İkinci məclis
Fatma xanım tək, evi süpürə-süpürə.
Fatma xanım. Keçən zamana necə gözəl zamana idi... Biz dörd gəlindik evdə... Hamımız qayınanamızın qabağında əli bağlı, satın alma qul kimi... Əlimiz-əlimizin üstə, üzüörtülü buracan. (Döşünü göstərir.) Kimsənin cürəti nəydi bir kəlmədən artıq danışsın! Bəli, xeyr. (Süpürgələyir.) O zamanda xeyr var idi, bərəkət var idi. Bir kəlmədən artıq danışanda deyirdi:. Ay hey, yolunu itirmə, düz tərpən!.. Gəlinlər də dinməz-söyləməz (əlini vurur ağzına), guya ki, laldılar... İndi gəl, tamaşa elə. (Süpürgələyir.) Bu zamananın gəlinləri belə otur kaftar, elə dur biiman, axıratsız! Tumanlarını elə fırladırlar, az qalır ki, göz tökələr... (Süpürgələyir.) Odu ki, bərəkət qalmayıb da... Bəs bu çiçək, qızılcıq, boğazağrısı nədəndi?.. Hamısı tamam onnandı ki, böyüyün üzünə ağ olurlar. Bu zamanın gəlinlərinin üzdərinə daş yamansın, üzdərini qara yer örtsün. (Qapıdan Səlman bəyin səsi gəlir.) Ələkbər, Ələkbər! (Fatma xanım süpürgəni atıb küncə, tez oturur bikef, iki əlləri ilə başını tutur.)
Səlman bəy. Bu gədə hara gedibdi bu vaxt?
Fatma xanım. Bu gecə sabaha kimi mən titrəmişəm; ölüb, ölüb, ölümlərdən qayıtmışam və indi başımı tərpədə bilmirəm.
Səlman bəy (qapıdan aşpazxanaya baxıb). Bu nə işdi, gədə evdə yox, Səlbnaz evdə yox, ocaq üstə qazan yox, od yox. Nə olubdu? Mən axı sabahdan çaysız getmişəm.
Fatma xanım. Balam, gədəni arvadın qovdu... Elə gəlini görüm ki, qudursun, çiyinlərin yesin. Mən də ki, görürsən, ağzı üstə qalmışam, tərpənə bilmirəm.
Səlman bəy. Axı nə səbəbə Səlbnaz gədəni qovdu? Gədə ilə Səlbnazın nə işi var? Nə alış-verişi var idi?
Fatma xanım. Məni artıq danışdırma, görürsən ki, ölürəm, məndə o hal hanı ki, sənə cavab verim?
Səlman bəy. Mən də axı bu evin hambalıyam... Saat dördün yarısıdı, yemək istəyirəm, barı heç olmasa deyin görüm Səlbnaz hansı cəhənnəmə getdi?
Fatma xanım. Belə anası gəldi, tutdu qolundan, götürdü getdi... Az qalmışdı məni də burada döyələr. Yəqin gördülər ki, məndə o hal yoxdu, getdilər, Allah atalarına rəhmət eləsin.
Səlman bəy. Genə başa düşə bilmədim, axı səbəb nə oldu?
Fatma xanım. Səbəb nə olacaq? Qudurğanlıq. Onların görüm cəmdəklərinə qurd düşsün.
Səlman bəy. Belə zülm heç bir millətdə görünməyib ki, siz mənə eləyirsiniz. Belə zülmü Allah da götürməz, bəndəyə də xoş gəlməz... Tutalım mən elə bir dilsiz, ağızsız heyvanam. Məgər heyvana adamın yazığı gəlməz?.. Nainsaflıq buracaq? Gecə-gündüz sizin qalmağalınıza dözürəm, fəhləlikdən əl çəkmirəm. Allah bir parça çörək veribdi, onu da qoymursunuz heç olmasa bircə gün vədəsində adam kimi yesin. Vallah, billah, tallah, təngə gəlmişəm, axırı peşman olacaqsınız! Məgər arvad tayfasında ləfzi-insaf, mürvət olmaz?
Fatma xanım. Bu sözləri mənə niyə deyirsən? Əgər sən yaxşı kişi olsaydın, işlər belə olmazdı.
Səlman bəy. Əgər mən sən deyən kişilərdən olsaydım, iki kötək ona vurardım, biri də gərək... Nə eləyim, yuxarı tüpürürsən bığ, aşağı tüpürürsən saqqal.
Fatma xanım. Mən səndən elə onu istəyirəm ki, bir yumruq ona vuranda beşini mənə vur, mən incimərəm.
Səlman bəy. Bəli, elə o qalıb ki, gündə piyabazlıq olsun. Ömür çox xoş keçər. Axı genə mən bilmədim nədən ötrü anası Səlbnazı apardı?
Fatma xanım. Nə eləyim, anası gəlmişdi bura, yolu qara gəlmiş. Mən dedim ki, a qız, akuşkanın ağzından belə dur, gəlib-gedən var, mənim acığıma akuşkanı açıb oturdu üstə. Bunun üstə dalaşdılar, getdilər.
Çiçək xanım və Səlbnaz xanım daxil olurlar.
Səlman bəy (kənara). Bəli, bircə Çiçək xanım əksiydi.
Çiçək xanım (Səlbnaz xanımın qolundan tutub). Bircə, qadam, buyur görüm, bu yetimin sahibi sənsən, yoxsa bunun yüz darğası var?
Səlman bəy. Mənəm!.. Sonra?
Çiçək xanım. Əgər bunun sahibi sənsən, bu evdən niyə qovurlar?.. Bu bədbəxtin qızı niyə bu günə düşübdü? Bir dərisi qalıb, bir sümüyü.
Səlman bəy. Səlbnaz, belə dur, bircə mənə de görüm bu nə işdi?
Səlbnaz xanım. Vallah, billah, qardaşlarım ölsün ki, heç zad. Sən gedəndən sonra Fatma xanıma çay verdim, stəkanı vurdu yerə, sındırdı; deyir mən bu gecə ölürdüm, mənə baxan olmadı.
Fatma xanım. Gör, ləçərin yalanına bax, a qız, sən deyildin mənim atamı-anamı qəbirdən çıxardan?
Səlbnaz xanım. Mən bu cavan canımdan xeyir görməyim, balam, əgər mən ona artıq-əskik söz demişəmsə.
Səlman bəy. Gədəni kim qovdu?
Səlbnaz xanım. Özü... Gədə gəldi ki, xanım, nahara nə qayırım? Dedi ki, zəhər, zəhirmar! Get də, kafir oğlu, yoxsa bağrım çatdar.
Fatma xanım. A qız, sən öyrətmədin gədəni ki, mənə xoruzbeçə desin, a səni görüm dilik-dilik olasan?!
Çiçək xanım. Dilik-dilik özün olasan, tamam övlad əcdad-bə-əcdadın olsun! Bu yetim yazıq deyil!
Fatma xanım. Səlman, eşidirsənmi, a binamus? Mənim axır qazancım budurmu?
Səlman bəy. Arvadın dilini Allah da bilməz, genə işlərin başı sənsən.
Fatma xanım. Mənmi, mənmi? Odu ki, yıxmısan mənim də evimi, öz evini də a biçarə! Bircə bu Çiçək xanımdan soruş görək, mənim təqsirim nə idi ki, basdılar məni döydülər, sənin ananı? Səni mən doğmuşam, a südüm gözünə dursun!
Çiçək xanım. Səni, balam, Əzrayıl döysün. Fatma xala, səni döymək olu?
Səlman bəy. Sənin özün də heç Fatma xaladan geri qalmazsan, qorxma.
Çiçək xanım. İndi, qadam, Allah sizdən razı olsun. Çünki belədi, bizi rədd elə gedək.
Fatma xanım. Siz gedəndə dağlar qara geyəcək? Oy, amandı, getməyin, yoxsa dünya bərbad olu...
Səlbnaz xanım. Mən daş daşımağa razıyam, sən ilə bir dəqiqə oturmağa razı deyiləm.
Fatma xanım. Sizin xahişiniz mənim əlimdən oğlumu almaqdı, o sizin xam xəyalınızdı.
Çiçək xanım. Bu sənin oğlun, o da sən! Allah vara əl-ayağını dürt gözünə.
Fatma xanım. Səlman, eşidirsənmi?.. Allah, mənim Səlman adlı oğlum ölsün, oğulsuz qalım!..
Səlbnaz xanım. Mən səndən bircə belə də narazı deyiləm, Allah səndən razı olsun. Məni çevir öz başına, itiyin başına, ya məni rədd elə gedim, ya da ki, mən bu tövr dolana bilmərəm... Dava bir gün olu, iki gün olu, beş gün olu, ayların qırğınına dözmək olmaz; daha mən az qalıbdı sill azarına düşüm.
Səlman bəy. Sənin dərdin bir isə, balam, mənim dərdimin hesabı yoxdu; nə eləyim, qalmışam naçar.
Fatma xanım. Görünür ki, mənəm sizin bədbəxtliyinizə səbəb. Neynək, mən gedərəm, sən ol, Səlbnaz xanım olsun. Çiçək xanım ələlxüsus... Burada mırt vurun! (Oynayır.) Oğluma bax, oğluma! Allah, yarıdıq yaza çıxdıq. Sənin kimi oğlun əvəzində bir kor qız çox yaxşıdı!
Səlman bəy. Bayaqdan başını tərpədə bilmirdin, indi ləzgihəngi vurursan! Mən də gərək ac-susuz bu hədyana qulaq asam.
Fatma xanım. Sən kişi deyilsən, belə sənə bu da azdı. Başına hamam fitəsi sənin kimi kişinin!
Çiçək xanım. A qız, dediyin nədi, balam? Hələ bizə bu azdı, istəyirsən ki, burada döyülək, gedək? Gör biiman nə danışır, a başınıza dönüm!
Fatma xanım. Biiman sənsən, atandı, anandı, cəddi babandı! Cürətinə bax, cürətinə! (Səlmana.) Sənin kimi oğulun paltarın töküm, üstə şaxseyin təpim, şamını, şaxını qara boyuyum.
Səlbnaz xanım. Bu ölsün, sən qal qurdnan qiyamətə. Sənsiz ölkə dolanmaz. Gör dilinə nə tövr gəlir kaftarın.
Fatma xanım (qalxır ayağa). Dəxi bəsdi!.. Səlman, bu saat bıçağı soxaram ürəyimin başına, özümü öldürrəm! Mən Fatma olam, axırı mənim başıma sən bu müsibəti gətirəsən? Sərikin burdan, sərikin burdan, mirqdanın balaları!.. Bu saat hirsimdən para-para ollam, dağıllam!
Səlbnaz xanım. Ana, sənə qurban olum, gedək, gedək. Yoxsa bu saat it kimi qudurar.
Səlman bəy. Bu ev cin-şəyatin ocağıdı, baş götürüb gedən canı qurtarı. (Tez çıxır.)
Fatma xanım (süpürgəni götürüb). Sizə demirəm gedin? Sizə demirəm gedin, a ev dağıdanlar? (Süpürgə ilə vurur, gedirlər.)
Pərdə
Kitabxana.az · https://kitabxana.az/en/works/vezirov-sonraki-pesmanciliq-fayda-vermez-ikinci-meclis
Use ← → keys to move, R for a random poem
More by this author
Vaqe olur bir balaca otaqda. İskəndər, bir nəfər yasavul , qabaqlarında Zinyət xanım və Səadət xanım daxil olurlar.*İskəndər**. Naçalnikin hökmünə görə siz burada qalacaqsınız. Ta Camal bəy oğlu Şahmar bəy ilə gəlib özlərini divan əlinə verənədək.
Üçüncü məclisVaqe olur meşədə. Camal bəy, Şahmar bəy, Cahangir bəy, Xəlil, İldırım, Bəkir, yanlarında Zinyət xanım, Səadət xanım gəlirlər. Hamısının əlində tüfəng, çiyinlərində yapıncı, patrondaşı iki qatar, İldırımın və Xəlilin çiynində dolu xurcunlar.*Bəkir** (Camal bəyə). Bu yerlərə mən az-çox bələdəm... Uzaq getmək lazım deyil; bax, sağ tərəfimiz sıldırım qayadır. Həmçinin sol tərəfimiz və baş tərəfimiz. Aralıq da pişikkeçməz meşə. Yuxarı yaylaqdır, aşağı köç yolu... Az-çox səlamət buradır.
Dördüncü məclisVaqe olur şose yolunda, meşə içində iki döngə arasında. Camal bəy yoldaşları ilə gəlir... Xanımlar kişi-çərkəs libasında, çiyinlərində tüfəng.*Camal bəy**. Məsləhətimiz belə oldu: xanımlar əllərində uzun ağac, ucunda ağ dəsmal duracaqlar qəlbidə, yuxarıdan və aşağıdan gələn adamları işarə ilə sizə bildirəcəklər. Aşağı döngədə Cahangir və Xəlil, yuxarı döngədə İldırım, Bəkir. Gələnlərin yaraqlarını alıb, heç bir şeylərinə əl vurmayıb, yığacaqsınız bu meydana. Şahmar olacaq qasid, bir dəyə fit verdim. Şahmar gələcək yanıma, iki dəfədə Zinyət, üç dəfədə Səadət... Oğlanlarım, bismillah! Gedək! (Gedirlər.) Xanım, sən buyur o qəlbiyə. Səadət sən də bu qəlbiyə... (İşarə nə təhər olacaq, Camal bəy göstərir.) Bismillah! Gedək!
Beşinci məclisVaqe olur meşə içində, Hacı Qurbanın səfərxanasında. Gecə vaxtı, Hacı Qurban otaqcada əyləşib, əlində təsbeh, kənarda lampa yanır.*Pirverdi** (daxil olub). Hacı, Camal bəy yoldaşları ilə gəliblər, dərənin qurtaracağında dayanıblar...