Borclu
Kərbəlayı Fərəc həmişə evdən çıxanda hamamın qabağı ilə gedib məscidin yanından bazara dinlənirdi, və burada axşamadək fırlanıb dolanıb əlinə keçən qəpik quruşu ətə çörəyə və qeyri şeylərə verib yenə haman yol ilə evə qayıdırdı. Axır vaxtlar Kərbəlayı Fərəc bu yol ilə gedib gəlməyi bilmərrə mövquf eləmişdi. Səbəb də bu olmuşdu ki Kərbəlayı məscidin yanındakı Əttar Həsənə bir az pul borclu idi. Evə xırda şeylər almışdı. Tahı bu Əttar Həsən ötüb keçəndə Kərbəlayını dinc qoymurdu: çuxasının ətəyindən tutub darta-darta dükanın qabağına çəkirdi və min lətayif sözlərlə borcunu tələb edirdi. Kərbəlayı qalırdı, gözünü döyə-döyə; borc az idisə də (cəmi on iki abbası, bir şahı idi) verməyə qadir deyil idi. Pul çıxan bir iş də tapılmırdı ki onun dalınca gedib Əttar Həsənin çəngindən xilas ola idi. Kərbəlayı Fərəc əsin hər üzünü ona qandırırdı:
«Qardaş, bax imdi qışdır, pul çıxan bir yer yoxdur. Səbr elə allah qoysa, bu gün sabah bahar gələr, göydən göyərtidən, süddən, qatıqdan satıb pulunu verərəm...» bu sözlərdən də sonra Əttar Həsən öz dediyindən əl çəkmirdi.
Bir neçə vaxt belə keçdi, doğrusu, Kərbəlayı-Fərəc lap təngə gəldi – bir tərəfdən pulsuzluq, bir tərəfdən evdə ac-acına qalan böyük ailə: iki arvad, doqquz uşaq, bir tərəfdən qışın çovğununda odsuz-ocaqsızlıq, bunların hamısından da pis Əttar Həsənin onu gündə ətəkləməyi. Axırda əlac ona qaldı ki Kərbəlayı-Fərəc Əttar Həsənin gözündən itdi. Başladı, bazara ən uzaq küçə ilə gedib gəlməyə. Evdə də tapşırdı ki hər kəs onu sual etsə desinlər kəndə gedib.
Kərbəlayının qulağı bir neçə vaxtlığa dincəldi. Bir axşam Kərbəlayı-Fərəc dəllallıqdan qazandığı beş altı şahını, düyü yağ və çörəyə verib evə rəvan olduğu halda Əttar Həsən bunun qabağına çıxdı. Kərbəlayı onu görcək bir az duruxdu və sonra əcib bir gülüş ilə üzünü döndərib neçə dəqiqə döyükmüş gözlərini Əttar Həsəndən çəkmədi; elə bil deyəcək idi: «Vallah qardaş borcunu verə bilmirəm! Nə edim? Fəqirliyin üzü qara olsun!...» Əttar Həsən də Kərbəlayının görcək əvvəl gülümsünüb, sonra acıqlı: «Ədə, Fərəc, bəs sən kəndə getməmişdin?» deyib əlini Kərbəlayının ətəyinə atdı.
Kərbəlayı şeyləri bir əlinə alıb, o biri ilə Həsənin əlindən ətəyini qurtarmaq istiyirdisə də, Həsən daha da bərk tutub onu çəkib aparırdı.
Kərbəlayı getdikcə borcu təmizləməyini və’d edirdi, yalvarırdı, və gah-gah acığı da tuturdu, yenə Həsənə bir tə’siri ola bilmirdi. Həsən deyirdi: «Əlimə düşmüş ikən səndən pulumu almamış buraxmayacağam!»
Bir iki addım da gedirdilər, Kərbəlayı yenə dartınıb şikayət edirdi: «Ay qardaş, axır balalarım evdə acdırlar, məni gözlüyürlər ki çörək aparım, yesinlər. Bunu allah götürməz ki, məni bu axşamın çağı çəkib aparırsan?»
Əttar Həsən çırt çubuğunu damağından çıxarıb, lap yavaş səs ilə:
– Səni aparıram pulumu almağa.
Kərbəlayı Fərəc bir az da sükuta getdib və əzan qulağına gələndə əlini atıb taxta çəpərdən və divardan tutub qəzəblənirdi:
– Ay balam, bircə məni hara aparırsan; bu saat ki pulum yoxdur alasan?
Kərbəlayı danışdıqca, elə bil, Əttar Həsənin qulağında bir arı dızıldıyırdı, kamali e’tidali-dəm ilə çubuğunu damağına alıb və sonra başlıyırdı, Kərbəlayının əlini çəpərdən və ya divardan qoparmağa.
Yol ilə gedənlər ovza’dən müxbir olduqda ayaq saxlıyıb bunlara zənn ilə və çox vaxtı qəribə bir təbəssüm ilə baxırdılar; səsə evlərdən ayaq yalın baş açıq qaçıb gəlmiş uşaqlar qəhqəhələşirdilər və hətta arvadlar da kəm e’tinalıq etmiyib darvazalarının arasından Kərbəlayıya təhqiq ilə nəzər yetirirdilər... Kim bilir Kərbəlayı bunları görəndə ürəyindən nələr keçirirdi. Deyirdimi: «Vay dost düşman içində biabır oldum!» və ya «nə edim? Allah məni fəqir yaradıb» sözləri ilə təskinlik tapırdı, hər halda bu yerlərə əl apara bilmirik!
Əttar Həsən Kərbəlayı-Fərəci öz evinə gətirdi və darvazadan girən kibi onun şeylərini alıb özünə də bir neçə lətayif deyib otağa girdi və and içdi ki borcu verməmiş onu həyətdən kənara qoymayacaq.
Bir azdan sonra bir qıfıl çıxarıb darvazanı kilidlədi. Kərbəlayı əvvəl yenə bir az zamanadan şikayət edib sonra dedi:
– Ay balam, axır məni burada saxlamaqdan nə fayda olacaq, pulum yoxdur ki verəm. Burax, sabah evin şeyindən zadından satıb gətirib borcunu verərəm!
Əttar Həsən eşitməzlik edib evə girib və qapını çəkdi bərk örtdü. Kərbəlayı ətəyi ilə qarı süpürüb, pəncərənin qabağında oturdu. Taran qovuşdu, gecə düşdü. Gecə külək şiddətlənirdi və qarı qovzuyub havada sovururdu. Soyuq Kərbəlayıya bərk əsər eliyirdi. Durub bir az pəncərənin qabağında o baş bu başa gedib gördü ki beləliklə də olmuyacaq, hirslənib yeridi pəncərəyə bir təkan vurdu:
– Ay balam, məni iki manatdan ötrü soyuqdan kəsmiyəcəksən ki?
Əttar Həsən pəncərənin şıqqıltısına dik atılıb hirsli evdən çıxdı, dalınca da arvad uşağı və yetirən kibi Kərbəlayı-Fərəcin saqqalından yapışıb küncə basdı. Kərbəlayı boğunuq səs ilə zarıldayanda, uşaqlar da bir tərəfdən çığırışdılar. Arvad yeriyib ərinin əllərini tutub:
– Ay kişi, allah götürməz ki sən belə iş eliyirsən!
Əttar Həsən Kərbəlayının yaxasından tutub apardı, və dalına da bir təpik vurub darvazadan çölə saldı.
Xoruzlar banlaşırdılar. Kərbəlayı-Fərəcin evində uşaqları çörəkdən ötrü mələşirdilər və tez-tez qapıya yüyürüb dədələrinin yolunu gözlüyürdülər. Kərbəlayı qapını döyən kibi ailəyə elə bil bir böyük saadət üz verdi. Uşaqlar göz yaşlarını bir dəqiqədə unutdular və Kərbəlayı otağa girən kibi onu hədsiz şadlıq ilə ihatə etdilər. Lakin... dədələrinin əlini boş gördükdə hərə bir tərəfə çəkilib bir-birini sual nəzərindən keçirtdilər. Kərbəlayı-Fərəc duruxdu və əllərini üzünə qoyub, bərkdən hökürdü.
Kitabxana.az · https://kitabxana.az/ru/works/cemenzeminli-borclu
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
BİZ KİMİK VƏ İSTƏDİYİMİZ NƏDİR MÜQƏDDİMƏ*Tarix kitablarına nəzər yetirdikdə türk millətinin qədim hallarını öyrənməyə dürüst qadir ola bilmirik. Çünki türk tarixinə dair lazımi məlumatlar hələ toplanmayıb. Ancaq bunu bilirik ki, türklər Altay dağlarının ətrafında olarmışlar. Oradan dəfələrlə dəstə çəkib qibləyə tərəf gediblər və qırğınlar ilə bir yerdə çox yerlər ələ gətiriblər. Təbiətən cürətli, rəşadətli və cəngavər olduqları üçün türklər Türküstanda, İranda, Hindistanda, Qafqazda, Avropa və Afrikanın bəzi nöqtələrində çox müddət ağalıq sürüblər.
Kiyevdən məktubKİYEVDƏN MƏKTUB*Möhtərəm “Günəş” 69-cu nömrəsində Moskva erməni studentlərinin nəşriyyata girişib rus ədəbiyyatı ilə öz millətlərini aşina etmələrini xəbər verib və sonra müsəlman studentlərinə “Əcəba, siz nə etmişsiniz və nə edirsiniz?” – deyə sual edir; onların himmət, həmiyyət və xidmətləri nərədə olmağını soruşur və bunlardan sonra “Vücudgərdən varlığınızdan millət heç bir nəf görməz!” – deyib müsəlman studentlərinin parlaq istiqbalından da bilmərrə qəti-ümmid olur...
Kiyevdə millətlər şurasıKİYEVDƏ MİLLƏTLƏR ŞURASI*Millətlər qurultayının qərarına görə əmələ gələn millətlər şurası neçə vaxtlar var işə başlayıb. Sədri professor Qruşevskidir.
İki aləmİKİ ALƏM*Ukrayna cümhuriyyəti elan eylədi... Ol axşam mərkəzi rada millətlər şurası üzvlərinə məxsus (heyəti rəisə arxasında) kürsüdə oturub qarşımda oturan yüzlər ilə xalqa tamaşa edirdim. Rada üzvləri giribçıxırdılar, heyəti-rəisə və Ukraynadakı xırda millətlər vəkilləri salonda yox idilər. Deyirdilər; “Xırda millətlər cümhuriyyətə razı deyillər. Bu barədə məşvərət olur”.