Vay şələküm məələküm
Page 2 of 2 · 50%
Olsam qulami hinduyi-xalın, deyil əcəb,
Sən şahi-hüsn, cümleyi-aləm gəda sana.
Almas. Xanmirzə bəy, ay marmalat Xanmirzə bəy, ay şakalad, canım qurban, malım qurban.
Balaqardaş. Oğulları oğul, qənd-şəkər noğul, de noğul, vu adə, götür, bircə ağzından öpüm (öpür.), oxay!
Xanmirzə bəy. Bu yaxında məni bir yerə çağırmışdılar, sən öləsən, lap o obrazovonlılardan mənə o qədər hörmət elədilər, o qədər hörmət elədilər, özüm də utandım. Gətirtmişdilər yaxşı, cürbəcür zakuskalar, içkilər, yaxşı gözəl xanımlar, hərəsi bir tərəfdən qolların salıblar boynuma, hər bir sözün başında misyo bəy, kakoy tı duşka, kakoy tı krasiva...
Almas. Canım, bir kəlmə danış olardan. Zalım uşaqlarının naz-qəmzəsi adamın ağlını aparır.
Balaqardaş. Əlalxüsus ki, bir az içəndən sonra gözlərin süzdürürlər. Pəh, pəh, pəh! Məstanə xumar gözlər. Ölürəm, ay ölürəm! Yanıram, ay yanıram, gəl ağrıvı alım!
Xanmirzə bəy. Dərdimi artırdın, ver gəlsin görək qəza başımıza nə gətirəcək.
İçirlər. Xanmirzə bəy oxuyur.
Sən çəkmədin, məhəbbətü mehrü vəfadan əl,
Hərçənd yar qıldı dəmadəm cəfa sana.
Balaqardaş. Yox, qardaş, belə olmaz, canımı gərək sənə qurban edəm. Bu saat de görüm kimdir sənin düşmənin. Kimi istəyirsən ki Yer üzündən yox olsun, bu saat gedib onu iki parça eləyim? De görüm kimdir düşmən, boğazını qopardım!
Almas. Vu adə, dəlisən-nəsən, kim cürət edib, Xanmirzə bəyin yel olub yanından ötə bilər? Hər kimdir, çıxsın meydana.
Xanmirzə bəy. Nə qədər varımdır verəcəm kefə, axırda nə olacaq olsun, özümdən suvay da özümə düşmənim yoxdur. (Oxuyur.)
Ömrümdə bir gün olmadı aram rahətim,
Ol vaxtdan ki, oldu könül mübtəla sana.
Balaqardaş. Can... can... can, başına dönüm!
Karapet (çöldə). Açılma sabah, banlama xoruz!
Almas və Balaqardaş. Ura, ura... bərəkallah, Karapet... Sağ ol, Karapet. (Karapet və xanəndələr daxil olurlar.)
Karapet. Sən öləsən, Xanmirzə bəyin adını verən kimi qoçaqlar o saat qalxdılar, heç kim də dinə bilmədi.
Mirzə Səttar. Bu nə sözdü, Xanmirzə bəyin adı gələn yerdə biz başımızdan keçməgə hazırıq.
Tarzən Poqos. Hərgah yüz manat da zərərimiz olsaydı, genə Xanmirzə bəyin adı gələndə yerdə bizi zəncirlə də saxlamaq olmazdı.
Xanmirzə bəy. Çox sağ olun, əyləşin görək. Karapet, kabab, çaxır gətir!
Karapet. Seças, qurban sənə. (Gedir.)
Xanmirzə bəy. Almas, yağla boğazların.
Almas şərab təklif edir. Mirzə Səttar xahiş etmir, Poqos qəbul edir.
Poqos (əlində şərab). Xanmirzə bəy, Allah səni və yoldaşlarını həmişə belə kefdə eləsin, sizin sağlığınıza. (İçir. Xanəndələr segah çalırlar.)
Xanmirzə bəy, Almas, Balaqardaş (dalbadal). Ay sağ ol, dəstxoş, bərəkallah, afərin!
Xanmirzə bəy. Dayan, birin də mən oxuyum. (Oxuyur) –
Gər əndəlib səcdeyi-ruyin qılar müdam,
Az qaldı eşqdən deyim, ey büt, xuda sana.
Poqos. Maşallah, pəh, pəh, pəh, pəh, pəh, pəh...
Xanəndə Mirzə Səttar. Xanmirzə bəydən sonra dəxi mən qələt elərəm ağzımı açmaram. Pəh, pəh! O guşələri gördün Poqos? Pəh, pəh, pəh! Afərin, Xanmirzə bəy, afərin!
Xanmirzə bəy. Şikəstə, Mirzə Səttar, şikəstə. (Şikəstə çalınıb-oxunur.)
Balaqardaş. Vu adə, canım çıxdı ki... Zarı qurban sana, zarı... Karapet, çaxır, kabab gətir.
Mirzə Səttar bir-iki şikəstə oxuyandan sonra şələküm-məəlləküm çalır. Balaqardaş qalxır oynamağa, Xanmirzə bəy də, Almas da birdən yıxıla-yıxıla dururlar oynamağa.
Xanmirzə bəy. Karapet, sən də gəl! Tez!..
Dördü də bir yerdə oynayırlar. Əliheydər daxil olur. Piyanlar Əliheydərin gəlməyini bilmirlər. Bir azdan sonra Əliheydər işarə edir xanəndələrə, sakit olurlar. Oynayanlar hərəsi bir tərəfə yıxılırlar, Karapet çıxır.
Əliheydər. Əstəğfürullah rəbbi və ətubi ileyh! Pərvərdigara, bu nə işdir! Bu nə müsibətdir! Belə də bihəya, bidin işlər olarmı?! Xudaya, müsəlman balaları bu surətdə?! Kaş kor olaydım, kar olaydım, bu haləti gəlib görməyeydim... Xanmirzə, sübhdən səni axtarıb, indi səni nə halətdə tapıram? Sənin atan tamam ömründə bir dəqiqə namazını keçirməyib, oxuduğu Quran olub, gecə-gündüz əlləşib, dövlət qoyub gedib ondanmı ötrü ki, sən Allah yolundan, peyğəmbər əmrindən çıxıb, şeytana qulluq edəsən?!
Xanmirzə bəy (istəyir qalxsın, bacarmır). Ö... öz malımdı... get... ki, yox...sa, Ağa Əliheydər indi...
Əliheydər. Varmı Yer üzündə bir heyvan, hansı ki, bu halda sizdən murdar, bədbuy, bədru olsun? Peyin içində ağnayan donquz kimi murdar olubsunuz. Allahın qotur iti sizdən min kərrə təmizdir. Bacım oğluna baxınız... Tfu, tfu.
Poqos. Ağa Əliheydər, nahaq yerə özünüzü bihörmət edərsiniz, qoyun qalsın sabaha.
Əliheydər. Beş yetimin güzəranını görün hansı yolda puç edir bu məlun... Xəsərəddünya, tfu, sənin gözünün içinə!
Mirzə Səttar. Ağa Əliheydər, məsləhət deyil, buyurunuz gedək.
Əliheydər. Yoldaşlarına baxınız, atalarından bixəbər juliklər! Vallahi əlimi murdarlamaq istəmirəm, yoxsa başınıza ip salıb, it ölüsü kimi sizi buradan sürüyərəm.
Almas (başını qalxızıb, dura bilmir). İxtiyarı yoxdur.
Mirzə Səttar. Nahaq yerə özünüzü incitməyin, belə müsibətə düçar olan çoxdur. Ay rəhmətlik oğlu, kimdir içməyən?! Hamballar da, dəlləklər də içirlər, suçular da, daşçılar da. Şəhərdə yüzdən bəlkə otuzu içmir. Bilirəm ürəgin yanır, amma genə nə etməli? Qalsın sabaha.
Əliheydər. Müsəlmanlığı bu hala salan, sənin görüm evin bərbad olsun, hər iki dünyada üzün qara olsun! Vay, şəriət əldən gedib; bizi zülmətə qərq edən şəriət. Bağrım çatlayır, nəfəsim darıxır. Səbəb, səni görüm olmayan bəlaya düçar olasan!
Poqos və Mirzə Səttar. Doğru buyurursan, ancaq nə etməli? Buyurunuz gedək, (Gedirlər.)
Karapet (daxil olub yatanlara baxır). Zalım uşaqları içəndə əti kəsilmiş kimi içirlər. Bunları bu hala salan o şələküm-məəlləküm oldu. Qarınları çaxır kimi çalxalandı, çaxır vurdu başlarına. (Ayağı ilə vurur.) Almas! Kişi getdi, dur gedək. (İstəyir qalxızsın, dura bilmir.) Ölüb aa! Balaqardaş! Balaqardaş! (Həmin qərar ilə) Uçub! Guruldayıb. Xanmirzə bəy, dayın getdi. Qalx görək, nə var. Cənab bəy də təşrif aparıb. Yox, bu yaxşı olmadı, iş çətinə düşdü. İndi mən necə eləyim? Gecə keçib. Bunları da burada tərpətməgə doqquz həmşəri gərək. (Bağırır.) Almas! Almas! Dur görək də!..
Almas. Yatıra... am... de... də... öl... dü... rü... m.
Karapet. Ay özün öləsən, öldürdün ha! Balaqardaş! Balaqardaş! Xanmirzə bəy, Xanmirzə bəy...
Xanmirzə bəy. Hm.., hm.., hm.., hm...
Karapet. Çor, zəhrimar, hm... Əlac yoxdur, gərək yatıb qalsınlar burada. Canım, yatınız, gecəniz xeyrə qalsın. Sabah Allah qoysa, bir də verim cəmdəginizə. Hesabın da birdən çəkərəm. Yox, belə deyil... Gecə durub dükanı yarıb gedərlər. Yaxşısı budur ki, sürüyüm bunları çulana, ağzını bağlayım, sabahı açaram. (Sürüyür çulana, ağzına qıfıl vurur.) Bu kababları da, şərabları da aparım çopurum yesin, içsin bunların sağlığına, sonra da girsin mənim qoynuma. (Götürür aparır.)
Pərdə
Kitabxana.az · https://kitabxana.az/en/works/vezirov-vay-selekum-meelekum
Use ← → keys to move, R for a random poem
More by this author
Əfradi-əhli-məclisHüsenyəli xan*
Yağışdan çıxdıq, yağmura düşdük(Komediya, 4 məclisdə)*Əhli-məclis
Əvvəlinci məclisCavahir xanım** (tək, taxt üstə oturmuş, bikef). Pərvərdigara! Sən özün bizə rəhm elə, yamanca yerdə axşamladıq, qəribə, olmayan xataya düşdük... Yazıq anam baş götürüb evdən qaçıb, bilmir nə tövr bədbəxt atama kömək eləsin. Allah evini başına uçurtsun Hacı Salmanın, fəqir kişini yamanca işə saldı... Əgər biçarənin naxoşluğu şiddət eləsə, ona əlac olmasa, belə müsibətə dözmək olmaz, mən gərək özümü diri-diri quyuya salam... Fəqir atam. Yazıq atam. Günü qara anam. Bədbəxt, köməksiz anam. (Ağlayır.)Əşrəf bəy** (daxil olub). Cavahir, nə olub, ay qız, deyəsən ağlayırsan?
İkinci məclisVaqe olur həmin otaqda. Hacı Qəmbər, Əşrəf bəy əyləşiblər.*Əşrəf bəy**. Mən çox təəccüb eləyirəm sizə ki, mənim sözümə inanmırsınız. Mənə nə düşüb ki, sizə yalan deyim. Vallah, billah, necə ki, sizə ərz eləyirəm, elə iş o qaydadadır. Ala bax, bu iki tel: Hacı Salman yazır ki, bu gün üçün sizə qırx beş min manat pul gətirsin. Əvvəlinci telin də məzmunu belədir ki, baramanı straxovoy eləyiblər doxsan min manata, yarısı Hacı Salmanın, yarısı sizin. Burada bir şəkk-şübhə yoxdur.