Dedilər Bakıdan qonağın gəlir,Söz gəzdi dodaqdan-dodağa, Təbriz.Uçdum Savalana, qondum Səhəndə,Səs düşdü bu dağdan, o dağa, Təbriz.

Küləklər köhləni, qayalar nalı,Yeddinci göydəydi şairin halı,Qoşa qanaq bildim Eynal-Zeynalı,Sığmadım eyvana, otağa, Təbriz.

Duyğular dayaza, dərinə düşdü,Yolum şəhərlərin pirinə düşdü,Axır ki, ürəyim yerinə düşdü,Oldum səndən ötrü sadağa, Təbriz.

Dərələr keçirdim, dağlar aşırdım,Duyğular selində aşıb-daşırdım.Çoxdan bu səfərə hazırlaşırdım,Kəsirdi yolumu qadağa, Təbriz.

Yurda səpələndi mənim hər param,Elə bil sağaldı yüz illik yaram.Səndən ayrılsam da, sənsiz olmaram,Qonaram hər kökə, budağa, Təbriz.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Homeland