Ev tərbiyəsinin bir şəkli
Page 1 of 2
Əfradi-əhli-məclis
Bayraməli bəy – altmış iki yaşında, ağsaqqal, Avropa libasında
Şahmar bəy – onun qardaşı, əlli beş yaşında, saqqalı hənalı, ibarətlə danışan, çərkəs libasında
Səfdərqulu – iyirmi altı yaşında, Avropa libasında, başında papaq – Bayraməli bəyin oğlanları.
Rəsul – on altı yaşında, məktəbxana libasında – Bayraməli bəyin oğlanları.
Əsgər – Bayraməli bəyin nökəri, on səkkiz yaşında, köhnə libasda
Əhvalat vaqe olur sübh vaxtı, Bayraməli bəyin otağında, Səfdərqulu oturub bikef, kürsü üstə, Rəsul taxt üstə uzanıb. Otağın ortasında miz və onun üstə bir neçə piyalə və çaydan. Əsgər ayaq üstə, küncdə.
Səfdərqulu. Ah... bu da bir gün deyil biz çəkirik... Allah kəssin belə diriliyi, belə günü!.. Vallahi mən heç bu evə girmək istəmirəm, elə zəhləm gedib... Evə gələndə elə bil ki, məni cəhənnəmə aparırlar... Mümkün deyil ki, kişi səni görə, sənə acı söz deməyə... Görürsən danışmağa bir söz tapmayanda başlayır: “Rəsul oxumur. Sənin boyunu yerə soxum, hərgah sən oxusaydın, Rəsul da sənə baxıb oxuyardı”. Guya ki, mən Rəsulun qabağında dururam, deyirəm oxuma... Ah! Kişi məni elə darıxdırıb ki, vallah istəyirəm elə özümü boğam öldürəm... Rəsulda da insaf yoxdur...
Əsgər. Yəni kişi yalan deyir? Vallah yox... Budur bax, düz gözünün içinə deyirəm: oxumur, gedir gəzir, gəzir, gəlir deyir ki, dərsə getmişdim. O da belə gedir soruşur bilir ki, getməyib... Gəlir evə, biz biçarənin başına kül ələyir. Barı bu zəhmətə görə, əziyyətə görə, doyunca adama çörək verə, yenə dərd yarıdır; onu da vermir...
Səfdərqulu. Rəsul da nə oxuyan kimi oxuyur, nə oxumayan kimi oxumur, mən də gündə beş yol evdən qovuluram... Mən hara gedim, qardaş? Getdim, necə dolanım, əlimdən nə iş gəlir? Acından ölənəm ki, ölənəm. Rəsul, bax, canım sənə qurban, axır mən sənin qardaşınam, mənə yazığın gəlsin, oxu. Atamızın iki yüz min manatdan artıq varı var... Qardaşı Şahmar bəyi tanımırsanmı ki, əlimizdən alar? Oxu!..
Əsgər. Rəsul, sən Allah dur ayağa, heç olmasa kitabı al əlinə, barı görsün ki, guya dərsini öyrənirsən; bəlkə bu dəfə, bu sabah ertə baş-beynimiz getməsin, Allah xatiri üçün...
Rəsul. Əsgər, elə bircə sən qalmışdın, gərək sən də mənə öyrədəydin... Allah mənim atamı öldürsün ki, səni də mənim başıma mindirib.
Səfdərqulu. Qorxur, nə eləsin, ay başına dönüm!.. Yalandan da olsa kitabı al əlinə, bəlkə Allah rəhm eləyə, bu gün salamat ötüşək. Bax, Əsgər, sən şahidi ol ki, mən Rəsula deyirəm ki, qardaş oxu, sonra kişi deməsin ki, sən qoymursan Rəsulu oxumağa...
Əsgər. Rəsul oxumur, atanız da gündə beş yol dəftəri çıxardıb qoyur qabağına, vurur çortkəyə. Rəsulun müəlliminə bir belə vermişəm, bir elə vermişəm; bizi də acından qırır. Bircə deyin görüm, mən yetimin taxsırı nədir?!
Rəsul. Dəxi bəsdir... Vallah, billah, tallah, mən bir gün ya özümü zəhərləyib öldürəcəyəm, ya ki gedib özümü Araza atacağam. Vəssalam. Kişi məni bu məqama gətirib.
Səfdərqulu. Pəh, pəh, pəh! Bu da bir söz oldu. “Gedib özümü suya atacağam”, “zəhər içəcəyəm”. Bəli, qabağına duran olacaq? Kişi elə Allahdan onu istəmirmi?
Rəsul. Belə gün, bel əziyyət çəkməkdənsə, bir yol ölüb qurtarmaq min pay yaxşıdır.
Əsgər. Kişidən bir qəpik çıxanda elə bil ki, canı çıxır... Qatıq-çörək, qatıq-çörək, tut qurusu-çörək, bir az kefi kök olanda bozbaş... Bir deyən gərək: ay kişi, milyonun var, boğazına niyə çatı salmısan, ölməyəcəksən? Ananızı bir cındır palton içində ölənəcən saxladı. Atanız belə kişidir...
Səfdərqulu. Yalan danışma, axmaq oğlu axmaq! Əgər mən oxusaydım, məni Parisə göndərmək istəyirdi. Rəsul oxusa, min-min verər. Adamın üstündə Allahı var... İndi elə bu saat vermir? Rəsulda insaf yoxdur.
Rəsul. Mən oxuram özüm billəm, oxumuram özüm billəm... Heç kimə borc deyil... Əgər sən özün belə qoçaqsan, bəs niyə oxumadın? Səfdərqulu bəy. Atam məni tutubdur ki, gərək bir-iki ilə tamam eləyəsən. Mən də bacarmıram. Nə eləyim, qabiliyyət yoxdur, Allah verməyib. Özümü öldürüm? Baş üstə, öldürrəm.
Səfdərqulu. Mən heç zad bilmirəm, ancaq onu qanıram ki, yazıq olmuşam, fəqir olmuşam. Kişi məni evdən qovsa, bir gün də dolanmağa taqətim yoxdur. Ona görə də mən sənə yalvarıram. Sən oxusan, məndən əl çəkər, bir parça çörək mən də yeyərəm.
Rəsul. Tələsmə, Səfdərqulu, az qalıbdır: ya mən özümü öldürəcəyəm, ya ki onu... Mən dəxi dözə bilmərəm.
Əsgər (qapıya tərəf gedib). Aman günüdür, başınıza dönüm, yavaş danışın, yavaş danışın... Zəhər torbası yuxudan ayılıb gəlmək istəyir! Rəsul, kitabı al əlinə, başına dönüm, tez-tez, qurbanın olum.
Rəsul. Cəhənnəmə gəlsin, gora gəlsin! Ölsə də kitabı əlimə almayacağam.
Əsgər. (balaca sövtlə) –
Mirzə Taraqqa budur ha gəlir,
Əldə falaqqa budur ha gəlir,
Döyməyə sizi, ya incitməyə
Hıqqana-hıqqana budur ha gəlir.
Qaçır
Səfdərqulu (tez-tez). Rəsul, aman günüdür, dur, başına dönüm, dur kitabı al əlinə, dur, canım qurban, dur! Rəsul, mənə yazığın gəlsin!..
Bayraməli bəy (daxil olur, ayağında çust, əlində məhrəba, başıaçıq, acıqlı ətrafa baxır). Əsgər, Əsgər! (Çağırır.)
Əsgər (tez daxil olub). Bəli, ağa! (Kənara) Necə murdardır, başınıza dönüm!
Bayraməli bəy (rişxəndlə). Samavar kimdən ötrü qoyulub, Əsgər bəy? Neçə qonağımız var, Allah qoysa? Axır sənin dədən də həmişə bilirəm kənddə səkkiz abbasılıq çay içir, sən niyə içməyəsən, Əsgər bəy! Bu samavarı gözün görür, ya yox? Cavab ver, məlun oğlu məlun! Görürsən, ya yox?
Əsgər. Niyə görmürəm, kor ha deyiləm.
Bayraməli bəy. Xeyr, görmürsən! Və mən bu saat sənə sübut elərəm ki, görmürsən, özün də bizim bu Səfdərqulu bəy kimi korsan və bu Rəsul bəy kimi tənbəlsən.
Əsgər (kənara). Allahın verən günü elə belə sübut eləyir. (Bayraməli bəyə) Ağa, sən ki, deyirsən mən samavarı görmürəm, neynək, mən də deyirəm ki, görmürəm. Sonra nə buyurursuz?
Bayraməli bəy. Sonra, Əsgər bəy, canına dərd buyururam, vərəm buyururam! Heyvan oğlu heyvan, məgər bu samavarı bir yol təmizləyəndə nə olar, canın çıxar?
Əsgər (kənara). Yenə iş axtarır, başınıza dönüm! (Bayraməli bəyə) Bu samavar alınan gündən indiyə kimi heç ona əl dəyməyib, elə belədir belə; mən başıma nə kül töküm?!
Bayraməli bəy. Yaxşı cavab verdin, sən hələ dur. (Oğlanlarına) Siz mənə deyin görüm, mən kiməm? Rəsul ağa, sən heç zəhmət çəkib yerindən tərpənmə, necə ki, yatmısan, elə də kor öküz kimi yat, sonra danışarıq. (Səfdərquluya) Sualıma cavab! Hm, yadından çıxdı, hafizə qalmayıbdır. Üzünə bax, sifətinə bax! (Güclü) Bığına bax, bığına!.. Rüstəmi-Zaldır zalım oğlu zalım!
Səfdərqulu. Vallah başa düşə bilmirəm, məndən nə istəyirsiz?!
Bayraməli bəy. Əlbəttə, başa düşə bilməzsən. Başda ağıl varmı ki, başa düşəsən? “Başa düşə bilmirəm”. Xa, xa, xa... Təzə xəbərdir...
Səfdərqulu. Ağlım yoxdur, ağlı hardan tapım, buyur görək.
Bayraməli bəy. Allah hamıya ağıl verir, sənə də vermişdi. Amma sən ağlını puç elədin, gözünün içinə baxanda mən aşkar görürəm ki, sən ağlını puç eləmisən.
Səfdərqulu. Vallah mən bilmirəm sən məndən nə istəyirsən? Qana bilmirəm, nə qədər fikir eləyirəm qana bilmirəm. (İstəyir getsin.)
Bayraməli bəy. Burada dur, hara gedirsən, səndən söz soruşuram, yoxsa istəyirsən yıxım qarnına təpikləyim?
Əsgər (kənara). Kaftar yenə canbaza çıxıb... Öl ha!..
Səfdərqulu. Mənim axır taxsırım nədir ki, yıxıb qarnıma döyəsən? Görək neyləmişəm? Mən uşaq deyiləm ki...
Bayraməli bəy. Uşaq deyilsən, yəqin. İyirmi beş yaşında, bığlar Rüstəmi-Zalın bığları tək çəkilib qulaqlarının dibinə, başda bir tozcan ağıl yox.
Səfdərqulu. Əstəğfürullah. (İstəyir getsin.)
Bayraməli bəy. Dayan dur, yoxsa belinin qozun çıxardaram...
Səfdərqulu (oturur). Baş üstə. (Kənara) Vallahı qanmıram bu məndən nə istəyir, tfu!
Bayraməli bəy (Rəsula). Çolaq öküz, buyur görək: lejaşiy – kakaya çast reçi? (Səktə) Hm, bilmirsən? Vay, vay, kül mənim başıma! Əsgər, lejaşiy – kakaya çast reçi?
Əsgər. Mən bilmirəm, ay ağa, başına dönüm. (Kənara) Qudurmuş itə dönüb yenə.
Bayraməli bəy. Siz bilmədiz, amma Səfdərqulu ona bülbül kimi cavab verəcək... Hm, Rüstəmi-Zal, buyur görək! Qanmaz uşaqları, mən sizin atanızam, ya yox?
Kitabxana.az · https://kitabxana.az/en/works/vezirov-ev-terbiyesinin-bir-sekli
Use ← → keys to move, R for a random poem
More by this author
Vaqe olur Fəxrəddin bəyin mənzilində. Gecə Fəxrəddin bəy əyləşib səndəli üstə, qabağında miz, miz üstə bir cüt yanan şam, dəftərlərə baxır.*Fəxrəddin bəy** (tək). Mənim ağlım heç kəsmirdi ki, karixeyirlər, bizim molla demişkən, bu tezliklə tamam oleydilər. Allah qoysa, bir üç-dörd ilin içində bağ da hazır olar və onun mədaxili məktəbxanaya və azarxanaya kifayət elər; məndən artıq xərc istəməz... Sonra... Səadət xanım qolları çirməkli, dəstə haçar belində, gecə-gündüz əlləşməkdə, cənab Fəxrəddin bəy də özü həmi bağban, həmi dirrikçi, həmi məktəbdə müəllim... Pis ömr deyil, hərgah qəza bivəfalıq etməsə. Görək, Allaha pənah! (Səktə.) Hacı Murad! (Çağırır. Hacı Murad daxil olur.)
Üçüncü məclisVaqe olur Cahangir bəyin bağçasında. Cahangir bəy tüfəngə söykənib, bikef durub ayaq üstə.*Cahangir bəy**. Uf, belə ömür keçirməkdənsə ölüb qurtarmaq yaxşıdır... Allahın bir bəlasıdır ki, düşmüşəm: yemək yox, içmək yox, bir dəqiqə bir yerdə fərağat oturmaq yox... Mal-dövlət tarac oldu getdi, özüm də düşmüşəm bu günə. Xudaya, mən nə günah eləmişdim ki, sən məni bu hala saldın? (Səktə.) Nə qədər özümə söz verirəm, Qurana, kitaba and içirəm ki, bundan sonra Səadət adı çəkməyəcəyəm, olmur... Dəli-divanə kimi gecə yarısından keçmiş, atlanıb gedirəm o ətraflarda gəzirəm, gəzirəm, yorulub axır nəfəs geri qayıdıram... Əgər bir neçə müddət də ömrüm belə keçsə, arzuma çatmasam, yəqin ki, buxovlanacağam. Neyləyim, Rüstəm bəy evini eləyib bir Qars qalası, yaxın getmək olmur ki, qızı güclən aparasan, ya ki, özün vurub öldürəsən?! (Uzun səktə) Nə olardı, xudaya, mənim bu divanə məhəbbətimin yüzdən biri Səadətdə olaydı. Hay-hay, hay-hay! Nə qədər Fəxrəddin bəy gəlməmişdi, mənim genə az-çox ümidim vardı, indi o ümidlərim də kəsilib, qalmışam naçar, biəlac... Tamam el-oba mənim adımı Məcnun qoyublar. Əlbəttə, mən divanəyəm. Hərgah divanə olmasaydım, Səadətə təəşşüq yetirməzdim... Mən hara, o hara?.. Səadətin məkanı asimanda gərək oleydi... Hurilər içrə Allah onu yaradıb mənim kimi divanə üçün xətavü bəla... Neyləyim, bilsəm ki, baş götürüb getsəm, bu bəladan xilas ola billəm, vallah elə bu saat itərəm; amma bilirəm ki, məqdurimiz bu gün gedib sabah geri qayıdacağam genə o qapıda sürünməyə. Nə qədər fikir eləyirəm, dərdimin əlacı bircə şeydir: gərək Fəxrəddin aralıqdan götürülə yoxsa ayaqyalın, başıaçıq, dərələrdə, təpələrdə Məcnunam ki, Məcnunam.
Dördüncü məclisVaqe olur qaranlıq gecədə, Fəxrəddin bəyin mənzilinin qabağındakı bağçada. Pərdə qalxandan sonra Şahmar bəy gəlir, əlində tüfəng.*Şahmar bəy**. Yamanca qaranlıqdır, göz-gözü görmür. (Ətrafa baxır.) Hacı Murad, Xəlil... (çağırır.) Birisini diri tuta bilsəydik, nə yaxşı olardı?.. Onda Rüstəm bəydən bir dəfə xilas olardıq. Tutan kimi düz aparıb şəhərdə divan əlinə verərdim. Rüstəm bəyi qarışdırardım işə, necə ki, o mənim əmilərimi işə saldı, qulaqları cırıldaya-cırıldaya gedərdi, biryolluq canımız qurtarardı... Hacı Murad! (Çağırır.)
Beşinci məclisVaqe olur Rüstəm bəyin bağçasında, gecə yarıdan keçmiş, Səadət xanım, Gülbahar və Hürü danışa-danışa gəlirlər.*Səadət xanım**. Mənim ağlım kəsmir ki, bu gün Mahmud şəhərə getmiş ola, heç elə gün olmayıb ki, bizim evimiz bu mərtəbə yiyəsiz qala. Gədələrin biri də evdə yoxdur. Qanmıram bu nə işdir? Deyirəm yoxsa bu evi yıxılmışlar o tərəfə gediblər?
Poems by other poets
Zərrəcə qəm çəkmə, aliyi-həzrətim,Qadir Mövlamız sənə yar olur,
QızlarBir bölük sona tək göllər üstündəDüzülüb dönübdür durnaya qızlar.
Gəraylı: Dəli könül nə məlulsanDəli könül, nə məlulsan,Məgər ol nazlı yar getdi,
Təbrizin qarətiGənə təqdiri-qəzadən belə fərman olduZəlzələ keçdi, vəli ayrıca dövran oldu