Yer göyü, dağ dağı, daş daşı sevdi,Tanrı naxış vurdu, nəqqaşı sevdi.Göz gözə boylandı, qaş qaşı sevdi,Biz niyə sevməyək bir-birimizi.

Çəmənlər torpağa xalı çəkirsə,Xalıda yaşılı, alı çəkirsə,Arı çiçəklərdən balı çəkirsə,Biz niyə sevməyək bir-birimizi.

Ulduzlar sayrışıb göz vurur Aya,Çeşmələr çağlayıb tökülür çaya.Sevənlər gəlirsə hər gün dünyaya,Biz niyə sevməyək bir-birimizi.

Gül şehdən güc alır, mamır qayadan,Köz oddan qızarır, çiçək həyadan,Süzülüb gəlirsə kökdən, mayadan,Biz niyə sevməyək bir-birimizi.

Ömür göz qırpımı, fürsət azdısa,Könül son nəfəsdə sınan sazdısa,Uçub əlimizdən gedən yazdısa,Biz niyə sevməyək bir-birimizi.

Ömrün həm sevinci, həm ahı varsa,Pərvanə yanğısı, şam ahı varsa,Adəmin cənnətdə tamahı varsa,Biz niyə sevməyək bir-birimizi.

Yağış gözəllərin öpür üzünü,Damla pıçıltıyla deyir sözünü,Şəlalə qayadan atır özünü,Tufan dağı sevir, dalğa dənizi,Biz niyə sevməyək bir-birimizi.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love