Şeiri varaqdan oxuma
Ürəyinə köçür, yaddaşına yaz,O şeiri varaqdan oxuma, qardaş.Vallah, o misralar varaqlıq deyil,O şeiri varaqdan oxuma, qardaş.
Tanrının dilindən keçib o sözlər,Allahın əlindən keçib o sözlər,Kərbəla çölündən keçib o sözlər,O şeiri varaqdan oxuma, qardaş.
Düşüb bir gərəksiz axına, gəlmə,Məndən uzaqsansa, yaxına gəlmə.O, gərək ürəkdən oxuna, gəlmə,O şeiri varaqdan oxuma, qardaş.
Varı tanıyarsan, yoxu bilərsən,Hardadı ağrının çoxu, bilərsən.Mənim gözlərimdən oxu, bilərsən,O şeiri varaqdan oxuma, qardaş.
Ürəkdi, yaddaşdı, ruhdu, nəfəsdi,Havadı, layladı, nəğmədi, səsdi,Bütün qəfəsləri qıran həvəsdi,O şeiri varaqdan oxuma, qardaş.
Ocağı səngimir, közü qaralmır,Meydanı kiçilib, yeri daralmır.Varaqlar saralır, yaddaş saralmır,O şeiri varaqdan oxuma, qardaş.
Sənlə kəlmə kəsməz, söhbət başlamaz,Sənlə əkin əkib, torpaq xışlamaz.Allah bağışlamaz, bəndə xoşlamaz,O şeiri varaqdan oxuma, qardaş.2002, 8 yanvar
Kitabxana.az · https://kitabxana.az/en/works/zelimxan-yaqub-seiri-varaqdan-oxuma
Use ← → keys to move, R for a random poem