İstanbul qızının teli darandı,Dedi: – Gözəldimi?Dedim: – Gözəldi!Büllurdan töküldü, nurdan yarandı,Dedi: – Gözəldimi?Dedim: – Gözəldi!

Qulağın sırğası, saçın cunası,Barmağın üzüyü, əlin xınası,Elin yaraşığı, gölün sonası,Dedi:– Gözəldimi?Dedim: – Gözəldi!

Üzün təbəssümü, yanağın xalı,Qəlbin hərarəti, dodağın balı,Belin incəliyi, gərdənin şalı,Dedi: – Gözəldimi?Dedim – Gözəldi!

Sevgi yollarıyla çıxılan yoxuş,Tanrı əlləriylə vurulan naxış,Vurulan, durulan, süzülən baxış,Dedi: – Gözəldimi?Dedim: – Gözəldi!

Baxışı söndürdü odlanan şamı,Görüşlər həyatın ləzzəti, tamı.Nurlu İstanbulun aylı axşamıDedi: – Gözəldimi?Dedim: – Gözəldi!

Ağlımı, ruhumu əlimdən aldı,Ney kimi göynətdi, saz kimi çaldı.Axırda bir şirin xəyala daldı,Dedi: – Gözəldimi?Dedim: – Gözəldi!

Ömürdən saymadı boş keçən ömrü,Bahara döndərdi qış keçən ömrü,İnsanın insanla xoş keçən ömrü,Dedi: – Gözəldimi?Dedim: – Gözəldi!

Qəlbimin anını sızan eylədi,Məni eşqə saldı, yazan eylədi,Şair Zəlimxanı ozan eylədi,Dedi: – Gözəldimi?Dedim: – Gözəldi!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets