Hər şey gözəl olacaq
Sıxılma, ey ürəyim,Təngimə, ey nəfəsim.Solma, ömür çiçəyim,Enmə, ucalan səsim.Heç nəyi istəmirəm,Həyata, insanlığaİnam bəsimdir, bəsim.Nur verirsə gözüməVətən adlı gur ocaq,Hər şey gözəl olacaq!
Bilmirəm səndə yenə,Yersiz darılmaq nədir?Düşüb dumana, çənə,Yolda yorulmaq nədir?Sevincdən üz döndərib,Qəmə vurulmaq nədir?Kökdən düşüb susmağın,Vallah, nahaqdır, nahaq,Hər şey gözəl olacaq!
Güvən yaratdığına,Gücü ver ilhamına.O çatdırır insanı,Arzusuna, kamına.Səsini qoş ellərin,Toyuna, bayramına.Yaz bu günün şeirini,Al, bu qələm, bu varaq,Hər şey gözəl olacaq!
Sinənə çək ətrini,Çiçəyə dön tağında.Bil torpağın qədrini,Nemət ol qucağında.Havalan qartal kimi,Aranında, dağında.Oğlusansa bu yurdun,Sənindirsə bu torpaq,Hər şey gözəl olacaq!
Nəğmə deyən dilin var,Daha nə istəyirsən?Arxa duran elin var,Daha nə istəyirsən?Dildən, eldən, Vətəndən,Qiymətli nə gəzirsən.Baha nə istəyirsən?Bu el sənin elindir.Ellərin yaratdığı,Bu dil sənin dilindir.Hər sinənin altındaÇatılırsa gur ocaq,Hər qayanın döşündəÇağlayırsa gur bulaq,Sayma özünü qonaq,Düşmə həyatdan uzaq,Hər şey gözəl olacaq!Hər şey gözəl olacaq!
Kitabxana.az · https://kitabxana.az/en/works/zelimxan-yaqub-her-sey-gozel-olacaq
Use ← → keys to move, R for a random poem
More by this author
Bizi ayırdılar, ayrı saldılar,Baxışım titrəyən dodaqda qaldı.
DüşüncələrGündüzlər düşünə bilmirəm demə,Gündüz düşüncədi, gecə düşüncə.
Ey ilhamım! Zəhərin də şirinmişEy ilhamım! Zəhərin də şirinmiş,Şəkərincə, şərbətincə, balınca.
Həyatın verdiyi dərdə, sevincəHəyatın verdiyi dərdə, sevincə,Hamı bir sevinə, hamı bir yana.