Mən gəzən yerləri gündoğan bilə,Hərdən mənə sarı baxa gözəllər.Sərinlik gətirə yanan könlümə,Çeşmətək süzülə, axa gözəllər.

Dünya gözəlləşir o gəzəndə şən,Kədərindən yağır saçlarıma dən.Nə qədər ürəyə dağ çəkib görən,Ürəyi kağızdan yuxa gözəllər.

Bağbandı, yetirər bağçasında bar,Yanağında çiçək, sinəsində nar.Bir kəlmə “hə” desə dünya dağılar,Yaman həvəskardı “yox”a gözəllər.

Qəlbində nə kədər, nə də ah ola,Baxışı amansız bir silah ola.Sinəm hədəf ola, nişangah ola,Tuta kirpiyiylə oxa gözəllər.

Zəlimxan, ovsundu hər qız, hər gəlin,Onsuz nə qiyməti gövhərin, ləlin.Elə əlləşəsən, çatmaya əlin,Səni həsrətiylə sıxa gözəllər.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Nature and spring