İnsanı sevəsən, ürəklər açıla,Torpağı sevəsən, çiçəklər açıla.Körpəni sevəsən, süzülə laylalar,Beşiyi sevəsən, bələklər açıla.

Gözündən içəsən, bulaqlar sevinə,Şirin söz deyəsən, dodaqlar sevinə.Zirvəyə çıxasan, Yaradan çağıra,Dağlara qalxasan, yaylaqlar sevinə.

Buludda şimşəyə, yağışa dönəsən,Çəməndə ilməyə, naxışa dönəsən.Baharı əlindən almaya təbiət,Nə payız görəsən, nə qışa dönəsən.

Vurulub sevəsən, gərilib sevəsən,Gül kimi torpağa sərilib sevəsən.Ay kimi batsan da gün kimi doğasan,Min ildən sonra da dirilib sevəsən!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Nature and spring