Füzuli zirvəli, Vaqif arxalı,Mənim Qorqud dilim, Ələsgər dilim.Ömrümün naxışı, bəxtimin xalı,Dadda, şirinlikdə bal, şəkər dilim!

Gözümün nurusan, başımın tacı,Sən yollar süpürən ətək olmadın.Heç zaman çəkmədin söz ehtiyacı,Heç zaman dinəndə pəltək olmadın.

Dərdli anaların bağrından qopan,Neçə yol dağlanıb, əzilən dilim.Ruhuma işləyən, qanıma hopan,Sazın pərdəsindən süzülən dilim.

Düşmən döndərəndə toyları yasa,Durub boylanmağın yeri vardımı?Sənin qüdrətinə arxalanmasa,Xətai qılıncdan yapışardımı?!

Bayatı beşiyi, layla yuvası,Mənim tarlı dilim, kamanlı dilim.Kiməsə həmişə bahar havası,Kiməsə həmişə dumanlı dilim.

“Ənəlhəq” bayraqlı, “heyrət” nidalı,Misri qılıncımtək kəsərli dilim!Nərəli, ləhcəli, səsli, sədalı,Şeirli, nəğməli, əsərli dilim!

Buluddan sıyrılıb, Günəşdən çıxıb,Göylərin taxtından enib gəlmisən!Ölməz dahilərin əlini sıxıb,Tanrı qüdrətinə dönüb gəlmisən!

Hər gün çiçək açıb, bar-bəhər verib,Dilimdən güc alıb elimin kökü.Elimə, günümə gör nələr verib,Sözümün şirəsi, dilimin kökü.

Dünyanın qəlbinə yatan dilimin,Özülü bir ölməz ruhdadı, bəlkə?Budağı bu günə çatan dilimin,Kökü Adəmdədi, Nuhdadı, bəlkə?

Füzuli zirvəli, Vaqif arxalı,Mənim Qorqud dilim, Ələsgər dilim.Ömrümün naxışı, bəxtimin xalı,Dadda, şirinlikdə bal-şəkər dilim!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets