysa, bir üç-dörd ilin içində bağ da hazır olar və onun mədaxili məktəbxanaya və azarxanaya kifayət elər; məndən artıq xərc istəməz... Sonra... Səadət xanım qolları çirməkli, dəstə haçar belində, gecə-gündüz əlləşməkdə, cənab Fəxrəddin bəy də özü həmi bağban, həmi dirrikçi, həmi məktəbdə müəllim... Pis ömr deyil, hərgah qəza bivəfalıq etməsə. Görək, Allaha pənah! (Səktə.) Hacı Murad! (Çağırır. Hacı Murad daxil olur.)

189611 min
Üçüncü məclis

Vaqe olur Cahangir bəyin bağçasında. Cahangir bəy tüfəngə söykənib, bikef durub ayaq üstə.*Cahangir bəy**. Uf, belə ömür keçirməkdənsə ölüb qurtarmaq yaxşıdır... Allahın bir bəlasıdır ki, düşmüşəm: yemək yox, içmək yox, bir dəqiqə bir yerdə fərağat oturmaq yox... Mal-dövlət tarac oldu getdi, özüm də düşmüşəm bu günə. Xudaya, mən nə günah eləmişdim ki, sən məni bu hala saldın? (Səktə.) Nə qədər özümə söz verirəm, Qurana, kitaba and içirəm ki, bundan sonra Səadət adı çəkməyəcəyəm, olmur... Dəli-divanə kimi gecə yarısından keçmiş, atlanıb gedirəm o ətraflarda gəzirəm, gəzirəm, yorulub axır nəfəs geri qayıdıram... Əgər bir neçə müddət də ömrüm belə keçsə, arzuma çatmasam, yəqin ki, buxovlanacağam. Neyləyim, Rüstəm bəy evini eləyib bir Qars qalası, yaxın getmək olmur ki, qızı güclən aparasan, ya ki, özün vurub öldürəsən?! (Uzun səktə) Nə olardı, xudaya, mənim bu divanə məhəbbətimin yüzdən biri Səadətdə olaydı. Hay-hay, hay-hay! Nə qədər Fəxrəddin bəy gəlməmişdi, mənim genə az-çox ümidim vardı, indi o ümidlərim də kəsilib, qalmışam naçar, biəlac... Tamam el-oba mənim adımı Məcnun qoyublar. Əlbəttə, mən divanəyəm. Hərgah divanə olmasaydım, Səadətə təəşşüq yetirməzdim... Mən hara, o hara?.. Səadətin məkanı asimanda gərək oleydi... Hurilər içrə Allah onu yaradıb mənim kimi divanə üçün xətavü bəla... Neyləyim, bilsəm ki, baş götürüb getsəm, bu bəladan xilas ola billəm, vallah elə bu saat itərəm; amma bilirəm ki, məqdurimiz bu gün gedib sabah geri qayıdacağam genə o qapıda sürünməyə. Nə qədər fikir eləyirəm, dərdimin əlacı bircə şeydir: gərək Fəxrəddin aralıqdan götürülə yoxsa ayaqyalın, başıaçıq, dərələrdə, təpələrdə Məcnunam ki, Məcnunam.

18967 min
Dördüncü məclis

Vaqe olur qaranlıq gecədə, Fəxrəddin bəyin mənzilinin qabağındakı bağçada. Pərdə qalxandan sonra Şahmar bəy gəlir, əlində tüfəng.*Şahmar bəy**. Yamanca qaranlıqdır, göz-gözü görmür. (Ətrafa baxır.) Hacı Murad, Xəlil... (çağırır.) Birisini diri tuta bilsəydik, nə yaxşı olardı?.. Onda Rüstəm bəydən bir dəfə xilas olardıq. Tutan kimi düz aparıb şəhərdə divan əlinə verərdim. Rüstəm bəyi qarışdırardım işə, necə ki, o mənim əmilərimi işə saldı, qulaqları cırıldaya-cırıldaya gedərdi, biryolluq canımız qurtarardı... Hacı Murad! (Çağırır.)

18965 min

Poems by other poets