Mərcan xanımın Çənlibelə gəlməyi
Page 6 of 14 · 36%
İşim yaman dara düşdü,
İmdadıma çat, Eyvazım.
Min Düratı, gəl hayıma,
Yalmanına yat, Eyvazım.
Dörd yanımdı ətdən qala,
Qolum tutmur qılınc çala.
Kürdoğluynan sağa, sola
Şeşpərini at, Eyvazım!
Al Koroğlu sədasını,
Keç dəryalar adasını,
Paşasını, gədasını
Bir-birinə qat, Eyvazım!
Bu dəmdə Dəli Həsənnən Dəmirçioğlu yetişdi. Dəlilərin dəli
nərəsi aləmə lərzə saldı. Paşanın qoşunu boğanağın qabağında burumburum
olan çör-çöp kimi bükülüb üz qoydu qaçmağa...
Koroğlu hay vurdu ki, paşanı tutub gətirin! Şəhər əhli ərz elədi ki,
paşa çoxdan qaçıb. Koroğlu yaman bəd haldaydı. Dərdinnən, qəminnən,
hirsinnən-hikkəsinnən huşu özündə döyüldü. Nərə təpdi ki,
şəhərə od vurun. Dəli Həsən şəhərin ağsaqqallarıynan irəli yeridi ki,
bəs şəhər əhlinin nədi günahı? Koroğlu yuxudan ayılan kimi olub
özünə gəldi. Ağsaqqalların qabağında diz çöküb üzr istədi..
De şəhərin Koroğlunu istəyənləri yeriyib xahiş elədilər ki, meyidi
ver, dəfn eliyək. Nə dəlilər razılaşdı, nə də Koroğlu.
İş belə olanda, bir tabut düzəltdilər, qara kəcavə bəzəyib cənazəni
verdilər dəlilərin çiyninə. Biçarə dəlilər qəmdən dərya kimi dalğalanadalğalana
üz qoydular Çənlibelə.
Koroğlu bir müddət nə eyləyəcəyini, hayana üz tutacağını kəsdirə
bilmədi. Dəli Həsənnən Dəmirçioğlu da qalmışdılar onun yanında.
Haçannan haçana Dəli Həsən dedi:
– Koroğlu, day olan olub, keçən keçib. Artıq fikirdən bir kar yoxdu.
Paşa da əldən çıxıb. Vaxt itirmə. Sür atını, gedək meyidimizi dəfn
eləyək, sonra gəlib paşaynan da, xotkarnan da hesabımızı çəkərik.
Koroğlu dinməzcə, atının başını döndərib üz qoydu Çənlibelə.
Qoy bunnar öz dərdiynən getməkdə olsun, gəl sana bir az da TəkəTürkmannan
Eyvazın ata-anasınnan danışım.
Elə ki, Qəssab Alı toydan qayıdıb Eyvazın gələcəyini xəbər verdi,
biçarə Zərqələm arvadın gözdəri tikildi yollara...
Amma Eyvaz ləngidi. Hər gün, hər saniyə Zərqələmə bir il kəsildi.
Yazıq ana həsrətə tablaşa bimləyib peşə elədi ağlamağı. Qəssab Alı
Zərqələmi ha yubatdı ki, bu gün gələr, sabah gələr, əməl yemədi, Zərqələm
kirimək bilmədi.
Bir səhər yenə Qəssab Alı mal-heyvanı rahatlayıb evə qayıdanda,
qapıya çatmamış, Zərqələmin bayatısı ürəyinə hakim kəsildi:
Dağda ceyran mələdi,
Bulud leysan ələdi,
Çağırıram, gəlmirsən,
Eyvaz, vəfan belədi?!
Qəssab Alı baxdı ki, belə getsə, arvad yenə yatağa düşəcək. Gəlib
təskinlik verdi:
– Ay arvad, axı niyə gözünün yaşını eliyibsən abu-leysan? Adam
da sağ-sağ balasını ağlıyarmı? Kim bilsin, başları qarışıb hansı kefə?
Bir ikicə gün də səbr elə, görək!
Yazıq ananın səbr eləməyə taqəti qalmışdımı ki? Gördü ki, heç
Alının ürəyi onun ürəyi deyəni demir, ağlaya-ağlaya dedi:
Gözüm qalıbdı yollarda,
Bir balamı anaram mən.
Gələcək dedin, gəlmədi,
Od tutaram, yanaram mən.
Qəminnən düşdüm yatağa,
Balam keçmədi sol-sağa,
Dönmüşəm sarı yarpağa,
Uçub yerə qonaram mən!
Baxan yoxdu göz yaşıma,
Həsrət qaldım adaşıma,
Kimim dolansın başıma,
Pərvanasız fənaram mən!
Bülbülü tərk etmiş bağam,
Suyu qurumuş bulağam.
Yağsız yanan bir çırağam,
Külək əsər, sönərəm mən!
Zərqələməm, çox bədhalam,
Dilim söz gətirmir, lalam,
Mənim ki bircədi balam,
Niyə onnan kənaram mən!
Bu ah-nalə Qəssab Alının da ürəyinə od saldı. Baxdı ki, olası iş
deyil, dedi:
– İndi ki, belə oldu, canın da bir az yaxşıdı, hazırlaşaq, gedək gəlin
görümünə. Bir sən də Çənlibeli gör. Onda da uşaqları gətirib bir toy da
burda elərik! – O, atmacadan da qalmadı, – indi Eyvazı qınıyırsan,
qorxuram, Çənlibeli görənnən sonra ayağını dirəyəsən ki, getmirəm,
qalıram burda!..
Zərqələmin gözünə işıq, dizinə taqət gəldi. Elə bil oldu təzə gəlin.
Bu xəbər yayıldı Təkə-Türkmana. Çənlibelə gəlin görümünə
getmək ola, Təkə-Türkman eli ola! De Koroğlunu istəyən hazırraşdı!..
Üçcə gündən sonra Qəssab Alı neçə-neçə qırmızı kəcavəsi olan
çox böyük bir karvannan yol başladı Çənlibelə.
Karvanı görən belə hesab edərdi ki, Çin padşahı Hind padşahının
qızını oğluna gəlin aparır!..
İş belə gətirdi ki, cənazəni gətirən dəstə Çənlibel ətəyinə çatanda
Alının karvanı da çatdı...
Dəlilər dayanıb gözləyirdilər ki, Koroğlu gəlib yetişsin, bundan
belə özü qabağa düşsün...
Qəssab Alı yaxınnaşanda, baxdı ki, budu, bir dəstə düşərgə salıb,
özlərinin də qara kəcavələri var. Tez hay vurdu, karvan dayandı:
– Bunların yanından belə keçmək yaxşı deyil. Dərdlərini bilək, izn
alaq, ondan keçək. Bəlkə kömək lazımdı!
Qəssab Alı irəli yeriyib xəbər aldı:
Xəbər alım, ər qardaşdar,
Kəcavəniz qara niyə?!
Qəlbi qəmli, gözü yaşdar,
Düşmüsünüz dara niyə?!
Kim görsə bu dərdə yanı,
Mərdə qurban namərd canı.
Uca dağların tərlanı
Dustaq olub sara niyə?!
Mənə deyin, qoç iyidlər,
Kimnən sizə dəyib xətər?
Həvəsnən bəsdənən güllər
Qismət olub xara niyə?!
Dərdinizi deyin bizə,
Kömək əli verək sizə.
Axı sizin dərdinizə
Tapılmayır çara niyə?!
Qəssab Alı baxdı heç kim dinmir, yerinnən tərpənib cavab vermir. Bildi dərdləri ağırdı. İzn almaq istədi, amma sözü belə çıxdı:
Alı burdan aralıdı,
O xəstəniz haralıdı?
Ölüb, yoxsa yaralıdı,
Ona dəyib yara niyə?!
Dəlilər bayaqdan tanımışdılar onu. Amma kimin nitqi gətirirdi ki,
dinə, kimin qədəmi tuturdu ki, irəli yeriyə, cavab verə?!
Elə bu dəmdə Koroğlu yetişdi. Gördü nə! Qəssab Alı! Onun qırmızı
kəcavəli karvanı!.. Atdan aşırılıb, Qəssab Alını aldı qollarının
arasına... Hər gözünnən bir damcı yaş süzülüb yendi bircə günün
içində gözlərinin altında dağ kimi baş qaldırmış alma sümüklərinin
üstünə... Deyillər ki, anadan olannan bu günə kimi Koroğlunun gözündə
görünən yaş buydu!..
O saat Qəssab Alının ürəyinə damdı ki, iş Eyvazın başındadı. Amma bilmədi ölüb, yoxsa yaralıdı. Baxdı ki, Koroğlu yaman bəd haldadı. Özünü toxdadıb o da qollarını doladı Koroğlunun boynuna. Sonra bir az geri çəkilib xəbər aldı:
Aç söylə sirrini, bilim dərdini,
Cümlə iyidlərin başı, Koroğlu.
Deyillər, gedəndə düşman üstünə,
Qoymaz daş üstündə daşı Koroğlu!
Koroğlu ürəkdən gələn yanıqlı bir ah çəkib Qəssab Alının cavabında dedi:
Xəbər alma, Qəssab Alı, dərdini,
Zəhərnən yeyibdi aşı Koroğlu:
Yüz il paşalara al eyləyibdi,
Axırda olubdu naşı Koroğlu!
Qəssab Alı dedi:
Qoyar dost yolunda başı, canını,
İçər ovçu ilə düşman qanını.
Yıxar paşaların xanimanını,
Bir dəfə oynatsa qaşı Koroğlu!
Koroğlu dedi:
Daha bunnan belə açarmı qalı
Sınıq qanad laçın olmaz havalı.
Baxdı yatıb, üz döndərib yığvalı,
Tökübdü qabağı-qaşı Koroğlu!
Qəssab Alı anladı ki, Koroğlunun dərdi çox böyükdü, amma nədənsə, açıq demir. Odu ki, onun gözdərindəki yaşa işarə elədi, bildi ki, düyün bunnan açılacaq:
Qəssab Alı üz tutubdu dağlara,
Qəsdi var, iyidlər yurduna vara!
İyid qovğa günü alsa, min yara,
Axmaz gözdərinin yaşı, Koroğlu!
Koroğlu yenə bir ah çəkdi. Elə ah çəkdi ki, əgər bu ahın alovu, odu
olsaydı, dağlar bir göz qırpımında əriyib suya dönər, dəryayi-ümmanlar
da buxara çevrilib göyə çəkilərdi. Yox, əgər bu ah tüstülü olsaydı,
dünyanın üzündə bir il göz-gözü görməzdi. O, əllərini sinəsində çarpazdadı,
yazıq görkəm aldı, istər-istəməz, yavaş-yavaş dedi:
Sinəmin başınnan kaman qurulsa,
Göz qırpmaram, min bir yara vurulsa.
Hanı amanatım? – deyə sorulsa,
Qan tökər gözünnən yaşı Koroğlu!
Bu yerdə Qəssab Alı nə qədər elədisə, özünü saxlaya bilmədi. Cumdu qara kəcavənin üstünə. Kəcavəni qucaqlayıf dedi:
Ay ağalar, ay qazılar,
Yatan Eyvaz xan olmasın!
Sinəsində dərin yara,
Ürəyində qan olmasın!
Maralsız olmasın çölüm,
Sonasız qalmasın gölüm,
Mana gəlsin gələn ölüm,
Eyvaz yuxudan olmasın!
Yazıq canım düşdü dərdə,
Ahım qalxır pərdə-pərdə,
Qılınc vursun mərd namərdə,
Arada şeytan olmasın!
Xudam buyurmasın fərman,
Dostuma gülməsin düşman.
Xeyir işə gedən karvan
Mənzildə peşman olmasın!
Alı olmaz ahı-zarsız,
Dağ başı qalmasın qarsız!
İyid qalda havadarsız,
İyidsiz meydan olmasın!
Bu yannan da Təkə-Türkmanın iyidləri Qəssab Alının belə
ləngidiyini görəndə, yeridilər irəli görsünlər bu nə işdi...
Qəssab Alı hayqırdı ki, qayıdın kəcavələri qara bəzəyin!
Onnar qayıdıb kəcavələri qara bəzəyəndə, yazıq Zərqələm elə
bircə dəfə “uuyy” elədi, huşunu itirdi.
Qəssab Alı yazıq ananın bu halına tab gətirməyib qara kəcavəni
səslədi, əlini göylərə qaldırdı:
Xudaya, əcəlin mana yetişsin,
Eyvaz təzə bitib, boya gəlibdi!
Bir möcüzə görsət, balam oyansın!
Deyim ki, ərənnər hoya gəlibdi!
Anan həsrət qaldı gül camalına,
Baxa bilməz sənin belə halına!
Əlacı kəsilib, düşüb dalına,
Qalx, Eyvazım! Anan toya gəlibdi!
Kitabxana.az · https://kitabxana.az/en/works/xalq-koroglu-dastani-mercan-xanimin-cenlibele-gelmeyi
Use ← → keys to move, R for a random poem
More by this author
Bir gün Ulaş oğlı, Tulu quşun yavnsı, bizə miskin umudı, Amit soyının aslanı, Qaracuğın qaplanı, qonur atın iyəsi, xan Uruzun ağası, Bayındır xanın güyəgisi, Qalın Oğuzun dövləti,qalmış yigit arxası Salur Qazan yerindən durmışdı. Toqsan başlu ban evlərin qara yerin üzərinə dikdirmişdi. Toqsan yerdə ala qalı-ipək döşəmişdi. Səksən yerdə badyalar qurılmışdı. Altun ayaq sürahilər düzilmişdi. Doquz qara gözlü, xub yüzlü, saçı ardına örilü, köksi qızıl dügməli, əlləri biləgindən qınalı, barmaqları nigarlı məhbub kafir qızları Qalın Oğuz bəglərinə sağraq sürüb içərlərdi.İçüb-içüb Ulaş oğlı Salur Qazanın alnına şərabın itisi çıqdı. Qaba dizi üzərinə çökdi, ayıtdı: “Ünüm anlan bəglər, sözüm dinlən bəglər! Yata-yata yanımız ağrıdı, dura-dura belimiz qurıdı; yüriyəlim, a bəglər, av avlayalım, quş quşlayalım, sığın-keyik yıqalım, qayıdalım otağımıza düşəlim, yeyəlim-içəlim, xoş keçəlim!” Qıyan Selcük oğlu Dəlü Dondar aydır: “Bəli, xan Qazan, məsləhətdir”. Qaragünə oğlı Qarabudaq aydır: “Ağam Qazan, məsləhətdir”.
Qam Börənin oğlı Bamsı Beyrək boyını bəyan edərQAM BÖRƏNİN OĞLI BAMSI BEYRƏK BOYINI BƏYAN EDƏR, XANIM, HEY...Qam Gan oğlı xan Baymdır yerindən durmışdı. Qara yerin üstinə ağ ban evin dikdirmişdi. Ala sayvan gög yüzinə
Qazan bəg oğlı Uruz bəgin tutsaq oldığı boyı bəyan edərQAZAN BƏG OĞLI URUZ BƏGİN TUTSAQ OLDIĞI BOYI BƏYAN EDƏR, XANIM, HEY!Bir gün Ulaş oğlı Qazan bəg yerindən durmışdı. Qara yerin üzərinə otaxlarm tikdirmişdi. Bin yerdə ipək xalıcası döşətmişdi. Ala sayvan gög yüzinə aşanmışdı. Doqsan tümən gənc oğuz söhbətinə dərilmişdi. Ağzı böyük xümrələr ortalığa salınmışdı. Doquz yerdə badyalar qurılmışdı. Altun ayaq, surahilər dizilmişdi. Doquz qara gözli, örmə saçlı, əlləri biləgindən qınalı, parmaqları nigarlı, boğazları birər qarış kafir qızları al şərabı altun ayağla Qalın Oğuz bəglərinə gəzdirirlərdi. Hər birindən Ulaş oğlı Salur Qazan içmüşdi. Çırğab-çırğab çadır, otaq bağışlardı. Qatar-qatar dəvələr bağışlardı. Oğlı Uruz qarşusında yay söykənib durardı. Sağ yanında qardaşı Qaragünə oturmışdı. Sol yanında dayısı Aruz oturmışdı.
Duxa Qoca oğlı Dəli Domrul boyını bəyan edərDUXA QOCA OĞLI DƏLİ DOMRUL BOYINI BƏYAN EDƏR, XANIM HEY!Məgər xanım, Oğuzda Duxa qoca oğlı Dəli Domrul deyərlərdi, bir ər var idi. Bir quru çayın üzərinə bir köpri yapdırmışdı. Keçənindən otuz üç aqça alurdı, keçməyənindən dögə-dögə qırq aqça alurdı. Bunı neçün böylə edərdi? Anunçun ki, “Məndən dəli, məndən gücli ər varmıdır ki, çıqa mənfimlə savaşa, - derdi; mənim ərligim, bəhadirligim, cılasunligim, yigitligim Ruma, Şama gedə çavlana”, - derdi.
Poems by other poets
Yazıq könlüm, nə sızlarsan, bülbülə tay olmusan,Haçan yardan yarımısan, sevilib bay olmusan.
Gəldi bir şux yenə yanıma göyçək-göyçəkGəldi bir şux yene yanrnıa göyçək-göyçək,Vurdu bir tiği-cefa canıma göyçek-göyçək.
QızlarBir bölük sona tək göllər üstündəDüzülüb dönübdür durnaya qızlar.
Birləşən iki nəhrTarix boyu axdığı yerdən alıb izini,Qoşmuş dəli Quzğuna Kür çağlaya-çağlaya.