Page 2 of 2 · 50%

Cavad bəy. Çox yaxşı... Tamaşa... Tamaşa... Ta yadımdan çıxmayacaq, arxayın ol... Tamaşa... Tamaşa...

Hacı Osman. Qızım, nahara nə bişirirsiz?

Tamaşa. Qovurma xəngəl, yanında qatıq sarımsaq.

Hacı Osman. Çox yaxşı, hamı yığılanda gəlib deyərsən.

Tamaşa. Baş üstə. (Gedir.)

Cavad bəy. Hacı, öz aramızdır, qəribə şeydir bu qız. Pəh, pəh, pəh!

Hacı Osman. Bu qızı Mikayılın anası beş manat verib qaraçılardan satın alıb, dörd yaşından qızlığa götürüb... Mənə ata deyir, Mikayıla qardaş, Gülpəriyə məmə... İndi on beş yaşındadır, gözəl qızdır.

Qıraqda səslər: mən razıyam, biz özümüz də razıyıq, Hacı imanlı kişidir, təmiz adamdır, haqqı qoyub nahaq danışmaz, çox yaxşı, buyurunuz gedək. Səlim bəy, Məcid, Qurban, Rəcəb daxil olurlar.

Cəmi. Salam əleküm!

Hacı Osman. Əleykəssalam... Gəliniz... Əyləşiniz... Xoş gəlmisiniz. (Əyləşirlər.)

Məcid. Çox yaxşı oldu ki, Cavad bəy də burada tapıldı. Hər ikinizdən təvəqqe eləyirik münsif olub, iki işimiz var, onu həll edəsiniz: biri budur ki, Səlim bəy Rəcəbdən əlli pud pambıq tələb eləyir, əlavə hamımızdan köhnədən qalmış bəhrə.

Hacı Osman. Rəcəb, qardaşım, Səlim bəy səndən əlli pud pambıq iddia eləyir, cavabın nədir?

Rəcəb. Hacı, mən bir kasa qaymaq, iki də zorba kök toyuq əlimdə, getdim Səlim bəyin qulluğuna, yalvardım ki, bəy, sizdən təvəqqe eləyirəm, izin verəsiniz bir parça yerinizdə pambıq əkim. Bəy razı oldu. Mən də pambıq əkdim, bir əlli pud pambığım oldu.

Hacı Osman. Siz nə buyurursunuz, qadan alım, Səlim bəy?

Səlim bəy. Hacı, özünüzə məlumdur ki, mənim bu kənddə altı yüz çuvallıq yerim vardı. İnqilaba görə o yeri mənim əlimdən aldılar, mənə qalan bir həyətim oldu. Həmin həyətdə Rəcəb pambıq əkdi, beş yüz puddan artıq pambığı oldu. O pambıqdan mən əllicə pud istəyirəm.

Cavad bəy. Əmi oğlu, de görüm bir kasa qaymaq, iki toyuq sənə çatıb ya yox?

Səlim bəy. Bəli, çatıb nə olsun?

Cavad bəy. O olsun ki, sovqatı qəbul edib, o yeri bir illiyə verməlisən Rəcəbə, bitəmənna, vəssalam, ta bu nə pambıq davasıdır?

Məcid. İmanım haqqı, Səlim bəy qaymağı çömçələyəndə, toyuqplovu aşıranda heç ağlına da gəlmirdi ki, hələ pambıq da alacaq...

Qurban. Bu ilki çəyirtkə tökülüb pambığı yesəydi, yəqin ki, Səlim bəy Rəcəbin yanına gedib heç başsağlığı da verməzdi. (Gülüş.) İndi gəlibdir ki, mən də varam.

Səlim bəy. Canım, su mənim, yer mənim, burada bir danışıq ola bilməz ki...

Məcid. Bəy, biz müsəlmanıq, şərən cəmi torpaqlar, sular təəllüqdür xudavəndi-aləmə, suya və torpağa sahib ola bilər o kəslər ki, torpaqda zəhmət çəkib, özləri üçün ruzi qazanalar. Müftəxorluq şəriətimizdə yoxdur, bəy, necə ki indiyədək bəylərimiz olub müftəxor, hazırın naziri... Əlavə, təzə qaydaya görə ixtiyar biz əkinçilərə yetişib.

Hacı Osman. Rəcəb, bəri bax, qardaşım, deyirəm bəlkə halallıq üçün o pambıqdan az-çox Səlim bəyə verəsən, olarmı?

Rəcəb. Bəyin haqqını qabaqcadan vermişəm, qurtarıb gedib... Artıq ta nəyə verim ona?

Qurban. Bəy aşkar deyir ki, kasıb düşmüşəm, acam, mənə kömək eləyiniz, vəssalam.

Səlim bəy (acıqlı). Qurban, sarsaqlama. Qardaş, mən acımdan ölsəm də, sənin kimi gədəyə ağız açmaram. Ağıllı danış, gör o sözü kimə deyirsən...

Cavad bəy. Qurban, elə sözlər lazım deyil, eşidirsənmi? Heç lazım deyil.

Səlim bəy. Danışıq kifayətdir... Mənə pambıq da lazım deyil, bəhrə də... Sizdə taxsır yoxdur. Taxsır o təzə yoldaşlardadır: biri Mikayıl, biri bizim Cavad bəy... Kommunistlər!.. Aləmi bir-birinə qarışdıran bunlardır...

Hacı Osman. Səlim bəy, səndən çox təvəqqe eləyirəm nə mənim oğlumun, nə Cavad bəyin adını çəkməyəsən, yaxşı iş deyil...

Səlim bəy. Hacı, sən məni tanıyırsan ki... Onu da bilirsən ki, adamı darıxdıranda çox yaman işlər ola bilər.

Məcid. Yəni adam öldürmək kimi, taya odlamaq kimi, ev yandırmaq kimi?.. Belə buyurursan da, bəy? Elə işlər keçmiş ola. Qadan alım, əgər istəyirsən içimizdə bir növ dolanasan, gərək quzu kimi olasan... Eşidirsənmi?

Cavad bəy. Elə işlərin üstündə həmən adamı divara söykəyib, başına güllə çaxarlar, qalar yerində...

Səlim bəy. Axırı ölüm deyil? Mən ölümdən qorxan deyiləm... Bacarram haqqımı bulardan alaram, bacarmaram qalsın bulara.

Rəcəb. Yazıq oğlanın bəylik iyi burnundan getməyib... Ay yazıq!

Qurban. İrəli otur, a bəy. Yıxılarsan, qadan alım...

Səlim bəy (gedə-gedə). Eybi yoxdur, görüşərik. (Gedir.)

Məcid. Kişilərə zəhmət verdik, durunuz biz də gedək... Cavad bəy, Hacı, səlamət qalınız!

Hacı Osman. (cavabən) – Xoş gəldiniz!

Gedirlər.

Cavad bəy. Bədbəxt, elm yox, sənət yox... Naçar, biçarə... Eşitdin nə dedi: “Adam darıxanda çox yaman işlər görə bilər”. Hazırın nazırlığının axırı belə olar... Ay yazıq... Ay bədbəxt...

Tamaşa (daxil olub). Qonaqlar gəldilər. Xəngəl hazırdır, buyura bilərsiniz...

Hacı Osman. Cavad bəy, bismillah, buyurunuz gedək. Heç ovqatını təlx eləmə... Dünya işidir.

Gedirlər.

Pərdə

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

“Ölülər” haqqında rəy

“Ölülər”dən alınan təsir tamdır. Bu əsərdə olduğu kimi cahil şeyxlərin təəssüb və şarlatanlığı heç bir zaman qamçılanmamış və qamçılana bilməzdi də. Yalnız şeyxə müqabil çıxarılan kefli İskəndər, məncə, əsərdə olduğundan ziyadə şeyxi tərzil etməli, hiylələrini daha şiddətlə üzünə vurmalı idi. Fəqət təkrar edirəm ki, “Ölülər” draması həyatdan alınmış, iqtidarla yazılmış, tam təsir bəxş edən bir əsərdir.“Açıq söz” qəzeti, 1 may 1916, №173*

1 min
“Ölülər”

Cümə günü Tağıyev teatrında oturdum və “Ölülər” pyesinə diqqətlə baxdım. Pyesin əsas qəhrəmanları – bir tərəfdən təhsilli müsəlman, kefli İskəndər, o biri tərəfdən “ölüdirildən” Şeyx Nəsrulladır ki, onu şeyxin möcüzəsinə inanan, hər dəqiqə əlini və ayağını öpən avam camaat əhatə edir... Camaat öz yaxın adamlarının diriləcəyinə inanır.Sarsıdıcı və eyni zamanda çox kədərli bir mənzərə.

1 min
Teleqram

Öz qayeyi-amalı kimi millətinin zehnində də əbədi qalan millət şairi və müəlliminin ziyasını ürəyimin ən dərin guşəsində hiss edirəm.“Sədayi-həqq” qəzeti, 8 fevral 1915, №29*

1 min
Tərcümeyi-halım

Mən 1854-cü ildə bahar aylarında Şuşa şəhərində anadan doğulmuşam. Məni on iki yaşında məktəbə göndəriblər. Üç ayın ərzində Quran oxumağı öyrənib, yazıya başladım. Bir ildən sonra məni Şuşa şəhərinin mülkiyyə məktəbinə verdilər. Burada məni bir müəllimə tapşırdılar ki, kardon üzərində yazılmış rus əlifbasını mənə təlim etsin. Mənim yeni müəllimim Mkırtıç adlı bir erməni idi. Bu zalım adət etdiyindən məni haqqa və nahaqqa ya kardon ilə və ya əli ilə döyərdi. Axırda bu işgəncələrə davam etməyib məktəbdən qaçmağa məcbur oldum. Xiş əqvamımdan birisi məni istedadsız bilərək öz yanına alıb rus qəvaidi-lisaniyyəsinə aşina etməyə çalışdı ki, bəlkə məni kənd mirzəliyinə qəbul eləsinlər. 1868-ci ildə anamın göz yaşına baxmayıb, dərs oxumaq üçün qaçıb Bakıya gəldim. Anamın ağlaması bundan ötəri idi ki, bəlkə mən kənd mirzəsi olub ailəmizi saxlayam, çünki bizim həyatımız nəhayət üsrət ilə keçirdi. Atam naxoş və bacarıqsız bir adam idi. Bizi ancaq anamız çalışıb para qazanmaqla saxlardı. Qohum-qardaşlarımızın bizə kömək etməmələrindən dolayı rəhmsizlikləri məni çox dilgir və mütəəssir edirdi. O vaxtlar mənim yadıma düşdükcə indi də ürəyim parə-parə olur.Bakıya gəldim, indiki realnı məktəbi onda “realnaya gimnaziya” adlanır idi. İkinci klasa imtahan verdim. Amma nə coğrafiya və nə tarixi-təbii bilirdim. Məhz mənim hazırcavablığımdan ötəri məni qəbula rədd etmədilər. Bir il Bakıda mövcud əqrəbamızın yanında oldum. Bir ildən sonra məni padşahlıq xərcinə pansiona götürdülər.

6 min

Poems by other poets