Page 1 of 2

(Məhzəkə, 1 məclisdə)

Əfradi-əhli-məclis

Xanmirzə bəy – dövlətli cavan oğlan
Almas – onun yoldaşları
Balaqardaş – onun yoldaşları
Karapet – yekəburun, xaşalqarın, şərabxanaçı
Əliheydər – qoca kişi, Xanmirzə bəyin dayısı
Xanəndə Mirzə Səttar
Tarzən Poqos

Əhvalat vaqe olur şərabxananın dal otağında. Xanmirzə bəy, Balaqardaş və Almas daxil olurlar otağa.

Almas. Karapet, vu adə Karapet!(Çağırır.)

Balaqardaş. Vu adə Karapet! Ölmüsən bəgəm?

Xanmirzə bəy. Dərgah qapısı açıq olanda köpəgin yuxusu gələr, buna deyiblər a.

Almas (qapı tərəfə gedib çağırır). Karapet, Karapet!

Karapet. Seças.

Almas. Sənin “seças”ına qurban olum, de gəl də! Verün də!

Karapet (daxil olur). Mənim ağalarım, siz buraya xoş gəlibsiniz, səfa gətirmisiniz. Mənim bu mənzilim sizə qurbandı.

Almas. Artıq danışmaq yeri deyil, Karapet (əlilə vurur qarnına.) Belə sənin dümbəginə qurban olum, acından qarnımız cur-cur eləyir. Tərpən görək, yeməgə-içməgə nəyin var?

Karapet. Sizin canınız üçün bir elə basdırmam var ki, ölü yesə dirilər. Şərablarım var ki, heç Yer üzündə tapılmaz.

Xanmirzə bəy. Kababdan irəli bir az çörək-pəndir, yanının həməsalahilə gətir, qoçaq.

Balaqardaş. Dayanma, Karapet, canım sənə qurban, o zəhrimarı tezcə gətir, yoxsa ürəgimin ortası zoqquldayır.

Karapet. Bu dəqiqə hamısı hazır olar. Xanmirzə bəy ki, buraya təşrif gətirib, görün bu gecə sizə nələr verəcəgəm, barmaqlarınızı yalayasınız...

Almas. Ta uzun eləmə, canım, axır sənə qabaqcadan dedim ki, acından qarnımız cur-cur eləyir. Di get də (dalından itələyir), get, qoçum Karapet, get!

Karapet. Gedirəm. (Gedir.)

Qonaqlar hamısı səndəllərin üstünə yıxılmış.

Balaqardaş. Xanmirzə bəy, sən öləsən, bir həftə bundan irəli, haman bu otaqda, birisi də yanımda, ölümünə vurmuşam! Nə qədər vurmuşam ta bilmirəm... O yetimin özünə də o qədər içirtdim ki, yazıq lap məst kimi qaldı, tərpənməyə taqəti olmadı. Yalvardıqcan ki, “Qadaşka, pajalska damoy”, demişəm izdoxnet, olmaz. Halətim özgə halətdi, Xanmirzə! Pəh, pəh, pəh.

Xanmirzə bəy. Balam, sən həftədə bir yol o halətə düşürsən, amma mən yetim, mən bədbəxt neyləyim ki, həftədə beş yol o halətə düşürəm.

Almas. Canım, dünya beş gündür, beşi də qara, axırda ölüm... Əlinə düşdü vur yerisin... Türklər misalıdır:

Əbləh odur dünya üçün qəm yeyə,
Tarı bilir kim qazana, kim yeyə.

Balaqardaş. Xanmirzə bəy, kef çəkəsən İranda. Allah sənə də qismət eləsin, görəsən, zalım uşaqlarının kefi kef deyil, bir əlamətdi; məclis arəstə, saqi hərəkətdə, şərab. Pəh, pəh, pəh. Məhz bir cəvahir, şərabın məğzi piyalədə, ahu balası kimi saqilərin əlində, dəmbədəm mütrüblər ilə süzməkdə. Axşamdan sübhə kimi. Sən ölməyəsən, Almas, heç yerdə o saqini görməmişəm.

Almas. Vodə. Vay, vay Karapet, yolunu gözləməkdən gözümün nuru getdi ki! Gəl də!

Karapet. Seças, seças!

Almas. Gəl, gözüm gəl, nazım gəl!

Xanmirzə bəy. Balaqardaş, yaxşı bilirəm, görmüşəm İranın kefi necə olur. Dənizin qırağında tacirbaşı Məşədi Tarverdinin mənzilində olmuşam.

Karapet (daxil olur, əlində padnos). Balaqardaş, zəhmət olmasa bu ustulu bir az ortaya çək hələ... Yaxşıdır, ömrün uzun olsun... Çox yaxşı.

Balaqardaş. Vu adə, Karapet, sənin bir malay nökərin var idi, o necə oldu?

Karapet. Heç soruşma, o yanımda olanda işlərim özgə cürə gedirdi.

Xanmirzə bəy. Sən məssəbin, bu şərablardan bir az dad. Gör heç ömründə bir belə şey görmüsənmi?

Almas (rumkanı götürür). Bu nədi vədə?! Bu heç adamın boğazını da yaşlamaz ki! Yetimdoyuranı gətir, axmaq.

Karapet (mizin qutusundan dörd böyük rumka çıxarıb). Bu da sənin yetimdoyuranın, buyur.

Almas (rumkaları doldurur). Götürün görək, ya Allah! Xanmirzə bəy, sağ ol. Karapet, hı, götür görək.

Balaqardaş. Sağ ol qardaş!

Karapet. Xanmirzə bəy, heç bildin bu nə araqdı? Buna hulu arağı deyirlər, belə arağı hər adama mən vermirəm. Din haqqı, bu sənin xatırın üçündür...

Xanmirzə bəy. Doğrudan gözəl araqdı. Şorabalar da yaman deyil. (Yeyirlər.)

Almas (zakuskadan sonra). Çünki oldun dəyirmançı, çağır gəlsin dən Koroğlu (rumkaları doldurur). Qovzuyun görək, ya Allah!

Xanmirzə bəy. Hər kim kimi sevər, onun sağlığına... Mən içdim, sağ olun...

Balaqardaş. Məstanə xumar gözlü yetimcə balamın sağlığına. (İçirlər.)

Almas. Canım qurban, malım qurban, sağlığına!

Karapet. Mən də bunu içirəm, Xanmirzə bəy, o yoğunca çopur var ha, onun sağlığına.

Xanmirzə bəy. Vu adə. O hansı yoğuncadır?

Karapet. O bir yanı da axsaq yoxdurmu, onu deyirəm.

Xanmirzə bəy. Ha, ha, ha!.. Ha, ha, ha!.. Vu adə, Karapet, sən nə bic lotusan!

Karapet. Ah, yola ki aparır, bəsdir də, artıq nə lazım?..

Almas (rumkaları doldurur). Balaqardaş, Karapet, qovzuyun Xanmirzə bəyin sağlığına. Eksterni... sənin sağlığına.

Balaqardaş. Xanmirzə bəy! Eksterni sənin sağlığına.

Karapet. Atam Xanmirzə bəy, canım Xanmirzə bəy! Eksterni sənin sağlığuva!

Balaqardaş (zakuskadan sonra). Xanmirzə bəy, belə sənin qadon alım, dərdin alım, özün bilirsən də... Ürəgim nazikdi. Bağışla, qurban sənə.

Xanmirzə bəy (oxuyur.)

Ey dil, bu qədər yar kim, etdi cəfa sana, (dübarə)
Hərgiz şikayət eyləmədin, mərhaba sana.

Karapet. Açılma sabah, banlama xoruz!

Balaqardaş. Arasın kəsmə, zarı, qurban sana, zarı! Öldür bizi, yıx atamın evini, yıx!

Xanmirzə bəy. Qoy bir şərab gəlsin, deyəcəgəm. Çox deyəcəgəm. Karapet, gör kabab necə oldu? (Karapet gedir.)

Balaqardaş. Doğru söz, qardaş, mən arağı şərabdan artıq sevirəm.

Almas. Eləsə, vur gəlsin. (Bir də rumkaları doldurub götürür.)

Xanmirzə bəy. Gəlir, Balaqardaş, qovza, ya Allah. (İçirlər.)

Oxuyur –

Bilməm nə etmisən bu üzü qarə könlümə,
Yüz min cəfa görüb, genə eylər vəfa sana.

Karapet (o biri otaqdan). Açılma sabah, banlama xoruz!

Almas. Vu adə, Xanmirzə bəy, dəxi nə durmusan, bir yol öldür məni, qurtar getsin. Evin yıxılmasın, məndə can qalmadı ki! Canım qurban, malım qurban, vu adə, vallah sənin kimi oğlan yer üzündə tapılmaz.

Balaqardaş (Alması tutur). Gərək öpəm, öpməsəm olmaz. (Öpür, oxuya-oxuya.)

Xanmirzə bəy. Karapet, kabab! Gəl qoçum, tez ha, tez...

Karapet (kababı, şərabı gətirir). Anan ölməsin, Karapet, bu nə kababdır? Bu kabab deyil ki! Bu marmaladdı, nə şakaladdı... Ə, Xanmirzə bəy, bircə tikə götür, heç gör özgə yerdə görmüsən belə kababı?.. (Kababdan yeyirlər.)

Hamısı. Pəh, pəh, pəh, pəh! Bərəkallah, Karapet! Afərin, Karapet! Çox sağ ol, Karapet!

Xanmirzə bəy (yeyəndən sonra, əlində şərab). Candildən eksterni Karapetin sağlığına, götürünüz.

Almas (əlini Karapetin qarnına vurur). Bu dümbəginə qurban olum.

Karapet. Yaxşımı, sağ ol, nazım. Sənin sağlığına, vur.

Balaqardaş. Öpməsəm olmayacaq (öpur), oxay, can Karapet.

Karapet. Allah sizi mənə çox görməsin. İçiniz, başınıza gönüm, nuş olsun (özü də içir). Of, gəl, kepim, gəl! Açılma sabah, banlama xoruz...

Xanmirzə bəy. (oxuyur) –

Müştaqdır könül səri-kuyin minasına,
Ey, yüz min mənim miskin fəda sana.

Karapet. Ura, ura... Açılma sabah, banlama xoruz...

Almas. Xanmirzə bəy, qadon alım, göndər gəlsinlər (oxuyur) –

Fayton gəlir qoşa-qoşa,
Biri Saşa, biri Maşa.

Xanmirzə bəy. Qoysana getsinlər cəhənnəmlərinə. Karapet, ayağa dur. Bu yaxında Samulun nömrələrində sazəndələr çalıb-oxuyurlar, get olara de ki, Xanmirzə bəy sizi çağırır, bu saat gəlsinlər.

Almas. Zanyat-manyat bilmirəm ha, Karapet! Gəlməsələr lap cərimə çəkdirrəm. Görürsən bu nəştəri? (Xəncəri göstərir.)

Karapet. Xanmirzə bəyin adı olan yerdə ağızları nədi gəlməsinlər. Bu saat gətirrəm, gələr. (Haləti məstanə olur.)

Xanmirzə bəy. Vu adə, Almas, tök görək.

Almas (şərabı tökür). Xanmirzə, dur görüm. Balaqardaş, tərpən görüm.

Xanmirzə bəy. Dünyada qəribə axmaq adamlar var. Bu gün məni tutub güclən müsəlman teatrına aparmaq istəyirdilər. Nədi ki, bəs, kasıb mütəəllimlərə pul yığacayıq. Mən kefimdən qalacağam, nə üçün? Kasıb uşaqlara ianə üçün... Ay özün öləsən.. Yeri ha, yeri.

Almas. Biclik eləyirlər, bu canım ölsün ki, hamısı pul tələsidi.

Balaqardaş. Bu kefin bir dəqiqəsini vermərəm yüz elə teatra. Qoysana getsinlər cəhənnəmə... Eşitdik də, götürün a...a... Bu sözlər bicadır.

Xanmirzə bəy. (oxuyur.) –

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets