Qazan altda köz qoydular, ocaq çatdılar,Bu qazanı qaynatdılar daşana qədər.Qovan qovdu, öz işindən əl götürmədi,Qaçan qaçdı, yeddi bələn aşana qədər.

Düşmən deyən doğru çıxdı, yalan olmadı,Heç bir şəhər könlüm kimi talan olmadı.Bu daşqının qarşısını alan olmadı,Bir çay kimi havalanıb daşana qədər.

Bu meydanda duruş tapıb durmaq olardı,Xəyanətin sədlərini yarmaq olardı,İnadkarın inadını qırmaq olardı,Düz yolunu əyri gedib çaşana qədər.

Soyuq-soyuq baxışları görənlər,Yavaş-yavaş əkilməyə başladı.Rahatlığı əlimizdən aldılar,Yuxu gözdən çəkilməyə başladı.

Göz oxşayan yaşılıydı, alıydı,Bərəkəti – pətəyiydi, balıydı.Gözəl Göyçə min naxışlı xalıydı,İlmə-ilmə sökülməyə başladı.

Qara gəldi hər həftəsi, hər ayı,Yer titrətdi könüllərin harayı.Rahatlığın, xoşbəxtliyin sarayı,Kərpic-kərpic sökülməyə başladı.

Köç yolunda oğul itdi, ər itdi,Zaman çox-çox ağlayanı kiritdi.Qara tale insanları əritdi,Palıd qəddi bükülməyə başladı.

Al yanağın alı getdi,Bal dodağın balı getdi,Qaçaqaçda, köçəköçdə,Köhlənlərin nalı getdi.

Bəxtimizə gör nə düşüb gözümüzü açanda,Sərt yoxuşlar, sərt döngələr, aşırımlar, bələnlər.Öz evindən ayrı düşmək ölümdən də betərmiş,Duyar məni doğma yurdun qiymətini bilənlər.

Ələ fürsət keçən kimi düşmən qansız olurmuş,İtirib insafı, dini lap imansız olurmuş.Birdən-birə qalxan tufan çox amansız olurmuş,Ağlımıza heç gəlməzdi başımıza gələnlər.

Ayrılanda nalə qopdu neçə qızdan, qadından,Hamı daddı ayrılığın ləzzətindən, dadından.Zaman-zaman çıxan deyil heç bir kəsin yadından,Oğul, uşaq, qoca, cavan, yarıyolda ölənlər.

Dərk edəndə dərdlərimi, gördüm dağdan yekəymiş,Fil dərdini insanlar yox, gərək fillər çəkəymiş,Aman Allah! Mənim yurdum gör nə yağlı tikəymiş,Baxıb-baxıb ləzzət alır böldürənlər, bölənlər.Qaynar bulaq, sularından içərlər,içəni biz olmarıq!

Qədim körpü, sinən üstdən keçərlər,keçəni biz olmarıq!Göy biçənək, payız səni biçərlər,biçəni biz olmarıq!Yay gələndə göy yaylağa köçərlər,köçəni biz olmarıq!Dağ ətəyi, səndə süfrə sərərlər,sərəni biz olmarıq!Yaşıl çəmən, səndə çiçək dərərlər,dərəni biz olmarıq!Çeşmə başı, sənə könül verərlər,verəni biz olmarıq!Ulu Göyçə! Səndə ömür sürərlər,sürəni biz olmarıq!

Dünyaya tufan gələr,Yandıran kim olsa da,Yananı biz olarıq!Dünyaya hicran gələr,Donduran kim olsa da,Donanı biz olarıq!Dünyaya vulkan gələr,Odunda, alovundaQaynayan biz olarıq!Dünyaya heyvan gələr,Buynuzunun ucunda,Oynayan biz olarıq!

Heç bilmədik yerdən gəldi, göydən gəldi,Qardaş, tufan birdən gəldi.Dünya xeyrə qurşananda,Bizimki də şərdən gəldi!Müxənnətlər, qəlbidarlar,Yeridilər, yüyürdülər, tərlədilər,Göydəndüşmə tarixləri, saxta-saxta kağızları,O tərəfə, bu tərəfə çevirdilər, hərlədilər.

Axır bizi tora salıb,Axır bizi şərə salıb şərlədilər!Mənim zəif damarımı tapdı düşmən,Azərbaycan torpağını,Parça-parça qazdı, tökdü,Qaya-qaya çapdı düşmən!Eraların arxasından,Baş qaldıran mənəm! – dedi.Torpaq əkən, saray tikən,Daş qaldıran mənəm! – dedi.Yer üzündə ən birinci dövlət mənim dövlətimdi,Bu dənizdən o dənizə şöhrət mənim şöhrətimdi.Onun-bunun tarixini oğurladı oğru kimi,Yalanları daşa yazdı,Gerçək kimi, doğru kimi!Gündə bir əl pəhləvanı,Gündə bir dil pəhləvanı,Başa keçdi, taxta çıxdı.Hər gələnin havasıyla,Təzə tarix yazdırdılar,Ancaq yenə saxta çıxdı!Bu bədxahlar bilmədi ki,Bəmi çəkib zil eləmək tarix deyil!Onun-bunun gözlərinə kül ələmək tarix deyil!

Tarix – xalqın kökündədir, zatındadır,Tarix – xalqın açılmamış neçə-neçə qatındadır!Tarix – xalqın yaşatdığı həqiqətdə, doğrudadır!Tarix – xalqın yaşatdığı əzabdadır, ağrıdadır!Yaman qonşu!Ayağımın altını qaz,Tariximi tərsinə yaz!Ancaq bil ki, bizə doğru tuşladığın silahları,Tarix sənə bağışlamaz!Əl sınanda əlacı var,Qol sınanda, bel sınanda əlacı var,Vay o gündən ürək sına,Qəlbi, ruhu kövrək sına!Qəlbimizi yaman qırdın.Daş sevərik, quş sevərik,İt sevərik, qurd sevərik,Yer sevərik, yurd sevərik,Sənə sevgi bəsləmərik!Xeyrə, şərə, toya, yasa bir gedərik,Daha səni çağırmarıq, daha səni səsləmərik.Daha bizi çağırmağa üzün gəlməz,Daha bizi səsləməyə dilin yoxdu.Şər ocağı qalamısan,Xeyir işdə izin yoxdu, əlin yoxdu!Qocaları, uşaqları,Yaşadığı doğma yurddan birdəfəlik ayıranda,Allahını unudanda, qılıncını sıyıranda,Bilmədinmi səni tutar xalqın ahı?İnnən belə dağ çayları min il axa,Bulud dola, şimşək çaxa,Gümüş göllər dalğalana, ləpələnə,Gur yağışlar gen düzlərə səpələnə,Yuya bilməz sən tutduğun bu günahı!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets